Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4643/2022 04.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən özbaşına tikilmiş evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Sabunçu rayonu Əliyar Əliyev küçəsi (keçmiş Anaşkin) küçəsində yaşayan X4 ilə nikahlarını bağlamışdılar. İddiaçı toydan sonra cavabdehlərin Bakı şəhəri Sabunçu rayonu Əliyar Əliyev (keçmiş Anaşkin) küçəsində qanunsuz tikərək yaşadıqları evə gəlin köçmüşdür. Müəyyən müddət orada yaşadıqdan sonra iddiaçı və həyat yoldaşı Abşeron rayonu Digah kəndində yerləşən digər bir evə köçməli oldular, çünki həmin evin yoldaşı tərəfindən alınığını bilirdi və eyni zamanda yoldaşının həmin ərazidə heyvan saxladığına görə həmin evi özlərinki bilərək ora köçüb yaşamağa başlamışdılar. xx.xx.2020-ci ili tarixdə həyat yoldaşı Murad Rüstəmov yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişdi, onun dəfn mərasimi iddiaçı və atası tərəfindən keçirildi. Onun ölümündən sonra iddiaçıya qarşı münasibət kəskinləşməyə başladı və müəyyən müddət atası gildə yaşamağa başladı. Yol-nəqliyyat hadisəsi ilə bağlı olaraq iddiaçının zərərçəkmiş şəxsin hüquq varisi kimi tanınmalı olmağına baxmayaraq, onun həmin prosesə cəlb olunmağına imkan verməyərək, təqsirləndirilən şəxslə barışaraq, cavabdehlər onunla müəyyən razılığa gəliblər. Bundan sonra o, həyat yoldaşıyla yaşadığı və özününkü bildiyi evə köçüb yaşamaq istəsə də, ona imkan vermədilər. Sonradan o, məhkəmədə iddia qaldırmaq üçün vəkillə müqavilə bağladı və sorğular gələn cavablardan müəyyən etdi ki, həmin evin qaz və işıq sayğacı Muradın qardaşının adınadır və bildi ki həmin evə iddia qaldırsa, nəticə əldə edə bilməyəcək. Hal-hazırda onun yaşayış sahəsinə ehtiyacı vardır, ona görə də hesab edir ki, cavadehlər tərəfindən özbaşına olaraq tikilmiş, hal-hazırda yaşadıqları və onun gəlin köçdüyü evə köçürülməlidir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməklə məlumat verilsə də onlar məhkəmədə iştirak etməmiş, gəlməmələrinin səbəbəi barədə məhkəməyə məlumat verməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə2 iddianı qəbul etməyərk, qeyd etdi ki, iddiaçı könüllü mübahisəli evi tərk edib başqa evdə yaşamağa başlamışdır. Köçürülməsini istədiyi ev cavabdehlər tərəfindən inşa edlib və onlara məxsusdur. İddiaçı ilə cavabdehlərin arasında böyük gərginlik var, onların bir evdə yaşamaqları mümkün deyil. İddiaçının ümumiyyətlə həmin evə hər-hansı bir hüququ möcud deyil. Xahiş edir iddia rədd edilsin. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı Rüstəmova (Mehdiyeva) Səadət Əmirəddin qızı və X4 xx.xx.2016-cı il tarixdə 380 №-li akt qeydi ilə nikahlarını bağlamışdılar (4 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 05/Q-1137-69 №-li xx.xx.2020-ci il tarixli arayış). X4 xx.xx.2020-ci il tarixdə ölmüşdür (AZ-İİ 070698 ölüm haqqında şəhadətnamə). Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X1 valideynləri, Cavabdeh3 isə qardaşıdır. İddiaçının köçürülməsini istədiyi ev özbaşına tikilidir. Həmin evin bütün kommunal xidmətləri üzrə abonent Cavabdeh1dur. Hazırda iddiaçı həmin evə köçürülməyini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evə olan hüququnu təsdiq edə bilməmişdir. İddiaçının özünün də dediyinə görə o, həmin evdən ərinin sağlığında hələ köçüb başqa evdə yaşamağa başlamış, məhz həmin evin onlara məxsus olduğunu bilmiş, lakin o evlə bağlı iddia qaldıra bilməmiş, çünki sənədlərin qaynının adında olduğunu bilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ mövcud olmamışdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4643/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4643/2022
04.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver