Məhkəmə qərarları › İş №2(008)-4312/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4312/2024

28.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4312/2024 28.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1965-ci il təvəllüdlü atası Abbasov Vəkil İsmixan oğlunun xx.xx.2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası Abbasov Vəkil İsmixan oğlu xx.xx.1965-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur. Atası xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən evində ürək tutmasından vəfat etmişdir. Təcili və X2 103 xidmətinə müraciət etsələr də, həkim gələnə qədər atası vəfat etdiyindən, bu barədə onlara arayış təqdim etmişlər. Atasını Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbə qəbirstanlığında dəfn etmişlər. Ölüm şəhadətnaməsi almaq üçün Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qonşuluqda yaşayırlar. O, Ramana qəsəbəsi Fikrət Hacıyev 28 ünvanında yaşayır. Ərizəçi isə onların evinin qarşısındakı evdə yaşayır. Ərizəçinin atası Vəkillə kanalizasiya xətti çəkmək üçün məhəllədə toplaşmışlar, maşınlar boruları gətirib boşaldırdı. Saat 7 radələrində Vəkilin rənginin qaraldığını gördü və o, yerə yıxıldı. Onlar təcili yardım çağırdılar, lakin həkimlər Vəkilin öldüyünü və ölüm səbəbinin ürəyindən olduğunu dedilər. Vəkil təxminən 2 ay əvvəl ölmüşdür. O, dəfn və yas mərasimində iştirak etmişdir. Mərhum Binəqədi rayonununda dəfn edilmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə qonşuluqda yaşayır. Yaşadıqları ərazidə kanalizasiya borularının çəkilişi gedirdi, işdən sonra hamı həmin əraziyə toplaşırdı. Həmin gün saat 6 radələri olardı ki, o da qonşuların toplaşdığı yerə getmişdir. Vəkil də gələndə onunla 2-3 dəqiqə söhbət etmişlər, sonra Vəkil çırpınmağa başlamış və onun yanında ölmüşdür. Vəkil növbəti gün Xocasən qəsəbəsində dəfn olunmuşdur. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, o, Yeni Ramana qəsəbəsində yaşayır. Rauf ilə qonşudur. 2024-cü ilin təxmini aprel-may ayı olardı ki, işdən çıxıb yaxınlıqda gedən inşaat-kanalizasiya işlərinə baxmağa gəlmişdir. Sonra səs-küy eşitmiş, səs gələn yerə gedəndə mərhum Vəkil bəyin yerə yıxıldığını görmüşdür. 5-10 dəqiqə sonra oğlu Raufu çağırmışlar. Qonşular səsə gəldilər. Təcili yardım çağırmışlar, lakin həkimlər Vəkil bəyin öldüyünü dedilər. Növbəti gün mərhumu Xocasən qəsəbəsində dəfn etdilər. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - AZE seriyalı 15640297 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abbasov Vəkil İsmixan oğlu xx.xx.1965-ci il tarixdə Cəbrayıl rayonunun Xələfli kəndində doğulmuşdur. - AZ-İİ seriyalı 230458 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1997-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Abbasov Vəkil İsmixan oğlu, anası X1r. - Təcili və X2 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Abbasov Vəkil İsmixan oğlu TTTY gələnə qədər ölmüşdür. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3-16- 5/8-15-304/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması barədə aidiyyəti üzrə müraciət etməli olması ərizəçiyə izah edilmişdir. - Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Abbasov Vəkil İsmixan oğlu xx.xx.2024-cü il tarixdə yeni Xocəsən qəbirstanlığında dəfn olunmuşdur. - 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən verilmiş 108 nömrəli xx.xx.2024cü il tarixli məktubdan görünür ki, Ramana qəsəbəsi 3-cü sahə ünvanında yaşamış xx.xx.1965-ci il təvəllüdlü Abbasov Vəkil İsmixan oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Mərhum 2 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına heç bir xəstəliklə müraciət etmədiyi və qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə (Forma 106) vermək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi Abbasov Vəkil İsmixan oğlunun xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi Abbasov Vəkil İsmixan oğlunun ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1965-ci il təvəllüdlü Abbasov Vəkil İsmixan oğlunun xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü Abbasov Vəkil İsmixan oğlunun xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar