Məhkəmə qərarları › İş №2(008)-4531/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4531/2023

05.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4531/2023 05.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “doğumun qeyd edilməsi faktı” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, doğum akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci ildə Ermənistan Respublikasının Tumanyan rayonunda anadan olmuşdur. Bir müddət sonra Gəncə şəhərinə, daha sonra Bakı şəhərinə gəlmişdir. Ermənistandan gəldiyi zaman doğum haqqında şəhadətnaməsi orada qalmışdır. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün veteranlara köçürülən aylıq pensiya məbləğini ala bilmir, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək və məhkəməyə tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Ərizəçi xx.xx.1965-ci il tarixində Ermənistan Respublikası, Tumanyan rayonu, Ayrum kəndində doğumun qeyd edilmə faktının (ata qrafasında X6, ana qrafasında X3 qeyd edilməklə) müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. - İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3369- 05/115 saylı məktubla ərizəçiyə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün olmamışdır. - ЗЖ seriyalı 266843 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 və X4 nikaha daxil olmuşlar və aralarındakı nikah xx.xx.1959-cu il tarixdə 08 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. -Gəncə şəhər Kəpəz rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 589177 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. - Gəncə şəhər Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 246400 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. -İİİ-CЛ seriyalı 275272 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikası, Tumanyan rayonunda anadan olmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivdən verilmiş arxiv arayışından görünür ki, Ərizəçi N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 17 nömrəli əmrində Nizami RHK-dan 60 günlük toplanışa göndərilmiş, sıravi Ərizəçi manqa komandiri vəzifəsinə təyin olunmaslı barədə məlumat vardır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Ərizəçi xx.xx.1965-ci il tarixində Ermənistan Respublikası, Tumanyan rayonu, Ayrum kəndində anadan olmuşdur. X1, anası Hacıyeva Gülsəfa qızı olmaqla hər ikisi milliyətcə azərbaycanlıdır. Məhkəmə hesab edir ki, göstərilən faktın digər yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təstiq edilmiş «Vətəndaşların vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar»la müəyyən olunur. «Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını və işə əlavə olunan sənədləri nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizəçi həqiqətən də Ermənistan Respublikası, Tumanyan rayonu, Ayrum kəndində doğulmuş və bu barədə doğum akt qeydi tərtib olunmuşdur. Ərizəçi qeyd olunan doğum haqqında şəhadətnaməsini itirdiyinə görə və onun bərpası başqa yolla mümkün olmadığına görə doğumun qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1965-ci il tarixində Ermənistan Respublikası, Tumanyan rayonu, Ayrum kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. (ata qrafasında X6, ana qrafasında X5 qeyd edilməklə). Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar