Məhkəmə qərarları › İş №2(054)-248/2024

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-248/2024

14.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-248/2024 14.06.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X12 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, onun və digər cavabdehlərin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı şəhid ailəsi kimi ona verilmiş hüquq və imtiyazların həyata keçirilməsinə maneə törədilməsinin qadağan edilməsi, şəhid ərilə birgə nikah dövründə və o, şəhid olduqdan sonra dövlət tərəfindən verilmiş yardımlarla inşa edilmiş evdə onun azyaşlı övladı ilə birgə istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinə dair mülki işə 14 iyun 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (cavabdehlər) qarşı şəhid ailəsi kimi ona verilmiş hüquq və imtiyazların həyata keçirilməsinə maneə törədilməsinin qadağan edilməsi, şəhid ərilə birgə nikah dövründə və o, şəhid olduqdan sonra dövlət tərəfindən verilmiş yardımlarla inşa edilmiş evdə onun azyaşlı övladı ilə birgə istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, X13 ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2019-cu ildə Məhəmməd adlı övladı doğulmuşdur. Cavabdeh1 qaynatası, Cavabdeh2 qaynanası, Cavabdeh3 qaynıdır. X19 birgə nikah dövründə Oğuz şəhərində fərdi yaşayış evi tikiblər, lakin 2020-ci ildə X7 şəhid olduğundan evin qalan tikinti işlərini dövlətin şəhid ailəsinə verdiyi vəsaitlə, o çümlədən “Yaşat” fondu tərəfindən mənzil təmiri üçün verilmiş 15000 manat pulla başa çatdırıblar. Qaynatası və qaynanası onunla birgə yaşayıblar. 2023-cü ilin dekabr ayında cavabdehlər tərəfindən azyaşlı oğlu ilə birlikdə zorla evdən çıxarılıb. Buna görə də məcbur olub atasının Oğuz rayon Şirvanlı kəndində yerləşən evinə köçüb orada yaşayır. İş yeri Oğuz şəhərindədir. Bundan başqa uşaq xəstədir, onda autizmə meyllilik, nitqində qüsurlar vardır. Müalicə üçün xeyli vəsait tələb olunur. Buna baxmayaraq cavabdehlər şəhid ailəsi kimi ona düşən vəsaiti aldadaraq əlindən almış, öz ehtiyaclarına xərcləmişlər. Onun evi olmalıdır. Buna görə də tikilmiş evdən uşağının payını tələb edir. Cavabdehlər isə onun imtiyazlarından ancaq özləri istifadə etmək istəyirlər. Qaynı Cavabdeh3 onun pulları ilə özünə başqa yerdə ev tikib. Aralarında yaranmış münaqişə ilə bağlı cavabdehlər ondan, atasından və qardaşından polis şöbəsinə şikayət etmişlər. Ərinin ailəsi Anarın şəhid olmasında onun atasını günahlandırır. Haqqını tələb edir. İddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiaçının izahatını təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, iş materiallarından müəyyən edilənlərə əsasən Cavabdeh1 mülkiyyətində Oğuz şəhəri, X20 küçəsi, ev 30 ünvanında, 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Həmin ev bütünlükdə, torpaq sahəsi isə hər birinin payı 1/5 hissədə olmaqla cavabdehlərin, iddiaçının şəhid əri Anar Əliyevin və onun digər qardaşı Mayis Əliyevin adına xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Evin texniki pasportundan göründüyü kimi ev 2020-ci ildə tikilmişdir. Həmin həyətdə deyildiyinə görə başqa ev də olmuş, həmin ev sökülmüş, cavabdehlər mərhum Anarın tikməyə başladığı və sonra şəhid ailəsinə yardımlarla tamamlanmış evə köçmüşlər. İddiaçı evlə bağlı kredit də götürüb. Bundan əlavə mərhumun vərəsəsi olaraq Günelin və oğlu X8 mülkiyyətində olan torpaq sahələrinin 2/4 hissəsinə də vərəsəlik hüquqları yaranıb. Deməli iddiaçının şəhid xanımı kimi evdə hüququ yaranıb. Cavabdeh1 həmin ev tikilməzdən əvvəl sökülmüş evdə yaşayıb. Anar şəhid olduğundan ev Talıbın adına rəsmiləşib. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının evdən çıxmağına və aralarında münaqişənin yaranmasına səbəb öz atası və qardaşıdır. Onu qardaşı gəlib aparıb. Məqsəd şəhid ailəsinin imtiyazlarından istifadə etməkdir. İddiaçının imtiyazları özünə və oğluna aiddir. O isə arvadı Kİşbərlə birlikdə şəhid valideynləri kimi öz imtiyazlarından istifadə edirlər. Həyətdə əvvəldən başqa tikili olub. Həmin tikili qəzalı vəziyyətdə olduğundan 2017-ci ildən yeni evin tikilişini başlayıblar. Müəyyən qədər tikiblər. Ev hazır olana kimi uçuq evdə yaşayıblar. “Yaşat” fondunun çəkilişi də var. Fond tərəfindən 2020-ci ildə 15000 manat pulu mənzil təmiri üçün veriblər, bundan sonra evin tikintisini yekunlaşdırıblar. İddiaçı ümumiyyətlə onları evdən çıxarmaq istəyir, halbuki ev onun mülkiyyətindədir. İddiaçı uşaq üçün müavinət və Prezident təqaüdü alır. İddiaçı sosial sığorta da alıb. Məsciddə yığılan puldan da iddiaçının payı verilir. Dövlət tərəfindən də maddi yardımlar edilir. Yardımlar onlara çatmasın deyə iddiaçının ailəsi onu aparıb. Onlara qarşı edilən hərəkətlərə görə cavabdehin atası və qardaşından polisə şikayət edib. Cavabdehi evdən qovmur.Onlara hörmətsizlik etməmək şərtilə gəlib yaşaya bilər. İddiaçıya müəyyən şərtlərlə qarşılıqlı razılaşmaq imkanı da verilib, belə ki, ona hissələrlə ödəmək şərtilə 22000 manat pul təklif edib, lakin iddiaçı ondan 50000 manat pul istəyir. Artıq heç bir razılaşma mümkün deyil, çünki iddiaçı onları məhkəməyə qədər gətirib çıxarıb. Qanuni qərar çıxarılmasını, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı onlarla çox pis rəftar edib, onlara qarşı təhqirlər yağdırıb, lakin nəvəsinə görə güzəştə gedə bilər, bu şərtlə ki, gəlin gəlsin, üzr istəsin, əvvəlki hərəkətlərini etməyəcəyinə söz versin. Onlara hörmət etsin, düşmən kimi yanaşmasın. İddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ailəsi ilə birlikdə yaşadığı ayrıca evi vardır. Şəhid ailəsinin malik olduğu imtiyazlara da qarışmayıb. İddiaçının ona qarşı tələbini qəbul etmir. İddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında cavabdehlərin izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı iddia ərizəsini geri götürərsə cavabdeh olan qaynatası və qaynanası onunla birgə yaşaya bilərlər. Əks halda sənədlərdən də görünür ki, mübahisəli ev birgə nikah dövründə tikilməyib. Həmin evi Cavabdeh1 əvvəldən öz hesabına tikməyə başlayıb, buna görə hətta 50000 manat kredit də götürüb. Sonra şəhid valideynləri kimi onlara verilən imtiyazlarla tikintini başa çatdırıb. İddiaçının məqsədi kompensasiya almaqdır. Həyətyanı və pay torpaq sahəsindən iddiaçının ərinə aid hissənin vərəsəlik yolu ilə həm valideynlər, həm də iddiaçı və oğluna düşən hissələrin bölünməsinə etiraz etmirlər. İddiaçı bu barədə iddia qaldıra bilər, hətta bu məsələnin məhkəmədən kənar-notarial qaydada həlli də mümkündür. Qanunla isə iddiaçı evə köçürülə və ona istifadə hüququ verilə bilməz, çünki evə mülkiyyət hüququ Cavabdeh1 məxsusdur. İddiaçıya imtiyazlardan istifadəyə maneə törədilməsi halları da mövcud deyil. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını, onun nümayəndəsi və vəkilini, habelə cavabdehləri, onların nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirərək bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasında anadan olmuşdur. Şəhid ailəsi üzvünün Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş və işə əlavə edilmiş 002009 saylı, xx.xx.2021-ci il tarixli vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. Şəhid ailəsi üzvünün Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş və işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 002007 saylı və 002008 saylı vəsiqələrinin surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. İşə əlavə edilmiş nikah haqqında AZ-İİ 276309 saylı şəhadətnamənin surətindən görünür ki, X13 və X3 xx.xx.2018-ci ildə nikah bağlamış, bu barədə Oğuz rayon Qumlaq kənd icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri həmin tarixdə 14 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Əliyev soyadı verilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2024-cü il tarixli, 30/12 saylı arayışından görünür ki, X5 xx.xx.2019-cu il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında xx.xx.2019-cu il tarixdə 181 nömrəli akt qeydi tərtib edilmiş, uşağın atası X9, anası İddiaçıdır. "xxxx" ASC-nin işə əlavə edilmiş xx.xx.2020-xx.xx.2024-cü il tarixli hesabdan çıxarış sənədindən görünür ki, İddiaçı adına xx.xx.2020-ci il tarixdə hesab açılmış,həmin hesaba xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il (3 dəfə),xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə hesablanmaqla 3000 manat şəhid ailələri üçün verilən dəfn pulu və şəhid Anar Əliyevin əmək haqqı, kompensasiyası, son haqq-hesabı olmaqla 1132,18 manat, cəmi 4132,18 manat pul şəhidin varisi İddiaçı qeyd edilən hesabına köçürülmüşdür. "xxxx" ASC-nin işə əlavə edilmiş 204OPXO210270565 saylı ödəniş tapşırığının surətindən görünür ki, Cavabdeh1 məişət şəraitinin yaxşılaşdırılması-mənzil təmiri məqsədilə “Yaşat” fondu tərəfindən xx.xx.2021-ci il tarixdə 15000 manat pul ödənilmişdir. "xxxx" ASC-nin işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, TT**********405500 saylı kassaməxaric orderinin surətindən görünür ki, İddiaçı Vətən müharibəsi şəhidi üçün 5500 manat sığorta ödənişi verilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********15-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın və fərdi yaşayış evinin 405- 1/4533 inventar nömrəli texniki pasportunun surətindən görünür ki, Oğuz şəhəri, X20 küçəsi, ev 30 ünvanında 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən 113 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh1, 0,06 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə hüquq sahibləri Cavabdeh1, X6, Cavabdeh2, Cavabdeh3 və X4 adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmin texniki pasportdan görünür ki, fərdi yaşayış evi A liter mansard iki yaşayış otağı (29,8 kv.m və12,1 kv.m), bir bağlı (13,3 kv.m) və bir açıq (4,8 kv.m) eyvan, sanitar qovşağından (3,8 kv.m), A liter 1-ci mərtəbə iki yaşayış otağı (15,9 kv.m və 11,7 kv.m), bir bağlı (14,1 kv.m) və bir açıq (1,8 kv.m) eyvan, mətbəx (12,4 kv.m), B liter 1-ci mərtəbə talvardan (37,28 kv.m), iki hasardan (5,5 və 4,76 kv.m) ibarət olmaqla 2020-ci ildə inşa edilmişdir.Zəbt olunmuş sahə 0,0164 ha-dır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********44 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli çıxarışın surətindən görünür ki, Oğuz şəhərində yerləşən 1,1499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə hüquq sahibləri Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh3 və X6 adına daşınmaz əmlakın dövlət reyestrində 171 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı mübahisəli evə 2018-ci ildə gəlin köçməsi, mülki işə baxılan müddətdə də onun cehizlərinin həmin evdə olması, fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixdən Cavabdeh1 adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınması işin mübahisələndirilməyən halıdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisə tərəflər arasında hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə iclasında müəyyən edildiyi kimi iddiaçı 2018-ci ildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu, digər Cavabdeh3 qardaşı-Vətən Müharibəsi şəhidi X13 ilə ailə quraraq onun və digər ailə üzvlərinin yaşadığı evə köçürülmüş, 2023-cü ilin dekabr ayınadək birgə təsərrüfat idarə edərək həmin evdə yaşamışdır. İddiaçının Anar Əliyevlə birgə nikahından xx.xx.2019-cu ildə oğlu Məhəmməd anadan olmuşdur. Mülki qanunvericiliyə uyğun olaraq Anar Əliyevin valideynləri, həmçinin şəhidin dul qalmış arvadı İddiaçı və oğlu Məhəmməd onun vərəsələri hesab olunurlar. Ailə münaqişəsi səbəbli iddiaçı 2023-cü ilin dekabr ayından atasının Oğuz rayon Şirvanlı kəndində yerləşən evində yaşayır. Onun cehiz əşyaları mübahisəli evdədir. Həmin ev isə xx.xx.2021-ci il tarixdən tam hissədə mülkiyyət hüququ ilə Cavabdeh1 adına reyestr xidmətində qeydiyyatdan keçirilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli evin yerləşdiyi 0,06 ha torpaq sahəsi cavabdehlərin, həmçinin Cavabdeh1 digər övladları Mayis və şəhid Anar Əliyevin ümumi birgə mülkiyyətindədir. Oğuz şəhərində yerləşən 1,1499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də eyni şəxslərin ümumi birgə mülkiyyətində olmaqla reyestr xidmətində qeydiyyatdan keçirilmişdir. 0,06 ha həyətyanı torpaq sahəsində əvvəllər qəzalı vəziyyətdə yaşayış evi olmuş, Cavabdeh1 izahatına əsasən 2017-ci ildən yeni evin bünövrəsi qoyulmuş, müəyyən tikinti işləri aparılmış, nəhayət 2021-ci ildə “Yaşat” fondu tərəfindən ona verilmiş 15000 manat vəsaitlə evin tikilişinin son tamamlanması başa çatdırılmışdır. İddiaçı ilə cavabdehlərin ailə üzvü olmuş şəhid Anar Əliyev arasında nikah pozulmamışdır. Qeyd edildiyi kimi iddiaçı 2023-cü ilin dekabr ayınadək cavabdehlər olan qaynatası və qaynanası ilə birlikdə mübahisəli evdə yaşamışdır. Fərdi yaşayı evinin iş materiallarında olan texniki pasportundan göründüyü kimi həmin ev kifayət qədər geniş sahəyə malikdir. İddia tələbinin birinci hissəsinə əsasən iddiaçı ona cavabdehlər tərəfindən şəhid ailəsi kimi hüquq və imtiyazların həyata keçirilməsinə maneə törədildiyini bildirməklə bu maneənin qadağan edilməsini xahiş etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. İddia tələbinin ikinci hissəsinə əsasən iddiaçı şəhid ərilə birgə nikah dövründə və o, şəhid olduqdan sonra dövlət tərəfindən verilmiş yardımlarla inşa edilmiş evdə onun azyaşlı övladı ilə birgə istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə tələbin qeyd edilən hissəsinə qiymət verərək bildirir ki, tərəflərin izahatları mübahisəli evin həqiqətən Anar Əliyevin şəhidlik zirvəsinə çatmasından xeyli əvvəl tikilməyə başlanıldığına dair hissədə qismən üst-üstə düşsə də, hazırki vəziyyətdə iddiaçı evin birgə nikah dövründə əri tərəfindən tikildiyinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq iş materialları ilə iddiaçı 2018-ci ildə həmin evə gəlin gələrkən evin tikintisinin davam etdiyi müəyyən edilir. Məhkəmə araşdırması zamanı tikintinin son tamamlanma işlərinin 2021-ci ildə “Yaşat” fondundan Cavabdeh1 verilmiş 15000 manat vəsaitlə başa çatdırıldığı bildirilmişdir. İddiaçının evdən istifadə hüququ tanınmaqla azyaşlı uşağı ilə evə köçürülməsi tələbinə münasibət olaraq cavabdeh tərəf məhkəmə qətnaməsi çıxarılmadığı, yəni iddiaçının ərizəsini geri götürdüyü və onlarla münasibətlərinin normallaşacağı təqdirdə onun evdə yaşamasına etiraz etmədiklərini, əks halda Cavabdeh1 mülkiyyətçi mövqeyinə uyğun olaraq iddia tələbinin həmin hissədə təmin olunmasının rədd edilməli olduğunu bildirmişlər. Məhkəmə həmin xüsusata qiymət verərək bildirir ki, qüvvədə olan mənzil qanunvericiliyinə əsasən “əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi” təsbit edilsə də, məhkəmə hazırki işə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından yanaşmağı məqsədə müvafiq hesab edir. Belə ki, həmin maddəyə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Deməli hazırki iş üzrə iddiaçı ilə cavabdehlər arasında ailə münasibətlərinə xitam verildiyi mövqeyindən yanaşılması ölkəmiz və xalqımız üçün müqəddəs olan şəhidin dul qalmış arvadının hüquqlarının pozulmasına gətirib çıxara bilər, yəni X16 Müharibəsində şəhid olması ilə tərəflər arasında nikah münasibətlərinin pozulması nəticəsində keçmiş ailə üzvü hesab edilən şəxslər arasında fərq nəzərə alınmalıdır. Beləliklə, hazırki vəziyyətdə məhkəmə tərəflər arasında münasibətlərə hüquqi qiymət verərək bildirir ki, iddiaçı hələ də cavabdehlərin ailə üzvü, həmçinin şəhidin vərəsəsi hesab olunduğundan Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tələbləri baxımından yanaşmaqla onun Cavabdeh1 mülkiyyətində olan evə köçürülməsi və həmin evdən istifadə hüququnun tanınmasına dair iddiası təmin edilməlidir. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunun ödənilməsindən azaddırlar. Qanunun həmin müddəasına əsasən tərəflərin şəhid ailəsi olduğu nəzərə alınmaqla iddia tələbinin qismən təmin olunmasından asılı olmayaraq məhkəmə hesab edir ki, dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı azyaşlı övladı X5 ilə Cavabdeh1 mülkiyyətində olan, Oğuz şəhəri X20 küçəsi ev 30 ünvanında yerləşən evə köçürülməklə onun evdən istifadə hüququ tanınsın. İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı şəhid ailəsi kimi ona verilmiş hüquq və imtiyazların həyata keçirilməsinə maneə törədilməsinin qadağan edilməsi hissəsində təmin edilməsin. Dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar