Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-502/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 23 fevral 2022-ci il tarixli, NDM 028031 nömrəli aktın etibarsız hesab edilərək, ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi və tətbiq edilən qeyri-qanuni maliyyə-pul sanksiyasının ləğv edilərək dəymiş zərər kimi müəyyən olunan 1594,95 manat pulun ondan tutulmasına son qoyulması və həmin borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o - İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvan kimi: ev 001Q, mənzil 0006) ünvanda yaşayır və həmin mənzil ona məxsusdur. 23 fevral 2022-ci il tarixdə "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları onun xəbəri olmadan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində (sayğacın quraşdırıldığı ünvan kimi: ev 001Q, mənzil 0006) yerləşən evinə aid işıq sayğacına baxış keçirmiş, guya ki, sayğacın giriş xəttləri fərdi yaşayış evinin çöl divarındakı aqlay daşının daxilindən keçirilərək elektrik sayğacına daxil olur. Aqlay daşın alt hissəsindən giriş bir faza xəttindən və o xəttdən kənar xətt götürülərək kənar xətdən istifadə olunduğu qeyd edilmişdir. Bundan sonra onun hesabına 1594,95 manat borc məbləği yazılmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, sözügedən evi o, kirayə vermiş və həmin evdə yaşamır. Buna baxmayaraq, evə və sayğaca nəzarət edir. Həmin sayğacdan kənar xəttin çəkilməsi barədə "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin aktı ilə razı deyil. Çünki, aqlay daşın altı ilə elektik xəttləri keçsə də lakin həmin xəttlər sayğacdan kənar çəkilməmişdir. Onun mənzilində quraşdırılmış sağacdan kənar heç vaxt elektrik enerjisindən istifadə edilməyib. Belə olan halda onun hesabına 1594,95 manat məbləğində pulun yazılması əsassızdır. Abunə haqqında hesabdan çıxarışa nəzər salsa görünər ki, elektrik enerjisindən istifadəyə görə aylıq ödənişlər kifayət qədər olmuşdur. Əgər həqiqətən də elektrik enerjisindən sayğacdan kənar istifadə halı olmuş olsaydı, aylıq bu məbləğlərdə elektrik enerjisindən istifadəyə görə ödənişlər də olmazdı. Ödənişlər daha az olardı. O, yuxarıda qeyd etdiyi səbəblərə görə "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilən 23 fevral 2022-ci il tarixli, NDM 028031 saylı aktı əsassız hesab edir. Həmçinin onu da məhkəmənin nəzərinə çatdırır ki, aktda qeyd edilən, yəni sayğacdan kənar istifadə və bunun nəticəsində elektrik enerjisi itkisi faktı həqiqətən də baş vermiş olsaydı "xxxx" ASC-nin əməkdaşları aktı tərtib edən zaman ona və ya həmin evdə yaşayan şəxslərə məlumat verər, iki hal şahidinin və onun iştirakı ilə sayğaca baxış keçirib akt tərtib edərdilər. Lakin onlar ona heç bir məlumat vermədən, hal şahidlərinin iştirakını təmin etmədən, sayğaca baxış keçirib, akt tərtib ediblər. Göründüyü kimi cavabdeh tərəfindən akt tərtib edilərkən də onun hüququ pozulmuşdur. "xxxx" ASC-nin əməkdaşları elektrik enerjisindən qeyri-qanuni istifadə nəticəsində "xxxx" ASC-yə 1594,95 manat ziyan dəyməsini qeyd etsə də, bu məbləğin necə hesablanması, ziyanın necə müəyyən edilməsi barədə heç bir məlumat verməmişdir. Göründüyü kimi qanunsuz qoşulma hallarının olmamasına nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda, o, öz vəzifələrini yerinə yetirdikdən sonra elektrik enerjisi itkisinin baş vermə halını, maddi ziyan dəyməsi halını və istehlakçı olaraq onun təqsirini sübuta yetirmədən, ona qarşı əsassız və qanunsuz tələblər irəli sürmüşdür. "xxxx" ASC ilə bağlanmış müqavilə şərtlərində heç bir halda istehlakçıya münasibətdə güc və ya məcburetmə tədbirinin tətbiq etməsi hüququ, eləcə də, istehlakçının məcburetmə tələbləri ilə müəyyən hərəkətlərin edilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Hazırkı iddia ərizəsi üzrə cavabdeh olan "xxxx" ASC tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericiliklə nəzərdə tutulmamış müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə, cavabdehlə onun arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, güc və ya məcburetmə tətbiq olunması yalnız dövlətin inhisarındadır və dövlət bu məqsədlə mülki-prosessual qanunla və icra haqqında qanunvericiliklə tənzimlənən metodlar tətbiq edir. Belə olduğu halda qanunvericiliyin müəyyən etdiyi imkanlardan istifadə edərək bir müqavilə tərəfinin digər tərəfə münasibətdə məcburetmə tədbirlərin tətbiq edilməsi mümkünsüz olur və məcburetmə aktının etibarsızlığını, bunun əsasında isə pul tələbinin əhəmiyyətsizliyini təsdiq edir. Bütün bu olanlar onu dərindən sarsıdaraq, əsəbləşdirir. Çünki "xxxx" ASC-nin əməkdaşları ona qarşı açıq-aşkar yalan mövqedə dururlar. Bu mənəvi təsirin nəticəsi olaraq, əsəb hissi keçirir, daima özünü gərgin hiss edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia ərizəsini qəbul etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin qəbzinin surətindən görünür ki, Qəfər Bədəlovun adına olan abonent koduna yazılmış borc məbləği xx.xx.2022-ci il tarixi üçün 1270.95 manatdır. Abonentin adına olan saldodan görünür ki, iddiaçının xx.xx.2021-ci il üçün 7.35 manat borcu mövcuddur. "xxxx" ASC-nin 028031 nömrəli, xx.xx.2022-ci il tarixli aktın surətindın görünür ki, sayğacın xətləri fərdi yaşayış evinin çöl divarındakı ağlay daşı daxilindən keçirilərək elektrik sayğacına daxil olur. Belə ki, ağlay daşın alt hissəsindən giriş bir faza xəttindən və ön xəttindən kənar xətt götürələrək kənar xətdən istifadə olunur. P savt=3.7 kvt, P sayğ=0.3 kvt. "xxxx" ASC-nin Akt Komissiyasının sədrinin “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, xx.xx.2022-ci il tarixli 028031 nömrəli akta əsasən abonent X3 (abonent kodu: **********1Q0006) Bakı şəhəri Bakıxanov qəsəbəsi, L.Məmmədova ünvanında yerləşən yaşayış evinə elektrik sayğacından kənar xəttin olması aşkar edilmiş, 3.7 kvt x 24 saat x 0,7 x 253- 2156 kvts=13570 kvts. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin 3/05 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən elektrik sayğacının və naqilin üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş və elektrik sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 64 (Altmış dörd) manat dəyərləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən elektrik sayğacına hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş diskin videogörüntüsündə "xxxx" ASC-nin nümayəndəsi Bakı şəhəri Bakıxanov qəsəsbəsi Leyla Məmmədbəyova ünvanında yerləşən fərdi yaşayış evində sayğacından kənar xəttin olmasını bildirsə də, buna dair hər hansı mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir: İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 13- cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qanunun 17-ci maddəsində qeyd edilmişdir ki, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – Qaydanın) 1.1-ci maddəsində məişət abonentinə (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı olması barədə anlayış verilmişdir. Qaydanın 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Qaydanın 8.32-ci bəndində göstərilmişdir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydanın 8.33-cü bəndində göstərilmişdir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qərarın 7.10-cu bəndində göstərilmişdir ki, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qərarın 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları Kazımov H və Hacıəhmədov A tərəfindən tərtib edilmiş 23 fevral 2022-ci il tarixli NDM 028031 nömrəli Akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq tərtib edilməmişdir. Belə ki, qeyd edilən qərarda abonent tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə aktın tərtib edilməsi zamanı enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı zəruri hesab edilsə də, mübahisəli aktın tərtibi zamanı iki nəfər hal şahidinin iştirakı təmin edilməmişdir. Cavabdehin əməkdaşları iddiaçının iştirkakı olmadan sayğaca keçeirilmiş baxış zamanı orada kənər xətt olmasını irəli sürsədə, həmin kənər xətt vaistəsi ilə məhz iddiaçının yaşadığı evə elektrik çəkilmiş olduğu müəyyən edilə bilmir. Habelə məhkəmə tərəfindən təqdim edilmiş ekspertizanının rəyində də məlum olur ki, iddiaçıya məxsus sayğaca baxış zamanı ondan kənər xəttin çəkilməsini təsdiq edəcək izlər müəyyən edilə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 23 fevral 2022-ci il tarixli NDM 028031 nömrəli akt etibarsız hesab edilməli, həmin akt əsasında elektrik sayğacı abonentinin hesabına əsassız yazılmış 1591.26 manat məbləğində borc silinməlidir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəməyə müraciət edərək 23 fevral 2022-ci il tarixli NDM 028031 nömrəli akt əsasında ona 1594.95 manat borcun hesablanmış olduğunu bildirsədə, 23 fevral 2022-ci il tarixli NDM 028031 nömrəli aktın tələbnaməsindən görünür ki, sözügedən akt üzrə iddiaçıya 1591.26 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa məhkəmə iddia tələbinin digər hissəsinə-23 fevral 2022-ci il tarixli NDM 028031 nömrəli akt əsasında yazılmış cəriməyə görə ondan pul tutulmaların dayandırılması hissəsinə münasibət bildirərək qeyd edir ki, nəqdər ki, hazırki iddia tələbi üzrə 23 fevral 2022-ci il tarixli NDM 028031 nömrəli akt etibarsız hesab edilmişdir həmin akta əsasən yazılmış cəriməyə görə hər hansı pul məbləğinin tələbinin tutulmasına qanunvericilik yol vermədiyindən, iddia tələbinin bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 64 manat məbləğində aparılmış tədqiqatın dəyəri cavabdehdən tutulmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən **********Q0006 saylı abonent İddiaçı xx.xx.2022-ci il tarixli NDM 028031 saylı akt akt etibarsız hesab edilsin və həmin akt əsasında hesablanmış 1591.26 (min beş yüz doxsan bir manat, iyirmi altı qəpik) manat borc silinsin. Aparılmış tədqiqatın dəyəri olan 64 (altmış dörd) manat pul məbləği cavabdehdən tutularaq Azrbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin mərkəzinin hesabına ödənilsin. (Büdcə təsnifat kodu: 142595, büdcəsəviyyəsinin kodu: 3, X1, kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, CTREAZ22) İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-502/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-502/2023
03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver