Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4922/2025 16.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (arvadı) X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 2749,20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, onunla əsaslandırdı ki, İddiaçı onun əridir. O, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Həmin ünvanda abonent kodu **********00402 əri İddiaçı adınadır. Bu yaxınlarda abonent kodu üzrə adına yüksək məbləğdə borc yazılmasının şahidi olmuş və bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilmişdir. Ona təqdim edilmiş sənədlərə əsasən, əri barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020ci il tarixli ******* saylı akt, xx.xx.2020-ci il tarixli ******* saylı akt, xx.xx.2020-ci il tarixli ******* saylı akt, xx.xx.2021-ci il tarixli ******* saylı aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən guya mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır. Həmin aktlar əsasında dəymiş ziyanın hesablanması göstərilmişdir. Lakin həmin aktlarla razı deyillər. Çünki həmin aktlar tamamilə əsassızdır. Belə ki, yaşadığı evdə eyni həyətdə əlavə 4 sayğac mövcuddur və həyətdə yerləşən digər 3 fərdi yaşayış evinə də cavabdeh tərəfindən eyni məbləğdə borc - 2749,20 manat məbləğində borc yazılmışdır. Cavabdeh təbii qazdan qaz xəttindən qeyri-qanuni istifadə halını aşkar etmişdirsə, bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmalı idi. Çünki “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Həmin aktlar tərtib edilərkən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Cavabdeh tərəfindən zərər aktı tərtib etməsi şübhə doğurur və reallığa uyğun deyildir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Əvvəla bu aktlar məhz sayğacsız qeyri-qanuni təbii qazdan istifadəni bilavasitə təsdiq etmir. Çünki bu aktlar yalnız cavabeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Cavabdehin təqdim etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansıailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktların bir surəti təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Əgər həqiqətən qanunusuz qoşulma halı aşkar edilmişdirsə, deməli cavabdeh bilərəkdən qaz xəttini dayandırmamaqla, qanunsuzluğun davam etdirilməsinə rəvac vermişdir. Cavabdeh “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-1-ci maddəsinin tələblərinə uyğun olaraq, qanunsuz qoşulma halları aşkar etdiyi təqdirdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir. Göstərilənlərə əsasən, nümayəndə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına birliyin əməkdaşları tərəfindən baxış keçirilərkən kənar xəttə qoşulma faktları aşkar olunmuşdur. Bundan sonra “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib olunmuş və itirilmiş qazın dəyərinin hesablanması üçün dəymiş ziyanın hesablanmasına dair tələbnamə tərtib edilərək faktiki istehlak olunmuş, dəyəri ödənilməmiş cəmi 2749,2 manat dəyərində qaz sərfi müəyyən edilmişdir. Tərtib olunmuş həmin aktlar tamamilə əsaslıdır. Qanunsuz qoşulma halları olmasa idi, həmin aktlar tərtib olunmazdı. Həmçinin bildirir ki, 2016-cı ilədək tərəf normal qaydada ödənişlər etmiş, 2016-cı ildən sonra ayda 2-3 manat ödəniş etmişdir. Nümayəndə qeyd olunanları nəzərə alaraq, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında İddiaçı məxsus evə baxış keçirilərkən abonet kodu **********00402 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 20 gün, QSSQ-nin maksimal qaz sərfi 1,5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 20 gün, Radiatorun maksimal qaz sərfi 0,8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 20 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1680 m3 itki hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020ci il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında İddiaçı məxsus evə baxış keçirilərkən abonet kodu **********00402 olan abonentin qaz sayğacından kənar qeyriqanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 20 gün, QSSQ-nin maksimal qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 20 gün, dəmir sobanın maksimal qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 20 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1968 m3 itki hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020ci il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında İddiaçı məxsus evə baxış keçirilərkən abonet kodu **********00402 olan abonentin qaz sayğacından kənar qeyriqanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal qaz sərfi 1.15 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün , dəmir sobanın maksimal qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2952 m3 itki hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında İddiaçı məxsus evə baxış keçirilərkən abonet kodu **********00402 olan abonentin qaz sayğacından kənar qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicisindən PQ4-ün maksimal qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSSQ-nin maksimal qaz sərfi 2.25 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün dəmir sobanın maksimal qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 2952 m3 itki qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 13500 m3 itki hesablanmışdır. İş materiallarında olan abonent kodu **********00402 olan abonent saldosundan görünür ki, abonent İddiaçı aktlar üzrə 2020-ci ilə 1219,2 manat, 2021-ci ilə 1530 manat olmaqla, cəmi 2749,2 manat borc hesablanmış, abonentin ümumi borcu isə, 2900,55 manat təşkil edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). Tərtib olunmuş aktlarla bağlı məhkəmə qeyd edir ki, cavabdeh aktlar üzrə zərərin tutulması üçün məhkəməyə tutarlı sübutlar təqdim etməmiş, məsələn, ilk akt tərtib edildikdən sonra dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində təkrar hesablanmış zərərə dair iddiaçıya akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, iddiaçıya poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsi iş materiallarına əlavə edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslər imzalamış, iddiaçı tərəfindən aktın qəbul edilməsi ilə bağlı qeyd yazılmamış, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Başqa sözlə, istehlakçının illərlə qaz paylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir. Hazırkı işdə təbii qazdan qeyri-qanuni şəkildə istifadə faktının məhz İddiaçı tərəfindən törədilməsi halı məhkəmə tərəfindən araşdırılmış sübutlarla öz təsdiqini tapmamış, orada göstərilənlər sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməli, İddiaçı istifadəsində olan **********00402 saylı abonent koduna əsassız olaraq hesablanmış 2749,20 manat məbləğində borcun silinməsi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddianın təmin edildiyinə görə 47,49 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı istifadəsində olan **********00402 saylı abonent koduna əsassız olaraq hesablanmış 2749,20 (iki min yeddi yüz qırx doqquz manat, iyirmi qəpik) manat məbləğində borcun silinməsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 47,49 (qırx yeddi manat, qırx doqquz qəpik) manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-4922/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4922/2025
16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver