Məhkəmə qərarları › İş №2(008)-5121/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5121/2025

25.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5121/2025 25.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məhərrəmova Aysel İsrafil qızının katibliyi, Ərizəçi nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1961-ci il tarixdə doğulmuş X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1961-ci il tarixdə doğulmuş X10 onun atasıdır. O, atası və anası birlikdə ünvan 1 ünvanda yaşayırdı. xx.xx.2025-ci il tarixdə, təqribən gecə saat 1-ə işləmiş atası onu və anasını səsləyərək, özünü piss hiss etdiyini, kürək və sinə nahiyəsində yanğı hissinin olduğunu bildirdi. Onlar dərhal təcili tibbi yardım xidmətinə zəng vurdu. Lakin həkim gələnə kimi qəfil olaraq X10 vəfat etdi. Atası vəfat edərkən o və anası -X11 onun yanında idilər. Atası -X7 Sabunçu rayon Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etdilər. Məhkəmənin nəzərinə çatdırmışdır ki, müəyyən sənədləşmə işləri görmək üçün mərhum atasının ölümü haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən də o mərhum atasının- X4, ölüm haqqında şəhadətnaməsini almaq üçün "Bakı Baş Səhiyyə Mərkəzi" X17 12 nömrəli şəhər poliklinikasına və 4 saylı "Asan Xidmət" Mərkəzində Qeydiyyat şöbəsinə müraciət etdi. 12 nömrəli Şəhər Poliklinikası "ölüm haqqında tibbi şəhadətnamə"nin verilməsindən, 4 Saylı "Asan Xidmət" Mərkəzində Qeydiyyat şöbəsi isə "ölüm haqqında şəhadətnamə"nin verilməsindən imtina etdi. Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli imtina məktubunda ona bildirildi ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir. Atasının ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə etməyinin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edir ki, məhkəmə qətnaməsi ilə atası X4 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkil) Vəkil ərizənin məzmununa uyğun izahat verərərk, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” X3 məhkəmə iclasını vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” X2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır: AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1999-cu ildə anadan olmuşdur. AA2376956 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən və "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, ərizəçinin atası X10 xx.xx.1961-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Təcili və X5 Stansiyasının 3 saylı bölməsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 63 yaşında olan X4 adına xx.xx.2025-ci il tarixdə çağırış edilmiş, həkimə qədər öldüyü bildirilmişdir. Azərbaycan Respublikası «TƏBİB» X18 Bakı Baş Səhiyyə X16 Şəxs 12 №-li şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi C.Şərifov 20 ünvanında yaşayan xx.xx.1961-cı il təvəllüdlü mərhum X8 bu günə qədər onların müəssisəyə hər hansı xəstəliklə bağlı müraciət etmədiyi üçün mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verə bilmədikləri bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-588/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. Ərizəçiyə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. X1 (ərizəçinin anası, AA4040786 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, mərhumun arvadı İV ЖГ 462690 nikahın bağlanılması haqqında şəhadətnamə), X9 (ərizəçinin qonşusu, AZE seriyalı 02345247 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi) X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təsdiq etmişdilər. Hazırda ərizəçi atası X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qanunun 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədar, eyni zamanda adıçəkilən fakt daşınmaz əmlaka dair sənəd üçün tələb olunur. Məhkəmə göstərilənlər əsasında hesab edir ki, X4 ölüm faktının müəyyən edilməsi ərizəçinin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə səbəb olacaqdır və bunun məhkəmədənkənar qaydada həlli artıq mümkün deyildir. Beləliklə, məhkəmə ərizəçinin izahatını dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, eləcə də qanunvericilik normaları, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyi və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ölüm faktı iş materialları, ərizəçinin izahatı və şahidlərin ifadələri ilə də təsdiq edilir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar