Məhkəmə qərarları › İş №2(008)-4888/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4888/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4888/2021 14.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili və nümayəndəsi X2, İddiaçı İddiaçınun Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ümumlikdə 21740 manat borc məbləğinin və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıdan 17.03.2019-cu il tarixdə 8000 manat məbləğində borc almışdır. Pulu 28.03.2019-cu il tarixdə qəytarmaq şərti ilə üzərində əlavə olaraq 300 manat pul verəcəyinə söz vermiş, lakin bu günə qədər pulu ona qaytarmamış, bununla da iddiaçıya xeyli ziyan vurmuşdur. İddiaçı lombard müdiridi, həmin pulu lombarda faizə versəydi xeyli gəlir əldə edə bilərdi. Belə k, həmin pulu aylıq 6 faiz dərəcəsi ilə kreditə versəydi hər ay əlavə olaraq 480 məbləğində pul qazanardı. Odur ki, 12000 manat (25 ay x 480 manat) da əlavə tutulmalıdır. Cavabdeh 8300 manat əsas borc, 12000 manat əldən çıxmış fayda və Mərkəzi bankın uçot dərəcəsinə görə əlavə 1440 manat, ümumilikdə 21740 manat məbləğində pul ödəməlidir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X3 idda ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır(sənədlər iş materialalrına əlavə edilmişdir). Cavabdehə aid şəxsiyyət vəsiqəsinin kserosurətində Cavabdeh tərəfindən İddiaçı girovsuz 17.03.2019-cu il tarixdə 8000 manatın alındığı, 28.03.2019-cu il tarixədək üstündə 300 manat əlavə veriləcəyi barədə əlyazma mövcuddur. Həmin əlyazma imza ilə təsdiq edilmişdir. Cavabdeh dəfələrlə məhkəməyə çağırılmış, lakin həmin halı təkzib etmək üçün nə iddia ərizəsinə etiraz vermiş, nə də məhkəməyə gəlmişdir. İddiaçı lombard fəaliyyəti ilə məşğul olan sahibkardır. Hazırda iddiaçı 8300 manatdan əlavə 12000 manat əldən çıxmış faydanı və Mərkəzi bankın uçot dərəcəsinə görə əlavə 1440 manat, ümumilikdə 21740 manat məbləğində pulun ona ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən təmin edilməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yazılı borc müqaviləsi bağlanmışdr. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsini, iddia ərizəsinə etirazın verməməsini iddianın etirafı kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Odur ki, məhkəmə hesab edir ki, iddia 8300 manat hissədə təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia 12000 manat əldən çıxmış faydanın və Mərkəzi bankın uçot dərəcəsinə görə əlavə 1440 manat pulun tutulması hissəsində rədd edilməlidir. Belə ki, həmin məbləğlər ehtimal əsasında hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin olunsun. 8300 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdeh Cavabdeh İddiaçınun xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar