Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4761/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X20 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsinə, həmin mənzildə yaşamasına maneə olan cavabdeh və digər şəxslər tərəfindən yaradılan bütün maneələrin və komunallardan istifadə üçün maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2023-cü ildə mərhum yoldaşı X2 qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel küçəsində yerləşən və X1 yaşadığı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2004-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və Bakı şəhəri, Sabunçu rayonu, 26 Bakı Komissarı küçəsində yerləşən 8 a nömrəli binaya gəlin köçmüşdür. 2019-cu ilin iyul ayında yaşadıqları bina plana düşdüyündən, mərhum yoldaşına 117980 manat məbləğində kompensasiya verilmiş və onlar binanı tərk edərək verilmiş pulun 58000 manatına hazırki mübahisəli fərdi yaşayış evini alaraq ora köçmüşlər. O, bütün əmlakları həmin evə daşınmış, lakin sonradan mərhum yoldaşı ona bu evdə yaşamağa rahatlıq verməmiş, onu incitmiş və hədə-qorxu gələrək evdən çıxarmışdır. Məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı ilə aralarında olan nikahın pozulmasını və plana düşən evdən 1/2 konpensassiya hissəsinin həyat yoldaşından alınaraq ona verilməsini xahiş etmiş və məhkəmənin qətnaməsi ilə nikah pozulmuş, lakin digər iddia tələbi Sabunçu Rayon Məhkəməsinin 2(008)-6215/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1666/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-6215/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1666/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsində, ünvan 1ünvanında yerləşən 6 nömrəli mənzil cavabdehin vəsaiti hesabına alınmış və onun istifadə hüququ məhkəmə aktı ilə 1994-cü il ildə yaranmışdır. Bu halda iddiaçıya cavabdehlə bərabər imkanların tanınması cavabdehin hüquqları ilə yanaşı həmin evdə qeydiyyatda olan və yaşayan digər şəxslərin də hüquqlarını pozulması ilə nəticələnə biləcəyi, lakin iddiaçının hazırkı halda qəzalı vəziyyətdə olan binanın sökülməsi müqabilində cavabdehə verilən vəsait ilə alınan Sabunçu qəsəbəsi 2 aprel küçəsində yerləşən və hüququ statusuna görə özbaşına tikili sayılan evə cavabdehlə birlikdə köçüb birlikdə yaşadığından, həmçinin cavabdehində etirazı olmadığından iddiaçının həmin evə köçürülməsini tələb etmək hüququ mövcuddur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2636/2023 nömrəli, 05.07,2023-cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1666/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sora Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6340/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsinə əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel ünvanında yerləşən özbaşına tikiliyə köçürülmüşdür. Beləliklə, həmin qətnamənin icrası Sabunçu Rayon İcra Şöbəsinin icra məmuruna həvalə edilmişdir. xx.xx.2024-cü il tarixli Akt əsasında Sabunçu Rayon Məhkəməsinin 2(008)-6340/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnamənin icrası təmin edilərək, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel ünvanında yerləşən özbaşına tikiliyə köçürülmüşdür. Lakin bir müddət sonra xx.xx.2024-cü il tarixində X7 vəfat etdiyindən, həmin evin həyətindəki tikilidə yaşayan Cavabdeh Xanəli oğlu onun evdə yaşamağına imkan verməmiş və onu həmin evdən çıxartmışdır. O, yenidən evə köçürülmək üçün Sabunçu Rayon İcra şöbəsinə müraciət etsə də, Sabunçu İcra şöbəsindən Sabunçu Rayon Məhkəməsinin (008)-6340/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə cavabdeh mərhum X7 olduğundan, hazırda həmin şəxs vəfat etdiyindən, həmin işin icrasının tərəflərindən mümkün olmayacağı bildirilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ona qarşı “İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsinə, həmin mənzildə yaşamasına və komunallardan istifadə üçün cavabdeh və digər şəxslər tərəfindən yaradılan bütün maneələrin aradan qaldırılmasına dair” iddia tələblinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsinə, həmin mənzildə yaşamasına Cavabdeh, X10, X8 və X12 tərəfindən yaradılan bütün maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblərdən (atasının il dönümü olduğundan) məhkəmə prosesində iştirak edə bilməcəyəni bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. 09 iyul 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X10 izahatında mübahisə gedən evin birgə vəsait hesabına alınmadığını, qayınatası X1 əvvəlki evinin əvəzinə verilən kompensasiyanın hesabına alındığını, qaynı Mehtiyev Mehdi xəstə olduğu üçün həmin həyətdə olan balaca otağa köçürtdüklərini, lakin X5 orda yaşamasını istəmədiyini, iddiaçının həmin evdə yaşamasına etiraz etmədiklərini, lakin hər dəfə evdə dava-dalaş saldığını, əşyalarının həmin evdə olduğunu, evin açarların O.Mehtyevada olduğundan qapını bağlamamasını və kommunaldan istifadəyə də heç bir maneə yaratmadıqlarını bildirmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə olunan İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 və X11 arasında nikah xx.xx.2004-cü ildə İsmayıllı rayon Topçu kənd İcra Nümayəndəliyi tərəfindən 09 nömrəli akt qeydi ilə qeyd olunmuşdur. Nikahdan sonra ərə Mehtiyev, arvada Mehtiyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsini e-2(008)- 6340/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel ünvanında yerləşən özbaşına tikiliyə köçürülmüşdür. İş materiallarına əlavə olunan 5 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 463637 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 08 ayının 27 günündə 799 nömrə ilə qeyd edilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İddiaçı Ofeliya Mehtiyevanın mübahisəli evə mülkiyyət hüququ olmasa da, onun həmin evdən istifadə etmək kimi əmlak hüquqları mövcuddur. İstinad olunan qanunun mənasından göründüyü kimi mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilir. Hazırki halda Ofeliya Mehtiyevanın hüquqlarının Cavabdeh, X10, X8 və X12 tərəfindən tərəfindən pozulmasının qarşısı alınmalıdır. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsini e- 2(008)-6340/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel ünvanında yerləşən özbaşına tikiliyə köçürülmüşdür Həmçinin, işdə olan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel ünvanında yerləşən ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və özbaşına tikilidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisə predmet olan yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, bir iqtisadi dəyər kimi uzun müddətdir ki, mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsində Ofeliya Mehtiyevanın Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel ünvanında yerləşən evə köçüb yaşamasına, orda yaşamasına etiraz edilsə də, məhkəmə bu barədə qeyd edir ki, iddiaçı Ofeliya Mehtiyevanın özbaşına tikiliyə köçürülməsi barədə məhkəmə qətnaməsi olduğu halda cavabdeh və digər şəxslərin sözügedən özbaşına tikiliyə münasibətdə hansı subyektiv hüquqa malik olmaları barədə heç bir sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 180.1-ci maddəsinə müvafiq olaraq, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. İşin araşdırılan hallarından göründüyü kimi iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6340/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsi mövcud olduğu halda, Cavabdeh, X10, X8 və X12 tərəfindən onun Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel ünvanında yerləşən özbaşına tikiliyə köçüb yaşamasına, kommunaldan istifadəsinə və digər maneələr yaradılması ilə bağlı heç bir hüquqi sənəd təqdim edilməmişdir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel ünvanında yerləşən özbaşına tikiliyə köçərək, yaşamasına Cavabdeh, X10, X8 və X12 tərəfindən yaradılan bütün maneələrin, kommunaldan istifadəsinə və istifadəsinə yaradılan bütün məhdudiyyətlər aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Eyni zamanda məhkəmə bir halı da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında Ofeliya Mehtiyevanın cavabdeh X4 qarşı Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsi barədə Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəsini almış və icraya yönəldilmiş qətnaməsi mövcutdur. İcra Haqqında Azərbaycan Respublikası Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Göründüyü kimi xx.xx.2024-cü il tarixdə X9 vəfat etsə də, qeyd olunan Sabunçu Rayon Məhkəməsinin 2(008)-6340/2023-cü il nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Ofeliya Mehtiyevanın həmin özbaşına tikiliyə köçürülməsi barədə olan məhkəmə qətnaməsi onun vərəsələri üçün də məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, 2 Aprel ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsinə, həmin mənzildə yaşamasına, komunallardan və həmin mənzildən istifadəsinə Cavabdeh, X10, X8 və X12 tərəfindən yaradılan bütün maneələr aradan qaldırılsın. 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4761/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4761/2025
14.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver