Məhkəmə qərarları › İş №2(008)-5043/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5043/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5043/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (dəqiqləşdirilmiş tələblə), cavabdeh tərəfindən **********00041 №-li abonent koduna əsassız hesablanmış 1155.20 manat məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o ailəsi birlikdə qeyd etdiyi ünvan 1 ünvanında yaşayır. Cavabdeh tərəfindən onunla bağlanmış müqaviləyə əsasən yaşadığımız ünvana mexaniki qaz sayğacı quraşdırılmışdır. Həmin sayğac uzun müddətdən artıq istifadə edilmiş, sayğacda müəyyən nöqsanlar olduğuna görə bu barədə qaz idarəsinə müraciət etmiş. Onlar evdə olmayan müddətdə əməkdaşları gələrək həmin qaz sayğacını “SMART” qaz sayğacı ilə əvəz etmişlər. Qaz sayğacı istismar müddətnin bitməsinə görə dəyişdirilmiş və dəyişdirilərkən plombu üzərində olmuş, heç bir qüsur olmamışdır. Lakin dəyişdirilmiş sayğac sonradan labarotoriyaya aparılmış və xx.xx.2023-cü il tarixli aktda “sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plasmas plombun üzərində əzik-cızıx işləri var, sayğac istismara yarasızdır.” qeyd edilmişdir. Sayğacın hesablama mexanizminə müdaxilə edilməsi mümkün deyildir. Çünki sayğacın plombu üstündə olmuş və sayğacın üzərində hər hansı bir qüsur olmamışdır. Əgər sayğacın plombu kəsilmiş olsaydı dəyişdirilərkən bu müəyyən edilməli idi. Həmçinin guya həmin akta o imza etməkdən imtina etmişdir. Əslində həmin akt ona təqdim edilməmiş və aktın mövcudluğundan xəbəri olmamışdır. Əgər sayğacda həmin nasazlıq var idisə nəzarətçi bunu görməli və dərhal da tədbir görməli idi. Dəyişdirilmiş sayğacın plomb üstündə olmuş və heç bir müdaxilə olmamışdır.Sayğacın istismar müddəti bitdiyinə görə dəyişdirilmişdir. Aktda onun tanış olduğunu, guya imza etmədiyi qeyd edilmişdir. Halbuki həmin aktdan onun xəbəri olmamış, eləcə də ona imzalama üçün təqdim edilməmişdir.O vətəndaşdır və sayğaca nəzarət idarə tərəfindən edilməli olduğunu və gecə-gündüz o, sayğaca nəzarət edə bilməz deyə qeyd etmişdir. Əgər sayğacda hər hansı bir nasazlıq olsaydı nəzarətçi bunu görməli idi və dərhal da tədbir görməli idi. Lakin, heç bir əsas olmadan ona cərimə olaraq 1000 manat borc yazılmışdır. Ailədə 4 nəfərdirlər, onların bir ayda bu qədər qaz sərfıyyatıdandan istifadə etməyi mümkün deyildir. Hazırda da onlara əsassız yazılmış borc smart karta ödəniş edərkən tutulur. Cavabdeh təşkilata rəsmi olaraq müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçıya məxsus sayğaca Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və xx.xx.2023-cü il tarixli 29/1710-04107-1 №-li rəyə əsasən qaz sayğacı hesablama mexanizminin qoruyucu plastmas qapağı istilik nəticəsində əriyib və sayğacın yararsız olması aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli 0376202№-li akta əsasən İddiaçı məxsus ünvanda quraşdırılmış sayğac hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində əzik-cızıq izlər olması və sayğacın istismara yararsız olması nəticəsində dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. xx.xx.2023-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, həmin qüsura görə 8640 kub metr itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Abonentin saldosundan görünür ki, akta əsasən 1155.20 manat zərər hesablanmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən hesablanmış 1155.20 manat məbləğinin silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 №-li xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi, aşkar edilmiş qüsura görə istehlakçının təqsirinə dair cavabdeh tərəfindən sübut təqdim edilmədiyinə görə iddiaçı məsuliyyət daşımır və həmin akt əsasında hesablanmış 1155.20 manat iddiaçıdan istənilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1155.20 manat məbləğ iddiaçının abonent kodundan silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa səasən istehlakçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir, 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edlidiyi dövlət rüsumu, iddia tələblərini təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu Cavabdehndan dövlət mədaxilinə ödənilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı qaz sayğacına yazılmış 1155.20 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbayjan Respublikasının Mülki Prosessual Məjəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən evin **********00041 №-li abonent kodundan hesablanmış 1155.20 manat borc silinsin. 30 manat dövlət rüsumu Cavabdehndan dövlət mədaxilinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar