Məhkəmə qərarları › İş №2(008)-4579/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4579/2025

23.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4579/2025 23.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Oktay oğlunun, Cavabdeh Məmmədova Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh Məmmədova Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Məmmədova Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2002-ci il tarixində ünvan 1 ünvanında yerləşən 1 otaqlı fərdi yaşayış evini əldə etmişlər. Daha sonra o, sözügedən 1 otaqlı fərdi yaşayış evini öz hesabına genişləndirərək əlavə 3 otaq da inşa etmişdir. Bunu usta, fəhlə və qonşular da təsdiq edir. Eyni zamanda 11 mart 2009-cu il tarixli "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirilmə rəyində də tikintinin sahibi olaraq, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus olması qeyd olunmuşdur. Anası Məmmədova Cavabdeh həmin əmlakdan istifadə etməsinə, orada yaşamağına maneçilik törədir və mülkiyyət hüquqlarını pozur. Halbuki, sözügedən əmlakın ona məxsus olmaqla o,ən çox pay hüququna sahibdir. Buna baxmayaraq, cavabdeh ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi ünvanında yerləşən fərdi yaşayış evində yaşamağına imkan verməməklə, mülkiyyətindən məhrum etmişdir. Eyni zamanda iddiaçının himayəsində azyaşlı övladı vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, 2002-ci ildə ünvan 1 ünvanında yerləşən 1 otaqlı fərdi yaşayş evini satın aldıqlarını, daha sonra mügənni kimi işləyərək evi təmir etdiyini, müvafiq artırmalar etdiklərini, bələdiyyə vergisinin onun tərəfindən ödənildiyini, qaz, işıq və suya dair müqavilələrinin cavabdehin adına olduğunu bildirərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tərəflər arasında olan mübahisələrlə bağlı iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlardan göründüyü kimi münasibətin gərgin olduğu, cavabdehin hərəktələri nəticəsində iddiaçı məcbur qalaraq yetkinlik yaşına çatmayan qızı ilə birlikdə evdən çıxdığını, onların ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə buraxılmadığını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Məmmədova Cavabdeh iddia tələbini qəbul etmədiyini, bələdiyyə vergisinin onun tərəfindən ödənildiyini, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi, döngə 4 ünvanında yerləşən fərdi yaşayış evini özünə məxsus digər evi sataraq tikdiyini, həmin vaxt Ümidə Yusifovanın işləmədiyini, musiqi dərsi aldığını, sonradan əldə etdiyi qazancının isə öz şəxsi geyim və digər xərclərinə sərf etdiyini, mügənni olaraq 20-25 manata işlədiyini, iddiaçının 1 il 5 ay olar ki kirayədə yaşadığını, onu döyüb hədələdiyi üçün polisə müraciət etdiyini, evə köçürülməsinə etiraz etdiyini və evi 40 il olar ki Şahid adlı şəxsdən 1800 manata aldığını bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində yaşadığını, iddiaçı və cavabdeh ilə qonşu olduğunu, Ümidə Yusifovanın 2002-ci ildən anası ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində yaşadığını, iddiaçı nikaha daxil olana kimi və nikahı pozulduqdan sonra da həmin ünvanda yaşadığını, mübahisəli evin 3 otaqdan, 1 zal və mətbəxdən ibarət olduğunu, həmin evdə usta kimi sözü gedən evdə 2013-cü il oktyabır ayında təmir işlərinin onun tərəfindən gördüyünü, bir otağa alçipan, iki otaqda malyar işi gördüyünü, tavanı təmir etdiyini və bütün ödənişlərin Ümidə Yusifova tərəfindən edildiyini bildirdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunan Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş vergilərin və ödənişlərin qəbulu üçün 004419 nömrəli qəbzdən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində yerləşən əmlaka görə 30 manat 60 qəpik ödəniş etmişdir. İş materiallarına əlavə olunan qəbzdən görünür ki, Məmmədova Cavabdeh Sabunçu Bələdiyyəsinə (Bələdiyyə torpaq vergisinə görə) xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 20 və 10 manat ödəniş etmişdir. İş materiallarına əlavə olunan Cinayət işinin rədd edilməsi haqqında 02 dekabr 2022-ci il tarixli Qərardan görünür ki, 23 11.2022-ci il tarixdə Sabunçu rayonu, Q.Vəzirov küçüəsi, nömrəsiz evdə yaşayan X5 ərizə ilə Sabunçu RPİ-nin 12-ci PŞ-nə müraciət edərək, xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olan zaman anası Məmmədova Cavabdeh tərəfindən döyülərək bədən xəsarəti aldığını, material üzrə izahatı alınmış X5 2006-ci ildə boşandıqdan sonra anası Məmmədova Cavabdeh ilə birlikdə qeyd edilən ünvanda yaşadığını bildirmişdir. İş materiallarına əlavə olunan Cinayət işinin rədd edilməsi haqqında 01 aprel 2023-cü il tarixli Qərardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsi, döngə 4-də yerləşən fərdi evdə yaşayan X5 xx.xx.2023-cü il tarixdə Sabunçu RPİ-nin 12-ci PŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində yaşadığı evdə anası ilə aralarında yaranmış mübahisə zamanı sonuncu tərəfindən doyülərək evdən qovulmuşdur. Təhqiqat araşdırması müddətində izahatı alınan Məmmədova Cavabdeh qeyd olunan faktı bağlı, X5 ilə bir evdə yaşadığını bildirmişdir. MTE PA ET və Tb-nin Sabunçu rayin şöbəsinin xx.xx.2023-cü il tarixli 608 nömrəli rəyinə əsasən X1 bazu və sol topuq nahiyələrinin qançırları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd olunan normalardan başqa, məhkəmə onu bildirməyi zəruri hesab edir ki, yaşayış sahəsinə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır:

1. şəxs köçmək istədiyi yerdə yaşayıbmı;

2. şəxs yaşadığı yerdən məhrum edilibmi;

3. məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış və yaşadığı evdən məhrum edilmişdir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyinə görə onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh Konstitusiyanın 43-cü maddəsində nəzərdə tutulmuş qadağanedici normanı pozmuş və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikilidir. İddiaçı ilə, Məmmədova Cavabdeh birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində uzun müddət birlikdə yaşamışlar. Cavabdeh hazırda mübahisəli tikilidə yaşamaqda davam etsə də, iddiaçını evə buraxmır və ordan istifadə etməsinə maneələr yaradır. Məhkəmə hesab edir ki, mübahisəli tikili özbaşına tikili stastusunda olmaqla üzərində tərəflərin və ya hər hansı üçüncü bir şəxsin hüquqları qeydə alınmamışdır. Özbaşına tikililərə münasibətdə köçürülmə, çıxarılma, istifadə qaydasının müəyyən edilməsi və s. mübahisələri tənzimləyən konkret hüquq norması olmadığından hazırki mübahisə qanunun analogiyası tətbiq edilməklə həll edilməlidir. Özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi əsasları Mülki Məcəllənin 180.3-cü maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Lakin iş materiallarından mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması müəyyən edilmir. Eləcə də, özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. İş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, mübahisəli özbaşına tikilidə tərəflər uzun müddət birgə yaşamış, hər iki tərəf Sabunçu bələdiyyəsinə vergi ödəyicisi kimi ödənişlər etmişdir. Beləliklə, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malikdir. Belə ki, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Bununla əlaqədar məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. İş üzrə İddiaçı göstərilən özbaşına tikilidə təmir tikinti işləri aparması iş materialları ilə, şahid ifadəsi və Cavabdehovanın qismən etirafı ilə öz təstiqini tapmışdır. Həmçinin İddiaçı yaşayış sahəsinə ehtiyacının olması, başqa yaşayış yerinin olmadığı və onun yuxarıda qeyd olunan mübahisəli evdə yaşaması müəyyən edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “O.X3rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evdə yaşamasına cavabdeh tərəfindən maneə yaradılması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və o mübahisəli evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT E T D İ:

İddia təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan övladı ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. 100 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar