Məhkəmə qərarları › İş №2(008)-4310/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4310/2023

19.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4310/2023 19.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh məktəbin direktoru Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Firuz Bayramov adına 22 №-li tam orta məktəbə qarşı azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyi yanında X9 üçüncü şəxs qismində işə cəlb edilməklə əmrin ləğv edilməsi və digər tələblərinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Firuz Bayramov adına 22 №-li tam orta məktəbə qarşı məhkəmədə iddia qaldıraraq xx.xx.2023-cü il tarixli, 726 №-li Əmək müqaviləsinin pozulması barəsində əmrinin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa edilməsi, vəzifəsinə bərpa müddətinin xx.xx.2023-cü il tarixdən hesablanması və vəzifə maaşlarının xx.xx.2023-cü il tarixdən hesablanaraq xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sabunçu rayonu 22-saylı tam orta məktəbdə (sonradan–məktəb) xx.xx.2008-ci ildən fiziki tərbiyə müəllimi vəzifəsində işləyir. İşlədiyi müddətdə heç bir məhkumluğu olmamış, heç bir inzibati məsuliyyətə cəlb edilməmiş, işinin öhtəsindən vicdanla, yüsək keyfiyyətlə gəlmişdir. Məktəbin direktoru Nümayəndə məktəbdə bir çox ciddi qanun pozuntularına yol verməsi barəsində dəfələrlə onun hüquqlarının, şərəf və ləyaqətinin alçaldılmasını sübut edən faktlarla aidiyyəti orqanlara müraciət etmişdir. Təəssüf olsun ki, onun bu əməllərinin qarşısı aidiyyəti orqanlar tərəfindən alınmadığı üçün Nümayəndə qanunsuz hərəkətlərini daha da artırmışdır. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qətnaməsinə əsasən ondan 1000 manat məbləğində olan pulunu və 424 №-li intizam tənbehi haqqında əmrin ləğvini tələb etdiyinə görə məktəbdə tələsik olaraq saxta, əvvəlcədən rəsmi xəbərdarlıq etmədən həmkarlar təşkilatının iclasını təşkil edərək iddiaçı ilə əmək müqaviləsini azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 Ç maddəsinə əsasən pozmuşdur. Həmin əmrdə iddiaçıya qarşı olan aqressiyasını göstərərək heç bir həqiqətə uyğun olmayan, reallığı əks etdirməyən, heç bir vaxt olmayan hədisələrlə bərabər iddiaçının keçmişində olan və olmayan, aralarında olan pozulmuş münasibətləri, iddiaçının hüququndan irəli gələn əməlləri əsas gətirərək 70 Ç maddəsini əsaslandırmışdır. Adıçəkilən əmrdə və əmək kitabçasında iddiaçının keçmişiylə bağlı şərəf və ləyaqətini alçaldan 3 vərəqdən ibarət poema yazmışdır. Bütün bunlarla bərabər həmin əmrdən iddiaçıya məlum olmuşdur ki, ona əvvəllər də direktor tərəfindən xəbərdarlıq və şiddətli töhmət verilmişdir. Əmrdə qeyd olunan saxta töhmətlər barəsində iddiaçının xx.xx.2023-cü il tarixədək xəbəri olmamışdır, tam olaraq saxta və həqiqətə reallığa uyğun olmayan formal əmrlərdir. Məhkəmə tərəfindən azərbaycan Respublikası Əmək və Sosial Müdafiə Nazirliyi yanında X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iştirak etmirdi. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh 22 №-li tam orta məktəbin direktoru Nümayəndə mübahisə predmeti olan əmrin məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı xx.xx.2008-ci ildən cavabdeh məktəbdə V-İX siniflərdə 30 saat dərs yükü ilə fiziki tərbiyə müəllimi vəzifəsinə qəbul olunmuşdur (məktəbin xx.xx.2008-ci il tarixli 23 №-li əmri). Məktəbin direktorunun xx.xx.2023-cü il tarixli, 726 №-li əmri ilə əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, məktəbin işgüzar nüfuzuna və müəllim adına müntəzəm xələl gətirdiyinə, edilmiş xəbərdarlıqlardan və intizam tənbeh tədbirlərindən heç bir nəticə çıxarmadığına, AR Konstituyasının və digər qanunvericilik aktlarının tələblərinin, müəssisədaxili intizam qaydalarının, azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli 1/2 №-li Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini kobud sürətdə pozduğuna, xx.xx.2023-cü il tarixində Xəzər TV kanalının “Xəzər Xəbər” proqramının saat 21.00-dakı buraxılışına videogörüntü göndərib müsahibə verərək, guya 9f sinfinin şagirdi X2 direktorun sifarişi ilə “2” qiymətin yazılması və bu səbəbdən şagirdin özünü 2-ci mərtəbədən atması kimi böhtanın kütləvi informasiya vasitələrində yaydığına görə, “Müəllimlərin etik davranış qaydalarının 2.1.1; 2.1.2; 2.1.3; 2.1.4; 2.1.7; 2.1.8; 3.8; 3.9; 3.10; 3.11; 3.12 bəndlərini əsas götürərək Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin İlk Həmkarlar təşkilatının razılığını nəzərə alınaraq Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi X11 ilə əmək müqaviləsi azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, valideyn Bəhlulova Şahnaz Hüseyn qızı məktəb rəhbərliyinə müraciət edərək övladı, məktəbin 9 f sinfinin şagirdi X4 fiziki tərbiyə müəllimi İddiaçı tərəfindən razılıq alınmadan öz mobil telefonuna çəkməsi və sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində yayması, beləliklə, uşağın psixoloji durumuna ciddi zərbənin vurulması barədə şikayətini bildirmişdir. Belə ki, xx.xx.2023-cü il tarixində saat 11.25-də fiziki tərbiyə müəllimi Qəhrəmanlı Buta məktəb direktorunun otağına daxil olaraq fiziki tərbiyə dərsində 9 f sinfinin şagirdi X1 ayağından zədə alması barədə məlumat vermişdir. Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım briqadası çağırılmış, uşağa ilk tibbi yardım göstərilmiş, təcili tibbi yardım briqadası gəldikdən sonra şagird xərəkdə xəstəxanaya müayinə üçün aparılmışdır. Şagirdi xərəkdə təcili tibbi yardım maşınına aparan zaman İddiaçı uşağa ilk tibbi yardım göstərmək və fiziki tərbiyə müəllimi kimi, hadisəyə təəsüfkeşlik etmək əvəzinə, öz mobil telefonunu əlinə götürərək, heç bir razılıq və icazə almadan videoçəkilişə başlamış və videogörüntüyə həqiqəti əks etdirməyən, şər və böhtandan ibarət olan şərh vermişdir. Belə ki, o, şərhində qeyd etmişdir ki, guya “şagirdə direktorun sifarişi ilə “2” qiyməti yazıldığı üçün, o özünü ikinci mərtəbədən atmışdır”. Böhtandan ibarət olan həmin görüntünü və şərhini İddiaçı sosial şəbəkələrə, saytlara, kütləvi informasiya vasitələrinə, xx.xx.2023-cü il tarixində isə Xəzər TV kanalının axşam 21.00-da efirə gedən “Xəzər xəbər” proqramında yaymış və telefonla həmin proqrama müsahibəsində bildirmişdir. Məktəb rəhbərliyi tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, şagird X4 eyni saatda 8 d sinfində fiziki tərbiyə dərsi olan şagird X6 ilə top mübarizəsi zamanı sol ayağının dizindən zədə almışdır. Məktəb rəhbərliyi tərəfindən dərhal çağrılan təcili tibbi yardım briqadası şagirdi rentgen müayinəsi üçün xəstəxanaya aparmışdır. Müəllim, pedaqoq vəzifəsini daşıyan və sanki məktəbdə hərhansı fövqəl hadisənin olmasını arzulayan və gözləyən İddiaçı danışdığının yalan olduğunu bilə-bilə, şagirdin dərsdə idman mübarizəsi nəticəsində zədə aldığını görə-görə, şagirdə ilk tibbi yardım göstərmək əvəzinə, mobil telefonunu əlinə alaraq videoçəkilş etmiş, şər və böhtanları kütləvi media resurslarında yaymış, məktəbin işgüzar nüfuzuna xələl gətirən böhtanı və uydurma ittihamları kütləvi çıxışında səsləndirmişdir. Bu hərəkətin qanunvericiliyə və müəllimlərin etiki davranış qaydalarına zidd olması azmış kimi, fiziki tərbiyə müəllimi İddiaçı özü tədris etdiyi fiziki tərbiyə fənnindən şagirdlərə, ələlxüsus buraxılış siniflərin (İX, Xİ) şagirdlərinə kütləvi şəkildə “2” qiyməti yazır və bu barədə valideynlər kütləvi şəkildə durmadan şikayət edirlər. İddiaçı xx.xx.2019-cu il tarixində 424 nömrəli əmrlə verilmiş sonuncu xəbərdarlıqla şiddətli töhmətdən, xx.xx.2023-cü il tarixində 704 nömrəli əmrlə verilən töhmətdən, xx.xx.2022-ci il tarixdə 698 nömrəli və xx.xx.2023-cü il tarixdə 713 nömrəli əmrlərlə verilən xəbərdarlıqlardan, xx.xx.2023-cü il tarixində 721 nömrəli əmrlə verilən sonuncu xəbərdarlıqla şiddətli töhmətdən heç bir nəticə çıxarmamışdır. Beləliklə, artıq neçənci dəfədir ki, İddiaçı bütün etik və qanuni çərçivələri aşmış, verilmiş intizam tənbeh tədbirlərindən, tərcümeyi-halında iki dəfə AR ƏM-in 70 “ç” maddəsi ilə isdən azad olunmasından, dəfələrlə cinayət məsuliyyətinə cəlb olunmasından, Ağır cinayətlərə dair işlər üzrə azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2008-ci il tarixli 1(101)-299 nömrəli hökmü ilə AR Cinayət Məcəlləsinin 221.1 və 127.2.3 maddələri ilə təqsirləndirilərək 1 (bir) il müddətinə azadlıqdan məhrum edilməsindən hec bir nəticə çıxarmamış, əksinə, getdikcə, daha da pozucu mövqe tutaraq, ətraf insanlara, kollektiv üzvlərinə, şagird və valideyn heyətinə deqradasiyaya uğramış münasibət bəsləməkdə davam etmişdir. XƏZƏR TV-nin “Xəzər xəbər” proqramına verdiyi müsahibədə həqiqətə uyğun olmayan məlumat böhtan hesab olunur və AR Cinayət Məcəlləsinin 147.1., 147.2 maddələrinin tərkibini yaradır. azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. AR Konstitusiyasının 32-cı maddəsinə əsasən “Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.” azərbaycan Respublikası Elm və Təhsil Nazirinin xx.xx.2014-cü il tarixli 600 №-li əmri ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”nın 3.12. bəndinə əsasən “Müəllim bilərəkdən yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı naminə həmkarının vəziyyətini pisləşdirən və va yaxşılaşdıran məlumat verilməsinə görə intizam məsuliyyəti daşıyır.” “Müəllim şəxsi nümunəsi ilə təhsilalanlara azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissi aşılayır. 3.10-cu bəndinə əsasən müəllim təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşır, əsassız mühakimələrə yol vermir, obyektivlik və qərəzsizlik nümayiş etdirir, peşə fəaliyyəti dövründə maraqların toqquşmasına yol vermir və vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etmir, 3.14-cü bəndinə əsasən icra və əmək intizamına riayət edir, iş vaxtında kənar işlərlə məşğul olmur, üzrsüz səbəbdən işdən yayınmır, 2.1.4. bəndində əks olunmuş loyallıq prinsipinə əsasən “müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir, peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir (əmrin mətni məhz yazılanınlardın ibarətdir). Eyni zamanda əmr yuxarıda verildiyi tam mətndə əmək kibatçasına köçürülmüşdür. Əmrdə qeyd edilən İddiaçı barəsində verilmiş: xx.xx.2022-ci il tarixli 698 №-li (əmək kitabçasında saxtakarlıq etməsinə görə xəbərdarlıq edilməsi barədə), xx.xx.2023-cü il tarixli 704 №-li (əmək fəaliyyətində yol verdiyi kobud nöqsanlara, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 8/1 Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması qaydalarının», azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2021-ci il tarixli 03-08-681/13 nömrəli «Məktəbdaxili qiymətləndirmənin təşkilinə dair tövsiyyələr»in, azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli 600 №-li əmri ilə təsdiq edilmiş «Müəllimlərin etik davranış qaydaları»nın tələblərini kobud surətdə pozduğuna görə Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi X7 azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə intizam tənbehi olan töhmətin verilməsi barədə), xx.xx.2023-cü il tarixli 713 №-li (xx.xx.2023-cü il tarixdə üzrsüz səbəbdən iş yerini tərk etdiyinə görə xəbərdarlıq edilməsi barədə), xx.xx.2023-cü il tarixli 721 №-li (məktəbin 29 №-li sinif otağının divarında məktəbin direktoru Nümayəndə haqqında qeyri-etik, nəlayiq ifadələrdən və təhqirdən ibarət olan yazıları icra etdiyinə görə sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsi barədə) əmrlər məhkəməyə cavabdeh tərəfindən təqdim edilmişdir. Cavabdehin izahatına əsasən həmin əmrlər barədə iddiaçıya məlumat əmrlərin məktəbin ictimai lövhəsinə yerləşdirilməsi vasitəsilə verilmişdir. İddiaçı həmin əmrlər barədə məlumatının mübahisə etdiyi əmri aldıqdan sonra olduğunu, həmin əmrlər verilən zaman ondan hər-hansı izahatların alınmaması, həmin əmrlərə əsas olan hadisələrin həqiqətə uyğun olmadığını bildirmişdir. Məktəbin İlk Həmkarlar Təşkilatının xx.xx.2023-cü il tarxli 4 №-li iclas protokolu məhkəməyə cavabdeh tərəfindən təqdim olunmuşdur. Həmin iclasa iddiaçı votsap vasitəsilə dəvət olunmuş, lakin həmin mesaj «bir ox» işarəsilə qalmış, yəni mesaj iddiaçıya çatmamışdır. azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı məhkumluğu yoxdur. Cavabdeh məktəbin xx.xx.2015-ci il tarixli əmri ilə Əmək Məcəlləisnin 70-ci maddəsinin «Ç» bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, Sabunçu rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı iddiası əsasında həmin əmr ləğv edilmiş, o, işə bərpa edilmiş, qətnamə apellyasiya intsansiyası məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixdə dəyişdirlmədən saxlanılmış, həmin qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.2018-ci il tarixdə dəyişdirlmədən saxlanılmışdır. Məhkəmə hazırlıq iclasında ifadə verən şahidlər X8 (məktəbin ilk həmkarlar təşkilatının sədri) və X5 (məktəbin ilk həmkarlar təşkilatının sədri) iddiaçının iclas barədə lazımi qaydada xəbərdar edilməsinə dair məlumat verə bilməmişdilər. Hazırda iddiaçı əmrin ləğv edilməsini, işə bərpa edilməsini və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. azərbaycan Respublikası Əmək Məcələsinin: 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz, 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Məhkəmə mübahisə predmeti olan əmrin əsaslarını təşkil edən iddiaçı tərəfindən edilmiş hərəkətləri qısa olaraq qeyd etmək istəyir: əmək fəaliyyətində yol verilən kobud nöqsanlar; əmək funksiyalarının keyfiyyətsiz yerinə yetirilməsi; məktəbin işgüzar nüfuzuna və müəllim adına müntəzəm xələlin gətirilməsi; edilmiş xəbərdarlıqlardan və intizam tənbeh tədbirlərindən heç bir nəticə çıxarılmadan kütləvi informasiya vasitələrində böhtanın yayıldığı. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Beləliklə, 70-ci maddəsinin «ç» bəndinin tərkibinin yaranması üçün iki haldan birinin möcud olması zəruridir: İşçi tərəfindən əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi; İşçi tərəfindən Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrinin kobud şəkildə pozulması. İşçi tərəfindən əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi o zaman baş verir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (71ci maddənin ikinci hissəsi). Cavabdeh iddiaçı tərəfindən yerinə yetirilməyən öhdəliklər və bunun nəticəsində məktəbin normal ahənginin pozulması, əmək kollektivinin hüquqlarına və mənafelərinə hər hansı formada ziyanın dəyməsinə dair sübutları məhkəmyə təqdim etməmişdir. Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Mübahisə predmeti olan əmrdə 72-ci maddənin konkret bəndinə istinad edlməmiş, lakin işin yuxarıda sadalanan hallarından əmrin 72-ci maddənin «ə» bəndinə uyğunluğu müəyyən edilir (əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması), çünki mübahisəli əmrin verilməsindən əvvəl iddiaçı barəsində xx.xx.2023 il və xx.xx.2023-cü il tarixlərində intizam tənbehi tədbiq edilmişdir. Beləliklə, 72-ci maddənin «ə» bəndinin tərkibinin yaranması üçün eyni zamanda iki halın mövcudluğu zəruridir: əmək funksiyasının işçi tərəfindən pozulması; bundan əvvəl altı ay ərzində əmək funksiyasının pozulmasına görə işçi barədə intizam tənbehinin tədbiq edilməsi. Əmək Məcəlləsinin: 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər, 2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək; 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir, işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərində tədbiq etdiyi intizam tənbehlərinin qanuni əsaslarına dair məhkəməyə sübutlar təqdim etməmişdir. Belə ki, iddiaçıdan yazılı izahatın verilməsinin tələb edilməsinə, tənbehlərin verilməsi hallarının araşdırılmasına, qəbul edilmiş əmrlərin məktəbin ictimai lövhəsində yerləşdirilməklə məlumatın çatdırılmış hesab olunması barədə hər-hansı bir daxili təlimatın olmasına, həmin əmrlərlə iddiaçının tanış olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə həmin əmrlərin qanuniliyini yoxlamamış və iş üçün əhəmiyyət kəsb etməyən hal kimi qiymətləndirmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi istəyir ki, həmin tənbehlər hətta qanuni əsaslarla qanuni qaydada verilmiş olsaydı da belə, iddiaçı tərəfindən əmək funksiyasının təkrarən pozması halı mövcud olmalıydır. Məhkəmə hesab edir ki, belə hal olmamışdır. Belə ki, cavabdeh iddiaçının «Xəzər xəbər” proqramında və digər sosial şəbəkələrdə məktəbdə baş verən hadisələrə yanlış şərh verməsi, şər və böhtanların kütləvi media resurslarında yayması, məktəbin işgüzar nüfuzuna xələl gətirən böhtanı və uydurma ittihamları kütləvi çıxışında səsləndirməsini onun tərəfindən əmək funksiyasının təkrarən pozması kimi qiymətləndirmişdir. Məhkəmə hesab edir ki, həmin hal əmək funksiyasının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır, heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Həmin Məcəllənin 23.3-cü maddəsinə əsasən kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 23.5-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Məhkəmə hesab edir ki, məktəb öz işgüzar nüfuzuna xələl gətirildiyini hesab etmişdirsə bu barədə məhkəməyə müracit edə bilərdi, nə qədər ki qanuni qüvvəsini almış məhkəmə qətnaməsi möcud deyil, iddiaçının səsləndirdiyi fikirlər söz azadlığı kimi qiymətləndirilməli və buna görə ona intizam tənbehi tədbiq edlməməlidir. Bundan başqa, mübahisə predmeti olan əmrdə açıq-aşkar həqiqəti əks etdirməyən hallara toxunulmuşdur – iddiaçının məhkumluğu və əvvərdən də işdə azad olunması barədə. Qeyd edildiyi kimi, iddiaçının məhkumluğunun olmaması barədə arayış və işə bərpa edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi iş materiallarına əlavə edilmişdir. AR Konstitusiyasının 63-cü maddəsinin birinci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bundan başqa, Əmək Məcəlləsinin 80-ci maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; iuinci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir, təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir, həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İşin hallarından bu maddənin tələblərinə məktəb tərəfindən tam riayət edilməməsi, həmkarlar itttifaqının iclasına iddiaçının lazımi qaydada dəvət edilməməsi, göstərilən hallara dair iddiaçıdan izahatın alınmaması, həmin halların araşdırılmaması müəyyən edilmişdir. azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, mubhahisə predmeti olan əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli və o, tutduğu vəzifəyə xx.xx.2023-cü il tarixdən bərpa edilməlidir. İddiaçı eyni zamanda vəzifə maaşlarının xx.xx.2023-cü il tarixdən hesablanaraq xeyrinə tutulması istəyir. Məhkəmə hesab edir ki, iddiaçının bu tələbi də təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsini birinci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Beləliklə məhkəmə işin faktiki hallarına və təqdim edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli, 726 №-li Əmək müqaviləsinin pozulması barəsində əmr ləğv edilməli, tutduğu vəzifəyə bərpa edilməli, vəzifəsinə bərpa müddəti xx.xx.2023-cü il tarixdən hesablanmalı, vəzifə maaşlarının xx.xx.2023-cü il tarixdən hesablanaraq xeyrinə tutulmalıdır. azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 726 №-li Əmək müqaviləsinin pozulması barəsində əmr ləğv edilsin, İddiaçı tutduğu vəzifəyə bərpa edilsin, vəzifəsinə bərpa müddəti xx.xx.2023-cü il tarixdən hesablansın, vəzifə maaşı xx.xx.2023-cü il tarixdən hesablanaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar