Məhkəmə qərarları › İş №2(103)-274/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-274/2025

27.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-274/2025 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh2, cavabdeh3 və Quliyeva (Rahmani) Vüsalə Cəbrayıl qızına qarşı (Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi İdarəsi, X27, X7 və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: “paylı mülkiyyətdən istifadə, yaşayış sahəsinə köçürmə, əmlakın naturada bölünməsi”) Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, İddiaçı İddiaçı və cavabdeh Rahmani (Quliyeva) Vüsalə Cəbrayıl qızının iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2022-ci il tarixli qətnaməsindən cavabdehlər cavabdeh5 və Rahmani (Quliyeva) Vüsalə Cəbrayıl qızının birgə verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bakı Fəhləsi küçəsi, * saylı fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) X1 arvadı Hökümə Cəbrayıl qızına miras qalmışdır.

2. ##.##.1991-ci il tarixli bağışlama müqaviləsinə əsasən Hökümə Cəbrayıl qızı mübahisəli evin 10,39 kv.m sahəsi olan eyvan, 7,72 kv.m. yaşayış sahəsi, 116,60 kv.m olan saray anbarını övladı cavabdeh5 bağışlamışdır. ##.##.1991-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən həmin evin 1 otağı cavabdeh5, qalan hissəsi isə Hökümə Cəbrayıl qızının adına mülkiyyət hüququ ilə qeydə alınmışdır.

3. Hökümə Cəbrayıl qızı ##.##.2000-ci ildə ölmüş, evin 4 otağı vərəsəlik qaydasında sonuncunun digər övladları X2 Molla Ağa oğlu, İddiaçı Molla Ağa oğlu və X3 hər birinin 1/3 hissə olmaqla paylı mülkiyyətinə keçmişdir.

4. Mübahisəli evə dair vərəsələr arasında vərəsəlik sənədlərinin, əqdlərin və hüquq müəyyənedici sənədlərin etibarsızlığına dair məhkəmə mübahisələri olmuş, müxtəlif qətnamələr qəbul edilmişdir.

5. Daşınmaz əmlakın dövlət reyestrində mübahisəli evin 4 otağının 1/3 hissəsi iddiaçının, 1/3 hissəsi X7 (X2 Molla Ağa oğlunun vərəsəsi), 1/6 hissəsi X27, 1/6 hissəsi X8 (X3 vərəsələri) paylı mülkiyyəti, yaşayış sahəsi 7,72 kv.m, köməkçi sahəsi 10,39 kv.m olan 1 otağı və “B” tikilisi cavabdeh5 mülkiyyəti kimi qeydə alınmışdır.

a) Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh2, cavabdeh3 və X16 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüquqlarının təmin edilməsi, həmin evin istifadə və sahibliyinə verilməsi, mülkiyyət hüquqlarını həyata keçirilməsində cavabdehlər cavabdeh5, cavabdeh4, X16, cavabdeh3 və cavabdeh2 tərəfindən qoyulan maneələrin aradan qaldırılması, fərdi yaşayış evinə köçürülməsi və evin naturada bölgüsünün həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin 4 otağından 1/3 hissəsi mülkiyyətidir və bu hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Ailə üzvləri olan həyat yoldaşı X9, övladları X4, X6 və X14 ilə birlikdə həmin ünvanda qeydiyyatdadır. Hazırda cavabdehlər paylı mülkiyyətə münasibətdə onun mülkiyyət hüquqlarını həyata keçirməyə və orada yaşamağına mane olurlar.

8. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh5 iddia tələbini qəbul etməyərək, rədd olunmasını xahiş edib.

9. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edən cavabdeh X16 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddia ərizəsində adı qeyd edilən cavabdehlərin hər biri mübahisəli evdə yaşayır, iddiaçının həmin evə köçürülməsi onların həmin evdən sərbəst şəkildə istifadə etməsinə maneə yaradacağından iddia rədd olunmalıdır.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2022-ci il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia qismən təmin edilmiş, iddiaçının mübahisəli evə köçürülməsi, cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh2, cavabdeh3, X16 iddiaçının mülkiyyət hüququndan irəli gələn mübahisəli fərdi yaşayış evinin öz payına düşən hissəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılan maneələr qadağan edilmişdir.

11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı öz paylı mülkiyyətində olan evə köçürülməli və cavabdehlərin onun mülkiyyət hüququndan irəli gələn əmlaka sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılan maneələr qadağan edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin mübahisəli evə iddiaçının mülkiyyət hüquqlarının təmin edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, tələbin həmin hissəsi mücərrəd xarakter daşıdığından təmin edilə bilməz.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. 157.4, 213.1, 213.2, 215.1, 215.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Cavabdehlər cavabdeh5 və Rahmani (Quliyeva) Vüsalə Cəbrayıl qızı birlikdə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

14. Apellyasiya baxışı zamanı işə baxıldığı dövrdə mübahisəli evin 1/3 hissəsinin digər paylı mülkiyyətçiləri X27, X7 və X8 apellyasiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmuşdur.

15. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2023-cü il tarixli, *-**-**/*-**/**** nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, mübahisəli evdə yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evində konstruktiv dəyişikliklər edilməklə texniki parametrləri tamamilə dəyişdirildiyindən həmin fərdi yaşayış evinin mülkiyyətçilərin paylarına uyğun olaraq naturada bölünüb-bölünməməsinin müəyyən edilməsi mümkün olmamışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** saylı, ## ###### 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qənaətində göstərmişdir ki, apellyasiya baxışı zamanı evə dair bütün sənədlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən tələb olunaraq məhkəməyə təqdim edilmiş, mübahisəli mənzilə dair digər qeydiyyat vəsiqəsinin mövcud olmadığı müəyyən edilmişdir. Məhkəmə apellyasiya şikayətinin mübahisəli evdə çox sayda insanın yaşaması və buna görə də iddiaçının həmin evə köçüb yaşamasının mümkün olmaması barədə dəlili ilə razılaşmamış və qeyd etmişdir ki, iddiaçı paylı mülkiyyətçidir, qeyd olunan hal şəxsin mülkiyyət hüququnun həyata keçirilməsinə mane ola bilməz və bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ-IV hissələrinə, Mülki Məcəllənin 152.1, 157.4, 213.1, 213.2, 215.1, 215.2, 222.1, 223.2, 223.3, 225.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsində icraat

19. Cavabdehlər cavabdeh5 və Rahmani (Quliyeva) Vüsalə Cəbrayıl qızı (vəkil vəkil1) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ## ### 2024-cü il tarixli qərarı ilə cavabdehlər cavabdeh5 və X16 tərəfindən birlikdə verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)- ****/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

21. Kassasiya instansiyası məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, iddiaçı paylı mülkiyyətdə olan mübahisəli evin 4 otağının 1/3 hissəsinin paylı mülkiyyətçisi, cavabdeh cavabdeh5 evin digər 1 otağının və “B” tikilisinin mülkiyyətçisi, digər cavabdehlər həmin şəxsin ailə üzvləridir. Mübahisəli evin 4 otağının digər paylı mülkiyyətçiləri olan X7 (1/3) X27 (1/6), və X8 (1/6) apellyasiya instansiyası məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək, iddiaçının mübahisəli evə köçürülməsi qət edilmiş, cavabdehlərə iddiaçının mülkiyyət hüququndan irəli gələn mübahisəli fərdi yaşayış evinin öz payına düşən hissəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılan maneələr qadağan edilmişdir. Qətnamə yalnız cavabdehlər cavabdeh5 və Vüsalə Quliyeva (Rahmani) tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. İddianın təmin edilmiş hissəsində iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən mülkiyyətçi onun əmlakına qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə isə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda Mülki Məcəllənin 215-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə öz əmlakına sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər (§ 29, 32-33). Baxılan iş üzrə birinci instansiyası məhkəməsi yuxarıda da qeyd olunduğu kimi mübahisəli evin 4 otağının 1/3 hissəsinin paylı mülkiyyətçisi olan iddiaçını mübahisəli evin onun paylı mülkiyyətində olan hissəsinə (4 otağına) deyil, bütün evə köçürmüş, bu zaman evin digər 1 otağının və “B” tikilisinin daşınmaz əmlakın dövlət reyestrində cavabdeh cavabdeh5 ayrıca payı kimi qeydə alındığını nəzərə almamış, iddiaçının və digər paylı mülkiyyətçilərin həmin hissəyə köçürülməsi mümkünlüyü ilə bağlı araşdırma və hüquqi dəyərləndirmə aparmamışdır. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi mübahisəyə aydınlıq gətirilməsi, o cümlədən, iddiaçının payının naturada ayrılması məsələsinin müzakirə edilməsi üçün iş üzrə məhkəmə ekspertizası təyin etmişdir. Həqiqətən də mübahisəli evin texniki vəziyyətinin müəyyənləşdirilməsi, iddiaçının 1/3 hissədə paylı mülkiyyətçisi olduğu 4 otağın mövcud vəziyyəti, iddiaçının hüquqlarının cavabdehlər tərəfindən pozulub-pozulmadığının müəyyən edilməsi, o cümlədən, iddiaçının həmin hissəyə köçürülməsinin texniki cəhətdən mümkün olubolmadığı hazırkı mübahisənin həlli baxımından mühüm əhəmiyyətə malik olmuşdur. Təyin edilmiş ekspertiza üzrə Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2023-cü il tarixli rəyində qeyd olunmuşdur ki, mübahisəli evdə yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evində konstruktiv dəyişikliklər edilməklə texniki parametrləri tamamilə dəyişdirildiyindən həmin fərdi yaşayış evinin mülkiyyətçilərin paylarına uyğun olaraq naturada bölünüb-bölünməməsinin müəyyən edilməsi mümkün deyildir. Mövcud vəziyyətdə apellyasiya instansiyası məhkəməsi ekspertizanın təyin olunması zərurəti nəzərə alınmaqla, ekspert rəyinə və işin müəyyən edilmiş hallarına mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarının tələbləri baxımından qiymət vermək əvəzinə iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Nəzərə alınmalıdır ki, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Əgər verilmiş rəylərdə anlaşılmazlıqlar, ziddiyyətlər, natamamlıq və qeyri müəyyənliklər varsa, MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləməyə borcludur. Eyni zamanda zərurət olarsa MPM-in 206-cı maddəsinə müvafiq olaraq məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır. Həmçinin prosessual qanunvericilik məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə tərəflərin vəsatəti əsasında və məhkəmənin təşəbbüsü ilə müayinə və tədqiq edilməsini mümkün hesab edir (maddə 76.2, 202). Beləliklə apellyasiya instansiyası məhkəməsi MPM-in 14.1 və 88-ci maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, prosessual qanunvericiliyin ona verdiyi ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləmək, zərurət olduğu halda əlavə və ya təkrar ekspertiza təyin etmək, yaxud sübutları yerdə müayinə və tədqiq etmək imkanlarından istifadə etmədən iddianın qismən təmin olunması barədə qətnaməni dəyişdirilmədən saxlamış, öz mövqeyini maddi və prosessual hüquq normaları baxımından lazımi qaydada əsaslandırmamışdır. Halbuki MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarı). Hüquqi müəyyənlik prinsipi tələb edir ki, məhkəmə aktları əsaslandırılmış və icrası mümkün olmalıdır. Bu baxımdan məhkəmə iddianı təmin edərkən öz aktının nəticə hissəsini elə ifadə etməlidir ki, həmin akt əsasında konkret hansı tədbirlərin görülməli olduğu işdə iştirak edən şəxslərə və məhkəmə aktının məcburi icrasını təmin edən icra məmurlarına aydın olsun. Məhkəmə aktı mümkün dərəcədə elə şəkildə tərtib olunmalıdır ki, onun icrası yeni məhkəmə aktının qəbul olunmasını tələb etməsin. Eyni zamanda iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh5 və Vüsalə Quliyeva (Rahmani) birlikdə apellyasiya şikayəti vermiş, məhkəmə birlikdə verilmiş apellyasiya şikayətini mümkün hesab edərək, icraata qəbul etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində yalnız Vüsalə Quliyevanın apellyasiya şikayətinə baxmış, cavabdeh5 şikayətinə ümumiyyətlə qiymət verməmiş, bununla da, MPM-in 392.1.6-cı maddəsinin tələbini (§ 54) pozmuşdur. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdeh5 və Vüsalə Quliyeva (Rahmani) birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsindən birgə apellyasiya şikayəti versələr də, cavabdeh5 mübahisəli evin bir hissəsinin paylı mülkiyyətçisi, Vüsalə Quliyeva (Rahmani) isə istifadəçisidir. Bu baxımdan eyni dəlillər həmin şəxslərin əşyaya münasibətindən asılı olaraq fərqli hüquqi dəyərləndirmə tələb edə bilər. Qeyd edilənləri nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı prosessual qanunvericiliyin verdiyi bütün imkanlardan istifadə edilərək sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli və əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri

22. Cavabdehlər apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə çıxarışa əsasən digər ümumi paylı mülkiyyətçiləri əlavə cavabdehlər və yaxud üçüncü şəxslər qismində işə cəlb etməmişdir. Halbuki, mübahisəli evdə hal-hazırda yaşayanların böyük əksəriyyəti məhz evin işə cəlb edilməyin digər iki payçısının qohumlarıdır. Məhkəmə nəzərə almamışdır ki, hal-hazırda mübahisəli ev üzərində mülkiyyət hüququnu təsdiq edən və qüvvədə olan Rayon (şəhər) sovetinin icraiyyə komitəsinin texniki inventarizasiya bürosu tərəfindən verilmiş (Kitab № ***, səhifəsi № *****, reyestr nömrəsi 30/1043 olan ## ##### 1975-ci il tarixli) Qeydiyyat vəsiqəsi da mövcuddur. Həmin qeydiyyat vəsiqəsində mübahisəli evə paylar müəyyən edilmədən iki nəfərin hazırkı iş üzrə cavabdeh cavabdeh5 və onun mərhum anası, Hökumə Cəbrayıl qızının mülkiyyət hüququ öz əksini tapmışdır. Qeydiyyat vəsiqəsi hazırkı iş üzrə iddiaçı və digər şəxslər tərəfindən heç vaxt mübahisələndirilməyib və hal-hazırda da qüvvədədir. Mübahisəli yaşayış evi demək olar ki, bir əsrə yaxındır mövcuddur və orada çoxsaylı ailələr yaşamış, hal-hazırda da yaşamaqdadır. Orada yaşayan şəxslər fərdi yaşayış evinə çoxsaylı əlavə və dəyişiklik etmiş, köhnə tikililəri sökərək yeniləşdirməklə bərabər, əlavə tikililər də inşa etmişlər və bunun da nəticəsində evin texniki vəziyyəti, quruluşu demək olar ki, tamamilə dəyişmişdir. Fərdi yaşayış evinin əvvəlki texniki quruluşundan əsər-əlamət qalmamışdır. Fərdi yaşayış evinin yerləşdiyi ərazi orada yaşayan ən azı 4 ailə tərəfindən yaşayış məqsədilə istifadə edilməkdədir. Belə olan halda, evin naturada bölgüsü həyata keçirilmədən iddiaçının həmin evə köçərək, orada hansı formada yaşayacağına və təsərrüfat aparacağına məhkəmə qətnaməsində aydınlıq gətirilməmişdir.

b) Hazırki apellyasiya icraatında apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

23. Məhkəmə iclasında cavabdeh Rahmani (Quliyeva) Vüsalə Cəbrayıl qızı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın isə təmin edilməməsini xahiş etdi.

24. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

25. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər cavabdeh5 Mollağa oğlu, cavabdeh4, cavabdeh2, cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X27 və X8 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi (* saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin cavabdehlərin və 3-cü şəxslərin və nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

26. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. II hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Maddə 29, III hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 29, IV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri:

29. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən, yəni iddianın təmin edildiyi hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi üçün əsasdır.

30. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

32. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edildiyi hissədə hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

33. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

34. Əvvəla, mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iddianı təmin etdiyi hissədə də gəldiyi nəticə düzgün olmamışdır.

35. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

36. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi tərəfindən də maddi və prosessual hüquq normalarının pozulub-pozulmamasının yoxlanılması məqsədilə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri diqqətlə nəzərdən keçirilmiş və apellyasiya instansiyası məhkəməsi üçün hüquqi mövqe baxımından icrası məcburi olan qəti göstərişlər verilmişdir.

37. İşə baxan kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə, yəni iddianın qismən təmin edilməsi ilə bağlı qənaəti ilə razılaşmamış, qərarında apellyasiya instansiyası məhkəməsi üçün icrası məcburi olan göstərişlər vermişdir. Bu göstərişlərin məzmununda mübahisənin onların məzmununa uyğun həll edilməli olduğuna dəlalət edən arqumentlər çoxluq təşkil edir.

38. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

39. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

40. Hazırki apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlillərinin həqiqiliyinin yoxlanılması məqsədilə, eləcə də kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişləri də nəzərə alınmaqla iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti yarandığından iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınmışdır.

41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş *-**-**/*-**/****/**** saylı, ## ##### 2025-ci il tarixli ekspert rəyində qeyd edildi ki, ünvan 1 ünvanında yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki texnik göstəriciləri ilə mülki iş materiallarında olan (İ cild. səh.124-134) həmin fərdi yaşayış evinə dair tərtib edilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə adi PASPORT" (Texniki Pasport) sənədində qeyd olunan texniki göstəricilər (parametrlər) arasında kəskin uyğunsuzluqlar mövcud olduğundan qərardadda ekspert qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.

42. Məhkəmə tərkibi yenidən qarşıya qoyulan sualların cavablandırılması işin obyektiv və düzgün həlli üçün əhəmiyyət kəsb etdiyindən hesab etdi ki, mülki iş üzrə “xxxx” MMC-dən mütəxəssis (ekspert) rəyi alınmalıdır. Çünki Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xüsusi biliyə malik tikinti-texniki eksperti ekspertiza qarşısında qoyulmuş suallara faktiki olaraq cavab verə bilməmişdir.

43. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli qərardadı ilə mütəxəssis rəyinin alınması qərara alınmış, lakin xxxx tərəfindən verilmiş 33 №li, ## #### 2026-cı il tarixli məktubda qeyd edilmişdir ki, iş üzrə tərəflərlə əlaqə saxlanılmış və baxış vaxtı onlarla razılaşdırılaraq ## #### 2026-cı il tarixə, saat 16:00-a təyin edilmişdir. Həmin tarixdə, saat 16:15-də sözügedən fərdi yaşayış evinə cavabdeh Quliyeva (Rəhmani) Vüsalə Cəbrayıl qızının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Quliyeva (Rəhmani) Vüsalə Cəbrayıl qızının təqdim etdiyi evə daxil olub evin texniki pasportunun göstəriciləri ilə müqayisə edilərkən evin mövcud vəziyyətinin texniki pasportdan fərqli olduğu müəyyən edilmişdir. Bundan əlavə, Quliyeva (Rəhmani) Vüsalə Cəbrayıl qızının deməsinə görə, * nömrəli fərdi yaşayış evi və həyətyanı sahəsi bir neçə hissəyə bölünmüş və həmin hissələr müxtəlif şəxslərin istifadəsindədir. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evi üzrə dəyişikliklər aparılaraq evin faktiki vəziyyəti müvafiq texniki sənədindən kəskin olaraq fərqlidir. Bu səbəbdən də, iş üzrə tərəflərin paylı mülkiyyətində olan fərdi yaşayış evi üzrə tədqiqat aparılıb qoyulmuş suallara dair rəyin verilməsi imkan xaricindədir. Qeyd olunanlara əsasən, ## #### 2025-ci il tarixli qərardad icrasız saxlanılır və iş üzrə sənədlər geri qaytarılır.

44. Əvvəla, işin mübahisəsiz halıdır ki, iddiaçı paylı mülkiyyətdə olan mübahisəli fərdi yaşayış evinin 4 otağının 1/3 hissəsinin paylı mülkiyyətçisi, cavabdeh cavabdeh5 isə evin digər 1 otağının və “B” tikilisinin mülkiyyətçisi, digər cavabdehlər cavabdeh5 ailə üzvləridir. Evin 4 otağının digər paylı mülkiyyətçiləri isə X7 (1/3), X27 (1/6) və X8 (1/6) isə cavabdeh kimi göstərilməyib və onlara qarşı tələb irəli sürülməyib, yalnız bundan əvvəl işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilib.

45. İddia bilərəkdən yaxud bilmədən yalnız cavabdeh cavabdeh5, yəni evin digər 1 otağının və “B” tikilisinin mülkiyyətçisinə və ailə üzvlərinə qarşı irəli sürülürsə, deməli evin 4 otağının 1/3 hissəsinin paylı mülkiyyətçisi kimi iddiaçı 4 otağın digər paylı mülkiyyətçilərinə qarşı tələb irəli sürməyib və ya belə bir istəyi olmayıb.

46. Ancaq məhkəmə iddiaçını mübahisəli evə köçürülməsini, eləcə də cavabdeh kimi göstərilən şəxslərə iddiaçının mülkiyyət hüququndan irəli gələn mübahisəli fərdi yaşayış evinin öz payına düşən hissəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılan maneələrin qadağan edilməsini qət edib. Başqa sözlə, evin 4 otağının 1/3 hissəsinin paylı mülkiyyətçisi kimi iddiaçı 4 otağın digər paylı mülkiyyətçilərinə qarşı tələb irəli sürməsə də, qətnamənin məzmunundan bəlli olur ki, məhkəmə onu evin bütün hissələrinə köçürülməsini qət edib və özünə aid hissədən istifadəni və sahibliyi həyata keçirməyə yaradılan maneəni cavabdehlərə qadağan edib.

47. Bu cür vəziyyətdə, birincisi cavabdehlərin evin 4 otağına aid hissələrdə yaşamaları yaxud oradan istifadə etmələri və iddiaçıya həqiqətən maneə yaratmaları müəyyən edilməli idi, ikincisi isə evin 1 otağına və “B” tikilisinə iddiaçının köçürülməsinin mümkün olmadığı qətnamədə açıq-aşkar şəkildə göstərməli idi. Ancaq iddiaçı cavabdehlərin onun paylı mülkiyyətindən istifadə etməsinə maneə yaratmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməyib. Evin 4 otağının 1/3 hissəsinin paylı mülkiyyətçisi kimi həqiqətən evə köçmək istəyi və niyyəti var idisə tələbində evin 4 otağına və(və ya) 1/3 hissəsinə köçürülməsini göstərməli idi. Çünki iddiaçı bunu aydın və dəqiq göstərmirsə, demək ki, evin cavabdehin payı bəlli olan hissəsinə, yəni 1 otağına və “B” tikilisinə köçmək niyyəti olub ki, bu da yolverilməzdir. Başqa sözlə, məhkəmə evin digər 1 otağının və “B” tikilisinin daşınmaz əmlakın dövlət reyestrində cavabdeh cavabdeh5 ayrıca payı kimi qeydə alındığını nəzərə almayıb, iddiaçının həmin hissəyə köçürülməsi mümkünlüyü ilə bağlı araşdırma və hüquqi dəyərləndirmə aparmamışdır.

48. Apellyasiya baxışı zamanı da bəlli oldu ki, əslində iddiaçı evin 4 otağının digər paylı mülkiyyətçilərini bilərəkdən cavabdeh qismində göstərməyib və onlara qarşı tələb irəli sürməyib, evin digər 1 otağının və “B” tikilisinin daşınmaz əmlakın dövlət reyestrində cavabdeh cavabdeh5 ayrıca payı kimi qeydə alınsa da sonuncu və ailə üzvləri tərəfindən məhz evin 4 otağının 1/3 hissəsinin zəbt olunmasını əsas gətirərək bu cür iddia irəli sürüb. Lakin həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilən ekspertizalar zamanı da rəylərdə göstərilən səbəblərdən mübahisəli evdə tərəflərin paylarının naturada müəyyən edilməsi və bölünməsinin mümkün olmadığı təsdiq olundu. Bu cür halda cavabdehlərin iddiaçının paylı mülkiyyətdə olan hissəsini zəbt etmələrinin müəyyən edilməsi ümumiyyətlə texniki cəhətdən də mümkünsüz bir vəziyyətə düşür.

49. Göstərilənlərlə yanaşı, apellyasiya baxışı təqdim edilən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən də bəlli olur ki, əslində tərəflərin və digər paylı mülkiyyətçilərin mülkiyyətində olan mübahisəli evin artıq hərracda satılması və satışdan əldə edilən vəsaitin mülkiyyətçilər arasında paylarına uyğun bölünməsi qət olunub. Bu halın özü də apellyasiya şikayətini əsaslı və təmin edilməsini labüd edir.

50. Beləliklə məhkəmə tərkibi hesab edir ki: cavabdehlər cavabdeh5 və Rahmani (Quliyeva) Vüsalə Cəbrayıl qızının birgə apellyasiya şikayəti təmin edilməli; mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2022-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilməli və və həmin hissədə də iddia təmin edilməməlidir.

51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393, 420 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdehlər cavabdeh5 və Rahmani (Quliyeva) Vüsalə Cəbrayıl qızının birgə apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2022-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilsin və həmin hissədə də iddia təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar