Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4420/2023 21.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmuş anası X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 12 fevral 1950-ci il tarixdə Bakı şəhərində doğulmuş məhrum anası X5 07 may 2023-cü il tarixdə vəfat etmişdir. Vəfat etdiyi günədək ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 07 may 2023-cü il tarixdə müvəqqəti yaşadığı ünvan 2 saylı mənzildə ölmüşdür. Həmin tarixdə BST və TTYS-nin 5 saylı bölmənin təcili tibbi yardım birqadası çağırışa gəlmiş və ölüm haqqında xəbərdarlıq vərəqəsində qadın cinsinə mənsub meyitin olduğunu qeyd etmişdir. Bakı şəhəri Sabunçu rayonu 12 nömrəli Şəhər Poliklinikası tərəfindən mərhumun adına ölüm haqqında sənəd (forma 106) verilməsindən imtina olunmuşdur. Bundan sonra, mərhumun ölümünün qeydə alınması barədə ərizə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbə tərəfindən xx.xx.2023cü il tarixli 3-16-5/8-10-942/2023 nömrəli məktubla ölümü təsdiq edən sənədin (tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi) olmaması səbəbindən ərizəsi təmin edilməmişdir. Ona görə də məsələnin məhkəmə qaydasında həll edilməsi vacibliyi ortaya çıxmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X10 ifadəsində bildirmişdir ki, Adili tanımır, Adilin qardaşı Pərvin ilə Xutorda qonşudur. Hadisə olanda Pərvinin qızı Şəhanə ona dedi ki, nənəsinin səsi gəlmir, o, evə daxil olarkən Pərvinin anasının rəhmətə getdiyini görmüş, nəbzini yoxlamış və nəbzinin 0 olduğunu aşkar etmişdir. Evdə Şəhanə və nənəsindən başqa heç kim olmamışdır. Təcili yardım çağırılmış, ölüm səbəbi isə insult kimi göstərilmişdir. O, dəfn yerini bilmir, yaslarda iştirak etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X7 ifadəsində bildirmişdir ki, Adil onun əmisidir. O, 07 may 2023-cü evdə olmuş, hərşeyin yaxşı getdiyini, nənəsinin ilk öncə yaxşı olduğunu bildirmişdir. O, yuxarıda iş görərkən nənəsindən səs gəlmədiyini, onu çağırarkən danışmadığını görmüş və qorxduğu üçün birnici atasına zəng etmiş, daha sonra qonşusu Aidəni çağırmışdır. Nənəsinin təcili yardım gələn zaman artıq öldüyünü və Ramanada dəfn edildiyini bildirmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X11 ifadəsində bildirmişdir ki, Adil ilə taksidə işləyir və dostluq münasibətləri var. 2023-cü ilin may ayının 7-də şəhərə müştəri aparmış, qayıdanda yolda Adil ona zəng edərək anasının rəhmətə getdiyini bildirmiş, onu Xutora aparmasını xahiş etmişdir. Adili götürəndən sonra onlar Sovxoz Ramanada qəbiristanlığa getmiş, yeri qazdırmağa başlamış, yer hazır olana kimi isə nəşi məsciddə yuduzdurmağı qərara almışlar. Sonra o, ərizəçi ilə rəhmətə getmiş şəxsin qardaşıgilə, Xutora getmiş və meyit maşını gəldikdən sonra nəşi məscidə aparmışlar. Daha sonra nəşi qəbiristanlığa apararaq dəfn etmişlər. Ərizəçinin anasının ölüm səbəbinin xəstəlik olduğunu, lakin hansı xəstəliyin olduğunu bilmədiyini demişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 12 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 158 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X1 qəsəbəsi 2 Aprel küçəsi ev 23A ünvanında qeydiyyatda olmasına baxmayaraq, heç bir xəstəliklə bağlı poliklinikaya müraciət etməmişdir. Bu səbəbdən mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün deyildir. - İV-ЖГ seriyalı 340942 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X12, anası X4r. - 011996 nömrəli xx.xx.2009-cu il tarixli vəsiqənin surətindən görünür ki, Ərizəçi birinci qrup müharibə əlilidir. - Təcili və X9 Stansiyasının xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X2 və X9 gələnə qədər ölmüşdür. - Ramana Bələdiyyəsi tərəfindən verilmiş 436 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, Ramana qəsəbəsi südçülük sovxozunda yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. - 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-10-942/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından ölüm faktını müəyyən etmək mümkün olmadığı üçün ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - AЗ seriyalı 3***37 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X6 xx.xx.1972-ci il tarixdə evlənmişlər, evlənmə qeyd ediləndən sonra arvad İsmayılova soyadını götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X3 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1950-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1950-ci il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-4420/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4420/2023
21.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver