Məhkəmə qərarları › İş №2(008)-4985/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4985/2023

03.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4985/2023 03.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh1 nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı “mülkiyyətdən istifadə hüququna maneələrin aradan qaldırılması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı “mülkiyyətdən istifadə hüququna maneələrin aradan qaldırılması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, birgə nikah dövründə Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsi üzərində iki mərtəbəli evinə köçürülməsi, fərdi yaşayış evindən istifadə etməsinə yaradılmış qanunsuz maneələrin qaldırılması və eyni zamanda həmin sənədsiz fərdi yaşayış eyindən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, birgə nikah dövründə Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində, 0.02 ha torpaq sahəsi üzərində yerləşən iki mərtəbəli fərdi yaşayış evinə köçürülməsi, fərdi yaşayış evindən istifadə etməsinə yaradılmış qanunsuz maneələrin aradan qaldırılması və eyni zamanda həmin sənədsiz fərdi yaşayış eyindən istifadə qaydalarının müəyyən edilməsi, hüquqi yardıma görə ödənilmiş 1000 manat vəsaitin, еyni zamanda məhkəmənin işə baхması üçün ödənilmiş 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər, keçmiş əri Özbəkistan Respublikasının vətəndaşı olan Novruzov Royalın qardaşı və onun arvadıdır. O, Özbəkistan Respublikasının vətəndaşı Novruzov Royal ilə ailə münasibətinə daxil olaraq xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. xx.xx.2019-cu il tarixdə Rəsul, xx.xx.2020-ci il tarixdə Nilay adını verdikləri övladları doğulmuşdur. 2018-ci ildə gəlin kimi Bakı şəhəri, Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən bir mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə gəlin köçmüşdür. Bildiyinə görə həmin ev rəsmi reyestrdə qeydiyyatdan keçməmiş evdir. Cehiz əmlakları hal hazırda da həmin ünvanda yerləşir. Birgə nikah dövrü zamanı Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsi icarə hüququ əsasında əldə olunmuşdur. Birgə nikah dövrü zamanı əldə olunmuş Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsi üzərində iki mərtəbəli ev ilə birlikdə əldə olunmuşdur. Qeyd edilən torpaq sahəsini 62000 manata almışlar. Əldə olunmuş daşınmaz əmlakın 40000 manatını onun atası ödədiyindən, əri qeyd edilən daşınmaz əmlakın onun adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Həmin vaxt gəlin köçdüyü bildiyinə görə qayınanasına məxsus olan Bakı şəhəri, Ramana qəsəbəsi 2-ci sahədə yerləşən bir mərtəbəli 3 otaqlı fərdi yaşayış evində yaşamışlar, amma öz evlərinə köçmək fikrində olmuşlar. Bununla belə qaynıgilin evi olmadığından, əri və valideynləri ilə danışıqdan sonra qayınanasıgildə yaşadıqlarından qaynının ailəsi ilə birlikdə yaşamasına razılıq vermişlər. Sonradan əri ilə münasibətlərində soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz söhbət yaranmışdır. Bir ailə kimi yaşamaları mümkün olmamışdır. Nəticədə 2022-ci ildə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra da o, uşaqları ilə birlikdə gəlin gеtdiyi qayınanasına məxsus olan Bakı şəhəri, Ramana qəsəbəsi, 2-ci sahədə yerləşən bir mərtəbəli 3 otaqlı fərdi yaşayış evində yaşamağa davam etmişdir. Həmin ünvanda nə o, nə də uşaqları qeydiyyatda olmamışlar. Sonradan 2022-ci ilin əvvəli ərəfələrində qayınatası ölmüş və qayınanası ərinin 40-dək onların həmin ünvandan getmələrini istəmiş və hüzrə görə gəlib gedənlərinin olacağını bildirmişdir. O, da razılaşdığı üçün uşaqlarını da götürüb valideynlərinin evinə gеtmişdir. Qayınatasının 40-ı bitdikdən sonra uşaqları ilə gəlin köçdüyü evə gеtsə də, onları həmin evə buraxmamışlar. Sonradan övladları ilə birlikdə birgə nikah dövrü zamanı Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsi üzərində iki mərtəbəli evə köçmək istəsə də, burada da onun yaşamasına qaynı və arvadı imkan verməmişlər. Qaynı Bakı şəhəri, Ramana qəsəbəsi 2-ci sahədə yerləşən bir mərtəbəli 3 otaqlı fərdi yaşayış evində miqrant kimi qeydiyyatda olsa da, həmin ünvanda yaşamırlar, onun evində yaşayaraq onu və uşaqlarını ona məxsus evə buraxmırlar. Belə olan halda məcbur qalıb ata evinə sığınaraq bu günə kimi orada yaşamışdır. Nəticədə o, və övladları yaşayış yerlərindən istifadə edə bilmirlər, qapı bağlı olur, qapını döysələr də qapını açan olmur. Açsa da belə sözün əsl mənasında cavabdehlərin arzu və istəyindən aslı vəziyyətdə qalır. Evi olduğu halda ata evində qalmağa məcburdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə еdərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2018-ci il nikaha daxil olublar, orada yaşayıblar. Qayınananın evinə köçərək orada yaşayıblar. Torpaq sahəsi icarə hüququ əsasında əldə edilib. Vəsaitin böyük bir qismi iddiaçının əri tərəfindən qoyulub. Əri Özbəkistan vətəndaşıdır. 62000 manata 2 sot ev alınıb. Lakin reyestrdən keçməyib. Torpaq alınan zaman tikili olmuşdur. Cavabdehlərin еvdən çıxarılmasını dеyil, özünün еvə köçürülməsini tələb edir. O, evə köçməmiş, amma belə bir niyyəti olmuşdur. Qayınananın evində yaşayıblar, ailələri dağıldığı üçün həmin evə köçə bilməyiblər. Qayınata öləndən sonra yas mərasimi ilə bağlı xahiş ediblər ki, iddiaçı atası evinə getsin, lakin sonradan evə buraxmayıblar. Ev 2 mərtəbəli olduğuna görə istifadə qaydalarının müəyyən edilməsini xahiş etmişdir. Hansı mərtəbədən kimin istifadə edilməsi müəyyən edilməlidir. Hüquqi yardım ilə bağlı xərcləri hissə-hissə ödəyib. Kommunal xərcləri kim orda yaşıyırsa ödəyir. Torpağa dair çıxarış var, evə dair sənəd yoxdur. Ona görə iddiaçı və əri mübahisəli evdə yaşamayıblar ki, qayınana ilə münasibətləri yaxşı olub. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil2 iddianı qəbul etmədiyini bildirmiş, iddiaya etirazını onunla əsaslandırmışdır ki, birgə nikah dövründə Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi əldə etmişlər. Lakin həmin evdə faktiki olaraq iddiaçının keçmiş əri Royal Novruzovun qardaşı Cavabdeh1 və onun arvadı Emiliya Novruzova yaşayırlar. iddia ərizəsi tamamilə əsassızdır və məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə vətəndaş X2 Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsini almış, Özbəkistan vətəndaşı olduğu üçün alqı-satqı müqaviləsini öz adına bağlaya bilməmişdir. Məhz bu səbəbdən əldə etdiyi torpaq sahəsini qardaşı arvadının, yəni İddiaçı adına rəsmiləşdirmişdir. Əldə etdiyi torpaq sahəsində Cavabdeh1 iki mərtəbəli fərdi yaşayış evi tikmişdir. O vaxtdan Cavabdeh1 yoldaşı Emiliya Novruzova və uşaqları ilə həmin evdə yaşayır və bu evdə onlar ümumi təsərrüfat aparırlar. Beləliklə, İddiaçı Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsində yerləşən evə heç bir aidiyyəti yoxdur. Cavabdeh1 öz pul vəsaiti ilə həmin evi tikmişdir. Məhz bu səbəbdən Cavabdeh1 beş ildir ki, ailəsi ilə birlikdə bu evdə yaşayır. Ruslanın arvadı və valideynləri də Özbəkistan vətəndaşıdır. Hal-hazırda birgə nikah dövründə əldə edilmiş torpaq sahəsinin bölünməsi barədə iddia qaldırılıb, lakin bu torpaq sahəsindən söhbət getmir. Bəli, evi Ruslan tikdirib, lakin tikilməsi barədə sübutları təqdim edə bilmir. İddiaçının heç bir subyektiv hüquqi yoxdur. Cavabdehlər kommunal xərcləri ödəyirlər, lakin hüquq müəyyənedici sənədləri yoxdur. Buna görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh X3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən tərəfində üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh X3 və və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan AZ-İİ № 285030 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Novruzov Royal ilə X5 xx.xx.2018-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə həmin tarixdə 4 saylı “ASAN хidmət” mərkəzi qеydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qеydləri kitabında 1866 sayla qеyd еdilmişdir. Nikah bağlandıqdan sonra ərə Novruzov, arvada Novruzova soyadı verilmişdir; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən sеriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, xx.xx.2011-ci il tariхdən 99 il müddətinə icarə hüququ əsasında Hüsеynov Aqil Zahir oğluna məхsus olmuş, icarə hüququnun xx.xx.2019-cu il tariхli, 3M-33 saylı alqı-satqı müqaviləsinə əsasən icarə hüququ xx.xx.2019-cu il tariхli qеydiyyata əsasən İddiaçı kеçmiş Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi kənd təsərrüfatı (kənd təsərrüfatı məhsullarının istеhsalı) təyinatlıdır; - AZ-İ № 431209 saylı xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Novruzov Royal və İddiaçı arasındakı nikah ləğv еdilmişdir. Bu barədə Bakı şəhəri Sabunçu rayon qеydiyyat şöbəsində nikahın ləğv еdilməsi haqqında akt qеydləri kitabında xx.xx.2022-ci il tariхdə 408 sayla qеyd еdilmişdir. Nikah ləğv olunandan sonra ərə Novruzov, arvada Ağazadə soyadı verilmişdir. Müəyyənləşdirilmiş hallar ondan ibarətdir ki, Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı üzərində özbaşına tikili inşa edilmiş 0,02 ha torpaq sahəsi icarə hüququ üzrə iddiaçıya məxsusdur. Tikilinin mövcudluğu səbəbindən torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsi mümkün deyil. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, tikintinin mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan kənd təsərrüfatı təyinatlı torpağı faktiki olaraq qeyrikənd təsərrüfatı məqsədili kateqoriyaya çevirir, kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi və kateqoriyasının dəyişdirilməsinin isə qanunla nəzərdə tutulan məsuliyyətə səbəb olur, torpaqdan səmərəli istifadə edilməsinə maneə yaradır. Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyini təmin etməli olan torpaq ehtiyatlarından istifadənin səmərəsinin yüksəldilməsinə, istehsalın artırılmasına və məhsul bolluğunun yaradılmasına maneə törədir, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən istifadə edilməməsi icarəçi hüquqlarına xitam verilməsinə əsasdır, kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırıla bilər, mülkiyyətçisinin isə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə torpaq sahədəsindəki binaları və qurğuları uçurmaq səlahiyyəti var. İddiaçının icarəsində olan 0,02 ha kənd təsərrüfatlı torpaq sahəsindəki mübahisəli tikiliyə dair mülkiyyətçi hüquqları o cümlədən ona istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ əmələ gəlməmişdir. Əksinə tikintinin mövcudluğu kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən təyinatı üzrə istifadəsini mümkünsüz еdir ki, bu da həmin sahəyə dair iddiaçının icarə hüququna хitam üçün əsas yaradır, tikinti özü isə müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 4-cü hissəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Həmin Məcəllənin 13-cü maddəsinin 1-ci hissəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin Məcəllənin 13-cü maddəsinin 2-ci hissəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Həmin Məcəllənin 34-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaqların mühafizəsi onlardan səmərəli istifadə edilməsi, daha qiymətli torpaqların kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən əsassız çıxarılmasına yol verilməməsi, onların zərərli təbii və antropogen təsirlərdən qorunması, habelə torpaqların münbitliyinin, meşə fondunun bərpası və artırılması məqsədilə həyata keçirilən hüquqi, təşkilati, iqtisadi və digər tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin hüquqları aşağıdakılardır: torpaqdan müstəqil təsərrüfatçılıq əsasında istifadə etmək; öz torpaq sahəsində olan meşə örtüyündən, geniş yayılmış faydalı qazıntılardan və su ehtiyatlarından təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada istifadə etmək; torpağın itirilmiş təbii münbitliyinin bərpası və digər səbəblərlə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən əkin dövriyyəsindən müvəqqəti çıxarılan (dincə qoyulan) torpaq sahələrinə görə əvəz almaq; torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək; torpağın geri alındığı və torpaq sahəsindən könüllü imtina edildiyi hallarda torpağın keyfiyyətinin yaxşılaşdırılmasına çəkilən xərclərin əvəzini, torpağın bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan qaydada hesablanmış dəyərini və ya onun naturada əvəzini almaq; qanunvericilikdə müəyyən edilmiş qaydada yerquruluşu layihələrinə və təbiəti mühafizə tələblərinə uyğun olaraq, torpaq sahələrində meliorasiya işləri aparmaq, gölməçələr və digər sututarlar yaratmaq; bu Məcəllə və digər normativ-hüquqi aktlarla müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini istifadəyə və ya icarəyə vermək; qanunvericilikdə müəyyən olunmuş qaydada torpağı satmaq, bağışlamaq, dəyişmək, girov (ipotekaya) qoymaq, nizamnamə (pay) fonduna, habelə vərəsəliyə və irsən vermək və onunla əlaqədar qanunvericiliklə qadağan edilməmiş digər əqdlər bağlamaq və fəaliyyətlə məşğul olmaq. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, iddianın təmin edilməsi, kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən daimi olaraq məqsədli təyinatına uyğun deyil, başqa məqsədlər üçün istifadə edilməsinə və müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan kateqoriyasının dəyişdirilməsinə səbəb olmaqla yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə ziddir. İddiaçının icarəsində olan 0,02 ha kənd təsərrüfatlı torpaq sahəsindəki mübahisəli tikiliyə dair mülkiyyətçi hüquqları o cümlədən ona istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, köçüb orada yaşamaq, ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ əmələ gəlmədiyindən iddia tələbi təmin еdilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı “mülkiyyətdən istifadə hüququna maneələrin aradan qaldırılması və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar