Məhkəmə qərarları › İş №2(008)-4511/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4511/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4511/2021 02.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul vəsaitinin geri qaytarılması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul vəsaitinin geri qaytarılması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən altı ədəd kompressora görə 90.000 manat, əldən çıxmış faydaya görə 50.000 manat olmaqla, cəmi 140.000 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, o, uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Meyvə saxlamaq üçün soyuducu anbarı inşa etmək məqsədilə 2015-ci ildə 8 ədəd kompressor almış, lakin 2015-ci ildə Azərbaycan manatının devalvasiyaya uğraması onun da biznes fəaliyyətinə mənfi təsir göstərmiş, bu səbəbdən həmin kompressorları satmaq qərarına gəlmişdir. 2018-ci ildə iki ədəd kompressorun hər birini 15.000 manata satmışdır. İki ədəd kompressoru satmağından xəbər tutan Orhan Taştemir adlı tanışı ona Sabunçu bazarının yaxınlığında təsərrüfat malları satılan yerdə saxlanc yeri olduğunu bildirmiş, həmin altı ədəd kompressoru orada yerləşdirək, onları satmasını təklif etmişdir. O, Orhana inanmış və kompressorları 2019-cu ilin may ayının sonunda həmin yerə aparmışlar. Eyni zamanda razılığa gəlmişlər ki, Orhan kompressorun hər birini 15.000 manata satmalı, o isə, satılan hər kompressora görə Orhana 1000 manat pul verməlidir. O, kompressorları Orhanın yanına qoyduqdan bir həftə sonra onunla Mehdi Rəhimov adlı bir şəxs əlaqə saxlamış və bildirmişdir ki, kompressorlara yerində baxmaq istəyir. O, Orhana zəng edərək, kompressorları Mehdiyə göstərməsini demişdir. Mehdi Orhanın iştirakı ilə kompressorlara baxmış və iki aydan sonra pulunun göndəriləcəyini, o cümlədən kompressorların bir ədədi 15.000 manata olmaqla, hamısını almağa razı olduğunu bildirmişdir. Eyni zamanda o, mallara görə ona beh vermək istəmişdir. O, behi götürməmiş və Mehdiyə müştəri olsa kompressorları satacağını, sata bilməsə pulu aldıqdan sonra gəlib, malı aparmasını bildirmişdir. O, ünvan 1 ünvanda olan altı ədəd kompressoru Orhana verməzdən əvvəl onun iştirakı ilə, habelə Orhan kompressorları götürdükdən sonra da kompressorların götürülməsi faktını təsdiq edən fotolar çəkmişdir. 2019-cu ilin iyun ayının əvvəllərində ona 15.000 manat pul lazım olmuş və Orhandan həmin məbləğdə pulu ona verməsini xahiş etmiş və bildirmişdir ki, kompressorları Mehdi və ya digər şəxs alanda həmin məbləği və şərtləşdikləri kimi satılacaq hər kompressora görə 1000 manat pulu ona verəcəkdir. Orhan ona iki aylığa 12.400 manat borc pul vermişdir. İki ay keçməmiş Mehdi Rəhimov yenidən onunla görüşmüş və bildirmişdir ki, şərtləşdikləri kimi o, bir həftə müddətində hamısının pulunu ödəməklə, altı ədəd kompressoru götürəcəkdir. Təxminən 2019-cu ilin avqust ayının 10-da Mehdi kompressorları götürmək üçün onların saxlandığı yerə getmiş, lakin mallar yerində olmamış və bu barədə ona məlumat vermişdir. O, Orhanla görüşmüş, Orhan kompressorları Lökbatan qəsəbəsinə aparıb dostunun anbarına yığdığını bildirmişdir. Bundan sonra Orhan guya dostuna zəng etmiş, lakin dediyinə görə dostuna zəng çatmamışdır. Həmin axşam Orhan ona zəng edərək, dostunun Türkiyəyə getdiyini, avqust ayının sonunda qayıdacağını bildirmişdir. Avqust ayının sonunda Orhan dostunun işi ilə əlaqədar 2019-cu ilin sentyabr ayının sonunda Bakıya qayıdacağını bildirmişdir. Bu minvalla Orhan onu noyabr ayının sonunadək get-gələ salaraq, malları verməmiş, eləcə də malların aqibəti barədə heç bir məlumat verməmişdir. Mehdi malların ortaya çıxmadığını görərək, onunla əlaqəni kəsmişdir. Sonradan məlum olmuşdur ki, Orhan kompressorları özünün dediyi kimi Lökbatandan aparmamışdır. Orhan həmin malları ondan xəbərsiz sataraq pulunu mənimsəmişdir. Orhan özü də kompressorların hər birinin qiymətinin ən azı 15000 manat olduğunu bilmişdir. Bu halda, Orhan altı ədəd kompressoru satmaqla və onu əmlakından məhrum etməklə ona 90.000 manat real zərər vurmuş, eləcə də onun qanunazidd hərəkəti nəticəsində iki ildən artıq müddət ərzində əldə edə biləcəyi ən azı 50.000 manat fayda əldən çıxmışdır. O, bu faktla bağlı hüquq-mühafizə orqanlarına, o cümlədən dəfələrlə Orhan Özdəmirə müraciət etmiş, sonuncu, yaxın vaxtlarda məsələni həll edəcəyini hər dəfə bildirsə də, lakin heç bir hərəkət etməmişdir. 30.06.2021-ci il tarixdə Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 15.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, qarşılıqlı iddia tələbini bununla əsaslandırmışdır ki, İddiaçı 2012-ci ildən tanıyır. 2019-cu il tarixdə İddiaçı 15.000 manat pula ehtiyacı olduğunu və həmin pulu iki ay müddətinə qaytaracağını bildirmişdir. Həmçinin o, pulun müqabilində altı ədəd kompressoru girov qoyacağını bildirərək, borcu vaxtında qaytara bilməyəcəyi təqdirdə, kompressorları sataraq pulunu götürə biləcəyi barədə aralarında razılıq əldə olunmuşdur. Beləliklə, o, İddiaçı 15.000 manat borc vermiş, lakin sonuncu müəyyən olunmuş vaxtda borcu qaytarmamışdır. Buna görə də, həmin kompressorları 19.500 manata satmışdır. Lakin İddiaçı ondan 12.400 manat borc aldığını qeyd edir. Ona olan borcu, həmçinin işin digər halları ilə bağlı İddiaçı ona qarşı qaldırdığı iddia ərizəsində qeyd edilənlər tam əsassızdır, iddia tələbi hər hansı sübutla təsdiq olunmur, formal mülahizələrə əsaslanır. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02.09.2021-ci il tarixli qərardadı ilə Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.7-ci maddəsinə əsasən, baxılmamış saxlanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin müstəntiqinin 25.06.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə onun barəsində cinayət işinin başlanması rədd edilmiş və İddiaçı mülki mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan “X3 San.Tic. LTD” şirkətinin 08.06.2021-ci il tarixli, Pİ- ********** saylı qaimə-fakturasından görünür ki, “X2 Cooling Unit 15 HP Copeland Comp. (D3SS_150X)” kimi xarakterizə olunan kompressorun bir ədədinin qiyməti 9.500 avro olmaqla, iki ədədi 19.000 avro, “X2 Cooling Unit 22 HP Copeland Comp. (4MA1_22X)” kimi xarakterizə olunan kompressorun bir ədədinin qiyməti 11.250 avro olmaqla, dörd ədədi 45.000 avro, ümumilikdə isə, altı ədəd kompressor 64.000 avroya qiymətləndirilmişdir. İbtidai araşdırma orqanına verdiyi izahatlarında İddiaçı bildirmişdir ki, 2015-ci ildə səkkiz ədəd kompressorun hər birini 15.000 ABŞ dollarına almış, 2018-ci il tarixdə isə onlardan ikisini 15.000 manata satmış, qalan altı kompressoru isə hərəsini 15.000 manata satması üçün Cavabdeh vermişdir. Sonradan İddiaçı Cavabdeh 15.000 manat borc pul istəmiş, sonuncu ona iki ay müddətə qaytarmaq şərti ilə cəmi 12.400 manat vermişdir. Cavabdeh ibtidai araşdırma orqanına verdiyi izahatlarında İddiaçı cəmi 14.700 manat borca pul verdiyini, sonuncunun borcu vaxtında qaytarmadığına görə məcbur qalıb kompressorları 19.500 manata satdığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Göründüyü kimi, İddiaçı Cavabdeh ona 12.400 manat borc pul verdiyini ifadəsində təsdiq edir. Həmçinin onun Mehdi Rəhimov adlı şəxsin kompressorların birini 15.000 manata olmaqla, altı ədədini 90.000 manata almaq istəməsini, bununla da, iddiaçının Mehdi Rəhimovu real alıcı kimi təqdim etməsinə dair fikirləri məhkəmə əsaslı hesab etmir. Belə ki, Mehdi Rəhimovun Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə verdiyi izahatında İddiaçıla həmyerli olduqlarını və onu uzun müddətdir tanıdığını bildirməsi onun iş üzrə maraqlı şəxs olduğunu və İddiaçı mövqeyindən çıxış etməsi qənaətinə gəlinməsinə əsas verir. Beləliklə də, məhkəmə hesab edir ki, Cavabdeh kompressorları ümumilikdə 19.500 manata satdığını etiraf etməsi nəzərə alınarsa, İddiaçı dəymiş real zərər 7100 manat (19.500 manat – 12.400 manat = 7100 manat) təşkil edir. Eyni zamanda qeyd edilməlidir ki, İddiaçı ona məxsus kompressorların birinin 15.000 ABŞ dollar dəyərində olduğunu iddia etsə də, bu faktı təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş ingilis dilində olan qaimə-fakturanın hansı səlahiyyətə malik təşkilat tərəfindən verildiyi qeyri-müəyyən olduğuna və qaimənin icraatın aparıldığı dilə tərcümə edilmədiyinə görə, məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə bununla bağlı qeyd edir ki, əldən çıxmış fayda tələb edərkən iddiaçı, ərizəsində bu tələbini əsaslandırmamış, gördüyü tədbirləri göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh dəymiş zərərin əvəzi olaraq, 7100 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh aid edilməli və ondan alınaraq, İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7100 (yeddi min yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar