Məhkəmə qərarları › İş №2(008)-4688/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4688/2024

02.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4688/2024 02.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1973-cü il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X6 ilə 29 iyun 2006-cı ildə ailə-nikah münasibətlərinə daxil olmuşdur. xx.xx.2006-cı il tarixdə aralarında rəsmi olaraq nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2006 ilin 06 ayının 29 günündə 725 nömrə ilə qeyd edilmişdir. Ailə-nikah münasibətlərindən 2008-ci il təvəllüdlü Rəhmanova Xədicə, 2010-cu il təvəllüdlü Rəhmanova Leyla adlı övladları dünyaya gəlmişdir. 25 noyabr 2023-cü il tarixdə əri X2 vəziyyəti ağırlaşdığı üçün onu “İstanbul NS” klinikasına aparmışlar. Həmin klinikada ağır vəziyyətdə nəcisdə qan olması, huşun soporoz olması şikayətləri olub və xəstəyə aparılan laborator analizlər nəticəsində qaraciyər sirrozu, qaraciyər çatışmazlığı diaqnozu qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə xəstənin ümumi halının ağır olduğu haqqında onlara məlumat verilmiş və iltizamnamə yazaraq xəstəni evə aparmışlar. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən müalicə həkimi B.Məmmədovun və direktor A.Nəsirovun imzaları və müəssisənin möhürü ilə təsdiqlənən № 2 M/A 2666 tibbi arayış ona təqdim edilmişdir. 06 dekabr 2023-cü il tarixdə yoldaşının vəziyyətinin kəskinləşdiyini görüb təcili yardım çağırmışlar. Təcili yardım gəlib artıq yoldaşının öldüyünü bildirmiş və ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişlər. Təcili və X10 Stansiyası tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş xəbərdarlıq vərəqəsindən görünür ki, 06 dekabr 2023-cü il tarixdə saat 13:00 dəqiqədə təcili yardım gəlmiş, həkimə qədər kişi cinsinə mənsub meyid olduğu barədə qeyd aparılmışdır. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün poliklinikaya müraciət etmişdir. Poliklinakadan ona şəhadətnamə verə bilməyəcəklərini, məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Mövcud sənədlərlə ölüm haqqında şəhadətnamənin verilməsi üçün 4 saylı Bakı Asan Xidmət X8 müraciət etsə də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirdi. Daha sonra Ərizəçi məhkəməyə ərizə təqdim edərək, xx.xx.1973-cü il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X14 ifadəsində bildirmişdir ki, ərizəçi ilə üzbəüz qonşudurlar. O, işləyir, hadisədən axşam saatlarında işdən gələndə xəbəri olmuşdur. Mərhumun qaraciyər xəstəsi olduğunu bilirdi. Həmin gün günorta saatlarında ölüb. Bütün qonşular kimi o da başsağlığına getmişdir. Bütün yas mərasimlərində yox, sadəcə üç günündə və 6 dekabr tarixində yas mərasimində iştirak etmişdir. Mərhum 2023-cü ildə vəfat edib. Xəstəxanada təxminən 10 gün qalmışdır. 6 dekabrda dəfn mərasimi olmuş, orada da iştirak etmişdir, amma dəfnin harda olduğunu bilmir, çünki həmin gün axşam saatlarında işdən çıxandan sonra Gülnarəgilə getmişdir. Məhkəmə iclasında şahid X15 ifadəsində bildirmişdir ki, o, Maştağa qəsəbəsində yaşayır. O, daha çox Gülnarə xanımın mərhum həyat yoldaşını tanıyırdı, özünü isə 2-3 dəfə görmüşdür. Mərhumun adını dəqiq bilmir. İşləyir, evdən səhər çıxıb axşam qayıdır. Taksi sürücüsü kimi işləyir, günorta istirahət vaxtı olanda mərhumun öldüyünü eşitmiş, həmin vaxt ərizəçigilə getmişdir. Orada mərhumun xəstəliyinə görə öldüyünü danışırdılar. Hansı xəstəliyinə görə öldüyünü isə bilmir. Təcili yardımın çağırılıb-çağırılmadığını bilmir. Dəfndə iştirak etməmiş, sadəcə yas mərasimində və qırx mərasimində iştirak etmişdir. Mərhumun keçən ilin, yəni 2023-cü ilin dekabrında öldüyünü xatırlayır, amma dəqiq gün yadında deyil. Məhkəmə iclasında şahid X12 ifadəsində bildirmişdir ki, Gülnarə xanımın mərhum yoldaşı atası ilə əmioğludur, uzaq qohumdurlar, həm də onlarla üzbəüz qonşudur. Mərhumu həmişə Hüseynbala kimi tanımışdır. Mərhum xəstəliyi ilə bağlı xəstəxanada müalicə alırdı. 11 gün xəstəxanada onun ziyarətinə getmişdir. Ciyərlərində problemlər vardı. Yoldaşı mərhumun evdə canını tapşırması üçün evə gətirilməsini istədiyindən xəstəni aparatları ilə birgə evə gətirmişlər. Həkimlər özləri də mərhumun ölümü üçün son 30-35 dəqiqəsi qaldığını demişdilər, elə də oldu. Mərhum 2023-cü ilin 6 dekabrında günorta saatlarında ölüb. Evə gətirdikləri vaxtdan 35 dəqiqə sonra öldü, yenə təcili yardım çağırdılar, xəstə artıq ölmüşdü, onlara yazılı sənəd verdilər. Mərhumun dəfnində də iştirak etmişdir. Mərhumu Seyidlər qəbirstanlığı tərəfdə dəfn ediblər. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 15359215 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. - AZ-İ seriyalı 245380 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X3 xx.xx.2006-cı il tarixdə nikahlarını bağlamışlar, nikah bağlanandan sonra arvada Rəhmanova soyadı verilmişdir. - İstanbul NS klinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tibbi arayışdan görünür ki, 1973-cü il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə yaxınları tərəfindən ağır vəziyyətdə klinikaya gətirilmiş, aparılan laborator analizlər nəticəsində xəstəyə qaraciyər sirrozu, qaraciyət çatışmazlığı diaqnozu qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə xəstənin ümumi halının ağır olması haqqında yaxınlarına məlumat verilmiş, xəstənin yaxınları iltizamnamə yazaraq xəstəni evə aparmışlar. - Təcili və X10 Stansiyasının xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X6 TTTY gələnə qədər ölmüşdür. - AZ-İİİ seriyalı 605755 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə doğulmuşdur, atası X6, anası Ərizəçidır. - AZ-İİİ seriyalı 605756 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə doğulmuşdur, atası X6, anası Ərizəçidır. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/8-15-561/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması barədə aidiyyəti üzrə müraciət etməli olması ərizəçiyə izah edilmişdir. - X20 Əkbər məscidi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X1 rayonu Maştağa qəsəbəsi İİ keçənlər qəbirstanlığında dəfn edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - 21 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 247 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 1973-cü il təvəllüdlü X2 poliklinikaya heç bir xəstəliklə müraciəti olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsi poliklinikanın səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X2 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1973-cü il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar