Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-477/2024 11.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız borcun silinməsi və maddi ziyanın əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən əsassız hesablanmış 824 manat cərimə borcunun silinməsi və cavabdehdən ona dəymiş maddi ziyana görə 1000 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən fərdi yaşayış evinə sonuncu dəfə keçən ay gedib 10 gün qalmışdır. Valideynlərinin vəfatından əvvəl onların xəstəlikləri ilə əlaqədar baxıma ehtiyacları olduqları üçün onlarla birlikdə başqa ünvanda yaşamışdır. 3 il olar ki, sözügedən ünvanda ümumiyyətlə yaşamamışdır. Buna qonşular da şahiddir. Lakin həmin evdə olan işıq sayğacından istifadəyə görə "xxxx" ASC tərəfindən əsassız olaraq 824 manat məbləğində cərimə borcu yazılmışdır. Bu barədə sayğacın şitinin daxilinə qoyulmuş qəbzdən məlum olmuşdur. Yaranmış borca görə "xxxx" ASC-yə müraciət etmiş, yalnız müraciətdən sonra tərtib edilmiş xx.xx.2023-cü il tarixli 033517 saylı akt təqdim edilmişdir. Həmin akta əsasən EEİQ-na uyğun el sayğacına baxış keçirilən zaman el sayğacından giriş xəttinin (A) fazası və (-0) xəttlərinin yerinin dəyişdirilərək kənar mənbədən (-0) xətti götürməklə el sayğacını sxemdən kənarlaşdırıldığı, abonentin evinin sayğacdan kənar enerji ilə qidalandırıldığı aşkar edilmişdir. Lakin əksinə olaraq "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə edilmiş, nəticədə ona ziyan dəymişdir. Belə ki, əməkdaşlar tərəfindən sayğaca müdaxilə olunaraq, fazalı cərəyanı dəyişdirmişlər. Çünki 3 fazalı sayğaclarda “0” fazanın yerini dəyişəndə, onun istifadəsi qeyri-mümkün olur, bu qaydada istifadə olunduqda bütün texniki alətlər sıradan çıxır. Bu qaydanı yalnız 2 fazalı sayğaclarda tətbiq etmək mümkündür. Əməkdaşlar tərəfindən bu qaydaya əməl olunmamış, nəticədə onun 1 ədəd kondisionerinin motoru, evin lampaları, adaptorlar, paltaryuyan maşının, soyuducunun motorları, motor içəri fon vintilyatorlu yanmışdır. Sözügedən texnikaların təmiri üçün 1000 manat xərc çəkmişdir. Bundan başqa, "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərkən ona heç bir məlumat verilməmiş, onun iştirakı təmin edilməmiş, bu barədə aktda heç bir qeyd yazılmamışdır. Bir vətəndaş kimi hüquqları kobud şəkildə pozulmuşdur. Həm onun xəbəri olmadan sayğaca müdaxilə edilmiş, orada yaşamadığı, 3 il ərzində cəmi bir neçə gün qaldığı halda, kənar mənbədən xətt götürdüyünü qeyd edərək əsassız və qanunsuz akt tərtib edilmişdir. Həmin yerə 3 ədəd yanbayan sayğac quraşdırıldığı halda, bu akt tərtib edildiyi zamanlarda qonşunun sayğacı çıxardılaraq başqa yerə, yəni qonşunun yaşayış evinin yanına quraşdırılmışdır. Onun öz sayğacına müdaxilə etməyi, müdaxilə etmək üçün isə işıq dirəyinə çıxmağı qeyri-mümkündür. O, heç bir pozuntuya yol verməmiş, tərəfindən kənar mənbədən heç bir xətt çəkilməmişdir. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinə qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçıya məxsus ünvana quraşdırılmış elektrik sayğacına "xxxx" ASC-nin əməkdaşlar tərəfindən baxış keçirilmiş, sayğaca müdaxilə olunduğu aşkar edilmiş və bu fakt aktlaşdırılmışdır. Digər tərəfdən, sözügedən akt üzrə 822,89 manat cərimə hesablandığı halda, iddiaçı 824 manat borcun silinməsini tələb edir. Nümayəndə qeyd olunanlara əsasən, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, abonent İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ünvanında (**********10065 abonent kodu üzrə) evə baxış keçirilmiş və müəyyən edilmişdir ki, el sayğacından giriş xəttinin (A) fazası və (-0) xəttlərinin yerinin dəyişdirilərək kənar mənbədən (-0) xətti götürməklə el sayğacını sxemdən kənarlaşdırıldığı, abonentin evinin sayğacdan kənar enerji ilə qidalandırıldığı aşkar edilmişdir. İş materiallarında **********10065 abonent kodu olan İddiaçı adına abunə haqqından görünür kü, bağlanan aktlar əsasında xx.xx.2023-cü il tarixdə abonentə cəmi 822,89 manat məbləğində borc hesablanmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.33-cü bəndinə görə, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Lakin iş materiallarından görünür ki, həmin akt iddiaçı və hal şahidləri tərəfindən imzalanmamış, abonent (iddiaçı) tərəfindən imzalamaqdan imtina edilməsi barədə hər hansı qeyd aparılmamış, yalnız "xxxx" ASC-nin nümayəndələri tərəfindən imzalanmışdır. Eyni zamanda, iddiaçının həmin aktla bağlı məlumatının olmasını təsdiq edən hər hansı sənəd iş materiallarında aşkar edilməmişdir. Hazırkı iş materiallarından görünür ki, **********10065 abonent kodu olan İddiaçı adına abunə haqqında məlumatdan görünür ki, tərtib edilmiş akt əsasında xx.xx.2023-cü il tarixdə abonentə cəmi 822,89 manat məbləğində borc məbləği hesablansa da, akt tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olunub-olunmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Həmin aktlar itirilmiş enerjinin dəyərinin hesablanması barədə borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Abonent barəsində tərtib olunmuş akt məhz iddiaçının sayğaca müdaxilə etdiyini bilavasitə təsdiq etmir. Çünki bu akt yalnız cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İddiaçının təqdim etdiyi aktdan görünür ki, o, qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktların bir surəti təqdim olunmamış və ya göndərilməmişdir. Məhkəmə hesab edir ki, "xxxx" ASC tərəfindən **********10065 nömrəli abonent koduna tərtib edilmiş aktlar əsasında hesablanmış zərər məbləği iddiaçıdan tələb edilə bilməz. Ona görə də, iddia tələbi akt əsasında hesablanmış borcun silinməsi hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin dəymiş maddi ziyanın ödənilməsi hissəsini məhkəmə aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1132-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərər üçün məsuliyyət halında sübutetmə yükü zərərçəkənin öhdəsinə qoyulur. İddia tələbində dəymiş maddi ziyana görə 1000 manat məbləğində pulun tutulması cavabdehdən tələb olunsa da, bunu təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir, belə olan halda iddia tələbi həmin hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1.000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən **********10065 nömrəli abonent kodu olan İddiaçıdan elektrik sərfiyyatına görə tələb olunan 822,89 (səkkiz yüz iyirmi iki manat, səksən doqquz qəpik) manat məbləğində cərimənin silinməsi vəzifəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-477/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-477/2024
11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver