Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5065/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə Ərizəçi "xx.xx.1962-ci il təvəllüdlü X2 xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi" barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi "xx.xx.1962-ci il təvəllüdlü X2 xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. O, ərizəsini belə əsaslandırmışdır ki, anası X5 uzun illər "şəkərli diabet" xəstəliyindən əziyyət çəkmiş, bununla bağlı müalicə almış, xx.xx.2024-cü ildə anasının halı qəflətən pisləşmiş, onlar dərhal təcili yardıma zəng vurmuş, lakin həkim gələnədək anası vəfat etmişdir. Anası vəfat etdiyi zaman o və bacısı Vüsalə anasının yanında olmuşlar. Anası Zabrat-2 qəbiristanlığında dəfn olunmuşdur. Lakin 21 nömrəli şəhər poliklinikası ölüm haqqında tibbi şəhadətnamə, 4 saylı "ASAN xidmət" mərkəzində Qeydiyyat şöbəsi isə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişlər. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs 4 saylı Bakı ″ASAN xidmət″ mərkəzində Qeydiyyat şöbəsi isə məhkəməyə məktubla müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdiyinə görə məhkəmə baxışı onun iştirakı olmadan keçirildi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə ərizəni əsaslı hesab edir. Müəyyən edildi ki, X5 xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Şəhəri Təcili və X4 Stansiyasının 7 saylı bölməsinin təcili tibbi yardım briqadası xx.xx.2024-cü ildə saat 15.40-da çağırış üzrə Bakı şəhəri Xətai rayonu K.Əhmədli həyət evi 4 ünvanına gələrək X2 həkimə qədər ölməsini müəyyən etmiş və bu barədə "Ölüm haqqında xəbərdarlıq vərəqəsi" tərtib etmişdir. Ərizəçi "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsinin 21 nömrəli şəhər poliklinikasına müraciət edərək, mərhum X2 adına "Ölüm haqqında tibbi şəhadətnamə" verilməsini xahiş etmiş, lakin poliklinika xx.xx.2024-cü il tarixli 243 nömrəli cavab məktubunda bildirmişdir ki, X5 2018-ci ildən sonra poliklinikaya müraciət etmədiyinə və onun ölüm hadisəsi Əhmədli qəsəbəsində baş verdiyinə görə ölüm haqqında tibbi şəhadətnamə yazılması poliklinikanın səlahiyyəti xaricindədir. 4 saylı Bakı ″ASAN xidmət″ mərkəzində Qeydiyyat şöbəsi isə ərizəçinin müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, mərhum X2 ölüm faktını təsdiq edən sənəd olmadığından ölüm qeydə alına bilməz. İşdə olan Bakı Şəhəri Təcili və X4 Stansiyasının 7 saylı bölməsinin təcili tibbi yardım briqadası tərəfindən tərtib edilmiş "Ölüm haqqında xəbərdarlıq vərəqəsi"ndən görünür ki, briqada xx.xx.2024-cü ildə saat 15.40-da çağırış üzrə Bakı şəhəri Xətai rayonu K.Əhmədli həyət evi 4 ünvanına gələrək X2 həkimə qədər ölməsini müəyyən etmişdir. İşdə olan 4 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/7-558/2024 cavab məktubundan görünür ki, mərhum X2 ölüm faktını təsdiq edən sənəd olmadığından ölümün qeydə alınması üçün məhkəməyə müraciət olunmalıdır. İşdə olan "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsinin 21 nömrəli şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli 243 nömrəli cavab məktubundan görünür ki, X5 2018-ci ildən sonra poliklinikaya müraciət etmədiyinə və onun ölüm hadisəsi Əhmədli qəsəbəsində baş verdiyinə görə ölüm haqqında tibbi şəhadətnamə yazılması poliklinikanın səlahiyyəti xaricindədir. İşdə olan AZ-T seriyalı 078791 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Ərizəçi anası X3r. İşdə olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1962-ci ildə anadan olmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 və X7 oxşar məzmunlu ifadələr verərək göstərmişlər ki, onların anası X5 xx.xx.2024-cü ildə Bakı şəhərində qızı Vüsalənin yaşadığı evdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.2-ci bəndinə əsasən, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq "Elektron məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"nın 4.1-ci bəndində deyilir ki, "Ölüm haqqında tibbi şəhadətnamə" (bundan sonra "şəhadətnamə") mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydanın 4.2-ci bəndinə görə, ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X4 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında "Xəbərdarlıq vərəqəsi"ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra "hüquq-mühafizə orqanı") məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. Qaydanın 4.3-cü bəndinə görə, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə "Xəbərdarlıq vərəqəsi" və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Qaydanın 4.4-cü bəndinə əsasən, aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda. Sadalanan normaların birgə təhlilindən göründüyü kimi, qeydiyyat şöbəsi ölümü o halda qeydə ala bilər ki, şəxsin adına ölüm haqqında tibbi şəhadətnamə verilmiş olsun, yaxud da belə bir sənəd olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilmiş olsun. Ölüm haqqında tibbi şəhadətnamə isə yalnız ölümün baş vermə səbəbi məlum olduqda verilir. Digər hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinələrdən sonra verilə bilər. Müəyyən edildi ki, X2 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına "Ölüm haqqında tibbi şəhadətnamə" verilməmiş, bu səbəbdən də onun ölümünün 4 saylı Bakı "ASAN xidmət" mərkəzində Qeydiyyat şöbəsində qeydə alınması mümkün olmamışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş və yuxarıda sadalanan sübutlarla isə onun xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etməsi təsdiq olunmuşdur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı ərizə təmin edilməli və X2 xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1962-ci il təvəllüdlü X2 xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X12.
Məhkəmə qərarları › İş №2(008)-5065/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5065/2024
06.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver