Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4782/2024 12.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə Ərizəçi "xx.xx.1952-ci il təvəllüdlü X2 xx.xx.2024-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi" haqqında ərizəsinə dair mülki iş üzrə əlavə qətnamənin çıxarılması barədə məsələyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı əlavə qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi "xx.xx.1952-ci il təvəllüdlü X2 xx.xx.2024-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. O, ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş, atası X3, anası X4r. O, xx.xx.2024-ci ildə X2 vəziyyətinin kəskinləşdiyini görüb təcili tibbi yardım çağırmış, lakin təcili tibbi yardım gələnədək anası artıq vəfat etmişdir. Təcili tibbi yardım tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. O, ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün 12 nömrəli şəhər poliklinikasına müraciət etdikdə, anası X2 həmin müəssisəyə hər hansı xəstəliklə bağlı müraciət etmədiyi üçün mərhumun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. O, 1 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsinə müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığı bildirilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4782/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, ərizə təmin edilmiş və xx.xx.1952-ci il təvəllüdlü X2 xx.xx.2024-cü ildə vəfat etməsi faktı müəyyən edilmişdir. Bundan sonra xx.xx.2024-cü ildə Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, həmin qətnamədə anası X2 vəfat etdiyi ünvanın da qətnaməyə əlavə olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında bildirdi ki, o, anasının vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəni məhkəməyə verdiyi zaman ərizədə anasının həm də ölüm yerinin yazılmalı olduğunu bilməmiş, sonradan qeydiyyat şöbəsində ona izah etmişlər ki, məhkəmənin qətnaməsində ölüm yeri də göstərilməlidir. Maraqlı şəxs Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi hazırkı məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş, lakin nümayəndəsinin iştirakını təmin etməmişdir. Ona görə də məsələyə onun iştirakı olmadan baxıldı. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə ərizəni əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1-ci maddəsinə əsasən, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa; 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Həmin Məcəllənin 229.2-ci maddəsinə görə, əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 229.3-cü maddəsinə əsasən, əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər. Bundan başqa, "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 15.3-cü bəndində deyilir ki, əlavə qətnamənin çıxarılması mülki mühakimə icraatının ümumi qaydalarına əsasən həyata keçirilir. Müəyyən edildi ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minməmişdir. Belə ki, qətnamə ərizəçiyə göndərilmiş və o, özünün bildirməsinə görə, qətnaməni almışdır. Lakin ərizəçinin qətnaməni aldığı tarix məhkəməyə bəlli olmadığına görə ərizəçinin qətnamədən şikayət verilməsi müddətinin başa çatıb-çatmaması məlum deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsində isə deyilir ki, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355- 22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 9.4-cü bəndinin birinci cümləsində deyilir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Məhkəmə qeyd edir ki, işə mahiyyəti üzrə baxılarkən toplanmış sübutlarla mərhum X2 Bakı şəhəri Yasamal rayonu Təbriz Xəlilbəyli küçəsi 27 nömrəli evdə vəfat etməsi təsdiq olunmuşdur. Lakin Ərizəçi anası X2 xx.xx.2024-cü ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsində mərhum anasının vəfat etdiyi şəraitin müəyyən olunmasını xahiş etmədiyinə görə məhkəmənin qətnaməsində bu göstərilməmişdir. Məhkəmə bu qənaətə gəldi ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının yuxarıda istinad olunan 9.4-cü bəndinə uyğun olaraq, qətnamədə ölümün hansı şəraitdə baş verməsi də göstərilməlidir. Belə olan halda, ərizəçi əlavə qətnamənin çıxarılmasını tələb etməkdə haqlıdır, bu səbəbdən onun ərizəsi təmin edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: Ərizəçi ərizəsi təmin edilsin və hazırkı mülki iş üzrə əlavə qətnamə çıxarılsın. xx.xx.1952-ci il təvəllüdlü X2 Bakı şəhəri Yasamal rayonu Təbriz Xəlilbəyli küçəsi 27 nömrəli evdə vəfat etməsi faktı müəyyən edilsin. Əlavə qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində əlavə qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X8.
Məhkəmə qərarları › İş №2(008)-4782/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(008)-4782/2024
12.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver