Məhkəmə qərarları › İş №2(008)-4321/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4321/2024

05.08.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4321/2024 05.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsi və evdən çıxarılma tələbinə dair iddiası üzrə mülk işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq cavabdehin iddiaçının istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu,Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,021 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evindən çıxarılması, həmin həyətyanı torpaq sahəsinin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpağın istifadə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri,Sabunçu rayonu, Ramana qəsəbəsi,Ramana südçülük sovxozu ərazisində yerləşən 0,021ha həyətyanı torpaq sahəsi onun istifadəsinə verilmişdir. Həmin həyətyanı torpaq sahəsi üzərində onun tam istifadə hüququ Azərbaycan Respublikası ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində 984 nömrəli reyestr kitabının 93267 nömrəli vərəqində, ********** nömrəsi ilə qeydiyyata alınmış və 11 yanvar 2021-ci il tarixdə verilmiş Çıxarışa əsasən onun istifadəsindədir. Həmin həyətyanı torpaq sahəsi dörd bir tərəfdən hasara alınmış, üzərində 4 otaqdan ibarət fərdi yaşayış evi olmaqla ailə üzvlərinin istifadəsində olmuşdur. Cavabdeh onun keçmiş gəlinidir. İddiaçı həmin torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evini oğlunun və ailə üzvlərinin özlərinə ev alana qədər yaşamaları üçün icazə vermişdir. Lakin, cavabdehin təqsiri üzündən onların nikahına xitam verilmişdir. Oğlu və 3 azyaşlı övladı hazırda iddiaçının yanında yaşayır. Faktiki olaraq istifadəsində olan həmin torpaq sahəsi Cavabdeh Nürəddin qızı tərəfindən zəbt olunmuşdur. Tərəfındən cavabdehə həmin torpaq sahəsini və üzərində tikilmiş 4 otaqdan ibarət fərdi yaşayış evini boşaltmaq təklif olunmuş, lakin o, hər dəfə müxtəlif bəhanələrlə torpaq sahəsini boşaltmamışdır. İddiaçı Ermənistan respublikasından məcburi qaçqındır, özünə və ailə üzvlərinə məxsus olan yaşayış sahəsi balacadır. Qeydiyyatda olmaqla yaşadığı evdə hazırda 15 nəfər ailə üzvləri ilə birlikdə yaşayır. Bəzən nəvələri arasında dava-dalaş olur ki, bu da onun onsuz da ağır olandaha da ağırlaşdırır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiçıya məxsus torpaq sahəsində inşa edilmiş evdə yaşadığını etiraf etdi, lakin evlə təmin olunmaya qədər oradan çıxmayacağını bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki halları aşağıdakılardır. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,021 ha həyətyanı torpaq sahəsi iddiaçının qanuni istifadəsinə verilmişdir (Azərbaycan Respublikası ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrində 984 nömrəli reyestr kitabının 93267 nömrəli vərəqində, **********33 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021ci il tarixdə qeydiyyata alınmışdır). Həmin torpaq sahəsindən inşa edilmiş ev daşınmaz əmlakın dövlət reyeətrindən qeydiyyat alınmamış, lakin həmin evdə **********80100 №-li kodla işıq üzrə və **********04664 №-li kodla qaz üzrə abonent iddiaçıdır. Cavabdeh həmin evdə yaşadığını etiraf edir, lakin evlə təmin olununa qədər oradan çıxmaq istəmir. Hazırda iddiaçı cavabdehin torpaq sahəsi və evdən çıxmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin faktiki hallarına və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh iddiaçının istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,021 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evindən çıxarılmalı, həmin həyətyanı torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh iddiaçının istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu,Ramana qəsəbəsi, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,021 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa olunmuş fərdi yaşayış evindən çıxarılsın, həmin həyətyanı torpaq sahəsi iddiaçıya qaytarılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar