Məhkəmə qərarları › İş №2(008)-4323/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4323/2025

25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4323/2025 25.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş aktların ləğv edilməsini və 326.82 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən ev ona və ailə üzvlərinə aiddir. Həmin ünvanda Abonent kodu ( kod **********00014 ) olmaqla, evi cavabdeh X1 Sabunçu rayon Qaz idarəsi tərəfindən qaz sayğacı ilə təmin edilmiş, lakin ev də tikinti və təmir işləri yekunlaşmadığı üçün qazdan istifadə olunmamışdır. xx.xx.2025-ci il il tarixində cavabdehin əməkdaşları onun ünvanına gələrək ona xx.xx.2025-ci il tarixli ödəniş qəbzi təqdim etdilər. Həmin qəbzdən müəyyən etdi ki, xx.xx.2025-ci il tarixinə onun guya 328.57 manat borcu var. Növbəti günlərdə o, " Azəriqaz " İstehsalat Birliyinə və Sabunçu Qaz İdarəsinə müraciətlər etdi və müəyyən etdi ki, 30 iyul 2021 il tarixində onun qaz sayğacının yoxlanılması keçirilib və yoxlama barədə tərtib olunan aktda “ sayğacın çıxış plastmas borusu deşilib " sözləri göstərilmişdir. 2021-ci ilin yay aylarında ( dəqiq tarix yadımda deyil ) Sabunçu qaz idarəsinin əməkdaşı - nəzarətçisi Anar adlı şəxs (tel ***-***- **-** ) ona zəng edərək bilmişdir ki, elektron qaz sayğaclarının mexaniki sayğaclara dəyişdirilməsi qərara alınıb. Həmin ərəfədə qaz idarəsinin əməkdaşları tərəfindən onun sayğacı aparılmış və bir müddətdən sonra yenisi ilə əvəz olunmuşdur. Evdə yaşamaq məqsədi ilə 2025-ci ilin mart ayında evin isidilməsi üçün kombi sistemi quraşdırılmış və qazdan istifadə olunmuşdur. Bundan sonra ona ödəniş qəbzi təqdim olunanda orada onun tərəfindən son istifadə etdiyi qaz həcmi ( 14 m 3 ) düzgün göstərilsə də, qalıq borc tamamilə əsassız və qanunsuz olaraq 326.82 manat göstərilmişdir. Bununla yanaşı qəbzdə yalan olaraq qeyd olunur ki guya o, xx.xx.2023-cü tarixində 103.8 manat ödəniş etmişdir. Halbuki o, həmin ünvanda tikinti və təmir işləri apardığı üçün yaşamadığına görə qazdan istifadə etməmiş və göstərilən məbləği cavabdehə ödəməmişdir. O, bununla əlaqədar X2 müraciət etmişdir. Müxtəlif sənədlər toplamış və məlum olmuşdur ki, 30 iyul 2021-ci il tarixində onun iştirakı və xəbəri olmadan və heç bir sənəd tərtib olunmadan götürülmüş sayğaca baxış keçirilmişdir və bu barədə akt tərtib olunmuş, guya sayğacın çıxış plastmas borusunun deşilməyi aşkar edilmişdir. Bu akta əsasən barəsində və guya onun iştirakı ilə 2160 m3 qazın məbləğinin ondan tutulması barədə digər akt tərtib olunmuşdur. Həmin aktda ( nömrəsi 0314731, lakin tarixdə il qeyd olunmayıb ) onun adı göstərilmiş olsa da, hansı səbəbdən orada imzasının olmadığı barədə heç bir qeyd yoxdur. Həmin aktda əsas kimi Azərbaycan Respublikası DNŞ-nin " Azəriqaz " İstehsalat Birliyinin rəyinə istinad olunmuşdur. O, həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə bir məlumat çatdırmış nə də o, qaz idarəsinə dəvət olunmuşdur. Yalnız xx.xx.2025-ci il tarixli qəbz ona verildikdə adına borcun olması və bundan sonra əldə etdiyi sənədlərin surətlərindən müəyyən etdi ki, dörd il bundan əvvəl barəsində aktlar tərtib olunub. Ona təqdim olunan xx.xx.2025-ci il tarixli qəbzdə ümumi borcdan yalnız 14 m3 qazın həqiqətəndə istifadə etməyini etiraf edir. 326.82 manat qalıq borcun isə yalan, əsassız və qanusuz olaraq borc kimi adına yazılmasını bildirir . Bir daha bildirmək istərdi ki, sayğac çıxarılan zaman X4 əməkdaşları tərəfindən sayğacın çıxarılması onun iştirakı olmadan həyata keçirilmiş, çıxarılan zaman hər hansı sənəd tərtib edilməmiş və həmin ərəfədə onunla bağlı ona heç bir irad tutulmamışdır. Yalnız dörd il keçdikdən sonra onu fakt qarşısında qoymuşlar ki, guya dörd il bundan əvvəl ondan götürülən sayğacda nasazlıq aşkar olunmuşdur. Bu müddət ərzində ondan bu " borcun “ ödənilməsini heç kim və heç bir vaxt tələb etməmişdir və bu borcla bağlı rəsmi qaydada ona hər hansı akt təqdim edilməmişdir. Həmin o nasazlığın məhz onun təqsirindən yaranmasına dair qaz idarəsinin əməkdaşları tərəfindən hər hansı sübut ona təqdim etməmişlər. Onlardan alınan aktlardan müəyyən etmək olmur ki, nasazlığın yaranmasının səbəbkarı kimdir. Çünki həmin nasazlıqın yaranmasının səbəbkarı sayğacı çıxaran şəxslər də ola bilər. Əsassız olaraq X3 tərəfindən borc kimi adına yazılmış olan

326. 82 manatın silinməsi barədə qətnamə qəbul olunmalıdır. İddiaçı xx.xx.2025-ci il tarixində iddia ərizəsinin dəqiqiləşdirilməsinə dair ərizə ilə müraciət edərək abonent koduna yazılmış 326.82 (üç yüz iyirmi altı manat, səksən iki qəpik) manat borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə elektron ərizə ilə müraciət edərək, mülki işin təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Rüspublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, **********00014 nömrəli abonent İddiaçı məxsus sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 2160 m3 olması hesablanmışdır. **********00014 nömrəli abonent İddiaçı məxsus saldodan görünür ki, abonentin 2025ci ilin ayının sonu üçün 326.82 manat borcu mövcuddur. Qeyd edilinən borcun, 6.90 manat hissəsi 2020-ci ilinsonu üçün hesablanmış sərfiyyat borcu, 216 manat olan hissəsi 2021-ci ilin iyul ayında qalıq və aktlar üzrə borc, 0.12 manat hissəsi 2022-ci ilin fevral ayında hesablanmış sərfiyyat borcudur. Sözügedən saldodan görünür ki, iddiaçıya 2023-cü ilin oktyabr ayında 103.80 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə ilk öncə iddia tələbinin ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən iddiaçıya hesablanmış 216 manat borcun silinməsinə münasibbət bildirərək qeyd edir ki, sayğacın çıxış plastmas borusunun deşilməsi məhz iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən **********00014 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 216 manat borc silinməlidir. Bundan sonra məhkəmə (326.82-216=110.82) yerdə qalan 110.82 manat borcun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçıya məxsus saldodan görünür sözügedən borcun 6.90 manat olan hissəsi 2020-ci ilin sonu üçün, 0.12 manat olan hissədi isə 2022-ci ilinfevral ayı üçün hesablanmış sərfiyyat borcu olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan sonra məhkəmə iddia tələbinin (110.82-6.90-0.12=103.8) yerdə qalan 103.8 manat borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən borcun yaranma əsasları məhkəməyə məlum olmadığından iddia tələbi bu hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli akta əsasən **********00014 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 216 manat borc və 2023-cü ilin oktyabr ayında hesablanmış 103.80 manat borc cəmi 319.80 (üç yüz on doqquz manat səksən qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar