Məhkəmə qərarları › İş №2(008)-5206/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5206/2022

23.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5206/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Ərizəçi, onun vəkili Vəkil, X1 iştirakları ilə, Ərizəçi şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Ərizəçi ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 1993-cü ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1978-ci il tarixdə Rusiya Federasiyasının Kalininqrad vilayətinin Çernyaxovsk rayonunun Çernyaxovsk şəhərində doğulmuşdur. Doğumu Çernyaxovsk şəhər dairəsi bələdiyyə qurumu idarəsinin VVAQ şöbəsi tərəfindən xx.xx.1978-ci il tarixdə 422 nömrəli aktla qeydə alınmışdır. Elə həmin ildə də doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. X21 Petrovna xx.xx.1945-ci il tarixdə Rusiya Federasiyasının Krasnodar vilayətinin Armyanski rayonunda doğulmuşdur, Rusiya Federasiyasının vətəndaşıdır və hazırda Rusiya Federasiyasının Kalininqrad vilayətinin Slavsk rayonunun Oxotnoye qəsəbəsində yaşayır. Atası X4 xx.xx.1947-ci il tarixdə Rusiya Federasiyasının Kirov vilayətinin Lebyajski rayonunun Borovkovo kəndində doğulmuşdur, o, Rusiya Federasiyasının vətəndaşı olmuş və xx.xx.2001-ci il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir. O, xx.xx.1985-ci il tarixdə Rusiya Federasiyasının Kalininqrad vilayətinin Slavsk şəhərində Pobedinsk səkkizillik orta məktəbinin birinci sinfinə getmiş və xx.xx.1993-cü ilə kimi həmin məktəbdə təhsil almış, daha sonra təhsilini davam etdirməmişdir. 1993-cü ildə Rusiya Federasiyasının Kalininqrad vilayətinin Çernyaxovsk şəhərində Azərbaycan Respublikasının vətəndaşı X11 ilə tanış olmuşdur. Elə həmin ilin sentyabr ayında onlar ailə qurmuş və daimi yaşamaq üçün Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmişlər. Azərbaycana gələndən sonra evlənmişlər və Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Meyvə Tingliyi sovxozu adlanan yerdə ünvansız evdə yaşamağa başlamışlar. Azərbaycana gələndə onun 15 yaşı tamam olmadığı üçün o, hələ pasportla təmin edilməmişdir. Bu səbəbdən də Azərbaycana doğum haqqında şəhadətnaməsi ilə gəlmişdir. Azərbaycana gəldikdən sonra isə X11 doğum haqqında şəhadətnaməsini ondan alıb gizlətmişdir. Yaşı az olduğu üçün X11 onun kimliyini gizlətmək məqsədi ilə onu Azərbaycandakı qohumalarına və tanışlarına “Xadakova Lena” kimi təqdim etmişdir. Onların birgə münasibətlərindən xx.xx.1995-ci il tarixdə bir oğlanları, xx.xx.1997-ci il tarixdə isə bir qızları doğulmuşdur. Onlar 2000-ci ilə kimi birlikdə yaşamış, daha sonra ayrılmışlar. Ayrıldıqdan sonra X11 doğum haqqında şəhadətnaməsini ona verməmiş və yandırmışdır. Bundan sonra o, Azərbaycanda sənədsiz yaşamağa məcbur olmuşdur. Sonra o, Hövsan qəsəsəbəsində kirayədə yaşamağa və həmin qəsəbədəki restoranların birində ofisiant işləməyə başlamışdır. xx.xx.2009-cu il tarixdə Cəfər İsrafilov adlı şəxslə birgə münasibətlərindən bir oğlu doğulmuşdur. Təxminən 2010-cu ilin sonlarında o, ünvan 2 ünvanında yaşayan rəfiqəsinin yanına köçmüş və orada rəfiqəsinin qardaşı X10 ilə tanış olmuşdur. Onunla birgə münasibətlərindən xx.xx.2016-cı il tarixdə bir oğlanları doğulmuşdur. Bir müddət sonra onlar ayrılmışlar. Hazırda o, üç oğlu, gəlini və üç nəvəsi ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Qaçqın ünvan 3 ünvanında yaşayır, heç yerdə işləmir. X18 Valeryeviç xx.xx.1971-ci il tarixdə Rusiya Federasiyasının Kalininqrad vilayətinin Slavsk rayonunun Oxotnoye qəsəbəsində doğulmuşdur, Rusiya Federasiyasının vətəndaşıdır, hazırda Rusiya Federasiyasının Kalininqrad vilayətinin Slavsk rayonunun Oxotnoye qəsəbəsində yaşayır. X24 Valeryevna xx.xx.1991-ci il tarixdə Rusiya Federasiyasının Kalininqrad vilayətinin Slavsk rayonunun Oxotnoye qəsəbəsində doğulmuşdur, Rusiya Federasiyasının vətəndaşıdır, hazırda Rusiya Federasiyasında yaşayır. X6 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində tibb müəssisəsindən kənarda evdə doğulmuşdur. Oğlunun doğum haqqında şəhadətnaməsi və şəxsiyyətini təsdiq edən sənədi yoxdur. O, vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Hazırda oğlu Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Qaçqın ünvan 3 ünvanında yaşayır. X2 xx.xx.1997-ci il tarixdə Bakı şəhərində tibb müəssisəsindən kənarda evdə doğulmuşdur. Qızının doğum haqqında şəhadətnaməsi və şəxsiyyətini təsdiq edən sənədi olmamışdır. Qızı 2019-cu ilin noyabr ayında vəfat etmişdir. X3 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində tibb müəssisəsindən kənarda evdə doğulmuşdur. Oğlunun doğum haqqında şəhadətnaməsi və şəxsiyyətini təsdiq edən sənədi yoxdur. O, vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Hazırda oğlu Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Qaçqın ünvan 3 ünvanında yaşayır. X7 xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Suraxanı rayonunun ərazisində yerləşən 3 nömrəli doğum evində doğulmuşdur. Oğlunun doğum haqqında şəhadətnaməsi və şəxsiyyətini təsdiq edən sənədi yoxdur. O, vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Hazırda oğlu Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Qaçqın ünvan 3 ünvanında yaşayır. O, 1993-cü ildən davamlı olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır və Azərbaycan Respublikasının ərazisini heç vaxt tərk etməmişdir. Lakin 1993-cü ildən Azərbaycan Respublikasının ərazisində yaşasa da, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmiş, Rusiya Federasiyasının isə vətəndaşı hesab olunmur. 2018-ci ildə anası Rusiya Federasiyasında aidiyyəti orqana müraciət edərək, onun doğumu haqqında arayış alıb ona göndərmişdir. 1993-cü ildən Azərbaycan Respublikasının ərazisində yaşamasına baxmayaraq, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilmədiyi üçün hazırda onun şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur. Hazırda o, vətəndaşlığı olmayan şəxsdir, lakin bu statusunu təsdiq edən heç bir sənədi yoxdur. Vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənəd olmadığı üçün vətəndaşlığı olmayan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. O, xx.xx.2022-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinə yardım edilməsini xahiş etmiş, xidmətdən ona bildirilmişdir ki, 1993-cü ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qətnaməsi ilə müəyyən edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmiş və növbəti məhkəmə iclasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X11 ifadəsində bildirmişdir ki, o, Ərizəçi ilə Rusiya Federasiyasında tanış olmuş, 1993-cü ilin payızında Azərbaycan Respublikasına gəlmişlər. Onlar tanış olanda ərizəçinin 15, onun isə 22 yaşı var idi. Azərbaycana qatarla gəlmişlər, ona görə də ərizəçinin yaşı az olsa da yolda heç bir sənəd tələb olunmamışdır. Azərbaycana gələndən sonra 2-3 ay Hövsan qəsəbəsində kirayədə yaşamışlar, sonra maddi imkanı olmadığı üçün Kürdəxanı qəsəbəsinə ailəsinin yanına köçmüş, ərizəçini ailə üzvlərinə həyat yoldaşı kimi təqdim etmişdir. Ərizəçinin doğum haqqında şəhadətnamədən başqa sənədi olmadığı üçün onunla nikaha daxil ola bilməmişlər. Birgə münasibətlərindən iki uşaqları doğulmuşdur. Ərizəçinin sənədləri olmadığı üçün uşaqlarına da doğum haqqında şəhadətnamə ala bilməmişlər. Ərizəçi ilə 20 ildən artıqdır ki, ayrı yaşayırlar. Uşaqlar üçün sənəd düzəldə bilmədiklərindən ərizəçinin anası onun doğumu haqqında arayış göndərmişdir, lakin həmin arayış əsasında da uşaqlara doğum haqqında şəhadətnamə ala bilməmişlər. Ərizəçinin doğum haqqında şəhadətnaməsini cırmasını xatırlamır, anasının göndərdiyi arayış isə evləri yanarkən digər sənədlərlə birlikdə məhv olmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X8 ifadəsində bildirmişdir ki, ərizəçi 1993-cü ildə qardaşı X11 ilə birlikdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmişdir. Həmin vaxt o, atası və anası ilə birlikdə Kürdəxanı qəsəbəsində yaşayırdı. Qardaşı ərizəçi ilə birlikdə onların yaşadıqları evə gəlmişdir. Ərizəçinin sənədləri olmadığından qardaşı ilə rəsmi nikaha daxil ola bilməmişlər. Onların birgə münasibətlərindən iki uşaqları doğulmuş, sonradan ayrılmışlar. Evləri yananda ərizəçinin doğum haqqında arayışı da yanaraq məhv olmuşdur. Ərizəçi ilə qardaşının uşaqlarının da sənədləri yoxdur. Ərizəçi heç vaxt Azərbaycanı tərk etməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tərcüməsi notarial qaydada təsdiq edilmiş 24 nömrəli, xx.xx.2018-ci il tarixli doğum haqqında arayışın surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci il tarixdə Rusiya Federasiyasının Kalininqrad vilayətinin Çernyaxovsk rayonunun Çernyaxovsk şəhərində doğulmuşdur, atası X4, anası X9. Tərcüməsi notarial qaydada təsdiq edilmiş Rusiya Federasiyası “Slavsk şəhər dairəsi” MV Kalininqrad vilayəti bələdiyyə büdcəli təhsil müəssisəsi “Bolşakov orta ümumtəhsil mərkəzi” tərəfindən verilmiş 13 nömrəli, xx.xx.2018-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi 1-ci sinifdən (xx.xx.1985-ci ildə gəlmiş) Pobedinsk səkkizillik orta məktəbində xx.xx.1993-cü ilə kimi təhsil almış, köçməsi səbəbindən xx.xx.1993-cü ildə 9-cu sinifdən çıxmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2018-ci il tarixli arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Tərcüməsi notarial qaydada təsdiq edilmiş 27 16 639126 nömrəli Rusiya Federasiyası vətəndaşının pasportunun surətindən görünür ki, X15 xx.xx.1945-ci il tarixdə Rusiya Federasiyasının Krasnodar vilayətinin Armyanski rayonu Pşiş st. doğulmuşdur. Tərcüməsi notarial qaydada təsdiq edilmiş İ-PE seriyalı, 527520 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2001-ci il tarixdə Rusiya Federasiyası Kalininqrad vilayətinin Slavsk rayonunun Oxotnoye qəsəbəsində ölmüşdür. Tərcüməsi notarial qaydada təsdiq edilmiş Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi Konsulluq şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Ərizəçi Rusiya Federasiyasının vətəndaşlığını əldə etməyib və Rusiya Federasiyasının vətəndaşıq haqqında qanunvericiliyinə uyğun olaraq Rusiya Federasiyasının vətəndaşı deyildir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsi tərəfindən verilmiş K/360 nömrəli, xx.xx.2022-ci il tarixli məktubun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü BMT QAK-ın himayəsində olan X20 Miqrasiya Xidməti tərəfindən 13 iyun 2022ci il tarixdən 22 fevral 2023-cü il tarixinədək Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Qaçqın ünvan 3 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş himayə sənədinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin uşaqları Batuxtin Hüseyn və Batuxtin Zaur BMT QAK-ın mandatı altında olan şəxslərdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış R/B-1041 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 1993-cü ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qətnaməsi ilə müəyyən edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə biləcəyi ərizəçiyə izah olunmuşdur. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 305.1.1. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1. maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.10-1. maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. 310.2. maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarından görünür ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli 3 nömrəli qərarında dəyişikliklər edilmiş və aşağıdakı redaksiyada 12.1-ci və 12.2-ci bəndlər əlavə edilmişdir: “12.1. Bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır; 12.2. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin) nümayəndəsinin iştirakı məcburidir”. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini, eyni zamanda, məhkəmə iclasında tədqiq olunmuş digər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, iş üzrə müəyyən olunmuş hallar bir-birini tamamlayır və təsdiq olunur ki, ərizəçi xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi 1993-cü ildən hal-hazıradək Azərbaycan Respublikasında daimi yaşayır və heç bir dövlətin vətəndaşlığına mənsub deyildir. Bu səbəbdən ərizə təmin edilərək, həmin fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi 1993-cü ildən hal-hazıradək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar