Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5133/2024 29.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X24 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 4 saylı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisini cəlb etdiyi “mirasın qəbul faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 4 saylı “Asan Xidmət” Mərkəzinin Notariat Ofisini cəlb etdiyi “mirasın qəbul faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqləşdirilməsi” barədə məhkəməyə ərizə verərək, ünvan 2 ünvanında yerləşən miras əmlakın X1 və onun vərəsəsi Ərizəçi tərəfindən qəbul edilməsi faktı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu (keçmiş Lenin rayonu), Balaxanı qəsəbəsi, Cahangir Cahangirov küçəsi, döngə 2, ev 1 ünvanında yerləşən fərdi yaşayış evi Bakı şəhəri X21 İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1963-cü ildə verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid” texniki pasport onun atası X3 nənəsi Bəhrəgül Abutalıb qızının və babası X11 adınadır. Atasının nənəsi Bəhrəgül Abutalıb qızı 1983-cü ildə, babası X19 isə 1982-ci ildə vəfat etmişdir. Atasının nənəsi və babasının vəfatından sonra yuxarıda qeyd edilən fərdi yaşayış evi miras qalmışdır. O, 4 saylı “Asan Xidmət” mərkəzinin Notariat Ofisindən babası Fətdarbəy Mirzəbəy oğlunun adına açılmış V-155/2022 saylı vərəsəlik işi üzrə vərəsəlik məktubunu almaq istəyərkən ona bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinin tələblərinə əsasən vərəsə, vərəsəliyə çağırıldığını bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. X1 isə 23 aprel 2019-cu ildə vəfat etmişdir. X2 mirası qəbul etmə faktı və onun atasından qalmış mirası qəbul etmək faktını müəyyənləşdirmək mümkün olmadığından mirasın qəbulu faktı ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. X1 23 fevral 1959cu ildə yuxarıda qeyd edilmiş miras əmlak sayılan evdə anadan olmuşdur və babası Fətdarbəy Mirzəbəy oğlu 1982-ci ildə vəfat etdikdən sonra da atası həmin evdə yaşamaqla babasından miras qlmış evi faktiki olaraq qəbul etmişdir. 1987-ci ildə X1 anası X9 ilə ailə qurduqdan sonra da həmin evdə yaşamış və 10 sentyabr 1988-ci ildə bacısı Mirzəbəyova (Həbibova) Pərvanə Rasim qızı, xx xxxxxx 1991-ci ildə isə o, həmin ünvanda anadan olub yaşamışlar. Bacısı Mirzəbəyova (Həbibova) Pərvanə Rasim qızı 2010-cu ildə ailə həyatı qurub ər evinə köçmüşdür. Bu səbəbdən X1 23 aprel 2019-cu ildə vəfat etdikdən sonra atasından miras qalmış evi o və anası X9 faktiki olaraq qəbul etmişlər. Yuxarıda qeyd edilən miras əmlakda ondan başqa əmisi X6 da öz ailəsi ilə birgə yaşadığına görə bu yaxınlarda əmisi eyni vərəsəlik işi üzrə Sabunçu rayon Məhkəməsinə müraciət etmiş və hakim Tahirə Əsədovanın sədrliyi ilə keçirilmiş məhkəmə iclasında hazırkı ərizəsində qeyd edilən bir çox faktlar öz təsdiqini taparaq məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 10 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. Mirasdan qalan ev Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangirov küçəsində yerləşir. O, həmin evi təmir etmiş, elektik çəkmişdir və evin sahəsi böyükdür. Həmin evdə ərizəçinin anası da yaşayır. Ərizəçi demək olar ki, uşaqlıqdan həmin evdə yaşayır. Məhkəmənin 10 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. O, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yaşayır. Ərizəçinin anası mübahisəli evə gəlin gəlmişdir. Ərizəçinin atasının adı Rasim olmuşdur. Həmin evdə ərizəçinin əmisi Ruslangilin ailəsi də yaşayır. Evin giriş-çıxışları ayrıdır. Hər iki şahid təsdiq edir ki, Ərizəçi atası Rasim ata-anasının vəfatından sonra həmin ünvanda yaşamış və 2091-cu ildə orada vəfat etmişdir. Yəni ərizəçi valideyinlərinin vəfatından sonra orada yaşamaqla mirası qəbul etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və Ərizəçi məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 09 yanvar 1991-ci il tarixli XV-JQ seriyalı 466685 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1991-ci ildə doğulmuşdur. X1, anası isə X7r. İş materiallarında olan İ-İE seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 23 fevral 1959-cu ildə doğulmuşdur. İş materiallarında olan 26 aprel 2019-cu il tarixli AZ-İİ seriyalı 018122 nömrəli ölüm haqqına şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 23 aprel 2019-cu ildə ölmüşdür. İş materiallarında olan İV-JQ seriyalı 387044 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 ilə X15 arasında olan nikah 21 aprel 1987-ci ildə bağlanmışdır. İş materiallarında olan 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən verilmiş imtina məktubundan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məktubundan görünür ki, bakı şəhəri, ünvan 5 ünvanın qeydiyyatdan keçməsi haqqında məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu və 307.2.11-ci maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının, vərəsəliyin açılma yerinin və qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən «Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın». Azərbaycan Respublikası MM-nin 1243.2 və 1243.3-cü maddələrinə əsasən «Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır», «Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir». Göründüyü kimi qüvvədə olan mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu nəzərdə tutulub. Qanuna görə mirasın qəbul edilməsi vərəsənin əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi yolu ilə mümkündür. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, miras qalmış əmlaka ərizəçinin atası Rasim Mirzəbəyovun, 2019-cu ildə vəfatından sonra ərizəçinin sahiblik, əmlakı idarə etməsi faktı və bunu ətrafdakılara şəksiz nümayiş etdirməsi məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilir. Odur ki, ərizə təmin edilməli, ünvan 2 ünvanında yerləşən miras əmlakın X1 və onun vərəsəsi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. ünvan 2 ünvanında yerləşən miras əmlakın X5 və onun vərəsəsi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-5133/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5133/2024
29.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver