Məhkəmə qərarları › İş №2(008)-4411/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4411/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4411/2021 07.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı 95 manat məbləğin və 1000 manat mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı İddiaçı Cavabdeh MMC-yə qarşı 95 manat məbləğin və 1000 manat mənəvi ziyanın ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 04.04.2021-ci il tarixdə Bakıdan Moskvaya səfər etməli idi. Bununla əlaqədar uçuşqabağı Covid-19 PCR testin vermək məqsədilə 02.04.2021-ci il tarixdə Cavabdeh MMC-nin klinikasının «Ultralab» filialında testi vermişdir.uçuşu aprelin 3-dən 4-nə keçən gecə idi. Testə görə 95 manat ödəmişdər. Testin cavabı əməkdaşların sözünə görə həmin gün gecə saatlarında bilinməli idi. Lakin həmin vaxt cavab sıxmadı, səbəbləri barədə heç kim məlumat vermədi. 03.04.2021-ci il tarixdə saat 09.00-da klinikanın əməkdaşları onu yenidən test vermək üçün klinikaya gəlməyə məcbur etmişlər. Bu dəfə klinikanın Nərimanov filialında testi vermişdir. Klinikada göstərilən xidmətlərin keyfiyyətindən və laqeydlikdən narazı qalıb dərhal sonra «Bona Dea» klinikasında testi vermişdir. Həmin gün günorta saatlarında klinikadan testi nəticəsi «pozitiv», sonra isə «Bona Dea»-dan «neqativ» gəlmişdi. Sonuncu testin nəticəsinə əsasən o uçuşunu həyata keçirə bilmişdir. 9 gün sonra da Moskvadan geri qayıdarkən Moskvada test vermiş və onun da cavabı «neqativ» çıxmışdı. Göründüyü kimi, klinikada verdiyi test keyfiyyətsiz həyata keçirilmiş, səhv nəticəyə gəlinmişdir. 2 həftə iddiaçı koronavirus xəstəsi kimi TƏBİB sistemində qeydə alınmışdır. Ailəsi və özü böyük sarsıntı keçirmişlər. Moskvaya uçuşu baş tutmasaydı xeyli məbləğdə maliyyə itkiləri ilə üzləşəcəydi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçıya hazırki işin ərazi aidiyyəti məsələsinə fikrini bildirməyi təklif etdi. Belə ki, iddiaçı hazırki iddianı istehlakçının hüquqlarının pozulması kimi qiymətləndirərək özünün yaşadığı ünvan üzrə məhkəmə vermiş və dövlət rüsumunu ödəməmişdir. Məhkəmə iclasında iddiaçı izahat verərək qeyd etdi ki, onun mövqeyi ondan ibarətdir ki, onun istehlakçı hüquqları pozulmuşdur və ərazi aidiyyətini düz seçmişdir (iddiaçının yaşadığ ünvan Sabunçu rayonudur). Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyətinə görə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesb edir ki, tərəflər arasında xidmət müqaviləsinin elementləri mövcud olmuşdur və bu əsasdan hazırki iddia ərizəsi aidiyyəti üzrə cavabdehin olduğu yer üzrə məhkəməyə verilməli və müvafiq olaraq dövlət rüsumu ödənilməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunda istifadə edilən anlayışlar: istehlakçı - şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs; istehsalçı - mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar; icraçı - iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar; Həmin Qanunun 3-cü maddəsinə əsasən digər hüquqlarla yanaşı istehlakçıların istehlak edikləri malların (işlərin,xidmətlərin) lazımi keyfiyyətdə olmasına dair hüququ malik olmaları qeyd edilmişdir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barəə iddia qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Məhkəmə hesab edir ki, hazırki iddia istehsal nəticəsində pozulmuş hüquqla deyil, iddiaçını qane etməyən xidmət nəticəsində pozulmuş hüquqla bağlıdır. Azərbaycan Respublikası MPM-nin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının yanaşması əsas götürülərsə, istənilən xidmət müqaviləsi üzrə iddialara MPM-in 36.9-cu maddəsi ilə baxıla bilər və iddiaçı dövlət rüsumunun ödənilməsindən azad oluna bilər. Cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonudur. Azərbaycan Respublikası MPM-nin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir.; 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər; 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyətı üzrə Nəsimi rayon Məhkəməsinə göndərilməli və iddiaçıya dövlət rüsumu ödəmək təklif edilməlidir. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 35,45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı 95 manat məbləğin və 1000 manat mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyətı üzrə Bakı şəhər Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar