Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-5243/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndələri (anası) X4, (vəkili) Vəkil, Cavabdeh1 nümayəndəsi (atası), eyni zamanda ikinci Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi A.Mustafayev küçəsi 6, 13 №-li mənzilə ümumi istifadədə olan sahələrin - hamamı, ayaqyolunu, mətbəxi, dəhlizi, eyvanın, mənzilin santexnik qovşaqları - unitazı, su xəttini, su qızdırcı kalonkanı, su vannasının sanitar qovşağının iddiaçının vəsaitilə təmir və yenidən qurma işlərinin apanlmasına sərf edilmiş 20094,8 manat (iyirmi min doxsandörd manat 80 qəpik) vəsaitin cavadehlərdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.2013-cü ildə ailə qurmuş, iki övladları anadan olmuşdur - xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2. ailə qurandan bir müddət sonra Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 nömrəli evin 13 №-li mənzilə köçmüş, o zaman həmin mənzil həyat yoldaşının atasına məxsus olmasına baxmayaraq, təmiri olmamışdır. Eyni zamanda mənzilə köçüb yaşayandan mənzilin arxa tərəfindən çoləbaxan pəncərələrin qarşısında iki balaca otaq inşa edilməsinə baxmayaraq, heç bir təmiri olmamışdır. Həmin vaxtlarda evin sahibi Malik Kərimov bildirmişdir ki, mənzil onun adına olmasına baxmayaarq, daimi olaraq onlara verir, ona görə özünüz necə istəyirsinizsə, o cür də təmir elətdirin. Ona görə də onun valideynlərinin köməyi və vəsaiti ilə mənzilə ilkin olaraq köçdükləri bir otaqlı mənzili yenidənqurma etmiş və bir otaqlı mənzili genişləndirmişlər, əlavə köməkçi bir otaq və uşaq üçün otaq artırma etmiş, mənzilin əsas giriş hissəində köhnə taxtadan inşa edilmiş balkonu sökdürmüş və əlavə mişar daşından balkon tikmiş və təxminən həmin işlərin görülməsinə böyük məbləğdə vəsait xərcləmiş, həmçinin, binanın arxa hissəsində olan sahəni yenidən planlaşdırma apararaq bir otaq və mətbəx kimi təmir eləmişlər. Sonradan cavabdehin oğlunun günahı üzündən nikahları pozulmuş və iki az yaşlı övladaları onun himayəsində qalmışdır. 2019-cu ildən X6 iddiaçı ilə prinsip aparmış və valideynlərinin vəsaiti və köməyi ilə mənzildə aparılan yenidənqurma və təmir edilərək yaşadıqları mənzildən iddiaçını və iki azyaşlı övladlarını çıxartdırmaq üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh2 aşağıdakı məzmunda etiraz vermişdir. Onun Sabunçu rayon, Bakıxanov qəsəbə, A.Mustafayev küçəsi, bina 6, 13 №-li mənzilində iki övladı yaşayırdı, oğlu Məmməd və Aytən toydan sonra işlə əlaqədar olaraq, həmin mənzilə müvəqqəti olaraq yerləşməli olmuşlar. X7 sosial mənzillərə növbəyə durmuş, həmin mənzil onların daimi yaşayış yeri olmadığı üçün iddiaçını qeydiyyata salmamışdır. Mənzili gəlin gələndən sonra yox, 2010-2011-ci illərdə təmir olunmuşdur. Təmir işlərinin bacardığını özü, bacarmadığını isə usta görmüşdür. Mənzilin əsas girişi öz razılıqları ilə 2006-cı ildən bağlanmış, arxa tərəfə yerləşdirilmişdir. İddiaçı yazır ki, arxa tərəfədə olan qeyri-qanuni tikili onun valideynləri tərəfindən tikilib, lakin həmin tikili əvvəlki mülkiyyətçinin dövündə mişar daşı ilə bərpa edilib. İddiaçı ilə aralarında bu mənzil üzrə cavabdehin xeyrinə olan 15 qətnamə müvcudur. Hal-hazırda Sabunçu rayon məhkəməsi və Apelleyasiya məhkəməsi həmin qanunsuz hörülmüş balkonun soküntüsünə qərar vermişdir. Mənzilə küllü miqdarda ziyan vurmuşlar, təmirə ehtiyacı var. İddiaçının iddası əsassız və sübutsuzdur. 2019-ci ildən iddiaçı ilə arasında 15 qətnamə mövcud olmağına baxmayaraq 5 il ərzində bir dəfə də olsun (13 il əvvəl təmir olunmuş) təmir haqqında məhkəməyə müraciət etməyib. Cavabdeh1 təmir işlərindən heç bir xəbəri yoxdur, mənzil onun adına deyil, onun cavabdeh qismindən çıxarılmasını, iddacı İddiaçı iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Cavabdeh1 aşağıdakı məzmunda etiraz təqdim etmişdir. İddaçı İddiaçı verdiyi idda ərizəsi tamamilə şər-böhtandır. Onlar həmin mənzilə köçəndən sonra mənzildə heç bir təmir işi aparmamışlar, ümumiyyətlə onun təmir işlərindən heç bir anlayışı yoxdur, onlar mənzilə köçəndə mənzil təmirli idi, onu nə üçün cavabdeh qismində yazıb başa düşmürm, mənzildə təmir edilən vaxtları o, Şirvanda mühavizəçi işləyirdi, mənzildə qardaşı ilə bacısı yaşayırdı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri (anası) X4, (vəkili) Vəkil iddianın məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər. İddiaçının anası X4 bütün təmir işlərinin onun vəsaiti hesabına edildiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi (atası), eyni zamanda ikinci Cavabdeh2 iddianı qəbul etməyərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi A.Mustafayev küçəsi, ev 6, mənzi 13 xx.xx.2020-ci il tarixdən Cavabdeh2 qardaşı X3 mülkiyyətindədir. Həmin mənzilə tərəflərin iştirakı ilə məhkəmə tərəfindən baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mənzilə bitişik iki otaq qanunsuz inşa edilmişdir, həmin iki otaq Cavabdeh2 qızının istifadəsindədir. İddiaçı bütün mənzilin təmirinə, abadlaşdırılmasına sərf edilən məbləğin cavabdehlərdən tutulmasını istəyir. Məhkəmə araşdırması zamanı həmin vəsaitini iddiaçı tərəfindən deyil, onun anası X4 tərəfindən qoyulduğu iddia edildiyi müəyyən edilmişdir. Bundan başqa hazırda cavabdehlərin həmin mənzillə heç bir əlaqəsinin olmadığı müəyyən edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qanunsuz və əsassız olduğu qənaətinə gəlmişidr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.2.-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş hallarda şəxsin valideynlik hüquqlarından məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması üçün, dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçının belə bir iddia qaldırmağa subyektiv hüquq mövcud deyil. Belə ki, qeyd edildiyi kimi, tələb edilən məbləğin iddiaçı tərəfindən deyil, onun anası tərəfindən xərcləndiyi iddia edilir. Bundan başqa, təmir edildiyi iddia edilən mənzil cavabdehlərlə heç bir əlaqəsi yoxdur. Məhkəmə hesab edir ki, belə bir iddia ilə iddiaçı deyil, onun anası çıxış edə bilər . «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddia əsl iddiaçı tərəfindən verilmədiyindən rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-5243/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-5243/2024
24.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver