Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4678/2025 22.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Musabəyova (Rəhimova) Arzu Söhrab qızının ünvan 1 ünvanlı xüsusi təyinatlı yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və həmin ünvanlı yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Şuşa şəhərindən məcburi köçkündür və ikinci Qarabağ müharibəsi iştirakçısıdır. ünvan 2 ünvanında rəsmi yaşayış qeydiyyatındadır. 10 may 2021-ci il tarixdə onunla bağlanmış olan xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə uyğun olaraq ona ünvan 1 ünvanlı xüsusi təyinatlı yaşayış sahəsi verilmişdir. Həmin yaşayış sahəsinin kirayə müqaviləsində ailə üzvləri olaraq keçmiş həyat yoldaşı, cavabdeh X2 və birgə nikahdan olan 3 övladı 25 iyun 2014-cü il tarixdə anadan olmuş X9, 9 uyun 2016-cı il tarixdə anadan olmuş X7 və 3 iyun 2019-cu il tarixdə anadan olmuş X8 adları qeyd olunuşdur. X4 ilə 17 may 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşam. Nikahdan sonra X4 onun soyadını daşımışdır. Cavabdeh nikaha qədər Bakı sakini olaraq Bakı şəhərində rəsmi yaşayış qeydiyyatında olmuşdur. O, cavabdehlə ailə həyatı qurduqdan sonra o, rəsmi qeydiyyatda olduğu ünvan 2 ünvanına qeydiyyata düşmüş və ona ünvan 1 ünvanlı xüsusi təyinatlı yaşayış sahəsi verilərkən ailə üzvü olaraq orada qeydə alınmışdır. O, ailə həyatı qurduqdan sonra başa düşmüş ki, cavabdehlə ailə olaraq birgə yaşayışı mümkün deyildir və ona görə də müharibədən geri döndükdən sonra onunla ayrılmağa qərar vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3092/2024 saylı 22 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə nikaha xitam verilmiş və övladları onun yanında qalmaları qət olunmuşdur. Sözügedən qətnamədən də göründüyü kimi, cavabdeh əxlaqa zidd davranmış və övladlarına laqeyd münasibət göstərmişdir ki, bu səbəbdən də bir ata olaraq övladlarına baxmaq hüququ ona verilmişdir. Məhkəmənin çıxarmış olduğu məlum qətnamədən sonra cavabdeh yenə də öz əxlaqa zidd yaşayış tərzi ilə ünvan 1 ünvanlı xüsusi təyinatlı yaşayış sahəsində qalıb yaşamaqda davam edir və bu səbəbdən də o, övladları ilə birgə atası evində qalmağa məcbur olmuşdur. Cavabdehə sözügedən yaşayış sahəsinin məcburi köçkün və müharibə iştirakçısı olaraq ona verildiyini və onun nikaha xitam verildikdən sonra ailəsinin üzvü olmadığını, məcburi köçkün statusunu daşımadığını, həmçinin onun və övladlarının onunla birgə yaşayışının qeyri-mümkün olmasını xatırlatmaqla mənzili tərk etməsini tələb etdikdə mənzili tərk etməyəcəyini bildirir və onu şantaj etməklə hədələyir. Ona görə də mübahisənin məhkəmə yolu ilə həllinə qərar vermişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə uyğun olaraq məcburi köçkün kimi Araza ünvan 1 ünvanlı xüsusi təyinatlı yaşayış sahəsi verilmişdir. Həmin yaşayış sahəsinin kirayə müqaviləsində ailə üzvləri olaraq keçmiş həyat yoldaşı kimi o da qeyd olunmuşdur. O, Arazla 17 may 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuş, sonradan nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra da həmin yaşayış sahəsindən istifadə etmiş, hazırda da istifadə edir, çünki yaşamağa başqa yeri yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Kirayə verən Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə kirayəçi İddiaçı arasında bağlanmış 7/21 nömrəli, xx.xx.2021-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, ünvan 1, 3 otaqlı yaşayış sahəsinin haqqı ödənilməklə (müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla) müvəqqəti yaşamaq üçün kirayəçinin sahibliyinə və istifadəsinə verilmişdir. Kirayəçinin ailə üzvləri Cavabdeh, X9, X7, X10r. - Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, İddiaçı “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 134090 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. - Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3092/2024 nömrəli, xx.xx.2024cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı və Cavabdeh arasında Şuşa Rayon Qeydiyyat Şöbəsində 55 nömrəsi ilə qeyd edilmiş xx.xx.2013-cü il tarixli nikahın pozulması, boşanmadan sonra xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X8 İddiaçı yanında qalmaları qət edilmişdir. - AZ-İ seriyalı, 499767 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasındakı nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Qadına nikah pozulduqdan sonra Rəhimova soyadı verilmişdir. - Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarının 2.5 bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onların istifadəsinə “Xüsusi təıyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş kirayə müqavilələri əsasında verilir. Məcburi köçkünlərin müvəqqəti məskunlaşması məqsədi ilə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində inşa edilmiş 1512 ailəlik yaşayış massivində bina 7, mənzil 21 ünvanında 3 otaqlı “Xüsusi təyinatlı yaşayış sahəsi” 7/21 nömrəli, xx.xx.2021-ci il tarixli "Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” əsasında ailə başçısı İddiaçı göstərilməklə onun həyat yoldaşı Cavabdeh, övladları, X9, X7 və X11 müvəqqəti məskunlaşmaları üçün verilmişdir. - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı məcburi köçkün statusu vardır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı məcburi köçkün statusuna malikdir. İddiaçı ilə Cavabdeh xx.xx.2013-cü il tarixədə birgə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2019-cu il təvəllüdlü X13 doğulmuşlar. xx.xx.2021-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən müvəqqəti yaşamaq üçün ünvan 1, 3 otaqlı yaşayış sahəsi İddiaçı və onun ailə üzvlərinin, yəni Cavabdeh, övladları, X9, X7 və X1 və istifadəsinə verilmişdir. Evə köçürülən zaman tərəflər birgə nikahda olmuşlar. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3092/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və birgə nikahdan doğulmuş uşaqlar atanın himayəsinə verilmişdir. Hazırda iddiaçı ünvan 1, 3 otaqlı yaşayış sahəsində deyil, övladları ilə birlikdə başqa evdə yaşayır. Cavabdeh isə həmin mənzildən istifadə etməyə davam edir. Hazırda iddiaçı Cavabdeh ünvan 1 ünvanlı xüsusi təyinatlı yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və həmin ünvanlı yaşayış sahəsindən çıxarılmasını tələb edir. Məhkəmə, aşağıda qeyd edilənlərə əsasən iddia tələbini əsassız hesab edir. Əvvəla, xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentidir. 7/21 nömrəli, xx.xx.2021-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi hazırda qüvvədədir və həmin müqavilənin 2.5-ci maddəsinə əsasən kirayəçinin ailə üzvləri bu müqavilə üzrə kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. İkincisi, vətəndaş Cavabdeh sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin, yəni İddiaçı ailə üzvləri tərkibindən çıxsa da, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdiyindən, Cavabdeh kirayəçi İddiaçı və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Odur ki, İddiaçı Cavabdeh ünvan 1 ünvanlı xüsusi təyinatlı yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi və həmin ünvanlı yaşayış sahəsindən çıxarılması barədə tələbi əsassız olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli Qərarından görünür ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil hüququnu təsbit edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. 30.6. Məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı əsasında yaşayış sahəsindən istifadə edən keçmiş ailə üzvü bu Məcəllənin 30.2-30.4-cü maddələrində nəzərdə tutulmuş vəzifə və məsuliyyəti daşıyır. 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. 102.2. Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.4. işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, peşə xəstəliyinə tutulma nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. 102.3. Bu Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-4678/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4678/2025
22.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver