Məhkəmə qərarları › İş №2(008)-4393/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4393/2021

23.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4393/2021 23.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 20.07.2020-ci il tarixli, 1573 saylı nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, valideynləri və yaxın qohumları, qohumluq münasibətində olduğu bir xanımla ailə qurması üçün ona təkid etmiş, lakin o, həmin xanımla ailə qurmaq istəməmişdir. Belə vəziyyətdə o, yenicə tanıdığı Cavabdeh ilə nikaha daxil olmağa qərar vermiş, bu barədə niyyətini ona bildirmişdir. Cavabdeh əvvəlcə etiraz etsə də, sonradan onun təkidlərindən nikaha daxil olmağa razılıq vermişdir. Bundan sonra onlar 20.07.2020-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Bir müddət əvvəl valideyinləri göstərilən səbəblərlə bağlı nikaha daxil olmağından xəbər tutaraq, bu hərəkətini pisləmişlər. Qısa müddətdən sonra cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi hər ikisinə məlum olmuş və anlamışlar ki, bir-birlərini tanımadan, həmçinin valideyinlərinin razılığı olmadan, el adətlərinə riayət etmədən, formal nikaha daxil olmaq məsuliyyətsiz addım olmuşdur. Onların görünüş xarakterli nikaha daxil olmalarını özünün, həmçinin valideyinlərinin el adətlərinin heç birinə əməl etməmələri, hətta valideynlərinin bundan xəbər tutduqdan sonra onların hərəkətlərini pisləmələri faktı da təsdiq edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul edərək izahatında bildirdi ki, İddiaçı ilə qızı Cavabdeh 20.07.2020-ci il tarixdə rəsmi nikaha daxil olsalar da, aralarındakı nikah formal xarakter daşımışdır. Nikahda olduqları müddətdə birgə yaşamamışlar, faktiki nikah münasibətlərində olmamışlar. Qızının nikaha daxil olmasından xəbər tutduqda, onun bu hərəkətini qətiyyətlə pisləmişdir. O, qeyd olunanlara əsasən, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 20.07.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 402243 saylı, nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh 20.07.2020-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 1573 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Arvada Həsənli soyadı verilmişdir. - 3 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən 07.10.2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə ünvan 1ində anadan olmuş və ünvan 1i ünvanında qeydiyyatdadır. - Sabunçu RPİ tərəfindən 19.11.2021-ci il tarixdə verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 81 saylı Mənzil Kommunal İstismar Sahəsinin 23.04.2021-ci il tarixli, 01/170 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş və ünvan 3 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi Qaradağ rayon 2 saylı Lökbatan Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 23.04.2021-ci il tarixli, 554 saylı arayışdan görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür və ünvan 4 ünvanında müvəqqəti məskunlaşmışdır. - AA seriyalı, 180770 saylı məcburi köçkün vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı Füzuli rayonundan məcburi köçkündür. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər rəsmi nikaha daxil olsalar da, nikah bağlandığı gündən hazırki vaxtadək ər-arvad münasibətlərində olmamış, bağlanmış nikah formal xarakter daşımışdır. Nikah hüququ fərdin ayrılmaz və təbii hüququ kimi Konstitusiyada əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında yer almışdır. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Nikah və ailə dövlətin himayəsindədir. Eyni zamanda nikah hüququ “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 29cu maddəsində, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 12-ci maddəsində təsbit olunmuşdur. Sözügedən beynəlxalq normalara uyğun olaraq nikah yaşına çatmış kişi və qadınların irqi, milli və dini əlamətlərinə görə heç bir məhdudiyyət qoyulmadan nikaha daxil olmaq, ailə qurmaq hüquqları var və nikah, nikaha daxil olan hər iki tərəfin azad və tam razılığı əsasında bağlana bilər. Ailə Məcəlləsi Konstitusiyada nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq, ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir. Ailə qanunvericiliyi ilə nikahın etibarsız sayılmasının şərtləri və nikahın etibarsız sayılmasının nəticələri də dəqiq müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Hazırki iş üzrə tərəflərin hər ikisinin ailə qurmaq niyyəti olmadığından, mübahisəli nikahın etibarsız hesab edilməsinə dair qarşılıqlı razılıqları olduğundan, məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında 20.07.2020-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1573 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah bağlandığı gündən etibarsız hesab edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq, dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən, Cavabdeh 10 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 20.07.2020-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1573 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah bağlandığı gündən etibarsız hesab edilsin. Cavabdeh 10 (on) manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar