Məhkəmə qərarları › İş №2(008)-4549/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4549/2024

06.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4549/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "xx.xx.2024-cü ildə bağlanmış nikahın etibarsız sayılması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "xx.xx.2024-cü ildə bağlanmış nikahın etibarsız sayılması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra o, məhkəməyə ərizə verərək iddia ərizəsində nikahın tarixini səhvən xx.xx.2024-cü il kimi göstərdiyini bildirmiş və xx.xx.2024-cü il tarixli nikahın etibarsız sayılmasını xahiş etmişdir. İddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, o, 2016-cı ildə cavabdehlə nişanlanmış, bundan bir neçə il sonra cavabdehin pis vərdişlərinin olmasından, narkotik maddələrdən istifadə etməsindən şübhələnmişdir. O, bu barədə valideynlərinə bildirmiş və nişanı qaytarmaq istədiyini, Cavabdeh ilə ailə qurmaq istəmədiyini demişdir. Lakin valideynləri onun sözlərinə inanmayıb, onu məcbur etmişlər ki, Cavabdeh ilə nikah bağlayıb ailə qursun. O, valideynlərinin təkidi nəticəsində məcbur olub cavabdehlə xx.xx.2024-cü ildə 5 saylı Bakı "ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsinə gedərək nikah bağlamışdır. Nikah yalnız sənəd üzərində bağlanmışdır. Toyları xx.xx.2024-cü ildə olacaq və o, cavabdehin evinə gəlin köçəcəkdi. Lakin 2024-cü ilin aprel ayının əvvəlində hər kəsə məlum oldu ki, həqiqətən də Cavabdeh narkotik maddələrin istifadəçisidir. Belə ki, Cavabdeh narkotik asılılığından məcburi müalicə olunması üçün narkoloji dispanserə yerləşdirilmişdir. Bu hadisədən sonra o, nişanı geri qaytarmışdır. Cavabdehlə onun arasında bağlanan nikah etibarsız sayılmalıdır, çünki nikah bağlanan zaman onun cavabdehlə ailə qurmaq niyyəti olmamışdır. Hazırda o, bu nikahı bağlamaqla səhv etdiyini, yanıldığını anlayır, ona görə də gec olmadan bu nikahın bağlandığı gündən etibarsız hesab olunmasını istəyir. Nikah bağlanmış olsa da, el adəti ilə toy olmayıb, o gəlin köçməyib. Valideynlərinin təkidi ilə qeydiyyat şöbəsində ərizəyə qol çəkmiş, onun iradəsinə zidd olaraq və onun buna könüllü razılığı olmadan həmin nikah qeydiyyat şöbəsində qeydə alınmışdır. Sonradan o, öz valideynlərinə qəti etirazını bildirmişdir. Onun cavabdehlə ailə qurmaq niyyəti olmayıb və hal-hazırda da belə niyyəti yoxdur. Nikahları formal xarakter daşıyır, onlar bir gün də belə ər-arvad kimi yaşamamışlar, hal-hazırda da ayrı yaşayırlar və ayrı-ayrılıqda təsərrüfat aparırlar. Gələcəkdə də onların ailə qurması və ər-arvad kimi yaşaması qeyrimümkündür. İddiaçı məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək izahatında bildirdi ki, o, 2016-cı ildə cavabdehlə nişanlanmış, lakin cavabdehin narkotiklərdən istifadə etməsinə və təhqirlərinə görə 2020-ci ilin sentyabr ayında nişanı qaytarmış, 2023-cü ilin dekabr ayınadək cavabdehin ailə üzvləri onlara gəlib-getmiş, o, hər dəfə "yox" demiş, nəhayət xx.xx.2023-cü ildə ailə qurmağa razılıq vermişdir. O, 2024-cü ilin fevral ayında Cavabdeh ilə birlikdə gedib nikah bağlamaq üçün zəruri olan tibbi analizləri vermiş, cavabları aldıqdan sonra xx.xx.2024-cü ildə yenə ikisi birlikdə 5 saylı Bakı "ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsinə gedib nikah bağlamaq üçün ərizə vermişlər. Qeydiyyat şöbəsində nikahın bağlanması xx.xx.2024-cü ilə təyin edilmişdir. Təyin olunmuş vaxtda o və Cavabdeh, eləcə də onun xalası, qardaşı, iki nəfər rəfiqəsi və cavabdehin iki bacısı birlikdə 5 saylı Bakı "ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsinə getmiş, orada nikah bağlanmış, musiqi səsləndirilmiş və fotoqraf iştirak etmişdir. Nikahın bağlanması zamanı hər hansı xoşagəlməz hadisə baş verməmişdir. Onu qeydiyyat şöbəsinə getməyə kimsə məcbur etməmişdir. Toy məclisi xx.xx.2024-cü ilə təyin olunmuş, lakin bundan sonra aprel ayının əvvəlində cavabdeh ona şər-böhtan atmış, ona demişdir ki, güya o, cavabdehin bacısının əri ilə danışmışdır və bacısının əri onlara gəlmişdir. O, üzbəüz qonşudan xahiş edərək, videokameranın çəkilişlərini çıxartmış, həmin şəxsin onlara gəlmədiyi müəyyən olunmuş, çəkilişləri aparıb cavabdehin atasına göstərmiş və cavabdeh onun anasından üzr istəyərək onunla evlənəcəyini bildirmişdir. Bu hadisədən sonra o, nişanı qaytarmış və toy baş tutmamışdır. Cavabdeh iddiaya etiraz verməmişdir O, məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq gəlmədiyinə görə işə onun iştirakı olmadan vaxıldı. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. İşdə olan 5 saylı Bakı "ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 619144 nömrəli "Nikah haqqında şəhadətnamə"dən görünür ki, Cavabdeh və X2 xx.xx.2024-cü ildə nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 667 nömrə ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra arvada Yusifova soyadı verilmişdir. Məhkəmə hazırkı mübahisənin həlli üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı maddələrinə istinad edir: 10.1. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. 10.2. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçmələri və onların nikah yaşına çatmaları zəruridir. 11.2. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. 12.0. Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.2-1. qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; 12.0.2-2. bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər; 12.0.3-2. ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. 13.7. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. 25.1. Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 11.1ci bəndində deyilir ki, nikahın etibarsız hesab olunması haqqında iddia ərizəsi icraata qəbul edilərkən nikahın həqiqiliyinin hansı əsasa görə mübahisələndirildiyi, iddiaçının bu əsas üzrə məhkəmədə iddia qaldırmaq hüququna malik şəxslər kateqoriyasına (Ailə Məcəlləsinin 26.1-ci maddəsi) aid olub-olmaması məhkəmə tərəfindən aydınlaşdırılmalıdır. Həmin Qərarın 11.2-ci bəndində isə deyilir ki, nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsinin 25.1-ci maddəsində nəzərdə tutulmuş əsasların siyahısı qətidir və genişləndirilə bilməz. Bu əsaslar aşağıdakılardır: nikahın bağlanması üçün qanunla müəyyən olunmuş şərtlərin pozulması (Ailə Məcəlləsinin 10, 11-ci maddələri); nikahın bağlanmasına mane olan halların mövcudluğu (Ailə Məcəlləsinin 12-ci maddəsi); nikaha daxil olan şəxslərdən birinin özündə dərizöhrəvi xəstəliyin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi (Ailə Məcəlləsinin 13.7-ci maddəsi); nikahın saxtalığı (Ailə Məcəlləsinin 25.1-ci maddəsi). İddiaçı qzı iddia ərizəsində öz tələbini cavabdehlə ailə qurmaq niyyətinin olmaması ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli nikahın iddiaçının ailə qurmaq niyyətinin olmaması əsası ilə etibarsız sayıla bilməsi üçün bu əsasın nikahın bağlanması anınadək yaranmış olması tələb olunur. Lakin iddiaçı məhkəməyə nikahı ailə qurmaq niyyəti olmadan bağladığına dair hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə, onun məhkəmə baxışı zamanı verdiyi və iddia ərizəsinin məzmunundan fərqli olan izahat cavabdehlə nikahı məhz ailə qurmaq niyyəti ilə bağladığını təsdiq etmişdir. Belə ki, iddiaçının özünün etiraf etdiyi kimi, o, cavabdehlə ailə qurmaq məqsədilə nişanlanmış, uzun müddət nişanlı qalmış və bu müddət ərzində cavabdehin onun xoşlamadığı davranışına görə bir dəfə fikrindən daşınsa da, sonradan münasibətlər bərpa olunmuşdur. İddiaçı və cavabdeh hər hansı məcburetmə olmadan könüllü şəkildə gedib tibbi müayinədən keçmiş, müayinənin nəticələrinə dair tibbi arayışı alıb birlikdə Qeydiyyat şöbəsinə aparmış, nikah bağlamaq üçün Qeydiyyat şöbəsinə ərizə vermiş, eləcə də təyin olunmuş vaxtda, yəni xx.xx.2024-cü ildə birlikdə yenidən Qeydiyyat şöbəsinə gedərək təntənəli şəraitdə nikahın bağlanmasında iştirak etmiş, hər iki tərəfin qohumları və dostları da həmin mərasimdə iştirak etmiş və hətta ailələrin razılaşması ilə toyun vaxtı təyin edilmişdir. Göründüyü kimi, nikahın bağlanmasından əvvəl, eləcə də nikahın bağlanması zamanı baş verən və yuxarıda sadalanan hadisələr, eləcə də tərəflərin davranışı İddiaçı Cavabdeh ilə ailə qurmaq niyyətinin olmasını bilavasitə təsdiq edir. İddiaçının toydan və cavabdehlə birgə yaşamaqdan imtinası isə nikahın bağlanmasından sonra baş verən və iddiaçının öz izahatında təsvir etdiyi hadisə ilə bağlı olmuşdur. Deməli, nikahın bağlandığı zaman və hətta ondan bir müddət sonra iddiaçının və cavabdehin ailə qurmaq niyyəti mövcud olmuşdur. İddiaçı bu niyyətindən nikahdan təxminən 1 ay sonra 2024-cü ilin aprel ayının əvvəlində daşınmışdır. Belə olduqda isə, iddiaçı qeyd olunan əsasla nikahın etibarsız sayılmasını tələb etməkdə haqlı deyil. Eyni zamanda, iddiaçı məhkəməyə nikahın etibarsız sayılması üçün Ailə Məcəlləsində nəzərdə tutulmuş digər əsaslara dair də sübut təqdim etməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə məhkəmə xərclərini təşkil edən və iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 51 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "xx.xx.2024-cü ildə bağlanmış nikahın etibarsız sayılması" barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X5.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar