Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4334/2023 05.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə Ərizəçi "xx.xx.1955-ci il təvəllüdlü X2 xx.xx.2023-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi" barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi "xx.xx.1955-ci il təvəllüdlü X2 xx.xx.2023-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. O, ərizəsini belə əsaslandırmışdır ki, mərhum əri X6 xx.xx.1955-ci ildə Gədəbəy rayonu Çayrəsullu kəndində anadan olmuş və onlar Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yaşamışlar. Mərhum əri X6 "ürəkçatışmazlığı" xəstəliyindən əziyyət çəkmiş, mütəmadi müalicə almış, xx.xx.2023-cü ildə mərhumun səhhəti qəfil pisləşmiş və təcili tibbi yardım gələnə kimi vəfat etmişdir. O, mərhum ərinin adına ölüm haqqında şəhadətnamə almaq üçün 21 nömrəli şəhər poliklinikasına və qeydiyyat şöbəsinə müraciət etmiş, lakin poliklinika "Ölüm haqqında tibbi şəhadətnamə", qeydiyyat şöbəsi isə "Ölüm haqqında şəhadətnamə" verməkdən imtina etmişlər. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə ərizəni əsaslı hesab edir. Müəyyən edildi ki, X6 xx.xx.1955-ci ildə Gədəbəy rayonu Çayrəsullu kəndində anadan olmuş, xx.xx.1991-ci ildə Ərizəçi ilə nikah bağlamış və onlar Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi İstixana kombinatı ev 2 mənzil 2-də yaşamışlar. Bakı Şəhəri Təcili və X3 Stansiyasının 12 saylı bölməsinin təcili tibbi yardım briqadasının həkimi S.Alıyev və tibb bacısı S.Əsədova xx.xx.2023-cü ildə saat 15.26-da çağırış üzrə həmin ünvana gələrək X2 həkimə qədər ölməsini müəyyən etmiş və bu barədə "Ölüm haqqında xəbərdarlıq vərəqəsi" tərtib etmişlər. Ərizəçi "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsinin 21 nömrəli şəhər poliklinikasına müraciət edərək, mərhum X2 adına "Ölüm haqqında tibbi şəhadətnamə" verilməsini xahiş etmiş, lakin poliklinika xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, mərhumun poliklinikaya müraciəti və ambulator kartası olmadığı üçün şəhadətnamə yazılması poliklinikanın səlahiyyəti xaricindədir. Bakı Şəhəri Maraqlı şəxs isə ərizəçinin müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, mərhum X2 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından ölüm qeydə alına bilməz. İşdə olan "Nikahın bağlanması haqqında şəhadətnamə"nin surətindən görünür ki, X6 və Ərizəçi xx.xx.1991-ci ildə nikah bağlamışlar. İşdə olan Bakı Şəhəri Təcili və X3 Stansiyasının 12 saylı bölməsinin təcili tibbi yardım briqadasının həkimi S.Alıyev və tibb bacısı S.Əsədova tərəfindən tərtib edilmiş "Ölüm haqqında xəbərdarlıq vərəqəsi"ndən görünür ki, briqada xx.xx.2023cü ildə saat 15.26-da çağırış üzrə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi İstixana kombinatı ev 2 mənzil 2-yə gələrək X2 həkimə qədər ölməsini müəyyən etmişdir. İşdə olan "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsinin 21 nömrəli şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, mərhum X2 poliklinikaya müraciəti və ambulator kartası olmadığı üçün onun adına "Ölüm haqqında tibbi şəhadətnamə" yazılması poliklinikanın səlahiyyəti xaricindədir. İşdə olan Bakı Şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, mərhum X2 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından ölümün qeydə alınması üçün aidiyyəti üzrə müraciət olunmalıdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4, X5 və X7 oxşar məzmunlu ifadələr verərək, göstərmişlər ki, X6 xx.xx.2023-cü ildə yaşadığı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi İstixana kombinatı ev 2 mənzil 2-in birinci mərtəbəsində yerləşən və özünün işlədiyi mağazada olarkən qəflətən səhhəti pisləşmiş və təcili yardım briqadası gələnədək vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.2-ci bəndinə əsasən, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq "Elektron məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"nın 4.1-ci bəndində deyilir ki, "Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra "şəhadətnamə") mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydanın 4.2-ci bəndinə görə, ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X3 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında "Xəbərdarlıq vərəqəsi"ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra "hüquq-mühafizə orqanı") məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. Qaydanın 4.3-cü bəndinə görə, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə "Xəbərdarlıq vərəqəsi" və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Qaydanın 4.4-cü bəndinə əsasən, aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda. Sadalanan normaların birgə təhlilindən göründüyü kimi, qeydiyyat şöbəsi ölümü o halda qeydə ala bilər ki, şəxsin adına ölüm haqqında tibbi şəhadətnamə verilmiş olsun, yaxud da belə bir sənəd olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilmiş olsun. Ölüm haqqında tibbi şəhadətnamə isə yalnız ölümün baş vermə səbəbi məlum olduqda verilir. Digər hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinələrdən sonra verilə bilər. Müəyyən edildi ki, X2 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına "Ölüm haqqında tibbi şəhadətnamə" verilməmiş, bu səbəbdən də onun ölümünün Bakı Şəhəri Maraqlı şəxsndə qeydə alınması mümkün olmamışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş və yuxarıda sadalanan sübutlarla isə onun xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etməsi təsdiq olunmuşdur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı ərizə təmin edilməli və xx.xx.1955-ci il təvəllüdlü X2 xx.xx.2023-cü ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü X2 xx.xx.2023-cü ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2(008)-4334/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4334/2023
05.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver