Məhkəmə qərarları › İş №2(008)-4628/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4628/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4628/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X13 qızının, İddiaçı2 nümayəndəsi və digər İddiaçı1, Cavabdeh X5 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehlər X8 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X8 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün 20500 manat və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tiutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 2017-ci il tarixdə geniş ev almaq niyyətində olmuşlar. Onlar hazırki iş üzrə cavabdeh olan Xanım adlı şəxslə tanış olmuş, sonuncu hazırki iş üzrə cavabdeh olan Bahəddinlə tanış etmiş və onun evini satdığını bildirmişdir. Onlar 16.02.2017-ci il tarixdə X8 ilə «ev alqı-satqı» müqaviləsi bağlamışdılar. Həmin müqavilədə Fərəcov Bahaddin öz xətti və imzası ilə 20500 manata Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov kuçəsi, 14 ünvanında yerləşən evini satdığını təsdiq etmişdir. Həmin evə köçəndən bir gün sonra evin qanuni sahibi gəlib iddiaçıları evdən çıxartışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, Cavabdeh2 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı, eyni zamanda digər iddiaçının nümayəndəsi İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X8 iş üzrə izahat verərək, qeyd etdi ki, o, adıçəkilən evi X2 14500 manata almış, evi təmir etmiş, lakin evdə nəmişlik olduğundan həmin ərazidə ev makleri olan Cavabdeh2 vasitəsilə iddiaçılara 20500 manata satmışdır. Evin başqa mülkiyyətçisi olduğunu bilmirdi. Özü də aldanıb və kimisə aldatmaq niyyətində olmayıb. İddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır(sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçılar ana və oğuldular. X1 ilə alıcı İddiaçı1 arasında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Məmmədyarov kuçəsi, 14 ünvanında yerləşən evə dair 16.02.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə notarial qaydada təsdiq edilməmişdir. Müqavilənin arxa səhifəsində Fərəcov Bahaddin evi 20500 manata satdığını, heç bir narazıçılığının olmadığını, evin pulunu aldığını və evi İddiaçı2 təhvil verdiyini, İddiaçı2 evi aldığını və heç bir narazıçılığının olmadığını təsdiq edirlər. Alqı-satqını imzaları ilə təsdiq edən şahidlərin biri Cavabdeh2 olmuşdur. Həmin evə dair "xxxx" ASC və "xxxx" ASC ilə müqavilələr İddiaçı2 adına rəsmiləşdirilmişdir. Cavabdeh X8 isə həmin evi X6 adlı şəxsdən 15.01.2017-ci il tarixdə 14500 manata almışdır (X3 imzası 18 sayla notariat kontorunda təsdiqt edilərək 7E-934№ ilə reyestrdə qeyd edilmişdir). Evin öncədən X4 məxsus olması "xxxx" ASC ilə eyni abonent koduna dair müqavilənin X6 ilə bağlanması da təsdiq edir. Lakin, adıçəkilən evin 1/4 hissəsinin qanuni mülkiyyətçisi X9 (MH ******* №-li DƏDRX tərəfindən verilmiş Çıxarış) iddiası üzrə Sabunçu rayon Məhkəməsinin 23.02.2018ci il tarixli qətnaməsi ilə X3, hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 həmin evdən çıxarılmaları qət edilmişdir. Hazırda iddiaçılar evə görə ödədikləri 20500 manat pulun onlara qaytarılmasını istəyirlər Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın təmin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdehlər başqa şəxsə məxsus olan əmlakı iddiaçılara 20500 manat müqabilində satmış, cavabdehlərdən bunun nəticəsində həm evdən həm pullarından məhrum olmuşlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ev X8 tərəfindən satılsa da, digər Cavabdeh2 onunla müştərək qaydada cavabdehlik dayşıyır. Belə ki, o, həmin ərazinin ev makleri olduğuna görə evin qanuni mülkiyyyətçisi olduğunu bilməli idi. Bundan başqa, Cavabdeh2 müqaviləyə imza atarkən zamin qismində çıxış etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən ödənilmiş rüsum cavabdehlərdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 20500 manat və ödənilmiş 30 manat dövlət rüsumu X8 və Cavabdeh2 müştərək qaydada tiutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar