Məhkəmə qərarları › İş №2(008)-430/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-430/2023

03.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-430/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi cəlb olunmaqla, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi cəlb olunmaqla, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum Fətdarbəy Mirzəbəy oğlunun onun atası-qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra ərizəçi ərizəsini dəqiqləşdirərək, mərhum nənəsi Bərəgül Abutalib qızının onun nənəsi olması, atası Fətdarbəy Mirzəbəy oğlunun anası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Bakı şəhər X21 İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1963-cü ildə verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndiriməsinə aid” Texniki Pasporta əsasən mərhum nənəsi Bəhrəgül Abutalıb qızına və mərhum atası Fətdarbəy Mirzəbəy oğluna məxsus olmuşdur. X6 1983-cü ildə, atası Fətdarbəy Mirzəbəy oğlu isə 30 mart 1982-ci ildə vəfat etmişlər. Nənəsi və atasının vəfatından sonra yuxarıda qeyd edilən fərdi yaşayış evi miras qalmışdır. Həmin miras əmlakla bağlı müvafiq sənədləşdirilmə işlərinin aparılması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAn xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş və həmin notariat ofisində mərhum atası Fətdarbəy Mirzəbəy oğlunun adına vərəsəlik işi açılmışdır. Miras əmlakla bağlı miras əmlak qoyanlar, habelə vərəsələrin dairəsi müəyyən edilərkən onun atasının doğum haqqında şəhadətnaməsi arxivdə aşkar olunmamışdır. Bununla bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən ona məktub verilmişdir. Bu səbəbdən notariat ofisində yaranmış vəziyyətə aydınlıq gətirilməsi üçün məhkəməyə müraciət etməsi məqsədəmüvafiq hesab edilmişdir. Ona görə də miras qoyan atası Fətdarbəy Mirzəbəy oğlu ilə onun qohumuq münasibətlərində olma faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur, uzun illərdir ki, onu tanıyır. Elçinin atası onun müəllimi olmuşdur. Bundan başqa, bir-birilərini ailəvi tanıyırlar. Ərizəçinin nənəsi Bəhrəgül 80-ci illərdə vəfat etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X7 ifadəsində bildirmişdir ki, ərizəçi ilə uzun ilərdir ki, qonşudurlar. Orta məktəbdə bir yerdə oxumuşlar, bir-birilərinin ailə üzvlərini də yaxşı tanıyırlar. ərizəçinin nənəsi Bəhrəgülü və atası Fətdarbəyi tanıyırdı. Ərizəçinin nənəsi 80-ci illərdə vəfat etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X19 ifadəsində bildirmişdir ki, o ərizəçinin bibisi oğludur, qohum olduqları üçün ərizəçinin nənəsi Bəhrəgülü və atası Fətdarbəyi tanıyırdı. Ərizəçinin nənəsi Bəhrəgül 80-ci illərdə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, ünvan 3 ünvanında qeydiyyatdadır. -xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. -Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 18 aprel 2022-ci il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi üzrə Balaxanı kənd məscidinin sənədlərində Bəhrəgül Əbətalib (sənəddə olduğu kimi) qızının doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 5 oktyabr 1909-cu il. Valideynləri: atası Əbətalib (sənəddə olduğu kimi) Ağatalıb oğlu, anası – Şəkər Novruzəli qızı. -Azərbaycan Respublikasının Dövlət Arxivinin 16 may 2022-ci il tarixli arxiv arayışından görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1926-cı ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu 1925-1928-ci illərə dair Balaxanı qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında Fətdarbəy Mirzəbəy oğlunun təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. -4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin 08 aprel 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1982-ci il vəfat etmiş X12 adına V-155/2022 saylı vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248-ci maddəyə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Qeyd olunanlara əsasən mirasın qəbulu fakı ilə bağlı məhkəməyə müraciət etməli olduğu ərizəçiyə bildirilmişdir. -05 may 2018-ci il tarixli 1043 nömrəli arayışdan görünür ki, X20 və X4 nikahı haqqında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində xx.xx.1968-ci il tarixdə 411 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Qurbanova soyadı verilmişdir. -AZ seriyalı 105554 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 10 sentyabr 2001-ci il tarixdə Bakı şəhərində ölmüşdür. -İ-ИЕ seriyalı 270178 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 07 sentyabr 1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X13, anası X2r. -İİ-ЖГ seriyalı 331908 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X20 29 mart 1982-ci il tarixdə Bakı şəhərində ölmüşdür. -İ-ЖГ seriyalı 253927 nömrəli övladlığa götürmə haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1961-ci il təvəllüdlü X1 Mirzəbəy oğlu və X14 tərəfindən övladlığa götürülmüşdür. -AZ-İ seriyalı 933931 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 29 aprel 1988-ci il tarixdə Bakı şəhərində ölmüşdür. -V-ЖГ seriyalı 296497 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx xxxx 1961-ci il Bakı şəhərində doğulmuşdur, atası Fətdarbəy Mirzəbəy oğlu, anası X8r. -1963-cü il tarixli “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndiriməsinə aid” Texniki Pasportun surətindən görünür ki, Bakı şəhəri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Bəhrıgül Abutalıb qızına və Fətdarbəy Mirzəbəy oğluna məxsus olmuşdur. Beləliklə, məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini, eyni zamanda, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, onların göstərdikləri hallar bir-birini tamamlayır və təsdiq olunur ki, 29 mart 1982-ci il tarixdə ölmüş X20 Ərizəçi atası, 5 oktyabr 1909-cu il təvəllüdlü Bəhrəgül Əbətalib qızı isə nənəsidir. Lakin bunu təsdiq edən sənədlər olmadığından ərizəçi miras əmlakı qəbul edə bilmir. Ona görə də ərizəçi qohumluq münasibətinin müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 29 mart 1982-ci il tarixdə ölmüş X12 Ərizəçi atası, 5 oktyabr 1909-cu il təvəllüdlü Bəhrəgül Əbətalib qızının isə nənəsi olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. 5 oktyabr 1909-cu il təvəllüdlü Bəhrəgül Əbətalib qızının Ərizəçi nənəsi, 29 mart 1982-ci il tarixdə ölmüş atası - Fətdarbəy Mirzəbəy oğlunun isə anası olması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar