Məhkəmə qərarları › İş №2(008)-4981/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4981/2023

17.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4981/2023 17.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçılar İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Bakı şəhəri, Kürdəxanı qəsəbəsində yerləşən X3 adına bölünmüş 0,6 ha torpaq sahəsi üzərində tikilmiş 3 otaq 1 zaldan ibarət yaşayış evindən cavabdehin istifadə hüquqlarının itirilməsi və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar daha sonra iddia tələbinin həcminin azadılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bakı şəhəri, Kürdəxanı qəsəbəsində yerləşən 0,6 ha torpaq sahəsi üzərində tikilmiş 3 otaq 1 zaldan ibarət yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı, iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü ildə X6 ilə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahlarından Cavabdeh1, X5 və X10 dünyaya gəlmişlər. Həyat yoldaşı X7 1992-ci ildə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindən 0,12 ha torpaq sahəsi almışdır. Hazırda mübahisə predmeti olan 13/21 ünvanında yerləşən ev həmin torpaq səhəsinin üzərində yerləşir. 1992-ci ildə torpaq sahəsi onlara məxsus olmuşdur. Həmin torpaq sahəsi üzərində oğlanları ev tikmək qərarına gəlmişlər. Belə ki, həyat yoldaşı 0,12 ha torpaq sahasinin 0,6 ha hissəsini iddiaçı oğlu Cavabdeh1, yerdə qalan 06 ha torpaq sahəsini digər X2 arasında bölmüşdür. Cavabdeh1 həmin torpaq sahəsindən ona məxsus 0,6 ha torpaq sahəsinin kənd sakini X1, digər 06 ha torpaq sahəsində X4 ev tikməyə başlamışdır, lakin oğlu subay olduğu üçün onun adını tikilən yeni tikilini digər oğlu Ceyhunun oğlanlarına yaşamaları üçün verilməsi fikrini irəli sürmüşdür. Bundan əvvəl oğlu Ceyhun və ailəsi kirayadə qalmışlar. Həmin vaxt onlar oğlu Hüseynin fikri ilə razılaşmışlar. Oğlu Ceyhun satdığı öz torpaq sahəsinin 12.000 manat hissəsini, əlavə olaraq 2000 manat borc alaraq həmin evin tikintisi üçün xərcləmişdir. 2014-cü ildə oğlu cavabdehden boşandıqdan sonra nəvələri Nicat va Nihad cavabdehlə qalmışlar. Cavabdeh nəvələrindən istifadə edib əvvəllər qeydiyyatda olduğu Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsi, dalan 7, ev 5-in qanunvericiliyin tələblərinə uyğun olaraq sökülməsini bilib istifadə hüququ tələb etmiş, lakin məhkəmə tərəfindən iddiası təmin edilməmişdir. Sonra cavabdeh əlavə mülk əldə edə bilmədiyini görüb, onun yoldaşına məxsus torpağın üzərində tikilmiş yeni tikiliyə köçmə iddiasını irəli sürmüşdür. Nəvələri onun himayəsində olduğu üçün iddia təmin edilmişdir, lakin sonralar oğlu Ceyhunun hər ay verdiyi aliment pulları ilə evin tikintisi yarıya çatdırılmışdır. Ceyhun Ramana qəsəbəsindəki evini sataraq, Kürdəxanı qəsəbəsində yerləşən mübahisə predmeti olan 3 otaq, 1 zal, hamam-tualetdən ibarət evi tam şəkildə tikmiş, ev tamamilə - dam örtüyünə kimi onun evinin Ceyhuna düşən payı vasaiti hesabına tikilmişdir. Cavabdehin sadəcə uşaqlara görə evə köçmək hüququ vardır. Bir müddət sonra cavabdeh 2020-ci ildə nəvələrinə verdiyi əziyyət və işgəncələrə görə, nəvələri atasının himayəsində, yəni onun yanına gəlmişlər. Onları qəbul etdikdən sonra bilmişdir ki, cavabdeh onun evinə tanımadığı şəxslər gətirmiş , hətta iş yoldaşı adı ilə Fərahim adlı şəxs gecə-gündüz onun evindən nəvələrinin yanında onunla söhbət etmiş, onların münasibətlərinə görə nəvələri ataların himayəsinə verilmiş və bir dəfəlik analarından, yəni Cavabdeh2 imtina etmişlər. Dəfələrlə analarının yanına qayıtmaqlarını istəyibistəmədiklərini soruşsa da, nəvələri ondan imtina etdiklərini bildirmişlər. Mübahisə predmeti olan evə cavabdehin uşaqlarla birgə köçürülməsinin səbəbi onlarin evinin olmaması olmuşdur. Uşaqların təminatı üçün həyat şəraitini əsas tutan məhkəmə uşaqlarla birgə cavabdehi həmin evə köçürmüşdür. Amma bu o demək deyil ki, ev cavabdehindir. Sonradan cavabdeh evdə uşaqlarının yanında müxtəlif şəxslərlə görüşdüyü, tanımadıqları şəxslərin gecə saatlarında evdən getdiyi üçün uşaqlar atasının yanına qaçıb gəlmişlər. Həmin gündən, yəni 2020-ci ilin aprel ayından uşaqlar atasının yanındadır. Cavabdehdən aliment də tutulması qət edilmişdir. Cavabdeh həmin evə uşaqlarla birgə köçürülmüşdür və sadəcə onun evində uşaqlarla birgə yaşamaq hüququ verilmişdir. Uşaqlar artıq rəsmi şəkildə atasının himayəsinə verildikləri üçün onun həmin evdən istifadə hüququ qalmamışdır. Torpaq onun həyat yoldaşına, ev rəhmətlik oğluna məxsus olmuşdur. Hazırda sözügedən mübahisə predmeti olan ev digər X27in adına tikilmişdir. Cavabdeh2 həmin evdə heç bir xüsusi rolu olmamışdır. Torpaq sahəsi yoldaşına məxsus olmuş və həmin evin dam örtüyünədək onların vəsaiti hesabına oğlu Ceyhun tikmişdir, lakin hazırda həmin evdə cavabdeh yaşayır. X2 vəfat etdikdən sonra həmin evdə hüquqi varisi olaraq Ceyhun və o yaşamalıdır. Həmin evi öz nəvələri üçün tikdirmişdir. Nəvələri cavabdehdən imtina etdikləri üçün hesab edir ki, onun həmin evdə istifadə hüquqları itirilmiş hesab edilməli və evdən çıxarılmalıdır. Qeyd olunanlara əsasən, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı Cavabdeh1 iddia tələbini müdafiə edərək, digər İddiaçı izahatına uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-542/2022 nömrəli qətnaməsinə əsasən onun yetkinlik yaşına çatmayan uşaqları X19 və X20 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən 13/21 saylı fərdi yaşayış evinə (özbaşına tikili olduğundan ünvan şərtidir) köçürülmələri qət edilsə də, cavabdeh onların həmin evə köçürülmələrinə imkan vermir. Həmin evə köçürüləcəkləri halda belə, cavabdehlə eyni evdə yaşamaları tamamilə mümkünsüzdür. Belə ki, cavabdeh həmin evdə başqa şəxslə yaşayır. Qeyd olunanların nəzərə alınaraq, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-542/2022 nömrəli qətnaməsinə əsasən Cavabdeh1, yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2004-cü il təvəllüdlü X19 və xx.xx.2006-cı il təvəllüdlü X20 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən 13/21 saylı fərdi yaşayış evinə (özbaşına tikili olduğundan ünvan şərtidir) köçürülmələri qət edilmiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6054/2022 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, sonuncudan X11 tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-1470/2023 saylı qərarı ilə təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Cavabdeh1 Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-542/2022 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş və icra edilmişdir. Həmin qətnamədən görünür ki: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-250/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh1 ilə Cavabdeh2 birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2006-cı il təvəllüdlü X13 ataları Cavabdeh1 himayəsinə verilmələri qət edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)- 5960/2015 saylı qətnaməsinə əsasən, Cavabdeh2 azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X19 və xx.xx.2006-cı il təvəllüdlü X20 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi 13/21 ünvanında yerləşən 600 kv.m torpaq sahəsində inşa olunmuş tikiliyə köçürülməsi qət edilmişdir. -Həmin qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-948/2016 saylı qətnaməsinə əsasən təmin edilməyərək, qətnamə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(102)-62/2017 saylı qərarına əsasən, apellyasiya instansiya məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Həmin işin müəyyən edilmiş hallarından aydın olmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(004)-7157/2014 saylı qətnaməsinə əsasən, tərəflər arasında xx.xx.2003-cü il tarixdə 446 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş X12 və X13 analarının yanında saxlanılmaları qət edilmişdir. Lakin daha sonra Cavabdeh1 uşaqların onun himayəsinə verilməsi tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(004)-250/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (həmin qətnamə qanuni qüvvəyə minmişdir). Eyni zamanda, hazırda qüvvədə olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(008)-5960/2015 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 iddiaçı qismində Cavabdeh1 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, 2013-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivi 13/21 ünvanında yerləşən 1200 kv.m torpaq sahəsinin 600 kv.m sahəsini 12.000 manata sataraq, əldə olunmuş vəsaitin 8500 manat hissəsi cavabdeh, qalan hissəsi isə onun və valideynlərinin vəsaiti hesabına mübahisəli torpaq sahəsində dördotaqlı fərdi yaşayış evi inşa etdirmişlər, mübahisəli evin tikintisi üçün 13.000 manat vəsait sərf edilmiş, həmin məbləğdən 8400 manatı Cavabdeh1, qalanı isə Cavabdeh2 tərəfindən ödənilmişdir. Göründüyü kimi, Cavabdeh2 özü, iddiaçı olduğu iş üzrə məhkəmə iclasında verdiyi izahatında evin birgə nikah dövründə, birgə əldə edilmiş vəsait hesabına inşa olunduğunu bildirmişdir və sözügedən (hazırda da qüvvədə olan) qətnamə ilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan ev daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə oluna bilər. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivi 13/21 kimi qeyd olunan ünvanda yerləşən 600 kv.m torpaq sahəsində inşa olunmuş tikilidə Cavabdeh2 Cavabdeh1 ilə eyni əsasla, yəni evə dair sərəncam hüququ əldə etməsə də, yaşamaq hüququ yaranmışdır. Həmin qətnamədə o da göstərilmişdir ki, Cavabdeh2 sözügedən tələbinin təmin edilməsindən imtina olunması onun və azyaşlı uşaqlarının hüquqlarının pozulmasına səbəb ola bilər. - Həmin iş üzrə məhkəmə belə nəticəyə gəlmişdir ki, sözügedən özbaşına tikili tərəflərin birgə nikahı dövründə birgə vəsaitləri hesabına inşa edilmişdir. Buna görə də, həm Cavabdeh1, həm də Cavabdeh2 həmin evdə yaşamaq hüquqları vardır və bu hüquq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qüvvədə olan xx.xx.2015-ci il tarixli, 2(008)-5960/2015 saylı qətnaməsi ilə də təsbit edilmişdir. İşdə olan və qanuni qüvvəsini almış həm Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6054/2022 saylı qətnaməsi, həm də Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-1470/2023 saylı qərarı ilə belə nəticəyə gəlinmişdir ki, hazırda mübahisə predmetini təşkil edən mübahisəli tikili özbaşına tikili olsa da və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin tikili tərəflərin birgə nikahı müddətində və birgə vəsaiti əsasında tikilmişdir. Hər bir tərəfin tikilidən bərabər istifadə imkanı saxlanmalıdır. Bu faktlar qanuni qüvvədə olan qətnamə ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 fevral 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Məhkəmə, iddia predmeti olan fərdi yaşayış evinin tərəflərin birgə nikahı dövründə birgə vəsaitləri hesabına tikilməsi, bu faktın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiqini tapdığını, eləcə də, hər bir tərəfin tikilidən bərabər istifadə imkanının saxlanmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-1470/2023 saylı qərarı ilə gəldiyi nəticəyə əsaslanaraq, belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiasının nə hüquqi, nə də faktiki əsası vardır. Ona görə də, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddiaçılar İddiaçı və Cavabdeh1 Cavabdeh2 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar