Məhkəmə qərarları › İş №2(008)-4352/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4352/2024

15.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4352/2024 15.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, atası X1 xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X3 yaşadıqları ünvanda xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Onlar təcili tibbi yardım çağırışı etmişlər, lakin təcili tibbi yardımın həkimləri gələnə qədər atası vəfat etdmişdir. Atasının anidən ölümü mənəvi və psixoloji cəhətdən onu və ailə üzvlərini həddindən artıq sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından atasının ölümü haqqında şəhadətnaməni ala bilməmişdir. Hazırda atasından miras qalmış evə dair vərəsəlik işinin açılması ilə bağlı atasının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Atasının ölüm akt qeydinin aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbə tərəfindən verilmiş məktubda göstərilmişdir ki, qeydiyyat orqanında ölümün qeydə alınması ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında aparılır. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra Ərizəçi məhkəməyə ərizə təqdim edərək, atası X1 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, mərhumla eyni binada yaşamışlar, qonşu və iş yoldaşı olmuşlar. Mərhumu Sahib kimi tanıyır, o, birinci mərtəbədə, mərhum isə beşinci mərtəbədə yaşayırdı. O, Sabunçu rayonu M.Fətəliyev küçəsində yaşayır. Mərhumun ölüm gününü belə xatırlayır ki, həmin gün nəvəsini məktəbdən götürmək üçün gedəndə binanın qarşısında Mirsaabla qarşılaşmış, yanından salam vermədən keçib getmişdir. Təxminən 15-20 dəqiqə keçmişdi ki, “Mini market” adlı mağazanın qarşısında səs-küy eşitdi, çox insan toplanmışdı, yaxınlaşdı və mərhumun yıxıldığını gördü. Təcili yardım gələnədək onun yanında idi, xəstəxanaya aparılandan sonra isə oradan uzaqlaşdı. Ürəyi tutduğunu eşitdi, ürəyinə stend qoyulmuşdu. Həmin vaxt günü dəqiq xatırlaya bilmir, 2024-cü il idi, bir ay yarım, iki ay əvvəl olardı. Mərhum binalarının qarşısında vəfat etdi. Mərhumun yas mərasimində iştirak etmiş, dəfnində isə iştirak etməmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində bildirmişdir ki, mərhumun ailəsi ilə qonşudur. Mərhumun ölüm günü saat 2 tamam olardı. Eyvandan baxanda Seyidağanın atasının binanın yaxınlığında oturduğunu, halının çox da yaxşı olmadığını görmüşdür. Mərhumun gəlini də orada idi və təcili yardım çağırdığını, bir neçə dəfə təcili yardıma zəng etdiyini eşitdi, o da aşağı düşdü. Sonra mərhumun oğlu Seyidağa da hadisə yerinə gəldi. Təcili yardım çox gec gəldi. Mərhumun şəkər xəstəliyi var idi, ölüm səbəbi o ola bilər, ya da ürəyi ilə bağlı ola bilər. Bu hadisə təxminən 3 ay əvvəl 2024-cü il tarixdə olardı. Yas mərasimlərində iştirak etməmişdir. Dəfni bildiyi qədəri ilə rayonda olub, harada olduğunu bilmir. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirmişdir ki, ərizəçi ilə 30 illik qonşudur. O, birinci mərtəbədə, ərizəçi isə beşinci mərtəbədə yaşayır. Ərizəçinin qardaşı ilə sinif yoldaşı olmuşlar. Ərizəçinin atasının ürəyinə iki ilə yaxın idi ki, stend qoyulmuşdu. Hadisə günü Seyidağa ona zəng edərək, atasının ona ürəyinin yaxşı olmadığını, halının pis olduğunu bildirdiyini demişdir. O, ərizəçinin atasının olduğu yerin yaxınlığında olmuş və ərizəçi ondan atasının yanına getməsini xahiş etmişdir. O, bir-iki dəqiqə ərzində ora getmiş, mərhumun daşın üstündə oturduğunu görmüşdür, o, ürəyini tutmuşdu. Marketdə Səba adlı xanım təcili yardıma zəng etmişdir. Təcili yardım çox gec gəlmiş, həkim gələnə kimi mərhum artıq ölmüşdür. Xəstəxanaya mərhumu özləri aparmışlar. Ərizəçinin atası təxminən 3-4 ay əvvəl ölüb. O, yas mərasimində iştirak etmiş, lakin dəfnində olmamışdır. Mərhum Ucar rayonunda dəfn edilmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - AZE seriyalı 07993620 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1957-ci il tarixdə Ucar şəhərində doğulmuşdur. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3-16- 5/8-15-311/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması barədə aidiyyəti üzrə müraciət etməli olması ərizəçiyə izah edilmişdir. - Ucar RİHB-nın Ucar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və qeyd olunan tarixdə Ucar rayonunun Qarabörk kənd qəbirstanlığında dəfn edilmişdir. - TƏBİB Respublika Təcili və X6 Mərkəzi PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:03-də RTTTYM-nə Sabunçu rayonu ünvan 3 ünvanından naməlum kişinin adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Sabunçu TTTYS bölməsinin həkimi Araz Usubov icra edərək, ünvanda avtomobilin arxa oturacağında naməlum kişiyə məxsus meyitlə rastlaşmış və “həkimə qədərə ölüm. Kişi cinsli meyit” diaqnozu qoyulmuşdur. - 11 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 767 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü X1 ölümü haqqında məlumatları olmadığı və ölümün səbəbini bilmədikləri üçün ölüm haqqında arayış (Forma 106) verilməmişdir. - XV-ЖГ seriyalı 396701 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X2r. - fotoşəkillərdən görünür ki, X3 xx.xx.1957-ci il tarixdə doğulmuş, xx.xx.2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X1 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1957-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1957-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar