Məhkəmə qərarları › İş №2(008)-4546/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4546/2024

13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4546/2024 13.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X27 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “0,12 ha torpaq sahəsi barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “0,12 ha torpaq sahəsi barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Maştağa tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən 0,12 ha torpaq sahəsi barədə X20 ilə X21 arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, İddiaçı qaynatası, X7 Sabunçu rayonu, Maştağa tərəvəzçilik-südçülük sovxozunun ərazisində 0,30 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi olmadığı üçün Maştağa tərəvəzçilik-südçülük sovxozunda fəhlə işləyən hazırki Cavabdeh Bəhrəm qızının atası, X8 adına Maştağa tərəvəzçilik-südçülük sovxozunun fəhlə və mütəxəssislərinə yaşayış evi tikdirmək üçün Abşeron rayon XDS İK-in xx.xx.1991-ci il tarixli.175 nömrəli qərarı ilə Maştağa tərəvəzçilik-südçülük sovxozunun, həmkarlar komitəsinin əmək kollektivi şurasının xx.xx.1991-ci il tarixli, 6 nömrəli qərarı və həmin sovxozun xx.xx.1991-ci il tarixli, 66 nömrəli əmrinə əsasən 0,12 ha torpaq sahəsi almışdır. Maştağa tərəvəzçilik - südçülük sovxozunda fəhlə işləyən X20 həmin torpaq sahəsinə dair verilmiş qərarı İddiaçı qaynatası, X12 40 000 rubla satmış və əlavə olaraq onun sahəsində fəhlə kimi işləməyə razılaşmışdır. X8 yaşayış sahəsinin olmadığına görə X21 onun üçün həyətin bir küncündə 1 otaqlı ev inşa etmiş və X20 həmin evdə ailəsi ilə birlikdə yaşamış və həm də X1 təsərrüfatını idarə etmişdir. 2000-ci ildə İddiaçı həyat yoldaşı, X22 qeyd olunan ünvanda əlavə fərdi yaşayış evi inşa etmiş, ölən günə yəni xx.xx.2012-ci ilə qədər həmin evdə yaşamış və kiçik təsərrüfata nəzarət etmişdir. İddiaçı, həyat yoldaşının vaxtsız ölümündən sonra başqa bir ünvana köçmüş və təsərrüfatı idarə etməyi qaynı, X13 həvalə etmişdir. xx.xx.2022-ci il tarixdə qeyd olunan 0,12 ha torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına dair X20 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 17 saylı Notariat ofisində X2 və X13 7E-304 Reyestr nömrəli etibarnamə vermişdir. Etibar edilən X4 vaxtı ilə törətmiş olduğu cinayətə görə həbs edilmiş və müvafiq sənədlərin toplanması yarımçıq qalmışdır. xx.xx.2022-ci il tarixdə qeyd olunan 0,12 ha torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına dair X20 Bakı şəhəri 17 saylı Notariat ofisində İddiaçı qızma xx.xx.2032-ci ilə qədər, 7E-4871 Reyestr nömrəli 10 illik etibarnamə vermişdir. İddiaçı müvafiq sənədləri toplamış, lakin X8 xx.xx.2023-cü il tarixdə "durğunluq ürək çatmazlığı" səbəbindən vəfat etməsi nəticəsində iş yarımçıq qalmışdır. xx.xx.2023-cü il tarixdə 0,12 ha torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasına dair X8 vərəsəsi X14 Bakı şəhəri 17 saylı Notariat ofisində İddiaçı xx.xx.2073cü ilə qədər, 7E-8324 Reyestr nömrəli 50 illik mülki etibarnamə vermişdir. İddiaçı müvafiq sənədləri toplamağa davam etmiş, lakin X14 iddiaçıya verdiyi etibarnaməni ləğv etdirmiş, X8 adına qeyd olunan 0,12 ha torpaq sahəsinin satılmadığını, həyətdə olan tikililəri inşa etdiyini və əlavə 0,18 ha torpaq sahəsinin də ona məxsus olduğunu bildirmişdir. İddiaçı bir müddət başqa ünvanda yaşadığı üçün Cavabdeh Bəhrəm qızı onun yoxluğundan istifadə edərək ona məxsus hissədə yerləşən evin qapısının kilidini sındırmış, iddiaçıya məxsus əşyaları mənimsəmiş, qapının açarını dəyişmiş, mərhum həyat yoldaşının inşa etdiyi fərdi yaşayış evinə buraxmamışdır. Cavabdeh Bəhrəm qızı atası X6 anası X17ma miras qalmış 0,12 ha torpaq sahəsinə dair heç bir subyektiv hüququ yoxdur. Onun qeydiyyatı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağlar sahəsi, Bağ evi 382 "A” ünvandadır və faktiki olaraq mirası qəbul etməmişdir. Bundan əlavə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli, 175 nömrəli qərarı ilə, Maştağa tərəvəzçilik-südçülük sovxozunun həmkarlar komitəsinin əmək kollektivi şurasının 10 sentyabr 1991-ci il tarixli, 6 nömrəli birgə qərarı və həmin sovxozun 12 sentyabr 1991-ci il tarixli 66 nömrəli əmrinə əsasən X8 adına 0,12 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin yerləşmə cizgisi mövcud deyil. Cavabdeh Bəhrəm qızı tərəfindən, iddiaçının istifadəsində olmuş əlavə 0,18 ha torpaq sahəsi də zəbt edilmişdir. Ona həmin torpaq sahəsinin boşaldılması barədə dəfələrlə müraciət edilsə də, əhəmiyyət verməmişdir. Cavabdehin həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi olmadığı üçün ərazisi 0,18 ha olan torpaq sahəsini dəyər-dəyməzinə satmaq istəyir. Məhkəməyə təqdim olunmuş "xxxx" ASC-nin Abunə haqqında Aktiv və Reaktiv göstəricilərinə əsasən ünvan 3 ünvanına verilmiş **********10038 nömrəli abonent kodu, xx.xx.2010-cu il tarixdən quraşdırılmış elektrik sayğacları İddiaçı həyat yoldaşı, X9 adına və «AZƏRİQAZ» İB-nin GASREPinə əsasən həmin ünvana verilmiş **********00001 nömrəli abonent kodu, 1202AQ**********6 nömrəli qaz sayğacı onun qaynatası, X7 adınadır. Həmçinin, məhkəməyə təqdim olunmuş Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, F 542 nömrəli Arxiv Çıxarışı onun adına ünvanlanıb. 17 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 725 nömrəli arayışına əsasən xx.xx.2012-ci il tarixdə vəfat etmiş X9 vərəsələri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etmədiyini və onun əsassız olduğunu bildirmişdir. İddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 verdiyi ifadəsində bildirmişdir ki, 30-35 ildir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi onların istifadəsindədir. Onlara belə bir məlumat daxil olmuşdur ki, xanım qıfılı sındırıb içəri girmişdir. Onlar da ataları ilə birlikdə bu məsələni aydınlaşdırmaq üçün ora getmişlər. Cavabdeh torpaq sahəsinin ona atasından qaldığını bildirmişdir. X23 izahatında həmin sahəni onun atası Bəhrəm kişidən almış, sonra atası oranı qardaşına vermişdir. Qardaşı da oranı əkibbecərirdi. Təqribən həmin ərazinin sahəsi 36 sot olmalı idi. 18 sot özlərində olmuş, 12 sotunu isə Bəherəm kişidən almışdılar. Məhkəmə tərəflərin izahatını və şahid ifadəsini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: - Abşeron rayon XDS İcraiyyə Komitəsinin 195 nömrəli, xx.xx.1991-ci il tarixli qərarından çıxarışdan görünür ki, X15 həmkarlar komitəsinin əmək kollektivi şurasının 10 sentyabr 1991-ci il tarixli, 6 nömrəli birgə qərarı və həmin sovxozun 12 sentyabr 1991-ci il tarixli 66 nömrəli əmri nəzərə alınmaqla Maştağa tərəvəzçilik-südçülük sovxozundan fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri 17 saylı notariat ofisinin 725 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı, X24, X18, X10, X21 və X16 xx.xx.2012-ci il tarixdə vəfat etmiş X9 vərəsələridir. - Vİİ-ЖГ seriyalı, 370393 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə İddiaçı xx.xx.1999-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. - AZ-İ seriyalı, 529917 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. - AZ-İİ seriyalı, 346502 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X20 ilə X19 xx.xx.1970-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. - "xxxx" ASC-nin abunə haqqında **********10038 nömrəli abonent sayğacının çıxarışından görünür ki, ünvan 4 ünvanda elektrik enerjisinə görə sərfiyyat X9 adına hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X3rşı” iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəflər arasında tərtib edilmiş yazılı əqdə münasibətdə qeyd edir ki, tərəflər arasında yaranan mülki münasibətlər 1990-cı ildə yarandığına görə həmin mübahisənin həlli üçün həmin vaxt qüvvədə olan mülki qanunvericiliyin müddəaları nəzərə alınmalıdır. Belə ki, xx.xx.2000-ci il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Müki Məcəlləsinin 39-cu maddəsinə əsasən, vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər birtərəfli, iki və ya çoxtərəfli (müqavilələr) ola bilər. Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər. Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanununa görə qüvvədən düşmüş Azərbaycan SSR Mülki Məcəlləsinin 41-ci maddəsinə əsasən aşağıdakı əqdlər yazılı formada bağlanmalıdır: 1) bu Məcəllənin 40-cı maddəsində göstərilən əqdlər, SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə barəsində sair qayda nəzərdə tutulan bəzi əqd növləri istina olmaqla, dövlət, kooperativ və sair ictimai təşkilatların öz aralarındakı və bu təşkilatlarla vətəndaşlar arasındakı əqdlər; 2) bu Məcəllənin 40-cı maddəsində göstərilən əqdlər, SSR İttifaqı və ya Azərbaycan SSR qanunvericiliyində göstərilən sair əqdlər istisna olmaqla, vətəndaşlar arasında minimum əmək haqqının iki mislindən artıq məbləğə bağlanan əqdlər; 3) vətəndaşlar arasında, qanunla yazılı formada olması tələb edilən digər əqdlər. Təşkilatlar və ya təşkilatla vətəndaş arasındakı əqdlər yazılı formada olmadığı hallarda, malın dəyərini və ya göstərilmiş xidmətin əvəzini ödəmiş olan təşkilat digər tərəfdən pulun alınmasını və onun alınması əsasını təsdiq edən yazılı sənəd almalıdır. Yazılı əqdlər onları bağlayan şəxslər tərəfindən imzalanmalıdır. Əgər vətəndaş fiziki qüsuruna, xəstəliyinə və ya hər hansı sair səbəblərə görə əqdi özü imzalaya bilmirsə, onun tapşırığı ilə başqa vətəndaş imzalaya bilər. Başqasının əvəzinə əqdi imzalayan şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə, əqdi bağlayan şəxsin işlədiyi və ya oxuduğu tşkilat, yaxud onun yaşayış yeri üzrə mənzil-istismar təşkilatı, yaxud müalicədə olduğu stasionar müalicəxanasının müdiriyyəti, yaxud notariat orqanı tərəfindən, kənd yerində isə yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilməlidir. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur. İstinad edilən dövrün qanunvericiliyinə əsasən daşınmaz əmlakla bağlı həyata keçirilən alğı-satqı müqavilələrinin notariat formasında bağlanması məcburi hesab edilirdi. Lakin Mülki Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda notarial formaya riayət edilmədən bağlanan əqddə məhkəmə tərəfindən bağlanmış hesab edilə bilərdi. Köhnə Mülki Məcəllənin 43-cü maddəsinə əsasən, tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarında Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Lakin göründüyü kimi, mülki iş materiallarında tərəflər arasında həmin dövrdə bağlanmış hər hansı bir formalı alqı-satqı müqaviləsinə rast gəlinmir və iddiaçı tərəfdən hər hansı bir formada belə müqavilənin bağlanmasını sübut edən sənəd təqdim edilməmişdir. Yuxarıda istinad olunanlara əsasən, məhkəmə qeyd edir ki, tərəflər arasında hər iki tərəfin iradəsini aydın şəkildə ifadə edən sadə yazılı formada əqd bağlanmamışdır. AR Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Yenə həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsədə mənsubdur. Digər tərəfdən Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında da eyni hüquqi mövqe qeyd edilmişdir. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçının hazırki iddianı verərkən subyektiv hüququnun olması ilə bağlı istinad etdiyi dəlillər artıq mövcud deyildir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmiş şəxs özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Mülki iş materiallarından aydın olur ki, iddiaçının Sabunçu rayonu, Maştağa tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən 0,12 ha torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Bu onu deməyə əsas verir ki, iddiaçının hazırki tələblə bağlı, hazırki cavabdehə qarşı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “0,12 ha torpaq sahəsi barədə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar