Məhkəmə qərarları › İş №2(008)-4523/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4523/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4523/2023 11.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə (abonent kodu **********00050) əsassız olaraq “Azəri-Qaz“ İstehsalat Birliyi tərəfindən xx.xx.2018-ci il tarixli ******* N-li Akt əsasında itirilmiş (9720 kub/metr) qazın bərpasına görə 1944 manat borcun, xx.xx.2020-ci il tarixində ******* N-li Akt əsasında (8856 kub/metr qaz) dəymiş ziyana görə 1062.72 manat hesablanmış borcun, xx.xx.2020ci il tarixində ******* N-li Akt əsasında (2952 kub/metr qaz) dəymiş ziyana görə 354.24 manat hesablanmış borcun və xx.xx.2020-ci il tarixində ******* N-li Akt əsasında (2755 kub/metr qaz) dəymiş ziyana görə 330.6 manat hesablanmış borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındakı ev iddiaçının mülkiyyətindədir. Həmin ünvana quraşdırılmış abonent kodu **********00050 olan qaz sayğacı iddiaçının anası X1 adınadır və hal-hazırda iddiaçının istifadəsindədir. ünvan 1 ünvanındakı ev 1989-cu ildən bugünə kimi iddiaçının mülkiyyətindədir və həmin mənzildə anası X2, atası X3 və iddiaçı yaşayıb. Abonent kodu **********00050 ünvan 1 ünvanındakı evdə qazdan çox az-az istifadə olunurdu. Demək olar ki, ay ərzində bir neçə gün həmin evə gedərək, qazdan istifadə edirdi. 2021-ci ilin may ayında Covid 19 xəstəliyinə tutulduğu üçün iddiaçı ümumiyyətlə həmin evə gedə bilmədi. Bir neçə ay sonra evə gedəndə evin təmiri bərbad vəziyyətdə olduğu üçün artıq bugünə kimi həmin evdə heç bir yaşayış olmayıb. Bu yaxınlarda evdə təmir bərpa işləri aparmaq istəmiş, və qaz sayğacına borc yazıldığını görmüşdür. Bundan sonra “Azəriqaz“ İstehsalat Birliyinə müraciət etmiş, yaranmış problemi onlara danışmışdır. Orada “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları iddiaçıya bildirdilər ki, qaz sayğacı artıq uzun müddətdir ki, dəyişilib və guya ki iddiaçının “Azəriqaz“ İstehsalat Birliyinə borcu var. İddiaçı borcun haradan yarandığını soruşanda “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları iddiaçıya bildirdilər ki, xx.xx.2018-ci il tarixində əvəzlənmiş, bu zaman guya ki, labaratoriyada köhnə sayğacın plastmas borusunun deşildiyi aşkar edilmiş və xx.xx.2018-ci il tarixli ******* N-li Akt əsasında (9720 kub/metr qaz) 1944 manat itirilmiş qazın dəyəri hesablanmışdır. Bundan başqa “Azəri-Qaz“ İstehsalat Birliyinin əməkdaşları iddiaçıya bildirdilər ki, guya ki, sayğacdan kənar qazdan istifadəyə görə xx.xx.2020-ci il tarixində ******* N-li Akt əsasında (8856 kub/metr qaz) 1062.72 manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları iddiaçıya bildirdilər ki, guya ki, sayğacdan kənar qazdan istifadəyə görə sonuncu aktdan cəmi 1 ay sonra xx.xx.2020-ci il tarixində ******* N-li Akt əsasında (2952 kub/metr qaz) 354.24 manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları mənə bildirdilər ki, guya ki, sayğacdan kənar qazdan istifadəyə görə sonuncu aktdan cəmi 1 ay sonra xx.xx.2020-ci il tarixində ******* Nli Akt əsasında (2755 kub/metr qaz) 330.6 manat dəymiş ziyan hesablanmışdır. Beləliklə bütün bu əsassız aktlar əsasında “Azəriqaz“ İstehsalat Birliyi abonent kodu **********00050 olan qaz sayğacına 3691.56 manat borc hesablanmışdır. İddiaçı “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşlarına bildirdi ki, o, sayğaca müdaxilə etməyib. 2018-ci ildə həmin evdə ümumiyyətlə yaşayış olmayıb. Ondan sonrakı dövrlərdə də çox nadir hallarda həmin ünvanda kimsə olub. Ümumiyyətlə 2020-ci ilin fevral, mart və aprel aylarında ardıcıllıqla iddiaçının ünvanına akt tərtib olunması əsassızdır. Həmçinin “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən xx.xx.2020-ci il tarixində ******* N-li Akt əsasında sayğacı dəyişərək yerinə yeni sayğac quraşdırılmış, evdə yaşayış olmadığı üçün iddiaçıya həmin sayğacın dəyişdirilməsi barədə akt təqdim etməmişdirlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 iddiaçı tərəfindən kənar qoşulma olduğundan iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı 2023-cü ilə sərfiyyat borcu 3892,58 manat hesablanmışdır. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən evə baxış keçirilərkən sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmişdir. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanunu olaraq sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanunu olaraq sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanunu olaraq sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında iddiaçı cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmişdir. Abonentə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi üçün və sayğaca müdaxiləyə görə tərtib edilmiş aktlar üzrə 3400,30 manat ziyan hesablanmışdır. xx.xx.2018-ci il tarixli akta əsasən abonentə hesablanmış 1944 manat borc sayğaca müdaxilə olunması səbəbilə tərtib olunub. Məhkəmə ilk öncə sayğaca müdaxilə əsasıyla tərtib olunmuş akta münasibət bildirrərək həmin borcun əsassız hesablandığı qənaətinə gəlir və hesab edir ki, Cavabdeh İB tərəfindən hesablanmış 1944 manat borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbində qeyd olunmuş digər aktlara əsasən dəymiş zərər üzrə borcun silinməsi hissəsinə qiymət verərkən onu qeyd edir ki, iddia ərizəsində qeyd olunmuş məbləğlər aktlar üzrə hesablanmış borc məbləğlərinə uyğun deyil. Yəni, iddiaçı ərizəsində məbləğləri düzgün qeyd etməyib. Aktların qanuniliyinə qiymət verərkən isə tərtib edilmiş aktlarda iddiaçının imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini məhkəmə nəzərə alır və həmçinin qeyd edir ki, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən şəkillərin hansı aktlara aid olduğunu müəyyənləşdirmək qeyri-mümkündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin Cavabdeh tərəfindən abonentə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə, hesab edir ki, iddia qismən, yəni qeyriqanuni sayğacdan istifadə üzrə ilk tərtib olunmuş, xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 885,60 manat saxlanılmaqla, qalan hissədə təmin edilməlidir. Çünki, abonentə məlumat verilmədən və məhkəməyə də təqdim edilməyən akt üzrə iddiaçıdan həmin pulun tələb edilməsi əsaslı deyil. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, qazdan qanunsuz kənar xəttə qoşulmağa görə tərtib olunmuş xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 885,60 manat saxlanılmaqla, digər aktlar üzrə hesablanmış (1944+295,20+275,50) 2514,70 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********000050) hesablanmış 2514 (iki min beş yüz on dörd) manat, 70 (yetmiş) qəpik məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim :Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar