Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-5264/2024 15.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, Ərizəçi "adının və ata adının şəxsiyyət vəsiqəsindəki kimi qalması" barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Ərizəçi "adının və ata adının şəxsiyyət vəsiqəsindəki kimi qalması" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi həmin ərizədə göstərmişdir ki, o, 78 ildir ki bu adla yaşayır. Lakin "ASAN xidmət" mərkəzində və Şuşa Rayon VVAQ Şöbəsində ona bildirilmişdir ki, əsas mənbədə onun adı "Bərsayıl", ata adı isə "Məmməd"dir. O, yaşının bu çağında bütün sənədlərini dəyişdirmək istəmədiyini VVAQ Şöbəsinə bildirdikdə ona izah olunmuşdur ki, adının və ata adının şəxsiyyət vəsiqəsindəki kimi qalmasından ötrü məhkəmə qərarı lazımdır. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 114.1.2-ci maddəsində deyilir ki, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. İşdən göründüyü kimi, Ərizəçi öz xahişini "adının və ata adının şəxsiyyət vəsiqəsindəki kimi qalması" şəklində ifadə etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, belə bir tələbə, ümumiyyətlə, məhkəmədə baxılmalı deyil. Digər tərəfdən, ərizənin təsviri hissəsindən və ərizəyə əlavə olunmuş sənədlərdən aydın olur ki, ərizəçinin adı və ata adı doğum haqqında akt qeydində "Bərsayıl Məmməd oğlu", digər sənədlərində isə "Bərsail Məhiş oğlu" kimi göstərilmişdir. Ərizəçi məhkəməyə müraciət etməklə əldə etmək istədiyi hüquqi nəticə onun adına olan doğum haqqında akt qeydində adının və ata adının digər sənədlərə uyğunlaşdırılmasından, yəni akt qeydində düzəliş aparılmasından ibarətdir. Bu mübahisəyə baxılması isə ümumi məhkəmənin deyil, inzibati məhkəmənin səlahiyyətinə aiddir. Belə ki, "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, sadalanan hallara görə məhkəmə bu qənaətə gəldi ki, ərizənin yolverilməzliyinə görə hazırkı ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Ərizəçi mübahisənin həlli üçün inzibati məhkəməyə müraciət edə bilər. Eyni zamanda, məhkəmə bunu da qeyd edir ki, Ərizəçi öz ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etmədiyinə görə hazırkı qərardadda dövlət rüsumunun qaytarılması məsələsi həll edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən, qərara aldım: Ərizəçi "adının və ata adının şəxsiyyət vəsiqəsindəki kimi qalması" barədə ərizəsinin yolverilməzliyinə görə həmin ərizənin qəbul edilməsindən imtina olunsun. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X3.
Məhkəmə qərarları › İş №2(008)-5264/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-5264/2024
15.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver