Məhkəmə qərarları › İş №2(008)-522/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-522/2023

22.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-522/2023 22.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması və qanuni sahibliyə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması və qanuni sahibliyə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən zəbt edilmiş Sabunçu rayonu Ləhiş bağları adlanan ərazidə 7026 B nömrəli 12 sot ərazini əhatə edən bağ sahəsinin boşaldılması və onun istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Ləhiş bağ massivi adlanan ərazidə 7026 B nömrəli 12 sot ərazini əhatə edən bağ sahəsi 2007-ci ildən istifadəsinə verilmişdir. Həmin torpağın qanuni istifadəçisi özü olmuşdur. xx.xx.2015ci il tarixdən qeydiyyata alınmış torpaq sahəsinə görə tərəfindən torpaq vergisi də ödənilmişdir. Onun şəxsi istifadəsinə verilmiş, Sabunçu rayonu Ləhiş bağlan adlanan ərazidə 7026 B nömrəli 12 sot ərazini əhatə edən bağ sahəsini hasara almış, lakin maddi çətinlik ucbatından darvaza qoya bilməmişdir. Müəyyən bir müddət sonra o, bağa baş çəkməyə gedərkən həmin torpaq sahəsində darvazanın olmamasından istifadə edərək, başqa şəxslərin sayğac quraşdırdığını və orada məskunlaşdığını aşkarlamışdır. O, araşdırma apardıqdan sonra bağı zəbt edənin kimliyi məlum olmuşdur. Məlum olmuşdur ki, bağ sahəsi tanımadığı Anar adlı şəxs tərəfindən, Cavabdeh2 Məlikməmməd qızına aid müqavilə əsasında (Cavabdeh2 Məlikməmməd qızının müqaviləsinin bu torpaq sahəsinə heç bir uyğunluğu yoxdur) hal-hazırda torpağı zəbt edən Cavabdeh1 satılmışdır. Ona məxsus bağ nömrəsi həmin torpaq sahəsinin yerləşmə sxeminə tam uyğun gəlir, cavabdeh isə 2018-ci ildə torpaq vergisi ödəyicisi kimi qeydiyyata düşmüşdür. Torpaq sahəsi həmin şəxs tərəfindən zəbt edildiyindən onun mülkiyyət hüququnu kobudcasına pozmuşdur. Halhazırda o, həmin bağ sahəsindən istifadə edə bilmir. Oranı zəbt edənlər isə qanunsuz hərəkətlərindən çəkinmir. Qeyd edilənlərə əsasən Cavabdeh1 zəbt etdiyi Sabunçu rayonu Ləhiş bağları adlanan ərazidə 7026 B nömrəli 12 sot ərazini əhatə edən bağ sahəsindən çıxmasını tələb edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X12 iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, iddia ərizəsində göstərilən xüsusatlar yalan, şər və böhtandır. İddiaçı iddia ərizəsində qeyd edir ki, onun şəxsi istifadəsinə verilmiş Sabunçu rayonu Ləhiş bağları adlanan ərizidə 7026B saylı bağ sahəsi vardır. Lakin iddiaçı bağ sahəsinin şəxsi istifadəsinə verilməsinə dair heç bir rəsmi sənəd təqdim etmir. İddiaçı onu da nəzərdən qaçırmışdır ki, özünün də sədr kimi çalışdığı Kürdəxanı Bələdiyyəsi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanından sonra (01 dekabr 2007-ci il) torpaqların alqı satqısına dair qərar qəbul edə bilmir. Belə ki, qeyd olunan torpaq sahəsi onun tərəfindən öz vəsaiti hesabına dörd bir tərəfdən daş hasara alınmaqla dəmir darvaza qoyulmuş və hal-hazırda ailəsinin istifadəsindədir. Yaz və yay mövsümündə ailəsi ilə birlikdə orada dincəlməklə bərabər, mübahisəli torpaq sahəsində bir xeyli abadlıq işləri aparmış, orada ağaclar əkmişlər. Eyni zamanda, torpaq sahəsi üzrə o, Kürdəxanı Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmaqla bərabər istifadəsində olan torpaq sahəsinin döngə nöqtələri də Kürdəxanı Bələdiyyəsinin sədri tərəfindən təsdiq olunmuş və buna dair arayış verilmişdir. Həmçinin, mübahisəli torpaq sahəsi üzərində şərait qurmaq məqsədilə su və işıq xətti çəkdirmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 101 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -Bakı şəhəri Kürdəxanı qəsəbə Bələdiyyəsinin Torpaq və Ərazi İdarəetmə Şöbəsinin mütəxəssisi X1, bələdiyyə qulluqçusu X14, İddiaçı Balakərim qızı tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli ərizə ilə müraciət edərək Ləhiş bağ massivində 12.0 sot torpaq sahəsinin daş hasara alaraq, uzun illər istifadəsində olmasını bildirərək, bağ sahəsinin nömrəsinin mütəxəssis tərəfindən müəyyən olunaraq torpaq vergisinə cəlb olunmasını xahiş etmişdir. Ərizə ilə əlaqədar əraziyə baxış keçirilmiş, yoxlama və ölçü işləri aparılmışdır. Müəyyən olunmuşdur ki, ərazinin 2013-cü ildə tərtib olunmuş sxematik xəritəsində bağ nömrəsi 7026 B olan daş hasar içərisindəki bağın sahəsi 1200.0 m-dir. Vətəndaş İddiaçı ərizəsinə əlavə etdiyi bağ qonşuları Y/Günəşli qəsəbəsi “AB” Y/S ev 135A mənzil 132 ünvanında qeydiyyatda olan X15; ünvan 1ında qeydiyyatda olan X16 və ünvan 2 ünvanında qeydiyyatda olan X2 imza etdikləri “Təsdiqnamə”-də sözügedən 7026B saylı bağ sahəsindən uzun illər İddiaçı istifadə etməsini və ona məxsus olmasını təsdiq etmişlər. Beləliklə, tərtib olunmuş akt və plan-sxemin Bələdiyyənin arxivinə qoyularaq, nüsxələrinin İddiaçı Balakərim qızına məlumat üçün verilməsi məqsədəuyğundur. -Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin ‘‘Torpaq Ərazi İdarəetmə şöbəsi”nin rəisi X1, şöbənin texniki X17, şikayətçi İddiaçı Balakərim qızı tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı Bələdiyyəyə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, uzun illər istifadələrində olan 7026 B saylı torpaq sahəsi digər şəxs tərəfindən zəbt olunmuş və elektrik sayğacı qoyulmuşdur. Ərizə ilə əlaqədar qeyd olunan bağ torpaq sahəsinə baxış keçirilən zaman müəyyən olundu ki, halhazırda ətrafı daş hasar içərisində olan və xəritəyə uyğun Ləhiş bağ ərazisindəki 7026 B saylı 0.12 ha bağ sahəsində digər şəxs tərəfindən işıq sayğacı qoyulmuşdur. Aparılan araşdırma zamanı sahəyə müdaxilə edən şəxsin Cavabdeh1 olması müəyyənləşdirilərək, bələdiyyəyə dəvət olunmuşdur. Bələdiyyəyə gələrkən Cavabdeh1 sözügedən bağ sahəsini pul ödənişi müqabilində Anar adlı şəxsdən aldığını bildirdi. Cavabdeh1 Kürdəxanı Bələdiyyəsi tərəfindən Cavabdeh2 Məlikməmməd qızına verilmiş 1137 saylı müqaviləni və etibarnaməni təqdim etdi. Araşdırma zamanı məlum oldu ki, 1137 saylı müqavilənin eskiz sxemində 6678 saylı bağ sahəsi qeyd olunmuşdur, hansı ki, şikayətçi İddiaçı Balakərim qızının istifadəsində olan Ləhiş bağ ərazisindəki 7026 B saylı bağ sahəsi ilə 1137 saylı bağ müqaviləsində qeyd olunmuş 6678 saylı bağ sahəsi ilə üst-üstə düşmür. 6678 saylı bağ sahəsi mübahisələndirilən bağ sahəsindən xeyli kənarda yerləşir. Beləliklə, komissiya üzvləri qərara gəlir ki, Cavabdeh1, istərsə də 1137 saylı müqavilə əsasında verilmiş Cavabdeh2 Məlikməmməd qızının Ləhiş sahəsindəki 7026 saylı bağ sahəsinə iddiaları əsassızdır. 7026 B saylı 1200.0 kv.m bağ sahəsinin İddiaçı Balakərim qızının istifadəçisi olması qəbul olunur, hansı ki, torpaq vergiləri də 2015-ci ildən onun tərəfindən ödənilmişdir. -Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş 354 nömrəli xx.xx.2020ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh1 Kürdəxanı qəsəbəsi Ləhiş bağlar massivi X21 küçəsində istifadədə olan torpaq sahəsi üzrə vergi ödəyicisi kimi qeydiyyatdadır. -395 nömrəli xx.xx.2005-ci il tarixli torpaq icarə müqaviləsinin surətindən görünür ki, Kürdəxanı Bələdiyyəsi tərəfindən X3 Kürdəxanı bağlarının şimal-şərq hissəsində 1200 kv.m torpaq sahəsi 10 il müddətinə icarəyə verilmişdir. -torpağın icarəyə verilməsinə dair 1137 nömrəli xx.xx.2007-ci il tarixli qərarın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Kürdəxanı Bələdiyyəsi tərəfindən Cavabdeh2 Məlikməmməd qızına 1200 kv.m torpaq sahəsi icarəyə verilmişdir. -1137 nömrəli xx.xx.2007-ci il tarixli torpaq icarəsi müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Kürdəxanı Bələdiyyəsi tərəfindən Cavabdeh2 Məlikməmməd qızına xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək bağçılıq məqsədi ilə 1200 kv.m torpaq sahəsi icarəyə verilmişdir. -Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 01 saylı iclas protokolundan çıxarışdan görünür ki, Kürdəxanı Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixdə Cavabdeh2 Məlikməmməd qızına verilmiş 1137 saylı müqavilənin 4-cü bölməsinin “Müqaviləyə xitam verilməsi” maddə 4.1. bəndində “Müqavilədə nəzərdə tutulmuş müddət başa çatdıqda”, maddə 4.3. bəndində “Torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə”, maddə 4.6. “Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda” maddələrini nəzərə alaraq, Cavabdeh2 Məlikməmməd qızı ilə Kürdəxanı Bələdiyyəsi arasında bağlanmış 2007-ci il tarixli 1137 saylı müqavilə ləğv olunmuşdur. -Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 11 saylı əmrindən görünür ki, Kürdəxanı Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixdə Cavabdeh2 Məlikməmməd qızına verilmiş 1137 saylı müqavilənin 4-cü bölməsinin “Müqaviləyə xitam verilməsi” maddə 4.1. bəndində “Müqavilədə nəzərdə tutulmuş müddət başa çatdıqda”, maddə 4.3. bəndində “Torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə”, maddə 4.6. “Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda” maddələrini nəzərə alaraq, Cavabdeh2 Məlikməmməd qızı ilə Kürdəxanı Bələdiyyəsi arasında bağlanmış 2007-ci il tarixli 1137 saylı müqavilə ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmağa subyektiv hüququn sahibi olub-olmamasını müəyyən etmək vacibdir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məhkəmə araşdırması zamanı İddiaçı Sabunçu rayonu Ləhiş bağları adlanan ərazidə 7026 B nömrəli 12 sot ərazini əhatə edən bağ sahəsinin qanuni sahibliyində və istifadəsinə olmasına (müqavilə, order və s.), bu hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa, tədqiq olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Kürdəxanı qəsəbəsinin ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinin Cavabdeh2 Məlikməmməd qızına icarəyə verilməsinə dair 1137 saylı xx.xx.2007-ci il tarixli torpaq icarəsi müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmiş, Cavabdeh1 ilə isə Kürdəxanı Bələdiyyəsi arasında hər hansı icarə müqavilə müqaviləsinin olub-olmaması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdehlərə də heç bir aidiyyəti yoxdur. Belə olan halda, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması və qanuni sahibliyə qaytarılması” tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması və qanuni sahibliyə qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması və qanuni sahibliyə qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar