Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4409/2023 26.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh Kərim qızının iştirakı ilə, İddiaçı Cavabdeh Kərim qızına qarşı “qanuna zidd hərəkətin qadağan edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Kərim qızına qarşı “qanuna zidd hərəkətin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi və tələbin həcminin azaldılması barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Kərim qızı tərəfindən ünvan 1 ünvanının həyətinə qoyduğu mişar daşlarının onun tərəfindən götürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Qonşusu Cavabdeh Kərim qızı həyətinin giriş qapısına mişar daşları ilə iş gördürmüş və nəticədə, onun həyətə girişi demək olar ki, mümkünsüz olmuşdur. Bu hadisə əvvəl də baş vermiş, lakin xəbərdarlıqdan sonra maneə aradan qaldırılmışdır. Həmin hadisə yenidən təkrarlanır, cavabdeh bu dəfə maneəni aradan qaldırmaq istəmir. O, bu barədə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə bildirdikdə, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Həmçinin bu barədə polisə də müraciət etmiş, oradan gəlib akt tərtib etmişlər. Lakin cavabdeh qanunsuz hərəkətlərini davam etdirir. Cavabdehə məsələnin barışıq yolu ilə həllini təklif etsə də, nəticəsi olmamışdır. Bir sözlə, cavabdehlə razılığa gələ bilməmişlər. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir ki, pozulmuş hüquqları məhkəmə tərəfindən qorunsun və bərpa olunsun. Göstərilənlərə əsasən iddiaçı tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Kərim qızı məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən, ev-29/1-a ünvanında həyətin giriş qapısına mişar daşları ilə iş gördürmüşdür. Belə ki, həmin ünvandakı evin həyəti onun evinin pəncərəsinin düz qarşısında yerləşir, ona görə də, hesab edir ki, həmin həyətyanı sahə ona aiddir. Cavabdeh qeyd olunan halları nəzərə alaraq, ədalətli qərara qəbul edilməsi məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından aydın olur ki, İddiaçı, Zəngilan rayonundan məcburi köçkündür, ünvan 1 ünvanınında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektoru R.Hümmətov tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, onun və Ramana qəsəbə nümayəndəliyinin nümayəndələri tərəfindən imzalanmış aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən ünvanında yaşayan İddiaçı məxsus evin giriş qapısı Cavabdeh Kərim qızı tərəfindən qoyulmuş daşlarla bağlanmışdır. Qəsəbə nümayəndəliyi tərəfindən daşlar götürülərək, giriş-çıxış təmin edilmişdir. İddiaçı şikayəti əsasında dəfələrlə həmin ünvana baxış keçirilən zaman Cavabdeh tərəfindən yenidən daşlar yığalaraq İddiaçı evinə girişi bağlanmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-1293/2022 saylı qərarından məlum olur ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(008)-2357/2022 saylı qərarı ilə Cavabdeh Kərim qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, ona 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tənbeh tətbiq edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şikayəti yuxarı instansiya məhkəməsinin sözügedən qərarı ilə təmin edilməmişdir. İş materiallarında olan Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli məktubundan aydın olur ki, nümayəndəliyin əməkdaşları tərəfindən sözügedən ünvana baxış keçirilmiş və yaşayış evinin giriş qapısı mişar daşlarından təmizlənmişdir. İş materiallarında olan Zəngilan Rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı oğlunun istifadəsində olan yaşayış evinin giriş qapısı mişar daşlarından təmizlənsə də, qonşusu Cavabdeh qanunsuz hərəkətlərini davam etdirir və bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-36/2-2816/2023 saylı sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Zəngilan rayonundan məcburi köçkün İddiaçı komitə tərəfindən mənzillə təmin edilməmişdir. Komitədə olan məlumat bazasına əsasən həmin şəxs Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən adlanan ünvanda müvəqqəti məskunlaşmışdır. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən ünvanında 29/1 a saylı ev İddiaçı faktiki sahibliyi və istifadəsindədir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh Kərim qızı tərəfindən evinə giriş-çıxışı məhdudlaşdıran daşların qoyulduğunu iddia edir və həmin maneənin aradan qaldırılmasını xahiş edir. İş materiallarından göründüyü kimi, iddiaçı və cavabdeh arasında daha əvvəllər də eyni xarakterli mübahisə olmuş, hətta bununla bağlı Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektoru və Ramana qəsəbə nümayəndəliyinin nümayəndələri tərəfindən xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir. Mövcud vəziyyətlə əlaqədar qonşular arasında mübahisə düşmüş və cavabdeh Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(008)- 2357/2022 saylı qərarı ilə inzibati qaydada cərimə edilmişdir. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən ünvanında 29/1 a saylı evə və həyətyanə sahəyə baxış keçirilən zaman evin giriş-çıxış hissəsində oraya giriş-çıxışı məhdudlaşdıran daşlar qoyulduğu müəyyən edilmişdir, həmçinin işdə olan fotoşəkillərindən də bunu görmək mümkündür. Tərəflər hazırkı məhkəmə iclasında verdiyi izahatlarından aydın olur ki, həmin vəziyyət hal-hazırda da davam etməkdədir, yəni iddiaçının faktiki məskunlaşdığı yaşayış sahəsinə giriş-çıxışı məhdudlaşdıran cavabdeh tərəfindən yerləşdirilmiş daşlar qalmaqdadır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları, işin faktiki hallarını, habelə tərəflər arasında daha əvvəl də oxşar (və ya eyni) məzmunlu mübahisənin mövcudluğunu, mübahisənin həqiqiliyinin müxtəlif dövlət qurumlarının iddiaçıya ünvanlanmış rəsmi cavab məktubları ilə təsdiqini tapdığını, habelə işin digər əhəmiyyətli hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, sözügedən ünvanda giriş-çıxışa maneənin törədilməsinə yönəldilmiş hərəkətlərin Cavabdeh Kərim qızı tərəfindən icra edilməsi sonuncunun məhkəmə iclasında verdiyi izahatından da göründüyü kimi, aşkardır. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Kərim qızına qarşı hazırkı iddia tələbi haqlıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-152.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli ev daşınmaz əmlaka dair İddiaçı rəsmi qeydə alınmış mülkiyyət, sahiblik və istifadə hüququ olmasa da, sözügedən daşınmaz əmlak faktiki olaraq mövcuddur və iddiaçı məcburi köçkün kimi orada ailəsi ilə birlikdə müvəqqəti məskunlaşmışdır. Belə olan halda, İddiaçı faktiki istifadəsində olan evə giriş-çıxışla bağlı cavabdeh tərəfindən yaradılmış maneə aradan qaldırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdehin giriş-çıxışını məhdudlaşdırdığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən ünvanında İddiaçı faktiki sahibliyi və istifadəsində olan 29/1 a saylı evin həyətinə (həyətyanı sahəsinə) yerləşdirdiyi mişar daşları Cavabdeh Kərim qızı tərəfindən götürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Beləliklə, İddiaçı Cavabdeh Kərim qızına qarşı “qanuna zidd hərəkətin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi təmin edildiyindən 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh Kərim qızı tərəfindən giriş-çıxışı məhdudlaşdırmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən ünvanında İddiaçı faktiki sahibliyi və istifadəsində olan 29/1 a saylı evin həyətinə (həyətyanı sahəsinə) yerləşdirilmiş mişar daşlarının götürülməsi öhdəliyi Cavabdeh Kərim qızının üzərinə qoyulsun. Cavabdeh Kərim qızından 100 (bir yüz) manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-4409/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4409/2023
26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver