Məhkəmə qərarları › İş №2(107)-1188/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1188/2024

22.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1188/2024 22.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı şəhid ailəsi kimi ona verilmiş hüquq və imtiyazların həyata keçirilməsinə maneə törədilməsinin qadağan edilməsi, şəhid ərilə birgə nikah dövründə və o, şəhid olduqdan sonra dövlət tərəfindən verilmiş yardımlarla inşa edilmiş evdə onun azyaşlı övladı ilə birgə istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Evə köçürülmə, istifadə hüququ) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı şəhid ailəsi kimi ona verilmiş hüquq və imtiyazların həyata keçirilməsinə maneə törədilməsinin qadağan edilməsi, şəhid ərilə birgə nikah dövründə və o, şəhid olduqdan sonra dövlət tərəfindən verilmiş yardımlarla inşa edilmiş evdə onun azyaşlı övladı ilə birgə istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(054)-248/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi. İşin halları

1. İddiaçı (iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (cavabdehlər) qarşı şəhid ailəsi kimi ona verilmiş hüquq və imtiyazların həyata keçirilməsinə maneə törədilməsinin qadağan edilməsi, şəhid ərilə birgə nikah dövründə və o, şəhid olduqdan sonra dövlət tərəfindən verilmiş yardımlarla inşa edilmiş evdə onun azyaşlı övladı ilə birgə istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X13 ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2019-cu ildə Məhəmməd adlı övladı doğulmuşdur. Cavabdeh1 qaynatası, Cavabdeh2 qaynanası, Cavabdeh3 qaynıdır. X18 birgə nikah dövründə Oğuz şəhərində fərdi yaşayış evi tikiblər, lakin 2020-ci ildə X9 şəhid olduğundan evin qalan tikinti işlərini dövlətin şəhid ailəsinə verdiyi vəsaitlə, o çümlədən "Yaşat” fondu tərəfindən mənzil təmiri üçün verilmiş 15000 manat pulla başa çatdırıblar. Qaynatası və qaynanası onunla birgə yaşayıblar. 2023-cü ilin dekabr ayında cavabdehlər tərəfindən azyaşlı oğlu ilə birlikdə zorla evdən çıxarılıb. Buna görə də məcbur olub atasının Oğuz rayon Şirvanlı kəndində yerləşən evinə köçüb orada yaşayır. İş yeri Oğuz şəhərindədir. Bundan başqa uşaq xəstədir, onda autizmə meyllilik, nitqində qüsurlar vardır. Müalicə üçün xeyli vəsait tələb olunur. Buna baxmayaraq cavabdehlər şəhid ailəsi kimi ona düşən vəsaiti aldadaraq əlindən almış, öz ehtiyaclarına xərcləmişlər. Onun evi olmalıdır. Buna görə də tikilmiş evdən uşağının payını tələb edir. Cavabdehlər isə onun imtiyazlarından ancaq özləri istifadə etmək istəyirlər. Qaynı Cavabdeh3 onun pulları ilə özünə başqa yerdə ev tikib. Aralarında yaranmış münaqişə ilə bağlı cavabdehlər ondan, atasından və qardaşından polis şöbəsinə şikayət etmişlər. Ərinin ailəsi Anarın şəhid olmasında onun atasını günahlandırır. Haqqını tələb edir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir.

4. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddiaçının izahatını təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, iş materiallarından müəyyən edilənlərə əsasən Cavabdeh1 mülkiyyətində Oğuz şəhəri, X19 küçəsi, ev 30 ünvanında, 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi vardır. Həmin ev bütünlükdə, torpaq sahəsi isə hər birinin payı 1/5 hissədə olmaqla cavabdehlərin, iddiaçının şəhid əri Anar Əliyevin və onun digər qardaşı Mayis Əliyevin adına xx.xx.2021ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Evin texniki pasportundan göründüyü kimi ev 2020-ci ildə tikilmişdir. Həmin həyətdə deyildiyinə görə başqa ev də olmuş, həmin ev sökülmüş, cavabdehlər mərhum Anarın tikməyə başladığı və sonra şəhid ailəsinə yardımlarla tamamlanmış evə köçmüşlər. İddiaçı evlə bağlı kredit də götürüb. Bundan əlavə mərhumun vərəsəsi olaraq Günelin və oğlu X10 mülkiyyətində olan torpaq sahələrinin 2/4 hissəsinə də vərəsəlik hüquqları yaranıb. Deməli iddiaçının şəhid xanımı kimi evdə hüququ yaranıb. Cavabdeh1 həmin ev tikilməzdən əvvəl sökülmüş evdə yaşayıb. Anar şəhid olduğundan ev Talıbın adına rəsmiləşib. İddianın təmin edilməsini xahiş etmişdir.

5. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçının evdən çıxmağına və aralarında münaqişənin yaranmasına səbəb öz atası və qardaşıdır. Onu qardaşı gəlib aparıb. Məqsəd şəhid ailəsinin imtiyazlarından istifadə etməkdir. İddiaçının imtiyazları özünə və oğluna aiddir. O isə arvadı Kİşbərlə birlikdə şəhid valideynləri kimi öz imtiyazlarından istifadə edirlər. Həyətdə əvvəldən başqa tikili olub. Həmin tikili qəzalı vəziyyətdə olduğundan 2017-ci ildən yeni evin tikilişini başlayıblar. Müəyyən qədər tikiblər. Ev hazır olana kimi uçuq evdə yaşayıblar. "Yaşat” fondunun çəkilişi də var. Fond tərəfindən 2020- ci ildə 15000 manat pulu mənzil təmiri üçün veriblər, bundan sonra evin tikintisini yekunlaşdırıblar. İddiaçı ümumiyyətlə onları evdən çıxarmaq istəyir, halbuki ev onun mülkiyyətindədir. İddiaçı uşaq üçün müavinət və Prezident təqaüdü alır. İddiaçı sosial sığorta da alıb. Məsciddə yığılan puldan da iddiaçının payı verilir. Dövlət tərəfindən də maddi yardımlar edilir. Yardımlar onlara çatmasın deyə iddiaçının ailəsi onu aparıb. Onlara qarşı edilən hərəkətlərə görə cavabdehin atası və qardaşından polisə şikayət edib. Cavabdehi evdən qovmur.Onlara hörmətsizlik etməmək şərtilə gəlib yaşaya bilər. İddiaçıya müəyyən şərtlərlə qarşılıqlı razılaşmaq imkanı da verilib, belə ki, ona hissələrlə ödəmək şərtilə 22000 manat pul təklif edib, lakin iddiaçı ondan 50000 manat pul istəyir. Artıq heç bir razılaşma mümkün deyil, çünki iddiaçı onları məhkəməyə qədər gətirib çıxarıb. Qanuni qərar çıxarılmasını, iddianın rədd edilməsini xahiş etmişdir.

6. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı onlarla çox pis rəftar edib, onlara qarşı təhqirlər yağdırıb, lakin nəvəsinə görə güzəştə gedə bilər, bu şərtlə ki, gəlin gəlsin, üzr istəsin, əvvəlki hərəkətlərini etməyəcəyinə söz versin. Onlara hörmət etsin, düşmən kimi yanaşmasın. İddianın rədd edilməsini xahiş etmişdir.

7. Cavabdeh3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ailəsi ilə birlikdə yaşadığı ayrıca evi vardır. Şəhid ailəsinin malik olduğu imtiyazlara da qarışmayıb. İddiaçının ona qarşı tələbini qəbul etmir. İddianın rədd edilməsini xahiş etmişdir.

8. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında cavabdehlərin izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı iddia ərizəsini geri götürərsə cavabdeh olan qaynatası və qaynanası onunla birgə yaşaya bilərlər. Əks halda sənədlərdən də görünür ki, mübahisəli ev birgə nikah dövründə tikilməyib. Həmin evi Cavabdeh1 əvvəldən öz hesabına tikməyə başlayıb, buna görə hətta 50000 manat kredit də götürüb. Sonra şəhid valideynləri kimi onlara verilən imtiyazlarla tikintini başa çatdırıb. İddiaçının məqsədi kompensasiya almaqdır. Həyətyanı və pay torpaq sahəsindən iddiaçının ərinə aid hissənin vərəsəlik yolu ilə həm valideynlər, həm də iddiaçı və oğluna düşən hissələrin bölünməsinə etiraz etmirlər. İddiaçı bu barədə iddia qaldıra bilər, hətta bu məsələnin məhkəmədən kənar-notarial qaydada həlli də mümkündür. Qanunla isə iddiaçı evə köçürülə və ona istifadə hüququ verilə bilməz, çünki evə mülkiyyət hüququ Cavabdeh1 məxsusdur. İddiaçıya imtiyazlardan istifadəyə maneə törədilməsi halları da mövcud deyil. İddianın rədd edilməsini xahiş etmişdir.

9. Oğuz Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(054)-248/2024 nömrəli qətnaməsi ilə (hakim S.Zeynalova), iddianın qismən təmin edilməsi, İddiaçı azyaşlı övladı X7 ilə Cavabdeh1 mülkiyyətində olan, Oğuz şəhəri X19 küçəsi ev 30 ünvanında yerləşən evə köçürülməklə onun evdən istifadə hüququ tanınması, iddia tələbinin İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı şəhid ailəsi kimi ona verilmiş hüquq və imtiyazların həyata keçirilməsinə maneə törədilməsinin qadağan edilməsi hissəsində təmin edilməməsi, dövlət rüsumunun dövlət büdcəsinə aid edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı 2018-ci ildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu, digər Cavabdeh3 qardaşı-Vətən Müharibəsi şəhidi X13 ilə ailə quraraq onun və digər ailə üzvlərinin yaşadığı evə köçürülmüş, 2023-cü ilin dekabr ayınadək birgə təsərrüfat idarə edərək həmin evdə yaşamışdır. İddiaçının Anar Əliyevlə birgə nikahından xx.xx.2019-cu ildə oğlu Məhəmməd anadan olmuşdur. Mülki qanunvericiliyə uyğun olaraq Anar Əliyevin valideynləri, həmçinin şəhidin dul qalmış arvadı İddiaçı və oğlu Məhəmməd onun vərəsələri hesab olunurlar. Ailə münaqişəsi səbəbli iddiaçı 2023-cü ilin dekabr ayından atasının Oğuz rayon Şirvanlı kəndində yerləşən evində yaşayır. Onun cehiz əşyaları mübahisəli evdədir. Həmin ev isə xx.xx.2021-ci il tarixdən tam hissədə mülkiyyət hüququ ilə Cavabdeh1 adına reyestr xidmətində qeydiyyatdan keçirilmişdir.

11. Məhkəmə həmçinin müəyyən etmişdir ki, mübahisəli evin yerləşdiyi 0,06 ha torpaq sahəsi cavabdehlərin, həmçinin Cavabdeh1 digər övladları Mayis və şəhid Anar Əliyevin ümumi birgə mülkiyyətindədir. Oğuz şəhərində yerləşən 1,1499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də eyni şəxslərin ümumi birgə mülkiyyətində olmaqla reyestr xidmətində qeydiyyatdan keçirilmişdir.

12. 0,06 ha həyətyanı torpaq sahəsində əvvəllər qəzalı vəziyyətdə yaşayış evi olmuş, Cavabdeh1 izahatına əsasən 2017-ci ildən yeni evin bünövrəsi qoyulmuş, müəyyən tikinti işləri aparılmış, nəhayət 2021-ci ildə "Yaşat” fondu tərəfindən ona verilmiş 15000 manat vəsaitlə evin tikilişinin son tamamlanması başa çatdırılmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

13. İddiaçı ilə cavabdehlərin ailə üzvü olmuş şəhid Anar Əliyev arasında nikah pozulmamışdır. Qeyd edildiyi kimi iddiaçı 2023-cü ilin dekabr ayınadək cavabdehlər olan qaynatası və qaynanası ilə birlikdə mübahisəli evdə yaşamışdır. Fərdi yaşayı evinin iş materiallarında olan texniki pasportundan göründüyü kimi həmin ev kifayət qədər geniş sahəyə malikdir.

14. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin birinci hissəsinə əsasən iddiaçı ona cavabdehlər tərəfindən şəhid ailəsi kimi hüquq və imtiyazların həyata keçirilməsinə maneə törədildiyini bildirməklə bu maneənin qadağan edilməsini xahiş etsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia tələbinin ikinci hissəsinə əsasən iddiaçı şəhid ərilə birgə nikah dövründə və o, şəhid olduqdan sonra dövlət tərəfindən verilmiş yardımlarla inşa edilmiş evdə onun azyaşlı övladı ilə birgə istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə tələbin qeyd edilən hissəsinə qiymət verərək bildirmişdir ki, tərəflərin izahatları mübahisəli evin həqiqətən Anar Əliyevin şəhidlik zirvəsinə çatmasından xeyli əvvəl tikilməyə başlanıldığına dair hissədə qismən üst-üstə düşsə də, hazırki vəziyyətdə iddiaçı evin birgə nikah dövründə əri tərəfindən tikildiyinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq iş materialları ilə iddiaçı 2018-ci ildə həmin evə gəlin gələrkən evin tikintisinin davam etdiyi müəyyən edilir. Məhkəmə araşdırması zamanı tikintinin son tamamlanma işlərinin 2021 -ci ildə "Yaşat” fondundan Cavabdeh1 verilmiş 15000 manat vəsaitlə başa çatdırıldığı bildirilmişdir.

17. İddiaçının evdən istifadə hüququ tanınmaqla azyaşlı uşağı ilə evə köçürülməsi tələbinə münasibət olaraq cavabdeh tərəf məhkəmə qətnaməsi çıxarılmadığı, yəni iddiaçının ərizəsini geri götürdüyü və onlarla münasibətlərinin normallaşacağı təqdirdə onun evdə yaşamasına etiraz etmədiklərini, əks halda Cavabdeh1 mülkiyyətçi mövqeyinə uyğun olaraq iddia tələbinin həmin hissədə təmin olunmasının rədd edilməli olduğunu bildirmişlər.

18. Məhkəmə həmin xüsusata qiymət verərək bildirmişdir ki, qüvvədə olan mənzil qanunvericiliyinə əsasən "əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi” təsbit edilsə də, məhkəmə hazırki işə Mənzil Məcəlləsinin 30.1 -ci maddəsinin tələbləri baxımından yanaşmağı məqsədə müvafiq hesab edir. Belə ki, həmin maddəyə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

19. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdehlər arasında ailə münasibətlərinə xitam verildiyi mövqeyindən yanaşılması ölkəmiz və xalqımız üçün müqəddəs olan şəhidin dul qalmış arvadının hüquqlarının pozulmasına gətirib çıxara bilər, yəni X15 Müharibəsində şəhid olması ilə tərəflər arasında nikah münasibətlərinin pozulması nəticəsində keçmiş ailə üzvü hesab edilən şəxslər arasında fərq nəzərə alınmalıdır.

20. Beləliklə, hazırki vəziyyətdə məhkəmə tərəflər arasında münasibətlərə hüquqi qiymət verərək bildirmişdir ki, iddiaçı hələ də cavabdehlərin ailə üzvü, həmçinin şəhidin vərəsəsi hesab olunduğundan Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tələbləri baxımından yanaşmaqla onun Cavabdeh1 mülkiyyətində olan evə köçürülməsi və həmin evdən istifadə hüququnun tanınmasına dair iddiası təmin edilməlidir.

21. Məhkəmə öz mövqeyini xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1, 30.1, 30.2, 30.3, 30.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.3, 217.4-cü maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

23. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o uzun illərdir ki, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən evi 1988-ci ildə alqı-satqı müqaqviləsi əsasında X6 adlı şəxsdən satın almışdır. Ev həmin tarixdən onun xüsusi mülkiyyətində, yerləşdiyi həyətyanı torpaq sahəsi isə qanuni istifadəsində olmuşdur. Oğuz rayon ərazisində keçirilən aqrar islahatla əlaqədar evin yerləşdiyi həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin paylı mülkiyyətinə verilmişdir. 2017-ci ildə Oğuz rayonu ərazisində baş vermiş zəlzələ ilə əlaqədar qeyd edilən ev zədələnib yaşayış üçün yararsız hala düşmüşdür. O, həmin həyətyanı torpaq sahəsində dərhal yeni bir fərdi yaşayış evinin inşasına başlayıb, 2020-ci ildə inşaatı tamamlayıb ailə üzvləri ilə birlikdə həmin evə köçmüşdür. Yeni inşa etdiyi fərdi yaşayış evinə dair onun adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli DƏDR-dən çıxarış və müvafiq texniki pasport tərtib edilmişdir. Həmin sənədlərə əsasən qeyd edilən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə onun xüsusi mülkiyyətində, evin yerləşdiyi 0,06 hektar həyətyanı torpaq sahəsi isə onun və ailə üzvləri X13, Cavabdeh2 Cavabdeh3 və X4 paylı mülkiyyətindədir.

24. Onun oğlu X13 2020-ci ildə 2-ci Qarabağ müharibəsində şəhid olmuşdur. X20 05 dekabr 2018-ci il tarixdə hazırkı iş üzrə İddiaçı ilə rəsmi nikaha daxil olmuş, nikahın qeydə alınmasından sonra İddiaçı evinin yerləşdiyi həyətdəki yaşayışa uyğunlaşdırılmış tikiliyə köçmüş, həmin tikilidə yaşamışlar. Oğlunun şəhid olmasından sonra iddiaçı bir müddət onlarla eyni ünvanda yaşasa da sonra könüllü surətdə evlərini tərk edib qeydiyyatda olduğu daimi ünvanı olan Oğuz rayon Şirvanlı kəndinəki valideynlərinə məxsus evə köçmüş, bir müddət orada yaşadıqdan sonra Bakı şəhərinə köçərək orada yaşamağa və işləməyə başlamışdır. İddiaçı evlərində olan əmlaklarını da götürmüşdür. İddiaçı heç vaxt onun ailə üzvü olmamış və mübahisə obyekti olan evdə qeydiyyata da alınmamışdır. Onun onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə heç bir hüququ heç vaxt mövcud olmamış, mərhum oğlunun arvadı kimi onların iradələri daxilində bir müddət həyətində yerləşən tikilidə yaşamışdır. Hazırda həmin tikili də sökülmüşdür və mövcud deyildir.

25. İddiaçı oğlunun şəhid olmasından sonra dəfələrlə onunla və ailə üzvləri ilə mübahisə etmiş, əsassız iddialar irəli sürmüşdür. Nəticədə onunla aralarında olan münasibətlər pisləşmişdir. Hazırda o, iddiaçının xüsusi mülkiyyətində olan evə istifadə hüququnun tanınmasına və onun həmin evə köçürülməsinə etiraz edir. İddiaçının daimi qeydiyyatda olduğu evə yaşayış hüququ olduğu halda ona heç bir hüququ olmayan başqa bir evə də istifadə hüququnun tanınmasının qanuni əsası yoxdur və bu hal məntiqi də hesab edilə bilməz.

26. Bir məsələni də bildirmək istəyir ki, iddiaçı özü də birinci instansiya məhkəməsində iştirak etdiyi iclasda mülkiyyətindəki evə istifadə hüququnun tanınmasını və həmin evə köçürülməsini əslində arzu etmədiyini, əsl niyyətinin həmin evə görə kompensasiya qismində pul almaq olduğunu açıqca bildirmişdir.

27. İş materiallarından da göründüyü kimi mübahisə edilən fərdi yaşayış evi 1988-ci ildən onun xüsusi mülkiyyətindədir. 2017-ci ildə həmin ev zəlzələ zamanı zədələndiyinə görə evi söküb yerində yeni fərdi yaşayış evi inşa etmişdir. İddiaçı onun X20lə 05 dekabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq evinin yerləşdiyi həyətyanı torpaq sahəsindəki yaşayış binası kimi istifadə olunan tikiliyə köçmüş olsa da evinə daimi qeydiyyata alınmamış və onun evindən istifadə hüququ olmamışdır. O, mülkiyyətində olan fərdi yaşayış evini özünün və ailə üzvlərinin paylı mülkiyyətində olan həyətyanı torpaq sahəsində öz vəsaiti hesabına inşa etmişdir, evinin inşasına iddiaçının heç bir vəsaiti sərf edilməmişdir. Evinin inşası üçün iddiaçının vəsaiti sərf edilməsi fikri tam yalandır və iş materiallarındakı heç bir sübutla təsdiq olunmur. Oğlu Anarın şəhid olmasından sonra onun şəhid olması ilə əlaqədar verilən vəsaitlərin ona və həyat yoldaşına düşən hissəsi onlara, iddiaçıya düşən hissəsi isə şəxsən iddiaçının özünə imza etdirilməklə təhvil verilmişdir. Onun həmin vəsaitləri ona verməsi barədə iddiası tam yalandır. O, evinin tikintisi üçün iddiaçıdan heç bir vəsait almamışdır.

28. Birinci instansiya məhkəməsində məhkəmə iclası zamanı iddiaçı tərəfin onun mülkiyyətində olan fərdi yaşayış evinə münasibətdə heç bir hüququ olmaması tam aydın olsa da onun şəhid ailəsi statusuna malik olması halı qüvvədə olan qanundan daha üstün olan bir hal kimi nəzərə alınıb onun və həyat yoldaşı Cavabdeh2 da şəhid ailəsi statusuna malik olmaları unudulmuşdur. Nəticədə mülkiyyətində olan fərdi yaşayış evinə münasibətdə onun qanuni hüquqları pozulmuş və məhdudlaşdırılmış, heç bir qanuni əsas olmadan iddiaçıya malik olmadığı hüquqlar tanınmışdır.

29. Odur ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)-248/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, İddiaçı ona, Cavabdeh2 və Cavabdeh3 qarşı onun xüsusi mülkiyyətində olan, Oğuz şəhəri X19 küçəsi ev 30 ünvanda yerləşən evə köçürülməklə onun həmin evdən istifadə hüququnun tanınması iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Oğuz Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(054)-248/2024 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Oğuz Rayon Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 2(054)-248/2024 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə də iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməşlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 27.2-ci maddəsinə əsasən ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

35. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

36. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-93-cü maddələrində (15-ci fəsil) konkret olaraq 5 qrup şəxsin saxlanması vəzifəsi müəyyən edilmişdir:1) qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi; 2) baba və nənənin nəvələrini saxlamaq vəzifəsi; 3) nəvələrin baba və nənəni saxlamaq vəzifəsi; 4) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi; 5) ogey oğul və qızların ogey ata və ananı saxlamaq vəzifəsi.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarları:

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarı.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

40. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

43. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

44. Cavabdeh1 Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)-248/2024 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə şikayətin məzmunundan görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Həmçinin şikayətin yekununda qətnamənin tamamilə ləğv edilməsini xahiş etsə də iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır.

45. Bundan əlavə digər cavabdehlər qətnamədən apellyasiya şikayəti verməsələr də iş materiallarından göründüyü kimi iddianın təmin edilmiş hissəsində mübahisənin predmeti bölünməzdir.

46. Ona görə də kollegiya Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)- 248/2024 saylı qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən hissəsində qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, iddianın təmin edilmiş hissəsində ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.

48. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

49. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 05 dekabr 2018-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu, digər Cavabdeh3 isə qardaşı-Vətən Müharibəsi şəhidi X13 ilə ailə quraraq X8 və cavabdehlərin yaşadığı evə köçmüşdür. Onların birgə nikahlarından xx.xx.2019-cu ildə Məhəmməd adlı övladları anadan olmuşdur. X13 26 oktyabr 2020-ci il tarixdə Vətən Müharibəsində şəhid olmuşdur. İddiaçı deməsinə o, 2023-cü ilin dekabr ayınadək, cavabdehlərin deməsinə əsasən isə X8 2020-ci ilin oktyabr ayının 26-da şəhid olmasından sonra qısa müddət ərzində, yəni 2020-ci ilin noyabr ayınadək həmin evdə yaşamış, lakin bundan sonra münasibətləri pozulduğundan cavabdehlərlə yaşadığı evi tərk edərək, atası evinə getmişdir.

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.

51. Belə ki, məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində göstərdiyi iddiaçının evə istifadə hüququnun tanınmasının qanuni əsasının olmaması, mülkiyyətində olan fərdi yaşayış evinə münasibətdə onun qanuni hüquqlarının pozulması, məhdudlaşdırılması, heç bir qanuni əsas olmadan iddiaçıya malik olmadığı hüquqların tanınmasına dair dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilmiş hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, iddianın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin qənaməsində göstərilən nəticələr işin hallarına uyğun olmamışdır.

52. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********15-10301 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Oğuz şəhəri, X19 küçəsi, ev 30 ünvanında 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən 113 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh1, 0,06 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə hüquq sahibləri Cavabdeh1, X8, Cavabdeh2, Cavabdeh3 və X4 adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır.

53. Göründüyü kimi, mübahisə predmeti olan fərdi yaşayış evi Cavabdeh1 adına tam mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.

55. Qeyd edilən qərarın tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, mübahisənin düzgün həll edilməsi üçün məhkəmə tərəfindən iddiaçının mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququ olan Cavabdeh1 ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, ailə qanunvericiliyinin istinad edilən yuxarıda sadalanan müvafiq normalarında qayınatanın gəlinini saxlamaq vəzifəsi müəyyən olunmamışdır.

57. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.

58. Beləliklə məhkəmə kollegiyası təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi yaşayış evinin Cavabdeh1 mülkiyyətində olmasına diqqət yetirərək belə qənaətə gəlir ki, iddiaçının ailə qanunvericiliyi əsasında fərdi yaşayış evindən mülkiyyətçi ilə birlikdə onun ailə üzvü kimi istifadə etmək və həmin evə köçürülməsini tələb etmək hüquqları yaranmamışdır.

59. Məhkəmə kollegiyası azyaşlı uşaq-26 sentyabr 2019-cu il təvəllüdlü X3 münasibətdə qeyd edir ki, qanunvericiliyin müddəalarına görə yetkinlik yaşına çatmayanların yaşayış yeri valideyinlərinin yaşayış yeri hesab edildiyindən, azyaşlı uşağın yaşayış yeri valideyni İddiaçı yaşayış yeri hesab edildiyindən iddia X3 münasibətdə də təmin edilə bilməz.

60. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iddianın təmin edilən hissəsində gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, həmin hissədə birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, iddianın təmin edilmiş hissəsində müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.

61. Odur ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)-248/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş İddiaçı azyaşlı övladı X7 ilə Cavabdeh1 mülkiyyətində olan, Oğuz şəhəri X19 küçəsi ev 30 ünvanında yerləşən evə köçürülməklə onun evdən istifadə hüququnun tanınması hissəsində ləğv edilməli, ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı azyaşlı uşağı ilə birlikdə Cavabdeh1 mülkiyyətində olan Oğuz şəhəri X19 küçəsi ev 30 ünvanında yerləşən evdən istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinə dair iddiası təmin edilməməlidir.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)-248/2024 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş İddiaçı azyaşlı övladı X7 ilə Cavabdeh1 mülkiyyətində olan, Oğuz şəhəri X19 küçəsi ev 30 ünvanında yerləşən evə köçürülməklə onun evdən istifadə hüququnun tanınması hissəsində ləğv edilsin. Ləğv edilmiş hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı azyaşlı uşağı ilə birlikdə Cavabdeh1 mülkiyyətində olan Oğuz şəhəri X19 küçəsi ev 30 ünvanında yerləşən evdən istifadə hüququnun tanınması və evə köçürülməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar