Məhkəmə qərarları › İş №2(008)-4418/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4418/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4418/2023 29.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-in nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış evinə dair **********00000 nömrəli abonent hesabına əlavə hesablanmış 2449,39 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda Abonent kodu **********00000 olmaqla Cavabdeh tərəfındən qazla təmin olunmaqdadır. Həmişə iddiaçı tərəfîndən vaxtaşırı ödənişlər ödənilməklə həmin ünvan qazla təmin olunub. 2023-cü ilin may ayının ortalarında təsadüf nəticəsində xəbər tutub ki, sayğacın borcu vardır. Bu borcun nədən, nə vaxtdan yarandığı, əsas səbəbinin nə olduğunu öyrənmək üçün cavabdehin sahə əməkdaşından öyrənməyə çalışıb lakin bu barədə məlumat ala bilməyib. Sadəcə sistem üzərindən baxdıqda borcun 2449.39 manat olduğu ona bildirilib. Sayğac dəyişdirilən zaman ona heç bir xəbərdarlıq ediməyib, aktlar ona təqdimedilməyib. Borcun hansı illərə aid olduğu barədə malumatı yoxdur. Ona görə də hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzilə əsassız olaraq borc kimi yazılmış olan 2449.39 manatın Cavabdeh tərəfındən silinməsi barəda qətnamə qəbul olunmalıdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkarlanaraq, 8856 m3 dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkarlanmış, 11880 m3 dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkarlanmış, 3960 m3 dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, **********00000 abonent kodu olan İddiaçı qazdan istifadə nəticəsində 2447,89 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Qaz təchizatı haqqında” qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qanun tələbindən də göründüyü kimi, yoxlayıcı tərəfindən qanusuz qoşulma halı aşkar edildiyi halda inzibati xəta haqqında iş üzrə icraata başlanılması ilə bağlı məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməli olduğu halda olunmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Məmmədyarov küçəsi, 4 nömrəli evə yerli baxış keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, təbii qazdan qeyri-qanuni istifadə cavabdeh tərəfindən edilməmiş, lakin itirilmiş qazın bərpası ilə əlaqədar aparılmış hesabat onun abonet hesabına əlavə edilmiş, həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkillərdə göstərilən kənar xətt iddiaçının evindən 100-150 metr aralıda yerləşir. Eyni zamanda təqdim edilmiş fotoşəkillərdən görünür ki, iddiaçıya məxsus evin həyət qapısının üstündən qaz turbasının dönən hissəsində kənar qoşulma faktı aşkarlanmışdır. İş materiallarında olan və yerli baxış zamanı çəkilmiş fotoşəkillərdən də görünür ki, qeyd olunan hissədə hər hansı kənar qoşulma izlərinə rast gəlinmədi. Əgər belə bir hal olsaydı mütləq kənar xəttin qaynaqla ayrılmasını onun izlərinin yeri aşkar olunardı. Bu barədə foto və video çəkilişlər çəkilərək CD formada iş materiallarına əlavə edilmişdir. Məhkəmə araşdırması zamanı sayğaca İddiaçı tərəfindən hər hansı müdaxilə halları aşkar edilmədiyindən qanunsuz olaraq hesablanmış 2449,39 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abonent kodu **********00000 olan İddiaçı ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli və ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktlar üzrə hesablanmış 2449,39 (iki min dörd yüz qırx doqquz manat, otuz doqquz qəpik) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar