Məhkəmə qərarları › İş №2(008)-4778/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4778/2022

19.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4778/2022 19.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi X3, Cavabdehlər Cavabdeh1 və X4 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh1 və X7 qarşı mənzildən çıxarılma və mənzilin təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Cavabdeh1 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, X4, qeyrilərinin və onlara məxsus əşyaların Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi “810 ailəlik” qəsəbədə bina 6-da yerləşən 41 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ» təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin (bundan sonra - Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlərə verilmiş mənzillərdə müqavilədə adı keçməyən şəxslər qeyri qanuni yolla yaşayır. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 12 yanvar 2022-ci il tarixli “6/41” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün X12 3 (üç) nəfərdən ibarət ailə üzvləri ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış “810 ailəlik” qəsəbədə bina 6-da yerləşən 41 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Lakin sonradan cavabdeh şəxslər Cavabdeh1 və X13 15 yanvar 2022-ci il tarixində gecə saatlarında Kürdəxanı qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış “810 ailəlik" qəsəbədə bina 6-da yerləşən 41 nömrəli 2 otaqlı mənzili zəbt etmişlər. Departamentin MKİS-nin sahə rəisi tərəfindən 41 nömrəli mənzilin cavabdeh şəxslər Cavabdeh1 və X13 tərəfindən zəbt edilməsi müəyyən edildiyindən sonra sözügedən şəxslərlə mənzilin boşaldılıb təhvil verilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh şəxslər mənzilin təhvil verilməsindən və mənzili könüllü boşaltmaqdan imtina etmişlər. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ’nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qovmaqla və digər vasitələrlə evləri özqəninkiləsdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş vasavıs sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verməyərək, qeyd etdi ki, cavabdehlər adıçəkilən mənzilə müqavilə əsasında yeləşdirilmiş, lakin onlar həmin mənzildən təyinatı üzrə istifadə etməmişdilər. Belə ki, onlar həmin mənzili başqa şəxslərə kirayəyə vermişdilər. Bundan başqa, cavabdehlər həmin mənzildən köçmüşdülər, bu isə müqavilənin birtərəfli ləğvinə əsas verir. Xahiş edir, iddia təmin edilsin. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və X13 iddianı qəbul etməyərək, qeyd etdilər ki, onlar adıçəkilən mənzili zəbt etməyiblər, qanıni əsasla həmin mənzildə yaşayırlar. Belə ki, həmin mənzil əvvəl Cavabdeh1, Cavabdeh1 Beyləqan rayonunda hərbi xidmət də olduğundan sonradan X7 müqaivlə əsasında verilmişdir. Sadıqova Rəhiməyə xx.xx.2021-ci il tarixdə cərrahiyə əməliyatı aparılmış və o, xx.xx.2021ci il tarixdə evə yazılarkən əməldiyyatdan sonra ona qulluq lazım olduğundan bir müddət qaynanasının yanında qalmışdır. Onlar mənzili boşaltmamışdılar, bütün şyalar evin içində qalmışdır. Ele həmin zaman içində iddiaçı onlara məxsus mənzili X12 və ailəsinə vermişdir. İddiaçının əməkdaşları tərəfindən mənzili qıfılı sındırılmış və adı çəkilən ailə oraya yerləşdirilmişdir. Onlar evə qayıtdıqdan sonra hətta bir müddət həmin ailə ilə birlikdə yaşamışdılar, yəni cavabdehlər həmin ailəni qonaq etmişdilər. X2 ailəsi ilə birlikdə evin onlara məxsus olmadığını başa düşdüklərindən mənzili tərk etmişdilər. Hazırda cavabdehlər həmin mənzildə qanıni əsaslarla yaşayırlar. Cavabdeh X1 rayonuna ərinin yanına gedib gəldikdə bibisinin evində qalır, bibisinin oğlu isə Bakıya gələndə onların evində qalır. İddiaçının əməkdaşları tərfindən onlarda qonaq qalan bibisinin oğlu kirayəçi kimi qəbul edilərək akt tərtib edilmiş, halbuki bunu təsdiq edən hər-hansı bir sübut olmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti (sonradan – Departament) ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli “6/41” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Həminə müqaviləyə əsasən məcburi köçkün Cavabdeh1 2 nəfər ailə üzvi ilə birlikdə (X13 və X15) Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış krmpleksi, 6 nömrəli evdə, 41 №-li 2 otaqlı mənzil ilə təmin edilmişdir. Sonradan həmin müqavilə xx.xx.2020-ci il tarixdə X4 adına rəsmiləşdirilmiş, Cavabdeh1 ailə üzvü kimi qeyd edilmişdir. Cavabdehlərin izahatına əsasən Sadıqov X5 rayonunda hərbi xidmətlə olduğuna görə müqavilə X4 adına rəsmiləşdirilmişdir. Həmin müqavilələrdə nəzərdə tutulmuş üç halda müqavilə məhkəməyə müraciət edilmədən ləğv edilə bilər: 5.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə istənilən vaxt müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edilə bilər; 5.2-ci bəndinə əsasən kirayəçi istənilən vaxt müqaviləni ləğv edə bilər; 5.3-cü bəndinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. Həmin müqavilələrdə nəzərdə tutulmuş üç halda kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, kirayəverənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.7.1-ci maddəsinə əsasən kirayəçi və ailə üzvləri yaşayış sahəsindən fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2-ci bəndinə əsasən kirayəçi və ailə üzvləri yaşayış sahəsindən əsas yaşayış sahəsi kimi istifadə etmədikdə; 5.7.3-cü bəndinə əsasən kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına ayrıca yaşayış sahəsi əldə etdikdə. Eyni zamanda müqavilənin məhkəmə tərəfindən ləğv edilə bilməsinin digər ümumi halları da nəzərdə tutulmuşdur: 5.4.1-ci bəndinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; 5.4.3-cü bəndiə əsasən kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 5.4.4-cü bəndinə əsasən kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 5.4.5-ci bəndlərinə əsasən yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Sadıqova Rəhimə barəsində xx.xx.2021-ci il tarixdə cərrahiyə əməliyatı aicra olunmuş, o, xx.xx.2021-ci il tarixdə evə yazılmışdır (X21 tərəfindən verilmiş 2229/21-li xəstəlik tarixindən çıxarış – epikriz). Departament ilə X12 arasında xx.xx.2022-ci il tarixli “6/41” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Həminə müqaviləyə əsasən məcburi köçkün X12 3 nəfər ailə üzvləri ilə birlikdə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış “810 ailəlik” qəsəbədə bina 6-da yerləşən 41 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Yəni, Departament iddiaçılara verilən mənzil xx.xx.2022-ci il tarixdə X8 və ailəsinə verilmişdir. Hazırda mənzildə cavabdehlər yaşayır və iddiaçı Departament onların çıxarılmasını və mənzilin boşaldılaraq Departamentə təhvil verilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 99.7. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. 99.8. Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 100.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. 100.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 101.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir.

107. Məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydası qanunvericiliklə müəyyən edilir. Göründüyü kimi, Mənzil Məcəlləsinin tələblərinə əsasən kirayə verənin tələbi ilə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi yalnız məhkəmə yolu ilə mümkündür. Qaçqınkomun mövqeyinə görə cavabdeh və onun ailə üzvləri başqa evə köçmüş və mənzili kirayyə vermişdilər, bu əsasdan müqavilə ləğv edilmiş hesab olunmuşdur. Buna dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, «başqa yerə köçmə» kirayəçi tərəfindən könüllü şəkildə ailə üzvləri, əşyaları ilə birlikdə, kirayəni verəni məlumatlandırmaqla həmin mənzili qayıtmamaq şərtilə tamamilə boşaldıb kirayə verənə təhvil vermək deməkdir. İşin hallarından göründüyü kimi, cavabdeh həmin mənzili o niyyətlə tərk etməmiş, o, əşyalarını mənzildə qoyub müvəqqəti xəstəliyi ilə əlaqədar qaynanasının yanına getmişdir. Mənzilin kirayəyə verilməsinə dair isə məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında bağlanmış müqavilədə müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlərə nisbətdə müqavilənin ləğvinin xüsusi üç halı nəzərdə tutulmuş və hər bir halda müqavilənin ləğvinin kirayə verənin tələbi ilə yalnız məhkəmə qaydasında mümkünlüyü nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, hazırki mübahisədə Qaçkınkom müqaviləni birtərəfli ləğv edə və həmin mənzilə dair digər şəxslə müqavilə bağlaya bilməzdi. Bundan başqa, iddiaçı müqavilənin ləğvinə dair hər-hansı bir sənəd məhkəməyə təqdim etməmişdir. Evdə kimisə qonaq etmək başqasını həmin evə köçürmək kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, cavabdehlər adıçəkilən mənzildə qanun əsaslarla yaşadıqlarına görə, onlarla bağlanmış müqavilə məhkəmə yolu ilə ləğv edilmədiyinə görə onlar həmin mənzildən çıxardıla bilməzlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar