Məhkəmə qərarları › İş №2(008)-5180/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5180/2025

29.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5180/2025 29.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əri xx.xx.1958-ci il təvəllüdlü X3 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, o, xx.xx.1960-cı il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuşdur. Əri ilə 1981-ci ildə Gürcüstan Respublikasının Rustaveli şəhərində nikah evində rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahdan 3 övladı dünyaya gəlmişdir. X2 uzun illər Rusiya Federasiyasında yaşamışdır. O, xx.xx.2007-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 10, mənzil 2-də xəstəlikdən vəfat etmişdir. Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun xx.xx.2007-ci il tarixli cinayət təqibi başlanmasının rədd edilməsi barədə qərarı ərizəyə əlavə olunmuşdur. Mövcud sənədlərlə ölüm haqqında şəhadətnamənin verilməsi üçün 4 saylı Bakı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsinə müraciət etsə də, şöbə ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Bakı şəhəri Xəzər rayonu Binə Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 688 saylı arayışından görünür ki, mərhum X1 qəbirstanlığında dəfn olunmuşdur. Göstərilənlərə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi onun anasıdır. Anası atasının gecə yataqdan yerə yıxılaraq, orada da keçindiyini demişdir. Həmin vaxt onun 23-24 yaşı olmuşdur. Atasının ciyərlərində problem var idi. Qarayevdə xəstəxanada ağ ciyərində göbələk olduğu deyilmişdir. Atası xx.xx.2007-ci ildə vəfat etmişdir. Qaraçuxurda məsciddə yuyulmuş, Binə qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun bibisidir Bibisinin ərinin ağ ciyərində göbələk xəstəliyi olmuşdur. Onun 2007-ci ildə vəfat etdiyini xatırlayır. Vəfat xəbərini bibisinin oğlu Musadan öyrənmişdir. Dəfn mərasimində iştirak etmişdir. Mərhum Binə qəbirsanlığında dəfn olunmuşdur. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Rusiya Federasiyasının ******* nömrəli nömrəli pasportundan görünür ki, X5 xx.xx.1958ci il tarixdə doğulmuşdur. - Gürcüstan Respublikasının Rustaveli şəhərində nikah evi tərəfindən xx.xx.1981-ci il tarixdə verilmiş İİ-ТЙ 368904 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, həmin tarixdə X5 ilə Ərizəçi arasında 13 saylı akt qeydi tərtib olunmaqla rəsmi nikah bağlanmışdır. - Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun xx.xx.2007-ci il tarixli 368 nömrəli məktubundan görünür ki, Musa Musayevin yaşadığı mənzildə ölməsi ilə bağlı araşdırma aparılmışdır. Müəyyən edilmişdir ki, M.Musayevin ölməsi faktında cinayət hadisə yoxdur. Bu səbəbdən Azərbaycan Respublikasının CPM-nin 39.1.1, 207.5.2 və 212-ci maddələrinə əsasən xx.xx.2007-ci il tarixli qərarla cinayət işin başlanılması rədd edilmişdir. - Cinayət təqibi başlanmasının rədd edilməsi barədə xx.xx.2007-ci il tarixli qərardan görünür ki, Sabunçu RPİ-nin 13-cü PB-dən daxil olmuş məlumatdan görünür ki, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 10 mənzil 2-də yaşayan 1958-ci il təvəllüdlü X6 xx.xx.2007-ci il tarixdə yaşadığı evdə xəstəlikdən vəfat etmişdir. Vəfat etmişin həyat yoldaşı Ərizəçi izahatında bildirmişdir ki, həyat yoldaşı qazanc əldə etmək məqsədilə uzun müddət Rusiyya Federasiyasının Tümen vilayətinin İşim rayonunda işləmişdir. Təxminən 1 ilə yaxın evə qayıtmış, işləməmiş, ağ ciyərinin xərçəng xəstəliyindən əziyət çəkmişdir. Ağ ciyər xəstəlikləri istitutunda müayinədən keçmiş və onda «ağ ciyərin bronxostatik xəstəliyi» aşkar edilmişdir. Müalicə üçün qiymətli dərmanların alınması zərurəti vardır. Lakin maddi vəziyyətinin aşağı səviyyədə olduğunu nəzərə alaraq stasionar müalicədən imtina etmişdir. xx.xx.2007-ci il tarixdə səhər saat 4-00 radələrində ailə üzvlərinin yanında vəfat etmişdir. Həyat yoldaşının meyitini meyitxanaya göndərməkdən imtina etmiş və Binə qəsəbəsinin qəbirstanlığında onu dəfn etmişdir. Həyat yoldaşının ölməsi ilə bağlı hər hansı şikayətinin olmamasını bildirmişdir. Prokurorluğa təqdim edilmiş tibbi sənədlərdən görünür ki, mərhumda “ağ ciyərinin bronxostatik” xəstəliyi olmuşdur. Beləliklə, toplanmış materialdan görünür ki, M.Musayevin xəstəlikdən ölməsi faktında cinayət hadisəsi olmamışdır. Bu səbəbdən material üzrə cinayət işi başlanılmasının rədd edilməsi qərara almışdır. - 4 saylı Bakı “ASAN xidmət” Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-15- 564/2025 saylı məktubundan görünür ki, 4 saylı Bakı "ASAN xidmət’’ mərkəzində qeydiyyat şöbəsi tərəfindən X3 ölümünün qeydə alınması haqqında müraciətə əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün deyildir. Qanunvericiliyə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir.Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi,ölümün qeydiyyatı tarixi yazılmalıdır. ölüm haqqında həkim şəhadətnaməsi, yəni ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüququ şəxsi 11 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli 760 saylı arayışından görünür ki, X5 xx.xx.2007-ci il tarixdə evdə xəstəlikdən vəfat etmişdir. Rusiya vətəndaşı olmuş, o, 11 nömrəli şəhər poliklinikasına müraciət etməmişdir. Səhiyyə Nazirliyinin 52 nömrəli Qərarına əsasən 18 il keçdiyinə görə epikriz verilməyib, imtina edilmişdir. - Xəzər rayonu Binə Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 688 nömrəli arayışından məlum olur ki, X5 xx.xx.2007-ci il tarixdə vəfat etmiş və Binə qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. - Məzardaşının fotoşəklində “X5 xx.xx.1958-xx.xx.2007” yazıları qeyd olunmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi əri xx.xx.1958-ci il təvəllüdlü X5 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Sənədləşmə işlərinin aparılması üçün ölümü təsdiq edən sənəd tələb olunduğundan, mərhumun öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı X3 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar