Məhkəmə qərarları › İş №2(008)-4339/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4339/2022

10.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4339/2022 10.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla "mülkiyyət hüququnun təmin edilməsi, mülkiyyət hüququnun həyata keçirilməsinə manelərin aradan qaldırılması, mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla "mülkiyyət hüququnun təmin edilməsi, mülkiyyət hüququnun həyata keçirilməsinə manelərin aradan qaldırılması, mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında olan fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüquqlarının təmin edilməsi, həmin evin İddiaçı istifadə və sahibliyinə verilməsi, onun mülkiyyət hüquqlarını həyata keçirilməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 tərəfindən qoyulan maneələrin aradan qaldırılması, İddiaçı həmin üvanda olan fərdi yaşayış evinə köçürülməsinə və evin naturada bölgüsünün həyata keçirilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4339/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “mülkiyyət hüququnun təmin edilməsi, mülkiyyət hüququnun həyata keçirilməsinə manelərin aradan qaldırılması, mənzilə köçürülmə və əmlakın naturada bölgüsü” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı xx.xx.2022-ci il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)- 4339/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və “əmlakın naturada bölgüsü" tələbinin istisna olmaqla, iddia ərizəsinin “mülkiyyət hüququnun təmin edilməsi, mülkiyyət hüququnun həyata keçirilməsinə manelərin aradan qaldırılması, mənzilə köçürülmə" tələbi hissəsində icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4339/2022 saylı, 01 iyul 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-4339/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “mülkiyyət hüququnun təmin edilməsi, mülkiyyət hüququnun həyata keçirilməsinə manelərin aradan qaldırılması, mənzilə köçürülmə” tələbinə dair mülki iş icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bakı Fəhləsi küçəsindəki 01 saylı fərdi yaşayış evinin 4 otağından 1/3 hissəsi onun mülkiyyətidir. Azərbaycan Respublikası Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeyd edilən fərdi yaşayış sahəsinin mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı İddiaçı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2012-ci il tarixli ******* saylı çıxarış verilmişdir. O, öz ailə üzvləri həyat yoldaşı X4, övladları X2, X7 və X1 ilə birlikdə həmin ünvanda qeydiyyatdadır. Hazırda cavabdehlər həmin paylı mülkiyyətə münasibətdə onun mülkiyyət hüquqlarını həyata keçirməyə və orada yaşamağına maneə olurlar. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 iddia tələbini qəbul edərək izahatında bildirdi ki, iddia ərizəsində adlı qeyd edilən cavabdehlərin hər biri mübahisəli evdə yaşayır, iddiaçının həmin evə köçürülməsi onların həmin evdən sərbəst şəkildə istifadə etməsinə maneə yaradacağından iddia tələbinin rədd edilməsini məhkəməd xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış digər cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümüyəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə digər cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümüyəndəsinin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maşiata qəsəbəsi, Bakı Fəhləsi küçəsi, ev 01 saylı fərdi yaşayış evi paylı mülkiyyətdədir, evin mülkiyyətçiləri Quliyev X14, X6, Məmmədov X10 və Quliyev X5r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Beləliklə məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bakı Fəhləsi küçəsindəki 01 saylı fərdi yaşayış evi iddiaçı ilə cavabdeh Quliyev X3 və digər iki payçıların paylı mülkiyyətindədir. Hazırda mübahisəli evdə cavabdeh Quliyev X9 və onun ailə üzvüləri yaşayır. İddiaçı da öz mülkiyyətindəki evə kökmək isdəsədə cavabdehlər buna maneə olurlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı öz paylı mülkiyyətinə olan evə köçürülməli və cavabdehlərin onun mülkiyyət hüququndan irəli gələn əmlaka sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılan maneələr qadağan edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin digər hissəsini əhatə edən ünvan 1 ünvanında olan fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüquqlarının təmin edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin qeyd edilən hissəsi mücərrət xarakter daşıdığından təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında olan fərdi yaşayış evinə köçürülsün. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 İddiaçı mülkiyyət hüququndan irəli gələn ünvan 1 ünvanında olan fərdi yaşayış evinin öz payına düşən hissəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılan maneələr qadağan edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar