Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5130/2021 20.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib oğlunun sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X5, Cavabdehlər Cavabdeh Sahib oğlunun və X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh Sahib oğluna, X6, X7 və X14 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh Sahib oğluna, X6, X7 və X14 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin əşyaları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsində yerləşən 14a saylı evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1974-cü ildə ailə qurduqdan sonra Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsində yerləşən 14a saylı evdə yaşayır. Övladı olmadığından, mərhum qaynının oğlu - 1993-cü il təvəllüdlü Cavabdeh Sahib oğlunu 1995-ci ildə övladlığa götürərək böyütmüş, 2018-ci il tarixdə isə onu X8 ilə evləndirərək evinə gəlin gətirmişdir. Bundan sonra X3 Süleymanovun anası X9 birləşərək onu incitməyə başlamış, dəfələrlə təhqir edərək vurmuşlar. Oğlu Cavabdeh da bu təzyiqlərin qarşısını almaq üçün heç nə etməmiş, onların tərəfini saxlamışdır. Cavabdehlərdən dəfələrlə evindən getmələrini tələb etməsinə baxmayaraq, onlar buna məhəl qoymadan onun evində yaşamağa və kobud rəftar göstərməyə davam etmişlər. Buna görə də, cavabdehlərin mənzildən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə baxışı zamanı İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək X4 da cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. İddia ərizəsinə etirazında Cavabdeh Sahib oğlu bildirmişdir ki, onu X9 dünyaya gətirsə də, İddiaçı anası, onun mərhum ərini isə atası kimi tanımışdır. Övlad kimi götürüldüyü vaxtdan iddiaçı ilə ana-bala kimi yaşamış, həmin evdə böyümüş, ailə qurmuşdur. İddiaçını özünə ana bilir, onu çox sevir. Problemlər onu dünyaya gətirmiş Yazgül Süleymanovanın onlara qonaq gəlməsindən sonra başlamışdır. Hesab edir ki, iddiaçı onu Yazgül Süleymanovaya qısqanır, yaxud da kimsə onu cavabdehlərə qarşı çıxmaq üçün yönəldir. Hazırda İddiaçı, arvadı Aynurə və oğlu Raul ilə iddia predmetində qeyd olunan evdə yaşayır. Yazgül Süleymanova isə Gədəbəy rayonunda öz evində yaşayır, hərdən onlara qonaq gəlir. İddiaçının onlar tərəfindən təhqir olunması, döyülməsi tamamilə yalandır. Belə şeyin olması mümkün deyil, iddia ərizəsində qeyd olunanların heç bir hüquqi əsası yoxdur. Həmçinin ev sənədləşdirilməmiş, çıxarışı yoxdur. Evin qaz, su sayğacları iddiaçının adına olsa da, bütün kommunal ödənişləri özü ödəyir və bunu həmin xərcləri ödədiyi terminalın yerləşdiyi mağazada işləyən Samir Şəfiyev adlı şəxs də təsdiq edə bilər. Ev pis vəziyyətdə olduğuna görə 2018-ci ildə onu tam şəkildə təmir etdirmiş və bu məqsədlə 20.000 manatdan çox xərc çəkmişdir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı iddiasının rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X10 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə yanaşı, həmçinin bildirdi ki, Cavabdeh Sahib oğlunu 1995-ci il tarixdə övladlığa götürməsi rəsmiləşdirilməmişdir, onun sənədlərində valideynləri kimi Süleymanov Sahib və Süleymanova Yazgül qeyd olunmuşdur. O, qeyd olunanlara əsasən, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Sahib oğlu iddiaya etiraz edərək, izahatında iddiaya etiraz ərizəsində göstərdikləri ilə yanaşı, mübahisəli evin iddiaçının evi olduğunu, həmin evi İddiaçı ilə əmisi X12 birlikdə tikdiyini və onların həmişə həmin evdə yaşadıqlarını, uşaqları olmadığına görə onu götürüb saxladıqlarını bildirmişdir. Bununla belə, hazırda ailəli olduğunu və evlənmək ərəfəsində sözügedən evin təmirinə xərc çəkdiyini də qeyd edərək, iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Sahib oğlu iddiaya etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçı ilə münasibətləri tam qaydasında olmasa da, onun digər cavabdeh X9 birləşərək iddiaçını incitməsi, onu təhqir etməsi, vurması, bir sözlə, iddiaçı ilə kobud rəftar etməsi barədə iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. O, faktiki olaraq iddiaçıya məxsus olan həmin evə gəlin köçmüşdür və həmin evdə də yaşamağa davam etməsini istəyir. O, qeyd olunanlara əsasən, iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X15 iddia ərizəsinə etiraz edərək, izahatında iddia tələbində qeyd olunan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsində yerləşən 14a saylı evin dövlət qeydiyyatından keçirilməmiş, sənədsiz ev olduğunu, bu səbəbdən də, həmin evdə yaşayan şəxslərin evə münasibətdə hüquqlarının bərabər olduğunu bildirdi. O, qeyd olunanlara əsasən, iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər X9 və X21 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materallarında olan: - AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Gədəbəy rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. - İİİ-ЖГ seriyalı, 351051 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Rakim Oruc oğlu ilə 16.08.1983-cü il tarixdə nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra X13 Süleymanova soyadı verilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 510591 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 21.04.2011-ci il tarixdə vəfat etmişdir. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəliyinin 15.03.2021-ci il tarixli, 745 saylı arayışından görünür ki, İddiaçı Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsi, ev 14 A ünvanında yaşayır. - ünvan 2rətindən görünür ki, İddiaçı ünvan 3 ünvanı üzrə vergi ödəyicisi kimi qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsinin 04.06.2021-ci il tarixli arayışlarından görünür ki, cavabdehlər 11.04.1989-cu il təvəllüdlü cavabdeh X21, 07.04.1993-cü il təvəllüdlü Cavabdeh Sahib oğlu və 21.08.1965-ci il təvəllüdlü X1 rayonunun Fərzalı kəndində qeydiyyatdadırlar. Digər cavabdeh 23.02.1991-ci il təvəllüdlü X8 isə Lerik rayonu, Çayrud ərazi dairəsi, Andurma kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27.07.2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilər bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh Sahib oğlu mübahisəli yaşayış sahəsinə 1995-ci ildə köçdüyünə görə, hazırkı mübahisəyə münasibətdə Azərbaycan Respublikasının əvvəlki Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyəçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə qeyd edir ki, Cavabdeh Sahib oğlu iddiaçı tərəfindən rəsmi qaydada övladığa götürülmədiyinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan ailə üzvü hesab edilə bilməz. Mübahisəli fərdi yaşayış evi dövlət qeydiyyatına alınmasa da, iş üzrə materiallardan, habelə iddiaçının və cavabdehlərin izahatlarından həmin evin İddiaçı mərhum əri X22 ilə birlikdə tikib yaşadıqları, Cavabdeh da övladlığa götürdüyü zaman evin mövcud olduğu müəyyən olunur. Göründüyü kimi, iddiaçının həmin evə gözlənilən mülkiyyət hüququ vardır. Eyni zamanda, qeyd edilməlidir ki, məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh Sahib oğlu və X8 iddia predmeti olan evin iddiaçıya məxsus olmasını etiraf edir, ümumiyyətlə mənzilin kimə məxsus olması məsələsini mübahisələndirmirlər. Azərbaycan Respublikası Konstitusiyası mülkiyyət hüququnu tanıyır və müdafiə edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehlər iddiaçının gözlənilən mülkiyyət hüququ ilə ona məxsus olan evindən sərbəst və maneəsiz istifadəsinə şərait yaratmır, buna görə də aralarındakı mübahisəli vəziyyət dərinləşməkdə davam edir. Bu halın qarşısını almaq üçün iddiaçı qanunla ona verilmiş hüquqlarından istifadə edərək cavabdehlərin evdən çıxarılmaları barədə məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etmişdir. Həmçinin qeyd olunmalıdır ki, Cavabdeh Sahib oğlu evin təmirinə xərc çəkməsi ilə bağlı xüsusatları təsdiq edən hər hansı sübut təqdim etməmiş, formal mülahizələrlə kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin əlavə edir ki, cavabdehlər qeyd olunan evdə deyil, Gədəbəy rayonunda qeydiyyatdadırlar, həmin şəxslərin həmin evə dair istifadə hüququ mövcud deyil. Eyni zamanda, iş üzrə nəticəyə gələrkən, məhkəmə tərəflər arasında olan bağlılıq və hörmət hissinin aradan götürülməsi, habelə aralarında gərgin münasibətlərin olması kimi faktorları da nəzərə alır. Məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməli, cavabdehlər Cavabdeh Sahib oğlu, X8, X9 və X21 əşyaları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsində yerləşən 14a saylı evdən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlərə aid edilməli, onlardan müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh Sahib oğlu, X8, X9 və X21 əşyaları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, D.Kişvəri küçəsində yerləşən 14a saylı evdən çıxarılsınlar. Ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-5130/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5130/2021
20.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver