Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1718/2024 20.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Quliyeva (Rahmani) Vüsalə Cəbrayıl qızına qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, X4, X19 və X5) iş üzrə QƏRARİ Açar sözlər: paylı mülkiyyətdən istifadə, yaşayış sahəsinə köçürmə, sübutların qiymətləndirilməsi, məhkəmə aktının əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (m əruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Quliyeva (Rahmani) Vüsalə Cəbrayıl qızına qarşı mülkiyyət hüququna maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1925/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və X8 tərəfindən birlikdə verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bakı Fəhləsi küçəsi, 1 saylı fərdi yaşayış evi (bundan sonra – mübahisəli ev) X7 arvadı Hökümə Cəbrayıl qızına miras qalmışdır. 2. 01.04.1 991-ci il tarixli bağışlama müqaviləsinə əsasən Hökümə Cəbrayıl qızı mübahisəli evin 10,39 kv.m sahəsi olan eyvan, 7,72 kv.m. yaşayış sahəsi, 116,60 kv.m olan saray anbarını övladı Cavabdeh1 bağışlamışdır. xx.xx.1991-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən həmin evin 1 otağı Cavabdeh1, qalan hissəsi isə Hökümə Cəbrayıl qızının adına mülkiyyət hüququ ilə qeydə alınmışdır.
3. Hökümə Cəbrayıl qızı xx.xx.2000-ci ildə ölmüş, evin 4 otağı vərəsəlik qaydasında sonuncunun digər övladları Məmmədov X28, Quliyev X33 və X11 hər birinin 1/3 hissə olmaqla paylı mülkiyyətinə keçmişdir.
4. Mübahisəli evə dair vərəsələr arasında vərəsəlik sənədlərinin, əqdlərin və hüquq müəyyənedici sənədlərin etibarsızlığına dair məhkəmə mübahisələri olmuş, müxtəlif qətnamələr qəbul edilmişdir.
5. Daşınmaz əmlakın dövlə t reyestrində mübahisəli evin 4 otağının 1/3 hissəsi iddiaçının, 1/3 hissəsi X9 (Məmmədov X22 vərəsəsi), 1/6 hissəsi X1, 1/6 hissəsi X2 (X11 vərəsələri) paylı mülkiyyəti, yaşayış sahəsi 7,72 kv.m, köməkçi sahəsi 10,39 kv.m olan 1 otağı və “B” tikilisi Cavabdeh1 mülkiyyəti kimi qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüquqlarının təmin edilməsi, həmin evin istifadə və sahibliyinə verilməsi, mülkiyyət hüquqlarını həyata keçirilməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, X8, Cavabdeh4 və Cavabdeh3 tərəfindən qoyulan maneələrin aradan qaldırılması, fərdi yaşayış evinə köçürülməsi və evin naturada bölgüsünün həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin 4 otağından 1/3 hissəsi mülkiyyətidir və bu hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Ailə üzvləri olan həyat yoldaşı X21, övladları X12, X25 və X10 ilə birlikdə həmin ünvanda qeydiyyatdadır. Hazırda cavabdehlər paylı mülkiyyətə münasibətdə onun mülkiyyət hüquqlarını həyata keçirməyə və orada yaşamağına mane olurlar.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, rədd olunmasını məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdeh X8 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddia ərizəsində adlı qeyd edilən cavabdehlərin hər biri mübahisəli evdə yaşayı r, iddiaçının həmin evə köçürülməsi onların həmin evdən sərbəst şəkildə istifadə etməsinə maneə yaradacağından iddia rədd olunmalıdır.
10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-4339/2022 nömrəli iş üzrə 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia qismən təmin edilmiş, iddiaçının mübahisəli evə köçürülməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X6 iddiaçının mülkiyyət hüququndan irəli gələn mübahisəli fərdi yaşayış evinin öz payına düşən hissəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılan maneələr qadağan edilmişdir.
11. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı öz paylı mülkiyyətində olan evə köçürülməli və cavabdehlərin onun mülkiyy ət hüququndan irəli gələn əmlaka sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılan maneələr qadağan edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin mübahisəli evə iddiaçının mülkiyyət hüquqlarının təmin edilməsi hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, tələbin həmin hissəsi mücərrəd xarakter daşıdığından təmin edilə bilməz.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1. 157.4, 213.1, 213.2, 215.1, 215.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdehlər Cavabdeh1 və Rahmani (Quliyeva) Vüsalə Cəbrayıl qızı birlikdə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişlə r.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə çıxarışa əsasən digər ümumi paylı mülkiyyətçiləri əlavə cavabdehlər və yaxud üçüncü şəxslər qismində işə cəlb etməmişdir. Halbuki, mübahisəli evdə hal-hazırda yaşayanların böyük əksəriyyəti məhz evin işə cəlb edilməyin digər iki payçısının qohumlarıdır. Məhkəmə nəzərə almamışdır ki, hal-hazırda mübahisəli ev üzərində mülkiyyət hüququnu təsdiq edən və qüvvədə olan Rayon (şəhər) sovetinin icraiyyə komitəsinin texniki inventarizasiya bürosu tərəfindən verilmiş (Kitab № 228, səhifəsi № 14552, reyestr nömrəsi 30/1043 olan 10 aprel 1975-ci il tarixli) Qeydiyyat vəsiqəsi da mövcuddur. Həmin Qeydiyyat vəsiqəsində mübahisəli evə paylar müəyyən edilmədən iki nəfərin hazırkı iş üzrə Cavabdeh1 və onun məhrum anası, Hökumə Cəbrayıl qızın ın mülkiyyət hüququ öz əksini tapmışdır. Qeydiyyat vəsiqəsi hazırkı iş üzrə iddiaçı və digər şəxslər tərəfindən heç vaxt mübahisələndirilməyib və hal-hazırda da qüvvədədir. Mübahisəli yaşayış evi demək olar ki, bir əsrə yaxındır mövcuddur və orada çoxsaylı ailələr yaşamış, hal-hazırda da yaşamaqdadır. Orada yaşayan şəxslər fərdi yaşayış evinə çoxsaylı əlavə və dəyişiklik etmiş, köhnə tikililəri sökərək yeniləşdirməklə bərabər, əlavə tikililər də inşa etmişlər və bunun da nəticəsində evin texniki vəziyyəti, quruluşu demək olar ki, tamamilə dəyişmişdir. Fərdi yaşayış evinin əvvəlki texniki quruluşundan əsər-əlamət qalmamışdır. Fərdi yaşayış evinin yerləşdiyi ərazi orada yaşayan ən azı 4 ailə tərəfindən yaşayış məqsədilə istifadə edilməkdədir. Belə olan halda, evin natural bölgüsü həyata keçi rilmədən iddiaçının həmin evə köçərək, orada hansı formada yaşayacağına və təsərrüfat aparacağına məhkəmə qətnaməsində aydınlıq gətirilməmişdir.
15. Apellyasiya baxışı zamanı işə baxıldığı dövrdə mübahisəli evin 1/3 hissəsinin digər paylı mülkiyyətçiləri X4, X19 və X5 apellyasiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb olunmuşdur.
16. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2023-cü il tarixli, 3-16-16/2-10/4809 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, mübahisəli evdə yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evində konstruktiv dəyişikliklər edilməklə texniki parametrləri tamamilə dəyişdirildiyindən həmin fərdi yaşayış evinin mülkiyy ətçilərin paylarına uyğun olaraq naturada bölünüb-bölünməməsinin müəyyən edilməsi mümkün olmamışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1925/2023 nömrəli mülki iş üzrə 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya baxışı zamanı evə dair bütün sənədlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsindən tələb olunaraq məhkəməyə təqdim edilmiş, mübahisəli mənzilə dair digər qeydiyyat vəsiqəsi nin mövcud olmadığı müəyyən edilmişdir.
19. Məhkəmə apellyasiya şikayətinin mübahisəli evdə çox sayda insanın yaşaması və buna görə də iddiaçının həmin evə köçüb yaşamasının mümkün olmaması barədə dəlili ilə razılaşmamış və qeyd etmişdir ki, iddiaçı paylı mülkiyyətçidir, qeyd olunan hal şəxsin mülkiyyət hüququnun həyata keçirilməsinə mane ola bilməz və bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ-İV hi ssələrinə, Mülki Məcəllənin 152.1, 157.4, 213.1, 213.2, 215.1, 215.2, 222.1, 223.2, 223.3, 225.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdehlər Cavabdeh1 və Rahmani (Quliyeva) Vüsalə Cəbrayıl qızı (Vəkil2) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.
22. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəli əmlakda ən çox paya sahib şəxslərdən birinin məhz Cavabdeh1 olduğunu nəzərə almamışdır. Mübahisəli fərdi yaşayış evinin ən azı yarısının iş üzrə cavabdehlərdən Cavabdeh1 məxsus olmasına dair iş materiallarına əlavə edilmiş, həmin ev üzərində mülkiyyət hüququnu təsdiq edən və qüvvədə olan Rayon (şəhər ) sovetinin icraiyyə komitəsinin texniki inventarizasiya bürosu tərəfindən verilmiş Qeydiyyat vəsiqəsi də mövcuddur. İddiaçı iddia ərizəsində fərdi yaşayış evinə köçmək üçün cavabdehlər tərəfindən maneələrin aradan qaldırılması tələbini irəli sürmüş, məhkəmə həmin tələbi haqlı saymış, qətnamədə cavabdehlərin hansı hərəkətlərinin iddiaçının mülkiyyətində olan əmlaka qəsd yaratdığını, cava bdehlərin hansı formada iddiaçıya fərdi yaşayış evinə köçməyə mane olduğunu göstərməmişdir. Ümumiyyətlə, iddiaçının hansı tarixdə mübahisəli fərdi yaşayış evinə köçmək istədiyi və onların həmin istəyinin bilavasitə cavabdehlər tərəfindən qarşısının alındığına dair hər hansı sübut aşağı məhkəmə instansiyalarının qətnaməsində öz əksini tapmamışdır. Apellyasiya şikayəti cavabdehlərdən həm Cavabdeh5, həm də Cavabdeh1 tərəfindən verilsə də, apellyasiya instansiyası məhkəməsi qətnamədə yalnız cavabdehlərdən biri – Cavabdeh5 apellyasiya şikayətinə münasibət bildirmiş, onun verdiyi apellyasiya şikayətinin təmin olunmaması nəticəsinə gəlmişdir, apellyasiya şikayəti vermiş digər Cavabdeh1 adı isə qətnamənin əsaslandırıcı və yekun hissəsində öz əksini tapmamışdır. Bu hal da qətnamənin qanuni və əsasl ı olmadığını göstərir. Birinci instansiya məhkəməsi mübahisəli yaşayış evi üzrə mərhum payçıların hüquqi varislərini işə cəlb etməmiş, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin həmin səhvini qismən aradan qaldıraraq, mübahisəli fərdi yaşayış evində qeydiyyatda olan və yaşayan 23 nəfərdən yalnız ikisini – X3 və X14 hüquqi varis olaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb etmiş, lakin adı çəkilən şəxslərin hansı paylı mülkiyyətçinin hüquqi varisi olması və onların hüquqi varis olmasını təsdiq edən sübutu qətnamədə göstərməmişdir. Bununla da qəbul edilən qətnamə cavabdehlərlə yanaşı fərdi yaşayış evində yaşayan, istifadə hüququna malik şəxslərin də hüquq və mənafelərinə toxunmuşdur. Apelyasiya instansiyası məhkəməsi sübutları düzgün ar aşdırmamış və qiymət verməmişdir.
23. Kassasiya şikayəti Mülki Məcəllənin 152.1, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 57.1, 57.2. 82.3, 88, 217.1, 217.2, 217.3-cü maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Konstitusiya
25. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə
29. İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçini n təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkə tləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
30. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
31. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
32. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
33. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
34. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.
35. Maddə 223.2. Birgə mülkiyyəti n mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər.
36. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Mülki Prosessual Məcəllə
37. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqi nə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər.
41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə e tdiyi məlumatlar sübutlar hesab olunur.
42. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
44. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
45. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.
46. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir n eçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
47. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
48. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
49. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
50. Maddə 175.1. Məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.
51. Maddə 175.2. Zəruri hallarda iş üzrə sübutların tədqiqi zamanı məhkəmə mütəxəssisin məsləhəti və şərhini dinləyir.
52. Maddə 202.1. Məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə müayinə və tədqiq edilir. Məhkəmə, yerində müayinə aparılması haqqında qərardad çıxarır.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən hal ları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
55. Maddə 392.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində aşağıdakılar göstərilməlidir:...392.1.5. məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar; 392.1.6. apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri.
56. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyin i göstərməyə borcludur.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Baxılan iş üzrə iddiaçı paylı mülkiyyətdə olan mübahisəli evin 4 otağının 1/3 hissəsinin paylı mülkiyyətçisi, Cavabdeh1 evin digər 1 otağının və “B” tikilisinin mülkiyyətçisi, digər cavabdehlər həmin şəxsin ailə üzvləridir.
62. Mübahisəli evin 4 otağının digər paylı mülkiyyətçiləri olan X19 (1/3) X4 (1/6), və X5 (1/6) apellyasiya instansiyası məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmişdir.
63. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək, iddiaçının mübahisəli evə köçürülməsi qət edilmiş, cavabdehlərə iddiaçının mülkiyyət hüququndan irəli gələn mübahisəli fərdi yaşayış evinin öz payına düşən hissəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə yaradılan maneələr qadağan edilmişdir. Qətnamə yalnız cavabdehlər Cavabdeh1 və Vüsalə Quliyeva (Rahmani) tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirilmiş və apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin hissədə dəyişdirilmədən saxlanılmışdır.
64. İddianın təmin edilmiş hissəsində iddiaçının tələbinin qanuni əsasını Mülki Məc əllənin 157.4-cü maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən mülkiyyətçi onun əmlakına qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə isə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda Mülki Məcəllənin 215-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə öz əmlakına sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər (§ 29, 32-33).
65. Baxılan iş üzrə birinci instansiyası məhkəməsi yuxarıda da qeyd olunduğu kimi mübahisəli evin 4 otağının 1/3 hissəsinin paylı mülkiyyətçisi olan iddiaçını mübahisəli evin onun paylı mülkiyyətində olan hissəsinə (4 otağına) deyil, bütün evə köçürmüş, bu zaman evin digər 1 otağının və “B” tikilisinin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 ayrıca payı kimi qeydə alındığını nəzərə almamış, iddiaçının və digər paylı mülkiyyətçilərin həmin hissəyə köçürülməsi mümkünlüyü ilə bağlı araşdırma və hüquqi dəyərləndirmə aparmamışdır.
66. Bununla yanaşı, apellyasiya instansiyası mə hkəməsi mübahisəyə aydınlıq gətirilməsi, o cümlədən, iddiaçının payının naturada ayrılması məsələsinin müzakirə edilməsi üçün iş üzrə məhkəmə ekspertizası təyin etmişdir. Həqiqətən də mübahisəli evin texniki vəziyyətinin müəyyənləşdirilməsi, iddiaçının 1/3 hissədə paylı mülkiyyətçisi olduğu 4 otağın mövcud vəziyyəti, iddiaçının hüquqlarının cavabdehlər tərəfindən pozulubpozulmadığının müəyyən edilməsi, o cümlədən, iddiaçının həmin hissəyə köçürülməsinin texniki cəhətdən mümkün olub-olmadığı hazırkı mübahisənin həlli baxımından mühüm əhəmiyyətə malik olmuşdur.
67. Təyin edilmiş ekspertiza üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2023-cü il tarixli rəyində qeyd olunmuşdur ki, mübahisəli evdə yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evində konstruktiv dəyişikliklər edilməklə texni ki parametrləri tamamilə dəyişdirildiyindən həmin fərdi yaşayış evinin mülkiyyətçilərin paylarına uyğun olaraq naturada bölünüb-bölünməməsinin müəyyən edilməsi mümkün deyildir.
68. Mövcud vəziyyətdə apellyasiya instansiyası məhkəməsi ekspertizanın təyin olunması zərurəti nəzərə alınmaqla, ekspert rəyinə və işin müəyyən edilmiş hallarına mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarının tələbləri baxımından qiymət vermək əvəzinə iddianın qismən təmin olunması barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır.
69. Nəzərə alınmalıdır ki, işin hallarından asılı olaraq, yaxud qanunun birbaşa göstərişinə əsasən məhkəmə işə baxılması zamanı ekspertiza təyin etmişsə, hər bir halda alınmış rəyi məhkəmə prosesi zamanı tədqiq etməli, tərəflərlə müzakirə etməli və d igər sübutlarla yanaşı qiymətləndirməlidir.
70. Əgər verilmiş rəylərdə anlaşılmazlıqlar, ziddiyyətlər, natamamlıq və qeyrimüəyyənliklər varsa, MPM-in 175-ci maddəsində ifadə edilmiş məhkəmə baxışının bilavasitəliyi və şifahiliyi prinsipinə görə hakim bu məsələni aydınlaşdırmaq üçün ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləməyə borcludur. Eyni zamanda zərurət olarsa MPM-in 206-cı maddəsinə müvafiq olaraq məhkəmə əlavə və ya təkrar ekspertiza təyin edə bilər.
71. Məhkəmənin sübutlardan biri kimi ekspert rəyi və ya onun müəyyən hissələri ilə razılaşmamaq hüququ olduğu kimi, MPM-in 103.2-ci maddəsinə əsasən, bu halı qəbul etdiyi qətnamədə və ya qərardadda əsaslandırmaq vəzifəsi də vardır.
72. Həmçinin prosessual qanunvericilik məhkəməyə gətirilə bilməyən və ya gətirilməsi çətin olan maddi və yazılı sübutlar, olduqları və ya saxlandıqları yerdə tərəflərin vəsatəti əsasında və məhkəmənin təşəbbüsü ilə müayinə və tədqiq edilməsini mümkün hesab edir (maddə 76.2, 202).
73. Beləliklə apellyasiya instansiyası məhkəməsi MPM-in 14.1 və 88-ci maddələrinə əsasən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, prosessual qanunvericiliyin ona verdiyi ekspertin rəyini, mütəxəssisin məsləhət və şərhini dinləmək, zərurət olduğu halda əlavə və ya təkrar ekspertiza təyin etmək, yaxud sübutları yerdə müayinə və tədqiq etmək imkanlarından istifadə etmədən iddianın qismən təmin olunm ası barədə qətnaməni dəyişdirilmədən saxlamış, öz mövqeyini maddi və prosessual hüquq normaları baxımından lazımi qaydada əsaslandırmamışdır.
74. Halbuki MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
75. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə ay dınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
76. Hüquqi müəyyənlik prinsipi tələb edir ki, məhkəmə aktları əsaslandırılmış və icrası mümkün olmalıdır. Bu baxımdan məhkəmə iddianı təmin edərkən öz aktının nəticə hissəsini elə ifadə etməlidir ki, həmin akt əsasında konkret hansı tədbirlərin görülməli olduğu işdə iştirak edən şəxslərə və məhkəmə aktının məcburi icrasını təmin edən icra məmurlarına aydın olsun. Məhkəmə aktı m ümkün dərəcədə elə şəkildə tərtib olunmalıdır ki, onun icrası yeni məhkəmə aktının qəbul olunmasını tələb etməsin.
77. Eyni zamanda iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 və Vüsalə Quliyeva (Rahmani) birlikdə apellyasiya şikayəti vermiş, məhkəmə birlikdə verilmiş apellyasiya şikayətini mümkün hesab edərək, icraata qəbul etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi öz qətnaməsində yalnız Vüsalə Quliyevanın apellyasiya şikayətinə baxmış, Cavabdeh1 şikayətinə ümumiyyətlə qiymət verməmiş, bununla da, MPM-in 392.1.6-cı maddəsinin tələbini (§ 54) pozmuşdur. Məhkəmə kollegiyası nəzərə alır ki, Cavabdeh1 və Vüsalə Quliyeva (Rahmani) birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsindən birgə apellyasiya şikayəti versə lər də, Cavabdeh1 mübahisəli evin bir hissəsinin paylı mülkiyyətçisi, Vüsalə Quliyeva (Rahmani) isə istifadəçisidir. Bu baxımdan eyni dəlillər həmin şəxslərin əşyaya münasibətindən asılı olaraq fərqli hüquqi dəyərləndirmə tələb edə bilər.
78. Qeyd edilənləri nəzərə alaraq Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı prosessual qanunvericiliyin verdiyi bütün imkanlardan istifadə edilərək sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli və əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.
79. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tut araq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdehlər Cavabdeh1 və X8 tərəfindən birlikdə verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1925/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.