Məhkəmə qərarları › İş №2(008)-4508/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4508/2021

05.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4508/2021 05.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “əmlaka sahiblik, istifadə və sərəncam vermək hüququnun tanınması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “əmlaka sahiblik, istifadə və sərəncam vermək hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyət olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi hüquqlarına uyğun olan qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 18.02.2015-ci il tarixdə 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontorunun xüsusi notariusu Hicran Hacıyeva da Aazərbaycan Respublikasınınn Mülki Məcəlləsinin 1193 maddəsinə əsasən təsdiq etmişdir ki, 18.07.2013-cü il tarixdə vəfat etmiş əri X1 əmlakının 1/16 hissəsinə, ünvan 2-də qeydiyyatda olan-arvadı İddiaçı vərəsədir. Bu əsasla ona məcburi pay verilmiş və Reyestrdə 2V/86 nömrəsi ilə qeyd olunmuşdur. Faktiki olaraq paylı mülkiyyətinə sahiblik edə bilmir. Payını satmaq istəyir. Lakin bu mənzilə verilmiş 06.03.2015-ci il tarixdə verilmiş çıxarışda 5 nəfər hüquqi sahiblərin göstərilməsi, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzindən verilən ******* nömrəli Arayışa əsasən onun ünvanında 22 nəfər qeydiyyatda olması mülkiyyət hüquqlarını məhdudlaşıdaraq paylı mülkiyyətdə olan payının satmasının mane olmuşdur. hüquqlardan istifadə edərək payını sata bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edərək, bildirdi ki, həmin mənzildə hüquqi sahiblər kimi göstərilmiş şəxslər onun mərhum əri X2 qardaşı uşağları və onun gəlinidir. Onlar ünvan 2 ünvanında heç vaxt yaşamamışlar. Lakin adıçəkilən şəxslərin həmin evdə mülkiyyətçi kimi qeydiyyatı onun hüquqlarının həyata keçirilməsinə maneə yaradır. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. -Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 628873 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 18.07.2013-cü il tarixdə ölmüşdür. 18.02.2015-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 18.07.2013-cü il tarixində vəfat etmiş X3 əmlakının 1/16 hissəsinə ünvan 3 ünvanında qeydiyyatda olan arvadı X11 vərəsə kimi tanınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında hüquq sahibləri kimi yəni paylı mülkiyyətin mülkiyyətçiləri kimi X4, X8, X10, X5, X15 və İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, hazırkı İddiaçı Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Aslanov 34 ünvanında yerləşən paylı mülkiyyətdəki evin ¼ hissəsinin mülkiyətçisi olduğu halda cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi mücərrəd xarakterli olduğundan, yəni iddiaçının konkret hansı hüquqlarının pozulduğunu və bunun qarşısını almaq üçün hansı hərəkətlərin həyata keçirilməsini məhkəmədən xahiş etməsi qeyri-müəyyən olduğundan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumunun ödənilməsi ilə bağlı tələb olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə qarşı “əmlaka sahiblik, istifadə və sərəncam vermək hüququnun tanınması” tələbinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar