Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4682/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına qarşı “əmrin ləğv edilməsi, əmək haqqının və son haqqhesabın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına qarşı “əmrin ləğv edilməsi, əmək haqqının və son haqqhesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialının aralarında bağlanmış xx.xx.2023-cü il tarixli “Əmək müqaviləsi”nə xitam verilməsi barədə xx.xx.2024cü il tarixli 142 nömrəli əmrinin ləğv edilməsi, cavabdeh “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialının aralarında bağlanmış xx.xx.2023-cü il tarixli “Əmək müqaviləsinin Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin b-nə uyğun olaraq xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilməsi varədə əmrin verilməsi və bu barədə qeydlərin cavabdeh tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi,cavabdeh tərəfindən ödənilməmiş əmək haqqı və son haqq hesabın ödənilməsi, xx.xx.2023-cü il tarixdən cavabdeh “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialının aralarında bağlanmış xx.xx.2023-cü il tarixli “Əmək müqaviləsi”nin Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin b-nə uyğun olaraq xx.xx.2023-cü il tarixdən əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilməsi varədə əmrin verilməsi və bu barədə qeydlərin cavabdeh tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi tarixinədək hər ay 800 manatdan olmaqla dəymiş zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ilə aralarında xx.xx.2023-cü il tarixində “Əmək müqaviləsi” bağalanmışdır. Bağlanmış əmək müqaviləsinə əsasən o, anbardar (sürücü) vəzifəsinə işə götürülmüşdür. O, cavabdeh olan şirkətdə 08 oktyabr 2023-cü il tarixədək işləmişdir. İşində də hər hansı səhlənkarlığa yol verməmişdir. Lakin xx.xx.2023cü il tarixində müəssisədə oğurluq hadisəsi baş verdi və araşdırma aparıldı. Sonda məlum oldu ki, onun hər hansı günahı olmamışdır. xx.xx.2023-cü il tarixdən də müdriyyət işə çıxmamasını bildirdi. Bir ay müddət keçmədi ki, o, cavabdehin rəhbəri ilə əlaqə saxlayaraq işə gəlib-gəlməyəcəyini, gəlməyəcəksə özünə iş axtarmaq məcburiyyətində olduğunu bildirdi. Cavabdehin rəhbərliyi hadisə ilə bağlı araşdırmanın sonunu gözləməsini bildirdi, o isə işə ehtiyacı olduğunu ona deyəndə narahat olmamasını, haqlı olarsa bütün ayların əmək haqqını verəcəyini bildirdi. 2023-cü ilin sonunda o, artıq gördü ki, cavabdehin rəhbərliyi onu nə işə çağırır, nə də ki əmək haqqı verir. 2024-cü ilin əvvəlində ona iş təklifi gəldi və o, müqavilə bağlayan zaman bildirdilər ki, onun qüvvədə olan əmək müqaviləsi var. O, dərhal cavabdehin müdiriyyəti ilə əlaqə saxlamış və işdən çıxarılmasını xahiş etmişdir. Bu zaman cavabdehin rəhbəri onu işdən çıxarmayacağını və əgər 1000 manat pul gətirib versə işdən çıxaracağını bildirdi. O, bununla razılaşmadı və işdən çıxarılması və əmək haqqının ödənilməsi barədə cavabdehin qanunsuz əməlinə qiymət verilməsi barədə Azərbaycan Respublikası ƏƏSMN yanında X3 Xidmətinə ərizə ilə müraciət etdi. Cavabdehlə aralarında olan müqavilə üzrə əmək haqqı 800 manat olmuşdur. Azərbaycan Respublikası ƏƏSMN yanında X3 Xidmətinə müraciəti əsasında da müəyyən olundu ki, onun özündən xəbərsiz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qanunsuz olaraq işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli 142 nömrəli əmr çıxarılmış, son haqq-hesab ödənişi verilməmişdir. Eyni zamanda da cavabdehin qanunsuz əməlinə qiymət verilərək xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək bu bu Məcəllənin 192.4-cü maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cavabdehin qanunsuz hərəkəti səbəbindən artıq o, hara müraciət etsə də işə götürmürlər və o, ailəsini dolandıra bilmir. Bu günə kimi də o, işə düzəlib əmək haqqı ala bilmir. Bu da o deməkdir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində o, bu günə kimi hər ay 800 manat və daha çox puldan məhrum olmuşdur. Hesab edir ki, cavabdeh bunların hamsını ödəməlidir. Bu səbəbdən də o, məhkəmədən kənar məsələnin həlli üçün mediasiya təşkilatına müraciət etdi və cavabdeh mediasiya təşkilatına gəlmədi. Hazırda da o, əmək hüquqları pozulduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. İş materialından və cavabdehin üçüncü şəxsə verdiyi izahatdan da məlum olmuşdur ki, cavabdeh o, oktyabr ayından onların işə gəlməməsi barədə bildirişindən sonra işə gəlməmiş, müqavilənin müddəti isə xx.xx.2023cü il tarixdə bitir və o, işə gəlməyə-gəlməyə müqaviləyə xitam vermirlər, lakin o, şikayət edəndən sonra Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qanunsuz olaraq onun işdən çıxarılması barədə xx.xx.2024-cü il tarixli 142 nömrəli əmr çıxarılmışlar. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin qanunsuz hərəkəti səbəbindən o, işlə bağlı müraciət etsə də əsas sınaqlardan keçmiş, lakin cavabdehin qanunsuz hərəkəti nəticəsində adı işdə getdiyindən və daha sonra əmək müqaviləsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması qeyd edildiyindən onu işə götürməmişlər. Hazırda isə o, 2024-cü ilin iyun ayının 20-dən sonra çətinliklə də olsa "xxxx" Mağazalar şəbəkəsində işə düzəlmişdir. Belə olan halda cavabdeh qanunsuz hərəkəti nəticəsində ona əmək müqaviləsinə xitam verildiyi tarixə, yəni 20 yanvar 2024-cü il tarixə kimi hər ay 800 manat olmaqla 4ay x 800=3200 manat son haqq-hesab hesablanaraq ödəməlidir. Eyni zamanda da cavabdehin qanunsuz əməli nəticəsində işdən çıxarıldığı 20 yanvar 2024-cü il tarixdən 2024-cü ilin iyun ayının 20-nə kimi işləmədiyi dövrlər üçun hər ay 800 manatdan olmaqla 5 ay müddətinə (5ay x 800=4000 manat) dəymiş ziyanı ödəməlidir. Qeyd olunanlara əsasən cavabdeh “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialının aralarında bağlanmış xx.xx.2023-cü il tarixli “Əmək müqaviləsi”nə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 142 nömrəli əmrin ləğv edilməsi, cavabdeh “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialının aralarında bağlanmış xx.xx.2023-cü il tarixli “Əmək müqaviləsi”nin Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin b-nə uyğun olaraq xx.xx.2024-cü il tarixdən əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilməsi barədə əmrin verilməsi və bu barədə qeydlərin cavabdeh tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verildiyi tarixə, yəni 19 yanvar 2024-cü il tarixə kimi hər ay 800 manat olmaqla 4 ay x 800=3200 manat və son haqqhesabın hesablanaraq ona ödənilməsi, cavabdehin qanunsuz əməli nəticəsində işdən çıxarıldığı 19 yanvar 2024-cü il tarixdən 2024-cü ilin iyun ayının 20-nə kimi işləmədiyi dövrlər üçün hər ay 800 manatdan olmaqla 5 ay müddətinə (5ay x 800=4000 manat) dəymiş ziyanın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədi və izahatında bildirmişdir ki, İddiaçı anbarda işləyərkən təhvil-təslim aktını qəbul etməmiş, iddiaçı həmin akt olmadan niyə işə başlamışdır sualına cavab verə bilmir, onun barəsində olan materiallar prokurorluğa göndərilmiş, orda belə bir epizod var ki anbardan mal götürülmüş, həmin malın pulu iddiaçının kartına vurulmuşdur. Rəhbərlik də bunu belə qiymətləndirir ki, bu pul iddiaçı tərəfindən mənimsənilmişdir. Ehtimal olunur. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - işçi ilə bağlanmış əmək müqaviləsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.2023cü il tarixli əmək müqaviləsi əsasında “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialına aylıq 370 manat əmək haqqı ilə anbardar vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2023-cü il müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ““X4 Və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən X3 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş sənədlərdə Sizin xx.xx.2023-cü il tarixindən etibarən üzrlü səbəb olmadan işə gəlmədiyiniz məlum olmuşdur. Lakin əmək müqavilənizə xitam verilməsi barədə sənədlər tam təqdim edilmədiyindən əmək müqavilənizə qanunverciliyə uyğun olaraq xitam verilib-verilmədiyinə münasibət bildirilməsi mümkün olmamışdır. Bildiririk ki, tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sizinlə “X4 Və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının işəgötürəni arasında xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanmasına dair bildirişin xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən qüvvədən düşdüyü məlum olmuşdur. Eyni zamanda təqdim etmiş olduğunuz bank çıxarışına əsasən və tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən Sizə son haqq-hesabınızın ödənilmədiyi məlum olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulduğundan “X4 Və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək bu Məcəllənin 192.4-cü maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Məlumat üçün bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır”. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı "xxxx" MMC-də idarə qulluqçusu vəzifəsində işləyir və aylıq əmək haqqı 727 manat təşkil edir. - "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2023xx.xx.2024-cü illərdə İddiaçı kart hesabına pul mədaxil olunmamışdır. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli MŞB/2-00480 nömrəli arayışdan görünür ki, “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərci ödəmişdir. - “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru X1 142 saylı xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, mağaza bölməsində anbardar vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmiş, işçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 7 məzuniyyət gününün, son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilmişdir. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırkı mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru X1 142 saylı, xx.xx.2024-cü il tarixli əmrinin qanuniliyi yoxlanılmalıdır. Yuxarıda göstərildiyi kimi, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin aşağıda göstərilən tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad və sübut təqdim etməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, mübahisələnirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Göründüyü kimi, əmək intizamını pozmuş işçinin intizam tənbehi tətbiq edilməsindən sonra əgər işçi ona həvalə olunmuş əmək vəzifələrini öz təqsiri üzündən icra etməməsini və ya lazımınca icra etməməsini davam etdirirsə, bundan sonra işçinin işdən çıxarılmasına yol verilə bilərdi. Lakin iddiaçının barəsində birbaşa ən ciddi tənbeh növü, yəni əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin «ç» bəndi tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Beləliklə, “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru X1 142 saylı xx.xx.2024-cü il tarixli əmri əmək qanunvericiliyinin tələblərinə uyğun verilmədiyindən iddiaçının əmək müqaviləsinə əsassız olaraq xitam verilmişdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsi barədə “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru X1 142 saylı xx.xx.2024-cü il tarixli əmri ləğv edilməlidir. Məhkəmə, iddiaçı ilə cavabdeh “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Əmək müqaviləsi”nə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin “b” bəndinə uyğun olaraq xx.xx.2024cü il tarixdən xitam verilməsi barədə əmrin verilməsi və bu barədə qeydlərin cavabdeh tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hissəsində iddia tələbini əsassız hesab edir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsi tərəflər arasında sərbəst bağlandığı kimi, əmək müqaviləsinə hansı əsasla xitam verilməsi də tərəflərin təşəbbüsü və qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları göstərilmişdir. Həmin əsaslar aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Bundan başqa, əmək müqaviləsinə xitam verilməsi işəgötürənin səlahiyyətlərinə aid olmaqla, onun əsaslandırılmış əmri (sərəncamı və qərarı) ilə rəsmiləşdirilir və həmin əmr işəgötürən tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilir. Belə olan halda, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə əmrin verilməsi, həmin əmrin cavabdeh tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hissəsində iddiaçının tələbi əsassızdır. Məhkəmə, son haqq-hesabın hesablanaraq ödənilməsi hissəsində də iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Hazırkı iş üzrə məhkəmə tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilməsi barədə “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru X1 142 saylı xx.xx.2024-cü il tarixli əmri ləğv edildiyindən, iddiaçıya son haqq-hesab da əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh tərəfindən yeni əmr verildikdən sonra ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçıya işlədiyi dövr üçün əmək haqqı hesablanıb ödənilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı əmək müqaviləsinin bağlandığı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialında işləyərək əmək funksiyalarını icra etmiş, lakin bu müddət üçün ona əmək haqqı ödənilməmişdir. Məhkəmə, iddiaçının əmək haqqının rəsmi olaraq 370 manat olmasını nəzərə alaraq hesab edir ki, ona işlədiyi 18 gün (xx.xx.2023-xx.xx.2023) gün üçün əmək haqqı (370:30.4x18) hesablanaraq ödənilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iddiaçı aylıq əmək haqqının 800 manat olduğunu bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, işdə olan əmək müqaviləsi məlumatlarında əmək haqqının 370 manat olduğu müəyyən edilmişdir. Məhkəmə, cavabdehin qanunsuz əməli nəticəsində ona dəymiş ziyanın ödənilməsi hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçıya zərər cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində vurulsun, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olsun və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı işdə iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddətdə cavabdehin qanunsuz əməli nəticəsində işləyə bilməməsi, işə qəbul edilməməsinə məhz cavabdehin mübahisələndirilən əmrinin səbəb olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Odur ki, iddia tələbi dəymiş ziyanın ödənilməsi hissəsində də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru X1 142 saylı xx.xx.2024-cü il tarixli əmri ləğv edilməli, “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialından əmək haqqı 370 manat olmaqla 18 gün üçün əmək haqqı (370:30.4x18) hesablanaraq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməli, “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialından 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialının direktoru X1 142 saylı xx.xx.2024-cü il tarixli əmri ləğv edilsin. “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialından əmək haqqı 370 manat olmaqla 18 gün üçün əmək haqqı (370:30.4x18) hesablanaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. “X4 və Dış Ticaret Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialından 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-4682/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4682/2024
10.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver