Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4986/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "qazdan qeyri-qanuni istifadəyə görə cavabdeh tərəfindən əsassız hesablanmış 8824,80 manat borc məbləğinin silinməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "qazdan qeyri-qanuni istifadəyə görə cavabdeh tərəfindən əsassız hesablanmış 9069,50 manat borc məbləğinin silinməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi Vəkil məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək, iddia tələbinin həcmini azaltmış və tələbini "qazdan qeyri-qanuni istifadəyə görə cavabdeh tərəfindən əsassız hesablanmış 8824,80 manat borc məbləğinin silinməsi" kimi ifadə etmişdir. Həmin ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, onun Bakı şəhəri Nardaran qəsəbəsi Ləhic bağları dalan 12 ünvanında yerləşən bağ evində qohumları yaşayır. Qohumları evi tərk edərkən ona məlum olmuşdur ki, xx.xx.2022-ci ildə Cavabdeh tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" ******* nömrəli akt tərtib edilmişdir. xx.xx.2022-ci ildə ziyanın bərpasına dair tələbnamə verilmiş və həmin tələbnamədə ******* nömrəli akt əsasında 73440 kub.m qaz itkisi hesablandığı göstərilmişdir. Cavabdeh tərəfindən 8824,80 manat əsassız borc hesablanmışdır. İddiaçının nümayəndəsi Vəkil əvvəlki məhkəmə iclasında verdiyi izahatda bildirmişdir ki, iddiaçının mənzilində sayğacdan kənar qazdan isifadə olunmuşdur, lakin hesablanan borc həddindən artıq şişirdilmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı etiraf etməmiş və iddiaçının təbii qazdan istifadəyə görə 8812,8 manat borcunun yarandığını bildirmişdir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı qismən əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı Bakı şəhəri Nardaran qəsəbəsi Ləhic bağları dalan 12 ünvanında evi vardir. Cavabdeh işçiləri tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" tərtib edilmişdir. Aktda göstərilmişdir ki, Nardaran qəsəbəsi Ləhic bağları dalan 12 ünvanında istehlakçı İddiaçı mənzildə sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə edir. İddiaçının adına olan abonentin saldosunda onun akt üzrə 2022-ci ilin dekabr ayına 73440 kub.m qaza görə borcunun 8812,80 manat təşkil etdiyi göstərilmişdir. Həmin borc qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub.m/saat, QSSQ-nin maksimal saatlıq qaz sərfi 3 kub.m/saat, 2 ədəd dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 kub.m/saat, İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün (73440 kub.m x 0,12 manat = 8812,80 manat) hesablanmışdır. İşdə olan, xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhiç bağları dalan 12 ünvanında istehlakçı İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, abonent mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edir. İşdə olan xx.xx.2022-ci il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" əsasında dəymiş ziyanın həcmi belə hesablanmışdır: - Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla, 10368 kub.m, - Qeyri-standart su qızdırıcısının (QSSQ) maksimal saatlıq qaz sərfi 3 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla, 25920 kub.m, - 2 ədəd dəmir sobanın hər birinin maksimal saatlıq qaz sərfi 1,4 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla, 24192 kub.m, - İran sobasının maksimal saatlıq qaz sərfi 1,5 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 360 gün olmaqla 12960 kub.m. Bu sərfiyyatın cəmi 73440 kub.m, hər kub.m qazın qiyməti isə 0,12 manat olmaqla, ümumi dəyəri 8812,80 manat təşkil edir. İşdə olan, İddiaçı adına olan "Abonentin saldosu"ndan görünür ki, ona 2022-ci ilin dekabr ayına akt üzrə yazılmış borc 73440 kub.m qaza görə borcu 8812,80 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 5.5-ci bəndinə görə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi 8824,80 manat borcun 12 manatının Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"a aidiyyəti yoxdur. Həmin 12 manat borc iddiaçının cavabdehdən alıb istifadə etdiyi qazın dəyəridir və yuxarıda göstərilən Qaydaların tələbinə görə, iddiaçı tərəfindən ödənilməlidir. Bu səbəbdən iddianın həmin hissəsi təmin edilə bilməz. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" əsasında iddiaçıya hesablanmış 8812,80 manat borcla bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində deyilir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Eyni zamanda, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsi iddiaçının qazdan qanunsuz istifadə etdiyini etiraf etdiyinə görə cavabdeh artıq bu faktı sübut etmək vəzifəsindən azaddır. Lakin qanunsuz istifadə edilmiş qazın həcmi ilə bağlı cavabdehin hesablamasını məhkəmə düzgün hesab etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 2.7ci bəndinə əsasən, FHN-in və EN-in səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidirlər. Göründüyü kimi, cavabdeh xx.xx.2022-ci ildə iddiaçının qazdan qanunsuz istifadə etməsini aşkar etdiyi zaman vurulmuş ziyanı hesablayarkən həmin normanın tələbinə əsasən altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməli olduğunu və bu səbəbdən ziyanın yalnız texniki baxışın keçirilməli olduğu son tarixdən sonrakı müddət üçün hesablana biləcəyini nəzərə almamışdır. Məhkəmə hesab edir ki, xx.xx.2022ci ildən əvvəl texniki baxışın məhz hansı tarixdə keçirilməsi barədə məlumat mövcud olmasa da, müəyyən edilir ki, sayğacın quraşdırıldığı tarix xx.xx.2022-ci il olduğuna görə texniki baxış ən geci xx.xx.2022-ci ildə keçirilmiş olmalıydı. Həmin gündən pozuntunun aşkar edildiyi günədək (xx.xx.2022-ci il) ötən müddət 9 gün təşkil edir. Deməli, qanunsuz istifadəyə görə hesablama yalnız 9 gün üçün aparıla bilərdi. İddiaçıya məxsus qaz qurğularının sayına gəldikdə isə müəyyən edildi ki, cavabdeh tərəfindən tərtib edilmiş "Abonentin saldosu"nda yalnız 1 ədəd 4 gözlü plitənin (PQ-4) olması göstərilmişdir. İddiaçının nümayəndəsi iddiaçının faktiki olaraq 2 ədəd 4 gözlü plitə (PQ-4) və 1 ədəd soba istifadə etdiyini etiraf etmişdir. Cavabdehin hesablamalarda istinad etdiyi QSSQ-nin (qeyri-standart su qızdırıcısı) və digər sobaların mövcudluğu barədə isə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, maddi ziyanın hesablanmasında yalnız 2 ədəd 4 gözlü qaz plitəsində və 1 ədəd sobada sərf edilmiş qazın dəyəri nəzərə alınmalıdır. Qaz plitəsinin hər birinin qaz sərfi 1,2 kub.m/saat, sobanın qaz sərfi isə 1,5 kub.m/saatdır. Beləliklə, 2 ədəd 4 gözlü qaz plitəsinin və 1 ədəd sobanın birlikdə (1,2 x 2 + 1,5) maksimal saatlıq qaz sərfi 3,9 kub.m/saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 9 gün olmaqla, cəmi 842,4 kub.m qazın qanunsuz istifadə olunduğu müəyyən edilir. Hər 1 kub.m qazın qiyməti 0,12 manat olmaqla bunun dəyəri (842,4 kub.m x 0,12 manat) 101,09 manat təşkil edir. İddia həmin 101,09 manat hissədə təmin edilməməli, göstərilən məbləğ istisna olmaqla, akt əsasında hesablanmış borcun qalan hissəsi isə (8812,80 manat - 101,09 manat = 8711,71 manat) iddiaçının hesabından silinməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı hesablanmış 8711,71 manat məbləğində borc silinsin. İddia 113,09 manat borcla bağlı hissədə təmin edilməsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2(008)-4986/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4986/2023
28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver