Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4577/2025 25.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilənin pozulmuş hesab edilməsi və ödənilən vəsaitin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “müqavilənin pozulmuş hesab edilməsi və ödənilən vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış elektron ticarət müqaviləsinin pozulmuş hesab edilməsi, müqaviləyə əsasən ödənilmiş 2300 manat məbləğində vəsaitin geri qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq, ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, xx.xx.2024-cü il tarixində aralarında bağlanılmış müqavilə ilə Cavabdeh MMC-yə məxsus mağazadan “iPhone” markalı telefon sifariş etmiş və sifarişin icrası üçün şirkətin təqdim etdiyi "xxxx" ASC-yə məxsus **********575426 nömrəli banka kartına ümumilikdə 2300 manat məbləğində ödəniş etmişdir. Bütün bunlara baxmayaraq, sifariş etdiyi telefon uzun müddət ərzində ona təqdim olunmamış, nəticədə xx.xx.2025-ci il tarixində “Myphone’’ MMC ilə aralarında sifarişdən imtina aktı imzalanmış, həmin akta əsasən məhsulun təqdim edilməməsi səbəbindən sifarişdən imtina etdiyi və ödənilmiş məbləğin ona geri qaytarılması öhdəliyi qarşı tərəf tərəfindən rəsmiləşdirilmişdir. Bundan sonra uzun müddət ödəniş geri qaytarılmadığı üçün xx.xx.2025-ci il tarixdə bu məsələ ilə bağlı Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət etmiş, lakin 21-ci Polis Bölməsi tərəfindən mülki xarakterli mübahisə olduğu əsas gətirilərək cinayət işinin başlanmasından imtina edilmişdir. Bunlara baxmayaraq, bu günədək ona qarşı Cavabdeh MMC tərəfindən yalnız 200 manat ödəniş həyata keçirilmiş və ödənilmiş 2100 manat pulu geri qaytarılmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. . Məhkəmə, iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı ilə Cavabdehnə arasında bağlanmış “Elektronika məhsullarının pərakəndə satışla xarici ölkələrdən sifariş edilməsi, ölkəyə çatıdırlmasının üçüncü tərəf vasitəsilə təşkil edilməsi, gömrük həllərində dəstək olunması, smartfonun rəqəmsal qeydiyyatının edilməsinə dəstək olunması xidmətləri göstərilməsi haqqında” xx.xx.2024-cü il tarixli 10038-092025/351424 saylı müqaviləsinin 1.1-ci bəndinə əsasən «Sifarişçi» elektronika məhsullarının pərakəndə satışla xarici ölkələrdən sifariş edilməsi, ölkəyə çatıdırlmasının üçüncü tərəf vasitəsilə təşkil edilməsi, gömrük həllərində dəstək olunması, smartfonun rəqəmsal qeydiyyatının edilməsinə dəstək olunması xidmətlərinin göstərilməsini sifariş verib «icraçı»-ya razılaşdırılmış xidmət haqqı ödəməyi, «icraçı» isə «sifarişçi»-nin müəyyən etdiyi qaydada Elektronika məhsullarının pərakəndə satışla xarici ölkələrdən sifariş edilməsi, ölkəyə çatıdırlmasının üçüncü tərəf vasitəsilə təşkil edilməsi, gömrük həllərində dəstək olunması, smartfonun rəqəmsal qeydiyyatının edilməsinə dəstək olunması xidmətləri (bundan sonra “xidmət”) göstərməyi öhdəsinə götürür. Müqavilənin 2.3-cü bəndinə əsasən «icraçı» müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir. Müqavilənin 5-ci bəndinə əsasən, bu müqavilə imzalandığı gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvəsini itirir. Bu müqavilədə nəzərdə tutulan elektronika məhsullarının pərakəndə satışla xarici ölkələrdən sifariş edilməsi, ölkəyə çatıdırlmasınm üçüncü tərəf vasitəsilə təşkil edilməsi, gömrük həllərində dəstək olunması, smartfonun rəqəmsal qeydiyyatının edilməsinə dəstək olunması xidmətlərinin göstərilməsini 1 ay (30 gün) müddətində, mərhələli şəkildə həyata keçirilməlidir. Tərəflərin yazılı razılıqları və bildirişləri ilə müqavilənin müddəti azaldıla bilər və ya yeni müqavilə bağlana bilər. Müqavilənin 6-ci bəndinə əsasən “İcraçı” müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməsi üçün məsuliyyət daşıyır. “İcraçı”nın təqsiri nəticəsində təsadüfən xidmət göstərməsi nəticəsində “sifarişçinin” əmlakının məhv olması və ya zədələnməsi riski icranın “sifarişçi”yə təhvil verildiyi vaxtadək “icraçı’nın üzərinə düşür. “İcraçı” “sifarişçi”nin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. - Cavabdeh seriya İMH 351424 nömrəli xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən “iPhone 16 Pro” markalı black telefon, adaptr başlığı (hədiyyə) qlobal üçün 2300 manat məbləğində pul kassaya mədaxil edilmişdir. - xx.xx.2025-ci il tarixli imtina aktından görünür ki, İddiaçı Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixində etdiyi sifarişdən məhsulun vaxtında çatdırılmaması səbəbindən imtina edir. - Azərbaycan Respublikasi Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsinin 21ci Polis Bölməsinin “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı DİN-in "102" Xidməti Zəng Mərkəzi sisteminə zəng edərək və ərizə ilə Nəsimi RPİ-nin 21-i Polis Bölməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında iPhone markalı mobil telefon sifariş etmiş və 2300 manat ödəniş etmişdir. Sonradan onun sifarişi imtina edilmiş, lakin ödəniş etdiyi məbləğ ona qaytarılmamışdır. Araşdırma zamanı izahat vermiş İddiaçı müraciətinin tam mülki xarakterli olması müəyyən edilmişdir. Belə ki, o özü könüllü olaraq, şəxsi sövdələşmə əsasında iPhone markalı mobil telefon sifariş etmək məqsədi ilə ödəniş etmiş, sonradan ona bildirilmişdir ki, sifarişin yerinə yetirilməsi mümkün olmadığına görə, yaxın vaxtda onun ödədiyi məbləğ özünə qaytarılacaqdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işi başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. - Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, müraciətlə bağlı “X1” MMC-nin əməlinə hüquqi qiymət verilməsi üçün xx.xx.2025-ci il tarixli 3-54/2-M-1xx-xx/2025M nömrəli məktubla Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. - İddiaçı mailto:agasifmusayev05@gmail.comElektron ünvan elektron poçtuna “Birbank” tərəfindən ünvanlanmış cavab məktubunda qeyd olunmuşdur ki, banka xx.xx.2025-ci il tarixdə daxil olmuş müraciətə baxılmış, xx.xx.2024-cü il tarixdən istifadəsində olan 523915******5426 nömrəli plastik kart hesabından Cavabdeh təyinatı ilə 2300 manat məbləğində əməliyyat icra edilmişdir. Göstərilən ödəniş taksit əməliyatı deyil. Birdəfəlik ödənişlər üzrə bank tərəfindən hər hansı əməliyyat icra edilmir. Qeyd edilən şirkət ilə bank arasında əməkdaşlıq müqaviləsinə xitam verildiyi üçün hazırda partnyorluq mövcud deyildir. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixində tərəflər arasında bağlanılmış müqavilə ilə iddiaçı Cavabdeh MMC-yə məxsus mağazadan “iPhone” markalı telefon sifariş etmiş və sifarişin icrası üçün şirkətin təqdim etdiyi "xxxx" ASC-yə məxsus **********575426 nömrəli banka kartına ümumilikdə 2300 manat məbləğində ödəniş etmişdir. Lakin sifariş edilmiş telefon uzun müddət ərzində iddiaçıya təqdim olunmamış, nəticədə, xx.xx.2025-ci il tarixində “Myphone’’ MMC ilə aralarında sifarişdən imtina aktı imzalanmış, həmin akta əsasən iddiaçı məhsulun təqdim edilməməsi səbəbindən sifarişdən imtina etmişdir. Bundan sonra uzun müddət ödəniş geri qaytarılmadığı üçün iddiaçı polis bölməsinə müraciət etmiş, lakin mülki xarakterli mübahisə olduğu əsas gətirilərək cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh MMC tərəfindən iddiaçıya yalnız 200 manat ödəniş həyata keçirilmiş və 2100 manat hələ də geri qaytarılmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 599.1-ci maddəsinə əsasən, alğısatqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.2-ci maddəsinə əsasən, alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, qabaqcadan ödəniş məbləğini almış Cavabdeh “iPhone” markalı telefonu müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmədiyindən, İddiaçı həmin telefon üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdehndən İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ödənilmiş 2100 (iki min yüz) manat məbləğində pul vəsaiti geri qaytarılmalıdır. Cavabdeh MMC ilə bağlanmış elektron ticarət müqaviləsinin pozulmuş hesab edilməsi üçün qanuni əsaslar mövcud olmadığından, iddia həmin hissədə rədd edilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələblərinə və iddianın qismən təmin edilməsinə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 45 manat dövlət rüsumunun 41 manat hissəsi cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehndən İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən ödənilmiş 2100 (iki min yüz) manat məbləğində pul vəsaiti və 41 (qırx bir) manat dövlət rüsumunun əvəzi geri qaytarılsın. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-4577/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4577/2025
25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver